SOSİAL "Oğlun Yalçın ölüb, – dedilər, o vaxtdan bu günə kimi telefon səsindən qorxuram"

SOSİAL "Oğlun Yalçın ölüb, – dedilər, o vaxtdan bu günə kimi telefon səsindən qorxuram"Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocayevin ölüm işində təqsirli bilinən şəxslərə çıxarılmış hökmdən yazıb.

Hökm dekabrın 14-ü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə çıxarılıb. Təqsirləndirilən şəxslərdən Elnur Nəhmədov 5 il, Ruslan Məmmədov 2 il 6 ay, Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan bir ay qabaq, noyabrın 13-ü dövlət ittihamçısı Elnur Nəhmədovun 19 il, Ruslan Məmmədovun 4 il, Pərviz Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi. Yalçın Qocayev 2017-ci il martın 11-i saat 2 radələrində öldürülüb. Daxili İşlər Nazirliyinin martın 14-də yaydığı məlumatda deyilir ki, hadisə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında baş verib. Yalçın Qocayevlə tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovun arasında mübahisə düşüb. Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə zərbə yetirilib və o, hadisə yerində ölüb. İstintaq Yalçın Qocayevi Elnur Nəhmədovun döyüb öldürdüyünü bildirirdi. İstintaq onu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edirdi. Məhkəmə isə Elnur Nəhmədovu da Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Fikrət Qocanın yazısı "Ədəbiyyat qəzeti"nin 16 dekabr 2017-ci il sayında "Orda bəzi hakimlər də məhkum stulunda oturacaq" başlığı ilə dərc olunub.

AZXEBER.COM yazını Novator.az-a istinadən təqdim edir.

Orda bəzi hakimlər də məhkum stulunda oturacaq
Bu ilin mart ayının on birində gecə saat ikidə telefon səsinə oyandım:

– Oğlun Yalçın ölüb, – dedilər.

O vaxtdan bu günə kimi telefon səsindən qorxuram.

Sonra öyrəndim ki, üç cavan oğlan Yalçını döyə-döyə öldürüblər. O vaxtdan bu günə kimi istintaq, məhkəmə işi davam edirdi. Onu da deyim ki, mən məhkəmə işi ilə qətiyyən maraqlanmırdım. Əslində, o zalda durub danışıqları dinləmək, qatillərin üzünü görmək mənim üçün dözülməz əzab olardı. Bir də mənim orada olmağım nəyi dəyişərdi? Oğlum ölmüşdü, qatillər tutulmuşdu. İstintaq aparılmışdı. Prokuror əsas qatilə on doqquz il, o biri iki nəfərdən birinə dörd, birinə üç il iş istəmişdi.

Dostlar-tanışlar da cinayət işinin nəticəsini soruşanda "maraqlanmıram" – deyirdim. Maraqlanmadığıma özümü də inandırmağa çalışırdım.

Dekabrın on dördünə keçən gecə çox narahat oldum. Əslində, səksən üç yaşlı kişinin rahat yatmaq istəyi özü gülüncdü. Amma bu narahatlıq bir az artıq idi. Yoldaşım təzyiqimi ölçdü. Dərman verdi. Ürək ağrısına demək olar ki, son illər vərdiş eləmişəm. Amma bu gün ağrının ətrafında bir havasızlıq, darıxma da vardı. Elə bil içimdə Yalçının səsini eşidirdim. Yadıma düşdü ki, xeyli zamandı məzarını ziyarət etməmişəm. Səhər yoldaşımı inandırdım ki, daha ağrım-acım yoxdu.

– Gedim idarəyə, bəzi təcili işlərim var, onları görüm, tez qayıdacam. Bu gün dördüncü gündü. Qəbiristanlığı ziyarət günüdü. Gedim Yalçını, qardaşımı, anamı, qohumları ziyarət eləyim, çoxdandı getməmişəm.

– Gedim nədi? Gedək! Sənin ürəyinin əsl dərmanı ordadı, gedək.

– Raya, sən getmə, hava soyuqdu.

– Yox, gedəcəm. Tez gəl, isti paltar gey, çörək ye, dərmanlarını iç, gedək!

Böyük rus şairi Sergey Yesenin demiş:

Ölüm yeni deyil qədim dünyada…

Düzdü yaşamaq da təzə iş deyil.

Düzdü, yaşayan hər kəs bilir ki, ömrünün sonunda onu ölüm gözləyir. Ömrün maraqlı cəhəti də ordadır ki, heç kəs bu ölümün harda, nə vaxt gələcəyini bilmir. Ürəyimizin hər döyüntüsü ilə, atdığımız hər addımla biz ona doğru gedirik. Atalar, analar oğul çiynində gedir. Ən ağırı, dözülməzi oğulun atanın çiynində getməsidir. Mən onu heç bir ataya arzu etmirəm. Oğul vətən uğrunda, xalq uğrunda şəhid olanda başqa məsələ. Mən oğulun belə ölümü ilə qürur hissi keçirərdim. Dərdim mənə yaşamaq gücü verərdi.

Oğlumun ölümündə özüm də günahkaram. Üç qızım, bir oğlum vardı. Oğluma lap əvvəldən şərt qoymuşdum. Demişdim sən kişisən. Bacılarına instituta daxil olmaqda çətinlik çəksələr, kömək edərəm. Amma sən özün daxil olmalısan. Bir il onu tikintidə fəhlə işlətdim.

İnşaat Mühəndisləri İnstitutuna daxil oldu, qurtardı. Şeir yazırdı, bacardıqca çapına mane oldum. Şairlik eləməyə qoymadım. 1995-ci ildə mənim 60 illiyim ərəfəsində məndən xəlvət Anar onu Yazıçılar Birliyinə üzv qəbul etdi. Bir müddət baş nazirin müavininin köməkçisi işlədi, daha sonra xarici işlər nazirinin köməkçisi vəzifəsində, sonra Ukraynada Azərbaycan səfirliyində birinci katib, sonra geri çağırıldı, bir neçə il sərəncamda qaldı.

İki qızı, bir oğlu vardı. Bir dəfə nazirlə görüşdüm. Söz verdi, sonra yadından çıxdı, bir neçə tanışımla, dostum bildiyim adamla görüşdüm, hamısı söz verdi, unutdu. Mənim o üzüm yoxdur ki, tez-tez yadlarına salam, qapılarını döyəm. Uzaq başı iki dəfə deyirəm, sonra üzüm gəlmir. Vəzifəli yoldaşlarım bəziləri niyə belə yaddaşdan zəif olur? Verdikləri sözü aylarla unudur. Bilmirəm. Bu yeni xəstəlikdi. Hərdən özüm-özümdən soruşuram oğlum sağ olsaydı, amandı oğluma iş verin deyib insanların qapısını hər gün döyə bilərdimmi? Yox, bacarmazdım. Deməli, mən də onun ölümündə iştirak etmişəm. Balalarının yanına işsizlikdən gəldiyi hər gün onun ölümünü bir az da yaxınlaşdırıb…

Saat dörddə Yalçının məzarı yanında idik. Molla "Quran" oxuyurdu. Telefonum zəng çaldı. Bir xanım səsi idi:

– Alo. Alo… Fikrət müəllim.

– Buyur, qızım.

– Bağışlayın, deyəsən, yas yerindəsiniz.

– Bəli.

– Qısa bir sualım var – saytdanam.

– Qızım, mümkünsə bir azdan zəng edin.

– Baş üstə, bağışlayın.

Telefon susan kimi yenə zəng oldu.

– Eşidirəm, buyurun, – bir az kənara çəkildim.

– Fikrət müəllim, siz hakimin verdiyi qərarla razısınız?

– Hansı hökmlə? Hansı qərarla?

– Siz məhkəmədə yox idiniz.

– Yox, hansı məhkəmədə?

– Yalçınla bağlı, bu gün hakim hökm oxuyub.

– Nə deyib?

– Prokurorun 19 il istədiyi əsas caniyə beş il iş verib. O birilərin birinə 3 il, birinə 2 il. Siz bununla razısınız?

– Qətiyyən yox! – Daha nələrsə dedim. – Mən danışmırdım, hikkəm, dilim danışırdı.

Mən həmişə düşünürdüm, mənə nə fərqi var kimə neçə il iş verəcəklər. Mənim oğlum dirilməyəcək. Sən demə, özü-özünü aldatmaq buna deyirlərmiş.

Raya qolumdan yapışdı:

– Nə oldu yenə? Kim idi zəng edən? Qəbiristanlıqda da səndən əl çəkmirlər.

– Qorxuram jurnalistlər məndən heç qəbirdə də əl çəkməyələr, – dedim.

Telefonu söndürmüşdüm, lakin hələ ürəyimdə müxbirlə danışırdım. Görəsən, o hakimin bir oğlu öldürülsəydi, oğlunun üç balası yetim qalsaydı, yenə qatilə qarşı belə humanist qərar çıxarardı?

Mən hüquqşunas deyiləm. Amma məntiq adlı amansız bir şey var. Prokurorun 19 il istədiyi işə necə olur hakim 5 il iş kəsir. Burda açıq-aydın bu iki nəfərdən biri haqsızdır.

Amma bir təsəllim var, hamı axırda ölür. Deyirlər orda da sorğu-sual olur. Görəsən, ordakı hakimlər də belədir? Burdakı hakimlər də orda məhkum stulunda oturacaq. Haqq incəlir, üzülmür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2543   Tarix: 18 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Tatlısəs məşhur azərbaycanlının mahnısını oxuyub - Video

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər AzTV-nin "Görüş yeri" verilişində yayımlanıb. Verilişdə İ. Tatlısəsin ifa etdiyi "Bu ayrılıq nədən oldu" mahısını

30 yanvar
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar