Nişanlandı, qısqanclıq zəminində bıçaqlandı: 15 ildir yeriyə bilmir - Azərbaycanda

Nişanlandı, qısqanclıq zəminində bıçaqlandı: 15 ildir yeriyə bilmir - Azərbaycanda"Hələ o vaxt mediada xəbərlər yayıldı,amma mən bununla bağlı heç vaxt müsahibə verməmişdim. İndi artıq 32 yaşım var, müəyyən vasitələrlə hələ indi-indi addımlayıram... Ən böyük arzum yeriyə bilməkdi". Bunu müsahibimiz Vüsalə Azadova deyib.

Vüsalə Azadova 1986-cı il təvəllüdlüdür və əslən Kürdəmir şəhərindəndir. Onu 2003-cü ilin martın 22-də 2 bıçaq zərbəsi endirərək qəsdən bıçaqlayırlar. Həkimlər Vüsaləyə açıq onurğa-beyin travması diaqnozu qoyur, təxminən 20-25 gün koma vəziyyətdə olan Vüsalə komadan ayılandan sonra bilir ki, onun ayaqları iflic olub.

Vüsalə xanım başına gələnləri Modern.az saytına danışıb.

- Vüsalə xanım, hadisəni necə xatırlayırsınız?

- Nəriman qohum qızlarla gəzdiyim zaman qəfil bıçağı çıxarıb məni bıçaqladı. Mənə iki bıçaq zərbəsi endirdi. Biri onurğadan, biri isə beyin hissəmdən. Onurğam tam zədələnmədi. Bıçaq ürək tərəfə sürüşmüşdü. Ayaqlarım iflic oldu, o gün bu gündür ki yeriyə bilmirəm.

Hadisə baş verən günün səhərisi, martın 23-ü komada Bakıya gətirilmişəm. Təxminən 20-25 gün komada qalmışam.

- Hər bir hadisəni doğuran səbəb var. Bu qətlə cəhdin baş verməsinə səbəb nə idi?

- Nəriman mənə elçi göndərməmişdi, amma istədiyini bilirdim. Bıçaqlanmanın səbəbini soruşanda onunla açıqlayıb ki, Vüsalə məni gözləmədi, nişanlandı. Axı o mənə elçi göndərməmişdisə, mən onu necə gözləyə bilərdim? Elçi göndərsə idi, məni verməsələr idi, onda hirsini başa düşərdim.

O da mənim qohumum olub. Qohumluq münasibətləri də dağıldı, indi təkçə düşmənçilik var.

Hadisə ilə bağlı 10 il müddətinə azadlıqdan məhrum edildi. 7 il yarım həbs cəzası çəkdi, 2 il yarım isə icbari iş aldı.

Nərimanın ailəsi hadisə baş verən ərəfələrdə ondan üz döndərmişdi. Eşitdiyimə görə, haradasa 5 - 6 ay onunla danışmayıblar. Həbsxanada olanda mənimlə əlaqə yaratmaq istədi, amma mən razılıq vermədim. Onu heç vaxt bağışlamaram.

Peşman olmuşdu. İndi, səhv etmirəmsə, 36 yaşı var və ailə qurmayıb. Eşitdiyim qədərilə, deyib ki, Vüsalə sağalsın, onunla ailə quracağam. Deyib ki, yox əgər ailəsi verməzsə, istəyərəm o xoşbəxt olsun. Mənə qalsa isə belə bir şey heç vaxt mümkün deyil. Çünki çox əziyyətlər -çəkmişəm, həm maddi, həm də mənəvi. Bu hadisədən sonra isə başqa heç kim elçi gəlməyib.

- Baş verənlərdən sonra nişanlınız Elşad bəylə münasibətiniz necə nəticələndi?

- Nişanlım 2 ay müddətində yanıma gəlib getdi, arada mənə baş çəkirdi. Həmin vaxtlar mən Neyrocərrahiyyə xəstəxanasında yatırdım. Sonra məni çox pis halda qoyub Rusiyaya getdi və bir il sora zəng vurub, harda olduğumu soruşdu, 2 günə gələcəyini bildirdi. Mən onda hələ də xəstəxanada yatırdım. 3 gündən sonra xəbər tutdum ki, gəlib və onu başqası ilə nişanlayıblar. Bu hadisədən sonra onunla danışmamışam. Bildiyim qədər, ailəsinin istəyi ilə nişanlanıb. Aramızda sevgi münasibəti yox idi. Məlumatım olduğu qədərilə indi evlənib, 2 uşağı var. Və evləndiyi qadını xoşbəxt edib.

- İlk müalicənizi harda almısınız və necə nəticələnib?

- Hadisə baş verən ilin iyul ayında müalicə üçün Rusiyaya getdim. Rusiyaya gedənə qədər isə Azərbaycanda ancaq komadan ayıltmaq üçün və ilkin tibbi yardımlar göstərilib.

Rusiyaya gedəndə mənə dedilər ki, əməliyyat öncəsi sinirlərin bərpası üçün müəyyən vaxt lazımdır. Daha sonra məcburiyyət qarşısında buradan Ukraynaya getdim və əməliyyat olundum. Bizə implant qoyulduğunu dedilər, lakin 3 il sonra Azərbaycanda MRT olunarkən aydın oldu ki, implant da qoyulmadan bizdən 15 min dollar civarında pul alıblar. Həkim Ukraynada olduğu üçün mən məhkəməyə şikayət edə bilmədim. Buradan Ukraynaya getmək üçün mənə maddi köməklik lazım idi. Onsuz da imkanım olsaydı, elə ən başından müalicələrimi düzgün edər və yarımçıq saxlamazdım.

- Yardım üçün hansısa orqanlara və ya fiziki şəxslərə müraciət etmisiniz?

- Əvvəl hadisə baş verən vaxtlarda atamın imkanı yaxşı idi, ona görə heç kimin köməyini qəbul etmədi. Amma hal - hazırda köməyimiz yoxdur. Həmin vaxtlarda nə nişanlımdan, nə də Nərimangildən heç bir təklif olmuşdu.

Cəmi 3 ildir ki, 1-ci qrup əlillik üçün 140 manat sosial yardım alıram. O isə aylıq bir dərmanımın pulunu belə ödəmir. 5-6 il bundan öncə hər həftə ard-arda məktublar yollayırdım, amma heç kimin şəxsi qəbulunda olmamışam. Müalicəm maddi vəziyyətim yaxşı olmadığı üçün daim yarımçıq qalırdı. Mənə 2003-ci ildə 6 ay üçün sağalacağımı demişdilər. Amma 2018-ci ildi və heç bir nəticəsi olmayıb. Yalnız indi irəliləyiş hiss edirəm.

İki il olar ki artıq heç yerə müraciət etmirəm. Köməklik olunmadığı üçün, daha ehtiyac duymuram. Atamın heç 400-500 manat maaşı olmur, amma mənim aylıq müalicəm 600-700 manata başa gəlir. İndi Xırdalanda, bacımgildə qalıram. Fiziooterapiyaya günaşırı gəlib gedirəm. Türkiyəyə əməliyata gedəndə isə otel və bilet pulu ilə birgə təxminən 2 min manat xərcimiz çıxırdı.

Mənə dəstək olan ailəm, maddi köməklik göstərən Ərdal həkimə və "Medera" hospitaldan Rəhimə Atəşə sonsuz təşəkkürlərimi bildirirəm.

- Hər bir müalicədən sonra insan özündə irəliləyiş hiss edir, bədəni güclənməyə başlayır. Özünüzdə ilk dəfə irəliləyişi nə zaman hiss etmisiniz?

- Özümdə irəliləyişi 2009-cu ildə Ukraynadakı birinci əməliyatımdan sonra hiss etdim. Artıq ayaqlarımda hissiyat var idi, ağrı hiss etməyə başlamışdım. Ümumi 9 əməliyat keçirmişəm və əməliyyatların əksəriyyəti uğurlu nəticələnib. Konkret olaraq, nə vaxt yeriyəcəyimlə bağlı heç bir şey demirlər, amma bərpa sürətli gedir. Çox irəliləyiş var, mən artıq il yarımdır ki fasiləsiz fizioterapiyaya gəlib gedirəm. Uzanıqlı halda ayaqlarımı hərəkət etdirə bilirəm. Yeriyəcəyimə çox inanıram.

- Ərdal həkimlə necə tanış oldunuz?

- 3 il öncə bir tanış məsləhətilə İstanbulda yerləşən "Liv" hospitala getmişdim, orada Ərdal həkimlə tanış oldum. "Liv" hospitalda mənə ardıcıl kök hüceyrələri köçürürdülər. Sonra imkanım çatmadığı üçün yenə yarımçıq qaldı.

Çox sağ olsun, Ərdal bəy mənimlə əlaqəni kəsmədi, sonra müraciət edəndə də əməliyyatlarımı təmənnasız etdi. İndi də tez –tez əlaqə saxlayır, vəziyyətimlə maraqlanır.Türkiyədə qalıb fizioterapiya alsam, maddi cəhətdən mənə çox pul lazım olacaqdı. Ona görə Azərbaycana geri döndüm.

İndi Ərdal həkimin sayəsində mən yavaş-yavaş ayağa qalxıram. Artıq Ərdal həkim mənə 6 əməliyyatı tam təmənnasız edib ki, o əməliyyatların hər biri təxminən 8-10 min dollar civarındadır. Sonuncu dəfə Türkiyədən oktyabr ayında qayıtmışam.

- Nə üçün əməliyyatlarınız üçün Azərbaycanı seçməyib əcnəbi ölkələrə üz tutmusunuz?

- Bizim hər şeyimiz, bütün imkanımız müalicə üçün mənim yolumda gedib. Nə həkim adı eşitmişiksə, ora getmişik. Əksəriyyətindən də, təəssüf ki, yarımçıq qayıtmışam. Azərbaycanda müalicə aldım. Amma çox da xeyrini görməmişik. Ona görə ki, həm maddi cəhətdən imkanım yetmirdi sona qədər müalicə almağa, həm də özümdə də müalicə zamanı irəliləyiş hiss etmirdim.

- Nəticədə bu hadisənin baş verməsinə səbəb sizsiniz. Yəni, qısqanclıq zəminində olsa da, hadisə sizə görə törədilib və elə özünüz çox böyük ziyan çəkmisiniz. Vəziyyətin bu yerə çatmasında isə kimisə günahkar bilməmiş olmazsınız. Biz sualı belə verək: Bütün bu yaşadıqlarınızda kimi günahkar bilirsiniz,Vüsalə xanım?

- Ən çox kinim isə bilmirəm kimədir. Həm bıçaqlayana, həm də məni bu halda atıb gedənə. İkisi də eyni – Elşad da, Nəriman da gözümdə eyni səviyyədədir. Amma atıb getmək, bəlkə də, ən pisidir...

Məni tez nişanladıqları üçün valideynlərimi də çox qınayıram. İradımı atama yox, amma anama bildirmişəm. Onlar da bunun üçün özlərini günahlandırırlar.

Çox yerdən elçi gəldiyi üçün tez nişanlanlayıblar ki, bir neçə il sonra evlilik olar. Nişan olan kimi evlilik planımız yox idi. Ailədən mənim razılığımı almayıblar. Mən artıq "hə" veriləndən sonra xəbər tutdum.

- Həyat mübarizədir. Siz yaşadıqlarınıza rəğmən pessimistliyə qapılmamaq üçün necə mübarizə aparmısınız?

- Hadisədən əvvəl hər şey yaxşı idi. İndi birdən – birə belə hala düşməyim mənim üçün çox çətindi. Barışa bilmirəm bu həyatla. Mənim bu günə qədər hələ də əlil arabam olmayıb. Qəbul edə bilməmişəm. Evdə anamın, bacımın, evdəkilərin köməkliyi ilə hərəkət edirəm .Hələ fizioterapiyaya gələndə arabada məcbur otururam, çox pis oluram, sıxılıram.

Düzü atam və anam hələ heç vaxt onları əziyyətə saldığımı deməyiblər, bu müddət ərzində heç vaxt eşitməmişəm. Elə bir şey eşitsəm, yəqin ki özümə nəsə edə bilərəm..Ailəm bu müddət ərzində mənə yalnız dəstək olublar.

Təəssüf ki, siz dediyiniz kimi iradəli, daxilən möhkəm olmamışam. İntihar haqqında çox düşünmüşəm. Hətta dərman içmişəm, damarlarımı kəsmişəm, nəticə olaraq isə qurtulmuşam. Sağ olsunlar, açığı desəm, həkimlər dəstək olandan sonra, bir az özümə gəlmişəm. Həm yeriyə bilməməyim, həm maddi sıxıntılar məni çox sıxır. Köməklik üçün aidiyyatı qurumlara yazıram, ancaq heç bir köməklik yoxdur. Mən bu vəziyyətdən çox bezirəm.

- Psixoloqa müraciət etmisiniz?

Heç vaxt müraciət etməmişəm. Əməliyyatdan öncə olub ki gəlib söhbətləşiblər. Açığı, psixoloqla söhbətdən sonra adam bir az özünə gəlir. Amma sonradan yenə özümə çox qapanıram. Əsəbləşirəm, çox gərgin oluram, ümumiyyətlə bu həyatla heç cürə barışa bilmirəm.

- Son olaraq nə demək istərdiniz?

- Nərimanla qarşılaşsam, ona nə deyəcəyimi bilmirəm. Yəqin deyərəm ki, o da mənim çəkdiyimi çəksin...

Kriminal   Baxılıb: 1389   Tarix: 10 yanvar 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR