Bakıda QANLI OLAY - Qadın ərini yatmış bilib sevgilisilə görüşdü

Bakıda QANLI OLAY - Qadın ərini yatmış bilib sevgilisilə görüşdüArvadı ilə gəzən kişini öldürməyə cəhd etməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əlpaşa Məmmədov Kürdəmir şəhərində anadan olsa da, sonradan Bakı şəhərinə köçüb. Paytaxtın Yasamal rayonu Akim Abbasov küçəsi 9 ünvanında məskunlaşıb.

Keçmiş sevgilisi ilə münasibət

Əlpaşa Məmmədov 2010-cu ildə Rəqsanə Səlimova (ad və soyad şərti verilib –H. Z.) ilə ailə həyatı qurub. Rəqsanənin Əlpaşa Məmmədovla ailə qurmamışdan əvvəl sevgilisi olub. Elbrus Səfərov adlı köhnə sevgili Rəqsanənin telefon nömrəsini taparaq zəng edib. Rəqsanə də telefon danışıqları zamanı Elbrus Səfərovun sözündən çıxa bilməyib və onunla münasibət saxlamağa razı olub.

Rəqsanə Səlimova 2014-cü ilin yay aylarına qədər Elbrus Səfərovla münasibət saxlayıb və görüşüb intim münasibətdə olublar. Rəqsanənin Elbrus Səfərovla münasibəti yaranandan sonra əri ilə arası soyumağa başlayıb. Bu, o həddə çatıb ki, Rəqsanə əri Əlpaşa Məmmədovdan boşanmaq qərarına gəlib.

Arvadını boşanmaq istədi, dəliyə döndü

Rəqsanənin ondan boşanmasını eşidən Əlpaşa Məmmədov dəliyə dönüb. O, həyat yoldaşını sevdiyini, ondan ayrılmaq istəmədiyini deyib. Amma Rəqsanə Səlimova israr edib. Bildirib ki, başqa bir kişi ilə münasibəti var, onunla ailə həyatı quracaq.

Əlpaşa Məmmədov həyat yoldaşını izləməyə başlayıb və onun kiminlə görüşməsini müəyyən etmək qərarına gəlib. 2014-cü ilin iyulun 21-də, gecə saat 2 radələrində həyat yoldaşının evdən çıxdığını görüb. Bu zaman Əlpaşa Məmmədov da yuxudan oyanıb və arvadını izləməyə başlayıb. Rəqsanə çox uzağa getməyib. O, evlərinin yaxınlığında münasibət saxladığı Elbrus Səfərovla görüşüb.

Qanlı olay

Həyat yoldaşının başqa kişi ilə görüşdüyünü görən Əlpaşa Məmmədovun gözünü qan örtüb. O, özü ilə əvvəlcədən götürdüyü bıçaqla həyat yoldaşı ilə görüşən Elbrus Səfərovun qarnına bir neçə zərbə vurub.

Elbrus Səfərov Rəqsanənin köməkliyi ilə vaxtında xəstəxanaya çatıb. İlkin tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Qanlı cinayəti törədən Əlpaşa Məmmədov hadisə yerindən qaçıb. Amma Əlpaşa Məmmədov çox uzağa gedə bilməyib. O, polis əməkdaşları tərəfindən həbs edilib. Əlpaşa Məmmədov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

5 il cəza

Əlpaşa Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əlpaşa Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əlpaşa Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Əlpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib. yuxarı instansiya məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada da Əlpaşa Məmmədovun kasasiya qaydasında verdiyi şikayəti təmin edilməyib.

(teleqraf.com)

Kriminal   Baxılıb: 9801   Tarix: 11 mart 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR