"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO
Travmatologiya şöbəsinin cərrahı Li Kuk Yonqun iş günü gərgin və ağır keçmişdi. Axşam saatlarında yorğunluqdan ayaq üstə güclə dayanan doktor Yonq evə getməyə hazırlaşanda qəflətən telefonu zəng çaldı.
"Şöbədə qalın, cərrahiyyə əməliyyatına hazırlaşın. ABŞ Hərbi-Hava Qüvvələrinin "Qara qırğı" helikopteri artıq yoldadır. Yaralı əsgər gətirirlər. Onu Şimali Koreya hərbçiləri güllələyiblər", - doktor Yonqa dedilər.
Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, Cənubi Koreyanın paytaxtı Seuldakı Aju Universitetinin nəzdindəki Travmatologiya Mərkəzində çalışan cərrah Yonq yaralı əsgər O Çon Son gətirilən kimi onu əməliyyata hazırlamağa başlayıb.
Cərrahın dediyinə görə, O Çon Sonun vəziyyəti çox ağırdı: "O, kliniki ölüm və koma vəziyyətinə yaxındı. Qan təzyiqi də həddən artıq aşağı düşmüşdü. Ümumiyyətlə, yarlı əsgər əzilmiş, sıxılmış dəmir bankaya bənzəyirdi".
24 yaşlı O Çon Son Şimali Koreya Xalq-Demokratik Respublikasının silahlı qüvvələrinin əsgəridir. O, sərhədi keçərək Cənubi Koreyaya qaçıb və bu zaman güllələnib.
Şimali və Cənubi Koreyaları ayıran sərhədi keçəndə O Çon Son 5 güllə yarası alıb.
Əsgərin sağ diz oynağında, sağ qolunun triseps əzələsində, belində, qasığında və çiynində güllə yaraları vardı. Amma problem bu yaralarla bitmirdi.
Yaralarda qalmış güllələrin çıxarıldığı 5 saatlıq əməliyyatda Li Kuk Yonq yaralı əsgərin bağırsaqlarını da əməliyyat etməli olub. Çünki güllələrdən biri bağırsağı da dəlmişdi.
Cərrah Yonq əsgərin bağırsaqlarında qurdların qaynaşdığını görüb.
"20 illik cərrah karyeramda bağırsaqda bu qədər qurd görməmişdim. Güllənin dəldiyi bağırsağı tikəndə oradakı qurdları dartıb çıxarmalı oldum. Yoğun, ağ rəngli qurdlar qan içində qıvrılırdılar", - Yonq deyib.
Qurdların bəziləri 27 sm uzunluqdadır.
Cərrahın dediyinə görə, əsgərin vəziyyəti həddən ziyadə ağır olduğundan Onun əməliyyat zamanı öləcəyindən qorxub.
Bütün bunlarla yanaşı, yaralı əsgər vərəm və hepatit B xəstəsi idi.
İki gün sonra O yenidən əməliyyat olunub. Daha sonra isə O sürətlə sağalmağa başlayıb və reabilitasiya prosesi hətta həkimləri təəccübləndirib.
Yonq indi yaralı əsgərlə qürurlanır.
"O, əsl qəhrəmandır. Diktaturadan qurtularaq qaçmaq cəsarət və qətiyyət tələb edir", - Yonq söyləyib.
O Çon Sonun vəziyyəti indi stabil olsa da, ağırdır. Həkimlər onun vərəm və hepatit B xəstəliklərinit müalicə etməyə, əsgəri posttravmatik stressdən qurtarmağa başlayıblar.
Yonqun dediyinə görə, O Çon Son xofdan qurtula bilmədiyi üçün gecələr yuxudan ayılır, qışqırır, "Bura Şimali Koreyadır?" soruşurdu: "Naəlac qalıb onun palatasından Cənubi Koreyanın bayrağını asdıq. Onu sakitləşdirmək üçün "Sən heç Şimali Koreyada Cənubi Koreyanın bayrağını görə bilərsənmi?" soruşdum. Sakitləşdi".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş