Hamilə qadınlar üçün ŞAD XƏBƏR
Hamilə qadınların müayinəyə cəlb olunması, doğulacaq uşaqların sağlamlığı və qadınların maarifləndirilməsi məqsədilə qadın məsləhətxanalarında analıq məktəbləri yaradılıb.
Bu barədə 3 saylı qadın məsləhətxanasının baş həkimi Aygün Muxtarova hamilə qadınlara antenatal qulluqla bağlı bu gün keçirilən tədbirdə deyib.
A.Muxtarova bildirib ki, doğulacaq uşaqların sağlamlığı üçün hamilə qadınların nəzarətdə saxlanılması vacibdir. "Bütün qadın məsləhətxanalarının nəzdində analıq məktəbləri fəaliyyət göstərir. Əsas diqqət qadınları və onların ailə üzvlərini maarifləndirməyə yönəldilib. Bəzən qadınlar hamiləlik dövründə vaxtında müraciət edib müayinələrdən keçmirlər. Buna görə də, doğuş və doğuşdan sonrakı proseslərdə problemlər yaşanır", - deyə baş həkim əlavə edib.
Analıq məktəblərində qadınları doğuşa hazırlayırlar. "Əhali başa düşməlidir ki, ana və körpənin sağlamlığı üçün vaxtında müayinələrdən keçmək lazımdır. Qadın məsləhətxanalarında müayinə zamanı səhhətində problemlər aşkarlanan hamilə qadınlar sahə həkimlərinin nəzarətində olurlar. Yeniliklərdən biri də hamilə qadınlara ev qeydləri blanklarının təqdim edilməsidir. Blanklarda qadınların keçdikləri müayinələrin nəticələri, qəbul etdikləri dərmanlar və digər məlumatlar qeyd edilir", - baş həkim deyir.
A.Muxtarova qeyd edib ki, Səhiyyə Nazirliyinin 22 saylı əmri ilə antenatal xidmətin səviyyəsinin yüksəldilməsi üçün Bakıdakı qadın məsləhətxanalarında çalışan həkimlər rayonlara ezam olunurlar. Onlar bölgələrdəki hamilə qadınların vəziyyəti ilə maraqlanırlar, lazım olduqda isə müayinə proseslərində iştirak edirlər. "Qadınlar hamiləliyin 12-ci həftəsindən 40-cı həftəsinədək müəyyən müayinələrdən keçməlidirlər. Onlar hamiləliyin 3 aylığınadək qadın məsləhətxanalarında qeydiyyata düşməlidirlər. Dünyaya gələcək körpənin sağlamlığı qadınların hamiləlik dövründəki vəziyyətindən asılıdır", - A.Muxtarova əlavə edib. (Virtualaz.org)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş