Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLAR

Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLARSosial şəbəkələr müasir dövrümüzün ən zəruri tələbatlarından birinə çevrilib desək, yanılmarıq. Ancaq sosial şəbəkələrdən hərə bir məqsəd üçün istifadə edir. Məsələn, jurnalist öz yazılarını paylaşmaq, siyasətçi öz ideologiyasını yaymaq, şair öz yeni şerlərini oxucuları ilə bölüşmək üçün sosial şəbəkədən yararlanır. Uzun-uzadı sadalamağa lüzum görmədiyimiz digər kateqoriyadan olan insanlar da öz peşəsinə uyğun olaraq paylaşımlar edir. Bu paylaşımlar cəmiyyətdə tam təbii və normal qarşılanır.

Lakin sosial şəbəkələrdən qeyri-ənənəvi məqsədlər üçün istifadə edənlər də var. Kimisi sosial şəbəkələrə tanışlıq, kimisi isə pul qazanmaq üçün öz profilini yaradır. Əslində burda qeyri-adi heç nə də yoxdur. Sadəcə olaraq, müəyyən kateqoriya insanlar var ki, "tanışlıq" və "pul qazanmaq" terminlərindən eyni anda istifadə edib cəmiyyət üçün təhlükə törədirlər.

Xeyr, mən qız adları ilə "feyk" profillər açıb özlərinə səhifə yaradan "admin"ləri nəzərdə tutmuram. Mən Azərbaycan üçün daha təhlükəli olan bir məsələni gündəmə gətirmək istəyirəm. Beləcə, başlayaq...

"Feysbuk" sosial şəbəkələr içərisində ən çox Azərbaycanda istifadə olunan şəbəkələrdən biridir. Bu şəbəkədən hansısa fırıldaqçılar şantaj yolu ilə pul qazanmaq məqsədi güdür. Həmin təhlükə isə daha çox kasıbların yaşadığı, pul qazanmağı daha çox qeyri-leqal yollarla bilən Afrikadan gəlir.

Əvvəlcə xarici qız adları ilə sənə (burda oğlanlar nəzərdə tutulur – S.M.) dostluq təklifləri göndərilir. Onun profilinə baxdıqda Bakıda doğulduğu, Azərbaycanın hansısa universitetlərindən birində təhsil aldığı görünür. Üstəlik, dostluğunda olan insanların da Azərbaycandan olması bəzən səni belə fırıldaqçıların tələsinə düşməyə təhrik edir.

Profillərin "Haqqında" (İnfo) bölməsinə diqqətlə baxın!
Mən dostlarımın başına bu kimi hadisələr gəldiyindən, bunu araşdırmaq qərarına gəldim. "Andrea Martines" adlı ağ dərili əcnəbi qız profilindən dostluq təklifi gəlir.
İlk baxışdan hər şey qaydasında olduğu kimi görünür. Bakıda yaşaması, Azərbaycanda universitetdə təhsil alması hansısa onun əcnəbi tələbə olma ehtimalını artırır. Dostluq təklifi qəbul olunur.

Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARBu insanla bir qədər yazışdıqdan sonra səndən "Skayp" ünvanını istəyir. Məsələ isə məhz bundan sonra başlayır. "Belle Fleur" adlı profildən "Skayp" zəngi zamanı hansısa yarımçılpaq şəkildə qızın öz bədənini sizə nümayiş etdirdiyini görürsən. Əslində isə bu, səninlə danışan adam yox, hansısa "live" görüntüdən götürülmüş bir videorolik olur. Bu sənə təqdim olunanda onun doğrudan da səninlə danışan qız olduğuna inanmalı olursan. Və sonra səndən də əynindəki paltarları soyunmaq tələb olunur. Vay o hala ki sən bunu edəsən...

Sonrakı yazışmada səndən pul tələb olunur. Səbəbini soruşduqda onun əlində sənin çılpaq şəkildə videonun olduğu bildirilir. Pul göndərilməyəcəyi halda "Feysbuk"da yayılması ilə hədələnirsən.

Mən öncədən məsələlərdən xəbərdar olduğumdan, videogörüntülərsiz birbaşa mətləbə keçirəm və deyirəm: "Sənə canlı görüşməyimiz üçün 300 avro kifayət edir?"

"Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" məsəlini düşünən qarşı profil sevincək halda pul lazım olduğunu təsdiqləyir və bu pulu Abican şəhərində açılmış hesaba göndərməyimi xahiş edir. Bu yerdə qeyd edim ki, Abican şəhəri Afrikanın mərkəzində yerləşən Kot-dİvuar adlı ölkənin və ya hamımızın daha çox eşitdiyi adla desəm, Fil Dişi Sahilinin 2 paytaxtından biridir (bu ölkənin iqtisadi cəhətdən paytaxtı Abican, siyasi cəhətdən mərkəzi şəhəri Yamusukrodur – S.T.).

Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARAzərbaycana Afrikadan gələn təhlükə - FOTOLARŞəkillərdən də göründüyü kimi mən ondan soruşuram: "Axı, sən Kanadadan idin, niyə pulu Afrikaya göndərirəm ki?" Cavab belə olur: "Anam hazırda həmin ölkədədir". Sizcə, Kanadadan olan hansısa ağbəniz qadının anasının Afrikada yaşamaq ehtimalı neçəyə bərabərdir? Məncə, bu faiz çox cüzidir. Ümumiyyətlə, yazışma zamanı həmin adamın fransız dilli olduğu görünür. Kanadadan fərqli olaraq, Fil Dişi Sahilinin rəsmi dili arasında ingilis dili yoxdur, yalnız fransız dilidir. Hər halda Kanadada yaşayan adam ingiliscəni təmiz bilməliydi və sualı "you cannais this agency" kimi yox, "you know this agency" kimi verməliydi...

Burdan belə aydın olur ki, Afrikadan bu dələduzluğu həyata keçirən ağbəniz qadın deyil. Azərbaycan oğlanlarını bu tələyə salan heç hansısa afrikalı qadın da olmur. Bu insanlar bu cür çirkin şantaj yolu ilə pul qazanmaq istəyən cinayətkar oğlanlardan ibarət bir dəstədir. İstədiyi pulu aldıqdan sonra və ya pul tələbi rədd edildikdən sonra istifadə etdikləri profili bağlayırlar. Ondan sonra elə görünür ki, sanki yazışmaları sən özün-özünlə etmisən. Çünki sosial şəbəkədən "yoxa çıxdıqda" onların sənə yazdıqları da yoxa çıxır.

Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLARYeri gəlmişkən, onların pul tələb etməsinə dair digər nümunəni də göstərə bilərəm. Gürcüstandan olan tanışımız da "Andrea Martines" adlı profilin ondan pul tələb etməsindən şikayətlənir. Yəni, bu problem tək Azərbaycanda yox, digər qonşu ölkələrdə də yaşanır.

Azərbaycana Afrikadan gələn təhlükə - FOTOLARBu cür tələlərə düşməməyin yeganə yolu isə onların profilinə diqqətlə baxmaqdan keçir. Onunla ortaq dostlarınızın olması sizi yanıltmasın. Siz onun son 1 il ərzində etdiyi hərəkətləri diqqətdə saxlayın. Əgər həmin insan ancaq gün ərzində çox sayda oğlanları dostluğuna qəbul edirsə, yaşadığı yeri Bakı, təhsil aldığı məkan kimi Azərbaycan universitetlərindən birini göstərirsə, deməli, bu, "feyk" profildir. Dostluğunuza qəbul etməyin, bir müddətdən sonra həmin profilin sizə dostluq sorğusu göndərənlər arasında olmadığını görəcəksiniz.

Bu cür insanlar Azərbaycanda 5 ilədək azadlıqdan məhrum edilə bilərlər
Bəs şantaj yolu ilə pul qazanmaq istəyən belə insanlar cinayət məsuliyyətinə cəlb oluna bilərmi? İnboks yazışmaları cinayət tərkibi yaratmaq üçün əsas verirmi? Bunun üçün Vəkillər Kollegiyasının üzvü Aqşin Kərimovla əlaqə saxladıq.

Kərimov deyir ki, burda cinayət tərkibi var. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində deyilir: "Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Ekspertimiz bu məsələnin nəticəsinin nə olmasından asılı olmayaraq, araşdırılmalı olduğunu bildirir: "Əgər şikayət varsa, cinayət məsuliyyəti hər bir halda fakt üzrə açılmalıdır. Bundan sonra cinayətin araşdırılması istintaqın işidir. Düzdür, hüquqi cəhətdən Azərbaycan praktikasında kibernetika sahəsi üzrə şantaja görə kiminsə məsuliyyətə cəlb olunması halı azdır. Ancaq istənilən halda cinayət tərkibi yaranıbsa, bu məsələ araşdırılmalıdır. Həmin adamın tapılıb məsuliyyətə cəlb olunub-olunmamasından asılı olmayaraq".

"İnterpol" bu məsələni araşdıra bilər
Aqşin bəy deyir ki, bu məsələdə "İnterpol"un da köməyindən yararlanmaq mümkündür: "Bunun üçün "İnterpol"un Bakıdakı bürosuna da müraciət etmək olar. Onlar daha çox beynəlxalq cinayətləri araşdırsalar da, bu məsələdə köməkləri dəyə bilər. "İnterpol" və ya bizim hüquq-mühafizə orqanlarımız "Feysbuk" rəhbərliyinə sorğu göndərib həmin adamın kimliyini müəyyənləşdirməyə çalışa bilər. Hansı ünvandan, hansı İP-dən bu profilə daxil olunduğunu tapmaq mümkündür. Həmçinin bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları da bu məsələni araşdırmaq üçün həmin ölkəyə ezam oluna bilər. Təbii ki, həmin ölkədən icazə alınması şərti ilə. Cinayətkar tapılarsa, onun ekstradisiya məsələsi gündəmə gətirilə bilər".

Cinayət məsələləri üzrə ekspert Vüqar Babayev isə bildirir ki, həmin adamı göndərilən bank hesabı vasitəsilə də tapmaq mümkündür: "Görək bu pul kimə köçürülür? Hər halda həmin adamın adı yanlış olası deyil ki. Bəlkə də həmin adam Kanadada oturur. Ancaq Afrika vasitəsilə bu pul köçürməni edirlər ki, iz itirsinlər. Bu həmçinin çirkli pulların yuyulması prosesidir. Cinayətkarlar bəzən ikinci dərəcəli ölkələrin bankları ilə pul köçürmələri edərək qeyri-leqal pullarını leqallaşdırırlar. Ümumilikdə bu cinayətin arxasında kimin durduğunu, həmin profildən kimin istifadə etdiyini müəyyənləşdirmək çox çətindir. Lakin tapılması da mümkünsüz deyil. Sadəcə olaraq bu, çox vaxt aparan məsələdir".

Səbuhi MUSAYEV

Bu yazı "Internews Azerbaijan"ın yazı müsabiqəsi üçün təqdim olunur.

Sosial   Baxılıb: 5898   Tarix: 20 aprel 2017  
Facebookda Paylaş

DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az