"Deyirdi ki, sənsiz yaşaya bilmərəm, özümü öldürəcəm" - Gecəyarı dəhşətli şəkildə intihar edən Mövludun xanımı danışdı

"Deyirdi ki, sənsiz yaşaya bilmərəm, özümü öldürəcəm" - Gecəyarı dəhşətli şəkildə intihar edən Mövludun xanımı danışdıJurnalist xanım: "Son gün mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz"

Bəlkə müqayisə uğursuz olacaq. Amma son dəfə bir müsahibə zamanı belə ağrını 2005-ci ildə yaşamışam. Elmar Hüseynov yenicə qətlə yetirilmişdi. Yaşadığı evin öldürüldüyü blokundan qan izləri belə getməmişdi. Və mən onun evinə, başı qara örpəkli həyat yoldaşı Ruşaniyyə Hüseynova ilə müsahibəyə getmişdim. Ağrıların ən böyüyü. Verdiyin, verəcəyin suala görə ağrıyırsan. Amma qarşındakı acılı qadının danışmağa ehtiyacı olduğunu bilirsən. Boşalmağa, anlatmağa, hayqırmağa...

Gənc yazar Mövlud Abdullayevin intiharından sonra adı ən çox çəkilən, sosial şəbəkədə, müsahibələrdə barəsində danışılan, ölmədən öncə boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Sevinc Fədai ilə danışmaq da eyni dərəcədə ağrılı idi. Amma biz bu olaya qədər də bir-birimizi çox istəmişik. Ona görə də Sevinc indiki ərəfədə ürəyini boşaltmaq üçün məhz bəndənizi seçdi. Müsahibədə suallar azdır, fərq edəcəksiz. Amma indi sual verməkdən daha çox, Sevinci dinləmənin vaxtıdır. O isə danışmaqdan daha çox hayqırırdı. Ağlaya-ağlaya, yana-yana, içi qanayaraq danışırdı... Oxuyaq, bilmədiyimiz mətləblərdən agah olmaq və bundan sonra bir qədər susmaq üçün...

-O, mənə hər zaman belə deyirdi: anam, bacım, dostum, sevgilim, arvadım Sevinc. Mən belə xatırlayıram. Mən də onun həyatından sadəcə həyat yoldaşı kimi getmək istəyirdim. Bir hədd var münasibətlərdə. Ki, ondan sonra artıq bir çox şeylər bitir. Mən o dostluğu qorumaq üçün, Ucal (oğlu) üçün ayrılmaq zorunda idim. Mən Ucala fiziki baxımdan lazım idim. Mövlud da çox həssas idi. Ona elə gəlirdi ki, mənsiz həyat olmayacaq, ola bilməyəcək. Mən də bunu görürdüm. Mən də deyirdim ki, "Mövlud, mən o evə qayıtsam, münasibətlərimiz daha da pis ola bilər. Amma biz ömrümüzün sonuna qədər görüşəcəyik, danışacağıq. Ucal üçün, özümüz üçün...

Mən həmişə sənin yanındayam. Biz istəsək də, qopa bilmərik. Bizi təkcə bu ev, bu nikah birləşdirmir. Yəni, biz tanış olanda bir-birimizə bacı-qardaş demişik, sonra dost, sonra sevgili olmuşuq". Bir ayın içində mənə evlənmə təklifi elədi. Dedi ki, biz evlənməsək, cəmiyyət bizi məhv edəcək. Bizi birləşdirən uca dəyərlər var idi. İkimiz də həssas insan idik. Sonra ard-arda çox ciddi psixoloji travmalar aldıq. Bir-birimizin köməyinə, dəstəyinə ehtiyacımız vardı. Müdaxilələr oldu, ikimiz də yükləndik, halbuki dəstək lazım idi. Mövlud da zəif idi. Elə son günlərində deyirdi ki, mən elə bilirdim, sənə hər şeyi demək olar, amma sonra gördüm ki, çox eqoistlik etmişəm. Amma indi mən güclü olacam, gəl qayıt evə... Deyirdim ki, Mövlud, bacarmıram. Necəsə bir travma idi. Hissizləşmişdim.

Özünə də dedim ki, bacarmıram, qayıda bilmirəm. Son gününə qədər də biz görüşmüşük, danışmışıq. Anamgilə gəlib-gedirdi, mən olmayanda da. Orda qalırdı, otururdu, danışırdı... 2 ay idi ki, evdən getmişdim. Ucalla evin içində olanda o qədər ünsiyyəti olmurdu, nəinki həmin 2 ayda. Hətta deyirdi ki, mən Ucalı indi tanıyıram, indi-indi bağlanmışam oğluma. Ona görə də deyirdim ki, Mövlud, sən Ucal üçün möhkəm ol. Evdən çıxandan sonra o, çox deyirdi ki, sənsiz yaşaya bilmərəm, özümü öldürəcəm. İlk 1 ayda onunla bu barədə çox danışırdım, dəstək verirdim, hər şeyin keçəcəyini deyirdim.

Amma son dönəmlər deyirdi ki, artıq keçdi, mən möhkəməm, səni də psixoloji gərginliyə salıram, möhkəm olacam, kişiyəm. Sevinirdim ki, o havadan çıxıb. Hətta dedim ki, Mövlud, get bir az Qazaxda qal. O, Qazaxa çox bağlı idi, oranı müqəddəs bilirdi də. Deyirdim, get orda hekayələrini yaz, məscidə get. O isə cavabında deyirdi ki, mənim məscidim də, hər şeyim də sənsən. Deyirdim, eləmə də belə. Axı biz hər zaman deyirdik ki, ayrılanda da dost kimi ayrılacağıq, dünyanın sonu deyil. Mən hər ikimiz üçün yaxşı olsun deyə ayrılmaq istədim. Amma o, anlamaq istəmədi. Özünü inandırmışdı ki, bu, dünyanın sonudur.

-Siz axır çərşənbəni də birgə keçirmisiz bildiyim qədər...

-Bəli, ayın 15-də, ilaxır çərşənbədə bir yerdə olmuşuq. Atamgilə gəlmişdi. Yazırlar ki, guya mən ona Ucalı göstərmirdim. Ağ yalandır. Bizə gəlib-gedirdi son günə qədər, atam-anam onu oğulları qədər çox istəyiblər. Bizim evdə ona yad münasibət olmayıb. Hətta Mövlud deyirdi ki, biz ayrılırıqsa, mən o evə necə gəlib-gedim? Deyirdim ki, o, nə deməkdir, Mövlud? Biz hər zaman məişət söhbətlərindən ucada dayanmışıq. Sən ömür boyu bu evə gedib-gələcəksən. Mənim üçün gələcəksən, Ucal üçün gələcəksən... Özün üçün gələcəksən. Yəni, biz axıra qədər bir yerdə olmuşuq. Sadəcə, o, çox qorxaq adam idi. Mənim ən çox barışmadığım, məni ən çox yandıran da bu idi. Mövlud, axı sən necə o yüksəkliyə çıxmısan, özünü atmısan, necə canın yanıb? İynə vurdurmaqdan da qorxan adam idi. Əlini mən tuturdum ona iynə vurulanda... Necə ola bilər axı? (ağlayır) Özünə də ayrılanda dedim ki, Mövlud, mən səni həyat yoldaşından daha çox balam kimi sevirdim və sən məni bundan məhrum elədin. Cavab verirdi ki, mən məhrum eləmədim ki, özün getdin. Deyirəm ki, məcbur elədin də getməyə... Mən ayrılandan sonra da hər gün soruşurdum ki, nə yedin-içdin? Arıqlamışdı. Sonra xəstəxanaya müalicəyə getdi. Mən işlə bağlı Türkiyəyə getmişdim. O da həmin müddətdə xəstəxanaya getdi. Dedi ki, onsuz da sən bir müddət burda olmayacaqsan, mən də heç nəyi görməyəcəm, gedim müalicə olunum. Sonra gəldi ki, yaxşıyam, tək qalmaq mənə yaxşı təsir etdi. Biz inanırdıq ki, hər şey keçdi, düzəldi, yaxşı olacaq.

Sadəcə mənim istədiyim odur ki, kim ki, Mövlud üçün yas saxlayır, yanır, bunu içində sakit yaşasın. Mövludun ruhunu incitməsinlər. Mövludun maddi problemi vardı, amma o maddi problemə görə öldürməyib özünü. O qəpiklərin şəklini yaymasınlar. Çıxıb deməsinlər ki, biz Mövluda maddi yardım etdik. Hər şey cılızdı axı bu ölümün yanında, hər şey. Niyə bu müsahibələr verilir, bu yazılar yazılır, niyə sosial şəbəkədə hər şeyi bilib-bilmədən danışmağa çalışırlar? Axı bir yad adam da öləndə, onun ağrısına görə susursan, danışmırsan. Yanırsızsa, niyə bu qədər danışır, bu oyunları çıxarırsız? Nədir sizi narahat edən? Mən bu gün acılıyam, amma narahat deyiləm. Ona görə də mən susmağı seçdim. Amma gördüm ki, Mövludun ruhunu çox incidəcəklər, ona görə danışdım. İstəmirəm, incitsinlər. Mövlud özü də o dəyərlərlə yaşayırdı. Onun üçün insani hisslər çox uca idi. Bu qədər incitməyin də onu. Mövlud artıq yoxdur axı həyatda. Kimə nəyi sübut etmək istəyirsiz?

Mövlud Mövludun oğlu Ucalla fotosu - Ölümündən 2 ay əvvəl çəkilib

-Sevinc xanım, bəlkə də bu intiharın arxasında suallar çox olduğu üçün bu qədər söz-söhbət yayılır...

-Nəyi bilmək istəyirlər? Bəlkə onları bu suallar yandırır? Bəlkə elə bilirmişlər ki, Mövlud övladını görmürdü? Ona görə yanırlar? Mən də deyirəm ki, yanmayın, o, övladını görürdü. O, bir gün əvvələ qədər uşağını görüb. Son dəfə telefonla danışanda dedi ki, mən bir də Ucalı 18 yaşı olanda görəcəm. Mən də ərklə dedim ki, qələt edəcəksən, sən onun atasısan, sən böyüdəcəksən onu, sən olacaqsan yanında. Mən də, Ucal da səni görəcəyik.

- "Son dəfə telefonla danışanda..." dediz. Onunla son danışığınız necə oldu, nələr dedi sizə?

-Biz martın 15-də, axır çərşənbəni atamgildə, bir yerdə keçirdik. Süfrəyə, uşaqlara başım qarışdı deyə çox danışammadıq. Amma saat 12-ni keçəndən sonra yanına gəldim, danışdım. Soruşdum, necəsən, neynirsən?Kimlərlə görüşürsən? Mən onu hər zaman qoruyurdum. Amma o, həmin gün ancaq mənim suallarıma cavab verdi. Bir də onu dedi ki, çoxdan bəri girmək istədiyi bir iş var idi, ordan artıq müsbət cavab verilib, redaktə yollayıblar, başlayıb çalışmağa. Dedim, nə yaxşı, xeyirli olsun. Sevindim ki, yeni başlanğıclar var, başı qarışacaq işə-gücə. Kimlərlə görüşdüyünü dedi. Facebookunu bağlamışdı, gmail vasitəsilə dostları ilə yazışırdı. Bizim son günə qədər yazışmalarımız, telefon danışıqlarımız olub. Bunları açmaq nə problemlidir?

-Əhvalı gözəl olub bir gün öncəyə qədər. Yeni başlanğıclara hazır vəziyyətdə... O zaman son gün nəsə baş verib?

-Yox, 15 martda, atamgilə gələndə əhvalı heç də hər zamankı kimi yüksək əhvalda deyildi. Ha istəyirdik kefini açaq, mümkün olmurdu. Ucal qucağında idi deyə anam uşağı onun qucağından almaq istəyirdi ki, yemək yesin. Sərt şəkildə qayıtdı ki, niyə düşsün ki? Mən yemərəm də. Anam dedi ki, sənə görə deyirəm, yemək ye. Sonra gedib uzandı. Ardınca bizim evə qonaqlar gəldi, Mövlud onlarla da oturdu. Bu son iki ayda bizim heç bir qohumumuz bilməyib ki, biz ayrılmışıq. Çünki nə zaman gəlirdilər, Mövludla məni birgə görürdülər. 5-ci gündən deyirdim ki, gəl, qal bizdə, isti ev, isti yemək...Sadəcə mən o evdən çıxmışdım, aramızda olan söhbətlər də özəldir, bizə aiddir. Mən noyabr ayının sonunda xəstəxanaya düşdüm, aldığım psixoloji travmalara gücüm yox idi. Mənim də beynim yüklü idi.

Hər zaman mən güclü olurdumsa, həmin vaxt dedim ki, Mövlud, sənin dəstəyinə, təsəllinə ehtiyac var. Bilirsiz, kirayə qaldığımız evdə yanğın oldu, travma aldıq. O evə görə aldığımız təzminatla yeni topraq sahəsi almaq istəyirdik, dələduzlara tuş gəldik. Bir tərəfdən də əsəblərimiz orda tarıma çəkildi. Mən də insanam, elə şeyləri yaşayanda zədələnirdim, qaldıra bilmirdim. Həmin vaxt Mövlud o səbri, o gücü, dəstəyi göstərə bilmədi. İkimiz də özümüzdən çıxırdıq. Hətta bir dəfə dedim ki, Mövlud, elə vəziyyətə gəlmişəm ki, durub özümü eyvandan atmaq, maşının altına atmaq istəyirəm. İstədim, durumun ciddiliyini bilsin də. Mən elə şeyə meylli deyiləm, sadəcə Mövluddan dəstək almaq üçün bunu dedim. Durumun nə qədər ciddi olduğunu anlatmaq üçün. Mən bunu deyəndə özümdə olmamışam, özümdən getmişəm. Təcili yardım çağırılıb, 2 saat məni özümə gətirə bilməmişdilər. Hətta həkim deyib ki, bu qız özünü öldürmək üçün nəsə edib. Mövlud da qayıdıb həkimə deyib ki, Sevinc mənə bu namərdliyi eləməz. İndi deyirəm ki, Mövlud, bu namərdliyi etdin? (ağlayır) O, ən çox özünə etdi.

Məndən, Ucaldan daha çox özünə etdi. O, körpə kimi saf, təmiz idi. İnsan yanır axı... O, dostlarına, yaşadıqlarına görə bəzən elə təsirlənirdi ki, evə hönkürə-hönkürə girirdi. Mən onu qucaqlayır, yaralarını sarırdım. Zamanında onu yaralayan adamlar isə indi reportaj, status yazır, söz deyirlər... Biri yazır, Sevinci bağışlamaq olmaz. Durub onlara cavab da vermək istəmirsən. Mövlud özü həmişə belə məqamlarda mənə deyirdi ki, sən Sevincsən e, sən hamıya cavab verməməlisən. Mən Mövluda olan sayğımdan, ruhuna olan hörmətimdən susuram. Hamı götürüb yazır ki, Sevincsiz Mövlud tək qaldı. Amma biriniz bir soruşun da, niyə tək qaldı? Siz hardaydız? Niyə Mövlud özünü tək hiss etdi? Gəlib mənə deyirdi ki, Sevinc, evləndiyimiz 3 ildə hamı məndən soruşur ki, sən niyə belə xoşbəxtsən? Mənim xoşbəxtliyimi çəkə bilmirlər e. İstəyirlər ki, küçədə səfil qalım. Deyirdim, sən yenə güclü ol, işində-gücündə ol, bu qədər savadın, istedadın var. Özünü dik tut. Kim ki, həyatından gedib, o sənin yaxşılığınadır. O, dostundan bir acı hərəkət görəndə hönkür-hönkür ağlayırdı. 2 ildi üzünü görmədiyi dostu indi çıxıb elə şeylər yazır ki, yanıb partlayıram.. Nə istəyirsiz o uşaqdan? Heç olmasa ölüsündən əl çəkin.

-Heç kəsin bilməyib də, sizin bildiyiniz o son günün detalları barədə danışa bilərik? İstəmirsizsə, üstündən keçək...

-Yox, danışaq. Mövlud son günə qədər məni geri qaytarmağa çalışırdı. O, həmin gün də dedi ki, Sevinc, mən ailəmi qaytarmaq istəyirəm, qayıt evə. Dedim ki, Mövlud, vallah, bacarmıram.

-Qayıtmaq çox çətin idi, Sevinc xanım?

-Bilirsiz, mən ona bir söz demişdim ki, mən evdən çıxan son günə qədər hər şeyi düzəltmək üçün çabaladım. O, məni qaytarmaq istəsəydi, bunu bacarardı. Amma son gün ki, mən evdən çıxdım, çox sakit, hissiz çıxdım. Mövluda da deyirdim ki, Mövlud, mən Ucal olanda 3 gün xəstəxanada qaldım. Ataları içəri buraxmırdılar. Amma o 3 gündə mənim səni görmək üçün gözümün yaşı qurumadı. Amma indi key kimiyəm, hissizəm. O da bilirdi ki, mən nəyinsə xatirinə belə şeyi davam edə bilmərəm. Mənim zamana ehtiyacım vardı. O da həmin zamanı dayana bilmədi, qala bilmədi, Gözləmədi ki, mən özümü sağaldım. Sadəcə, o, mənim evə qayıtmamağımla barışa bilmirdi. Ondan əvvəl də bir neçə dəfə səsi telefonda pis gəlirdi deyə təcili yardımla evə qədər getmişdim. Məlum olmuşdu ki, sadəcə yemək yeməyib deyə halsızdır. Ömür boyu ağlıma gəlməzdi ki, belə şey.

-Mən bilirəm ki, siz indi Qazaxdan qayıdırsız, Mövludun yas yerindən...

-(sözümü kəsir) Mən o xəbəri eşidəndən sonra üstümə bir neçə dəfə təcili yardım gəlib. İynə vurublar, özümdə olmamışam. Mənə gec deyilib. Mən biləndə artıq Mövludun nəşini Qazaxa aparmışdılar. Mən ancaq bir gün sonra, yaxınlarımla dava-dalaşdan sonra yola çıxa bilmişəm. Səhhətim pis idi deyə, yola çıxmağıma icazə vermirdilər. Səhər də ailəm çıxıb gedib Qazaxa. Qəbrinin üstünə ancaq indi gedib.

-Sizə son olaraq bir mesaj, bir məktub yazıbmı? Fotolardan görünür ki, qapının üstündə iki ürək şəkli qoyub. Bəlkə onların üstündə yazılanlar?

-Onların üstündə heç nə yazılmayıb. Mən o evə getməmişəm. Bizim hadisədən qabaq telefon danışığımız olub. Mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz. Sonra özündən çıxdı, coşdu... Onda bir şey vardı. Mələk kimi insan idi, amma birdən-birə sanki şeytan girirdi içinə. Coşanda dedim ki, Mövlud, gəl, sağollaşaq, yenə eyni yerə gəlib çıxdıq.

-Axırıncı gün, ölümündən bir neçə saat öncə olub bu danışıq?

-Bəli, hadisə də gecə olub. Mən bir az susqunluq, hörmət istəyirəm Mövludun ruhuna. O adamlar ki, yazırlar Mövludun yanında vicdanları təmizdir, guya mən Mövludun yanında olmamışam və sair. Mən başa düşürəm ki, hamı yanır. Amma bilin ki, mən hamıdan daha çox yanıram. Siz mənə qarşı çevriləndə Mövlud geri qayıdırsa, hamınız gəlib məni öldürün. Amma siz həmişə bizi bir, xoşbəxt görmüsüz. Hamı deyir ki, Mövlud 15 yaşından bəri özünü öldürəcəyini deyirdi. Amma son 3 ildə necə xoşbəxt idi. Nə oldu? Hamı niyə dəyişdi? Kimlər ki, indi yazır, Mövlud onlar barədə mənə çox danışıb, dərdləşib. Mən onları açmaq istəmirəm. Mövludun ruhuna, özümün adıma olan hörmətimdən. Bir daha deyirəm, mən sadəcə acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4312   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021