Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Hacı Cavad" məscidi ilə bağlı SON XƏBƏR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Hacı Cavad" məscidi ilə bağlı SON XƏBƏR"Hacı Cavad" məscidinin vəziyyətinin araşdırılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir, ədalətli qərar hazırlamaq üçün araşdırmalar aparır".

Bunu Report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, məscidə baxış olub, ərazidə yaşayan mömin insanların nümayəndələri ilə görüş keçirilib:

"Hazırda təkliflər hazırlanır. Həmin təkliflər əsasında da qərar veriləcək. Komissiyanın tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri fəaliyyət göstərir.

Məsələ ətraflı təhlil olunacaq, müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılacaq və hazırlanan rəy əsasında məscidlə əlaqədar təklif veriləcək. Məscidlə əlaqədar məsələ həllini tapacaq və həmin ərazidə yaşayan insanlar da Prezidentimizin dinimizə, milli-mənəvi dəyərlərə verdiyi dəstəyi bir daha görəcəklər".

M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə görə, yeni məscid tikilərsə, "Hacı Cavad" adı altında yeni formada fəaliyyət göstərəcək:

"Yenə də qeyd edim ki, veriləcək rəylərdən sonra məscidin harada olacağı ilə bağlı qərar qəbul olunacaq. Mühəndis təhlilləri məscidin təmir olunmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək".

Komitə sədrinin sözlərinə görə, məscidə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən binanın sovet dövründə məscid kimi istifadə olunmadığını da əlavə edib.

Quruculuq-abadlıq işləri ilə əlaqədar məscidin ətrafındakı binaların söküldüyünü deyən komitə sədri, ərazidə infrastruktur yaradılacağını, yol çəkiləcəyini və park salınacağını qeyd edib: "Məscidlə bağlı qərar orada ibadət edən insanlarla aparılan danışıqlardan sonra veriləcək. Verilən qərarda onların maraqları əks olunacaq. Ədalətli bir qərar olacaq".

Sosial   Baxılıb: 808   Tarix: 20 aprel 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az