Prezidentdən xəbərdarlıq: Qarabağla bağlı tək şərt…

Prezidentdən xəbərdarlıq: Qarabağla bağlı tək şərt…Azərbaycan Dağlıq Qarabağ məsələsində Ermənistana heç bir güzəştə getməyəcək.

Bunu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, Ermənistan kimə arxayın olursa-olsun, Azərbaycan Qarabağ məsələsinin BMT-nin qətnamələri çərçivəsində ədalətli həllinə mütləq nail olacaq:

"Prezident çıxışında qeyd etdi ki, danışıqlar prosesi intensivləşsə də, nəticə yoxdur. Çünki erməni tərəfi qeyri-konstruktiv mövqe tutmaqda davam edir, eyni zamanda, Azərbaycan tərəfi üçün qeyri-məqbul şərtlər irəli sürür. Üstəlik, danışıqlar prosesi elə bir ilə daxil olub ki, Rusiya, Azərbaycan və Ermənistanda prezident seçkiləri gözlənilir. Bu zəmin üzərində danışıqlar prosesini fəallaşdırmaq cəhdləri müşahidə olunur. Ölkə prezidenti bildirdi ki, Ermənistanın hər hansı bir destruktiv mövqeyi Azərbaycan üçün qəbulolunmazdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni edəcək. Bunun üçün ilk növbədə güclü ordumuz var və onun döyüş qabiliyyəti hər keçən gün daha da təkmilləşir. Prezidentin bu inamlı çıxışı onu deməyə əsas verir ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində Ermənistana heç bir güzəştə getməyəcək, yeganə ərazi bütövlüyümüz daxilində Dağlıq Qarabağa respublika muxtar səlahiyyətləri verilə bilər".

Politoloqun sözlərinə görə, prezidentin "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəkləndiyini xatırlatması təsadüf deyildi:

"Aqressiv separatizmlə Avropa da heç vaxt barışmayacaq. Helsinki Yekun Aktının müddəalarında qeyd edildiyi kimi millətlərin və dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn əsasını təşkil edir. Dünya düzəni də ərazi bütövlüyü zəminində formalaşmaqda davam edəcək. Prezidentin Qarabağ xəbərdarlığı da məhz bu məqamlardan xəbər verir".

Mənbə: axar.az

Siyasət   Baxılıb: 2425   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR