Nəsibə Zeynalova haqqında heç yerdə eşitmədiyiniz qeyri-adi FAKTLAR - NƏVƏSİNİN DİLİNDƏN

Nəsibə Zeynalova haqqında heç yerdə eşitmədiyiniz qeyri-adi FAKTLAR - NƏVƏSİNİN DİLİNDƏNSon vaxtlar gündəmi Kraliça II Yelizavetanın qayınanalıq macəraları zəbt edib. Britaniyanın kraliça qayınanasından yazandan sonra qərara gəldim ki, kinomuzun kraliçasını, sevimli qayınanasını, əfsanəvi aktrisamız Nəsibə Zeynalovanı da yad edim. Özü də II Nəsibə ilə birgə...

-Nəsibə xanım, Cahangir Novruzovun həm qızı, həm də bacısı olmaq necə hissdir?

- (Gülürük) Bilirsiniz, nənəm həmişə qız övladı arzulayıb. Amma qismət elə gətirib ki, aman-zaman bir oğlu olub. Atam da evlənəndən sonra mən və bacım doğulmuşuq. Nəsibə xanımın ilk nəvəsiyəm. Dünyaya gələn kimi nənəm deyib ki, bu mənim qızımdır. Əvvəlcə adımı Bahar qoymaq istəyiblər. Çünki Novruz bayramında doğulmuşam. Nənəm deyib, Bahar nədir?! Nəsibə, vəssalam! Üstündən bir neçə il sonra isə Nəsibə xanım məni övladlığa götürüb. Deyib ki, mənim qızımdırsa, rəsmi sənədlərdə də qızım olmalıdır. Atam da heç vaxt etiraz etməyib.

- Atanızın reaksiyasını anlamaq olar. Təbii ki, anasına etiraz etməyə bilərdi. Bəs ananız?

- Anam da həmçinin. Anam Elnarə xanımla nənəmin münasibəti ana-qız münasibəti idi. Nəsibə xanım həmişə deyirdi ki, Elnarənin simasında mənim qızım var. Anam heç vaxt nənəmin sözünün üstünə söz deməzdi, mübahisələri olmazdı. Atamla bəzən sözləri çəp gələrdi. Oğludur, bu da təbii haldır, amma Elnarə xanımla əsla... Anamı dünyalar qədər sevirdi, güldən ağır söz deməzdi.

- Demək Nəsibə xanım filmdəki qaynana stereotipini həyatda qırıb, gəlininə ana olmuşdu?

- Düzdür, sərt adam idi. Onu da qeyd etməliyik. Amma anam da bir o qədər həlim xasiyyətə malikdir. Ailədə loyallıq vardı. Ümumiyyətlə, istər ər-arvad, istər valideyn-övlad, ümumiyyətlə insanlar arasında olan münasibət bir tərəfli qurulmur. Əgər bir tərəfin digərinə aqressiyası varsa, bilmək lazımdır ki, bu öz-özündən baş verməyib. Bu hisslərə təhrik edən nə isə bir hadisə baş verib. Yox, ailədə sakitçilik, əmin-amanlıqdırsa, bu hər iki tərəfin müdrikliyinə dəlalət edir.

- Nəsibə xanım çox varlı ailədə doğulmuşdu. Atası Cahangir bəy ömrü boyu xeyriyyəçiliklə məşğul olub. Hətta bildiyimə görə, valideynləri arasında böyük yaş fərqi də varmış.

- Bəli, Nəsibə xanımın atası Cahangir Zeynalov çox varlı tacir idi. Öz üzərində işləyən adam olub. Rus, fransız, ərəb və sözsüz ki Azərbaycan dillərində danışıb. Nənəmin valideynləri arasında 25 yaş fərq vardı. Anası Hüsniyyə xanım Cahangir bəyin evinə gəlin köçəndə cəmi 15 yaşı varmış. Danışırdı ki, atasının çox zəngin kitabxanası olub. O kitabların içərisində elə dəyərliləri vardı ki, onlara toxunmağa heç kimə icazə verməzmiş. Çünki içərisindəki şəkillər fosforlu imiş. İnsan baxanda qəribə vahimə dolurmuş içinə. Sonradan məlum olub ki, həmin kitablardan Sankt-Peterburqun muzeylərində qorunur və "Qəzaların böyük kitabları" silsiləsindəndir. Bundan əlavə, Cahangir bəyin 250 nəfərlik salonu olan 40 otaqlı evi vardı. Yerə də salonun uzunluğu boyda böyük xalça sərilmişdi. Cahangir bəy həmin salonun başında səhnə tikdirmişdi. Tamaşanın məşqlərini də nahar vaxtına salardı. Çünki çox çətin dövr idi. Gənc aktyorlar da həmişə kasıb olub. Həm də bütün günlərini teatrda, məşqlərdə keçirərmişlər. Hüsniyyə xanıma deyərmiş ki, onların xörəyini sən hazırla, savabı sənə də yazılsın.

Köhnə Bakı haqda bir kitab var. Müəllif Hüseynqulu Sarabskidir. Orada müəllif qeyd edir ki, Mirmahmud Kazımovski ilə gedirdik. Qarşımıza Kərbəlayi Cahangir çıxdı. Soruşdu niyə keyfiniz yoxdur? Dedik "Şah Qacar" tamaşasını səhnəyə qoyacağıq, amma onun libasını tikdirməyə pulumuz çatmır. Cahangir bəy hövlənk əlini cibinə aparır və o vaxt üçün çox böyük məbləğ olan 600 manatı çıxarıb, aktyorlara verir. Bir maraqlı fakt da odur ki, hazırki Musiqili Komediya Teatrının binasında əvvəllər dəyirman olub. O binanı sonradan teatra çeviriblər. Səhnəsindən böyük qıfıl asılarmış ki, truppa tamaşadan öncə icarə pulunu ödəsin. Bir gün Cahangir bəy qızıl saatını qolundan çıxardıb, həmin məbləğı qarşılayır. Amma ən dəhşətlisi odur ki, Üzeyir Hacıbəyovdan bəhs edən filmdə tamamilə başqa kasıb bir insan üzüyünü çıxardıb, icarə pulunu ödəyir. Bu məlumat tam yanlışdır.

- Nəsibə xanım, bəs filmdəki yanlışla bağlı məsələnin kökünü araşdırmadınız?

- Bunu indi açıqlaya bilərəm. O vaxt uşaq idim. Bəlkə də araşdırılıb, amma hansısa səbəbdən məsələyə müdaxilə olunmayıb. Lakin mən sizə dəqiq deyə bilmərəm ki, Cahangir Zeynalovun adı filmdə niyə çəkilmir. Ümumiyyətlə, onun haqda çox az mənbə var. O, bütün ömrünü, həyatını teatra həsr edib. Çox hörmət etdiyim teatrşünas İlham Rəhimlinin həm Cahangir bəy, həm də Nəsibə xanım haqda yazdığı kitablarda bu haqda kifayət qədər məlumat var. Qulam Məmmədlinin kitabında göstərilir ki, Azərbaycan teatr səhnəsində ilk dəfə Cahangir Zeynalovun yubileyi qeyd edilib. Lakin, sanki onu tarixdən silməyə can atıblar. Haqqında olan bir çox sənədlər yandırılıb, külə çevrilib. Nənəm danışardı ki, bayramlarda insanlar yığışıb onun əlini öpməyə gələrdilər. O isə yalnız anası Əsli xanımın və Hacı Zeynalabdin Tağıyevin əlini öpməyə gedərdi. Cahangir bəyin Zal adında bir nökəri varmış. Ətrafdakı dul qadınlara, kasıb ailələrə nökəri ilə sovqat göndərərmiş. Nökər boxçaları qapının kənarına qoyub qayıdanda, ev yiyəsi arxasınca çağırırmış ki, "Ay oğul, bu pay kimdəndir?" . Deyərmiş ki, göndərdilər. Yəni Cahangir bəy xeyirxahlığı da, yaxşılığı da aləmə car çəkmədən, heç kimə bildirmədən edərdi. Bəzən ona sual verərdilər ki, bu qədər var-dövlətin var, varisin kim olacaq? Cavab verərdi ki, varisim teatrımdır. Cahangir bəylə Hüsniyyə xanımın 12 il sonra qızları doğulur. Bunnun da maraqlı tarixçəsi var. Bir gün Hüsniyyə xanımın bacısı yanına gəlir və söyləyir ki, İrana İmam Rzanın ziyarətgahına getmək istəyir. Xahiş edir ki, bacısı da gəlsin. Allahın evində dua etsin, bəlkə övlad payı ilə sevinər. Hüsniyyə xanım gedir, və niyyət edir ki, oğlu olsa adını İmam Rzanın şərəfinə Rza, qızı olsa onun xanımınn şərəfinə Nəsibə qoyacaq. Bir ildən sonra nənəm doğulur. Doğuş çox çətin keçir. Körpənin çəkisi 5 kiloqram olur. Cahangir bəyə deyirlər ki. ya ananı, yada körpəni seç. O da təbii ki, ananı seçir. Amma Allahın qismətindən hər ikisi təhlükədən sovuşurlar. Hüsniyyə xanım andına sadiq qalıb, körpənin adını Nəsibə qoyur. Nənəm körpə ikən Cahangir bəy səfərlərin birindən qayıdanda 6 gün su üzündə qalır və yatalaq xəstəliyinə düçar olur. Bakıya dönəndə Nəriman Nərimanov ona şəhəri gəzdirir. Ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlərin şahidi olur. Doğma anasının vəhşicəsinə öldürüldüyündən xəbər tutur, halı lap pisləşir. Bu hadisədən bir neçə gündən sonra dünyasını dəyişir.

- Bəs yeganə övladı Nəsibəyə vəsiyyəti nə olur?

- Ölüm ayağında olanda Hüsniyyə xanımı yanına çağırır. Onda Nəsibə xanımın 2 yaşı vardı. Deyir, mən artıq köçüb gedirəm, sən Nəsibəyə mütləq təhsil ver, mənim tam boyum olan şəklimi saxla ki, tez-tez baxıb, atasını xatırlasın. Sonda isə deyir ki, qızlar gimnaziyasının pulunu kəsmə. Onlar gələcəyin analarıdır, mütləq oxumalıdırlar. Geyimlərini, yeməklərini əskik etmə. Bilirsiniz, Cahangir bəy sağlığında hər Novruz bayramı Hüsniyyə xanıma məxmərdən torbalar tikdirərmiş ki, ona da savab yazılsın. İçərisinə bir cüt ayaqqabı, bir biçim parça, bir qızıl onluq və sözsüz ki, şəkərbura, paxlava dolu xonça qoyub, bütün qızlara paylayarmış. 1918-ci ildə çar dövrü devrilir, Sovet hakimiyyəti Nəsibə xanımla anasını həmin o 40 otaqlı imarətdən qaranlıq zirzəmiyə atır. O səfil həyata, bütün çətinliklərə rəğmən, Hüsniyyə xanım qızını böyüdür. Nənəm də düz 14 yaşından etibarən müxtəlif yerlərdə işləməyə başlayır.

- Məncə, Nəsibə xanımın qanındakı sonsuz teatr sevgisi onu başqa sahəyə getməyə də qoymazdı.

- Əlbəttə... Nənəmin 100 illik yubileyində onun həyatından olan bir maraqlı əhvalat səhnələşdirilmişdi. İndi sizə həmin fraqmenti söyləyəcəm. Deməli, Novruz bayramı imiş. Nəsibə xanımın da cəmi 9 yaşı varmış. Bütün xalaları, qohumlar bayramı qeyd etmək üçün bir yerə toplaşırlar. Nənəm gizlincə anasının uzun tumanını geyinir, kəlağayısını başına örtüb, arxa qapıdan çıxır. Üzünü kömürlə bir az dəyişib, gəlib qapını döyür. Qapını Sona xalası açır. Deyir, filankəsin külfətindənəm, sizə elçiliyə gəlmişəm. Onlar da donub qalırlar, axı bizdə ərə getməli qız yoxdur. Deyir ki, Nəsibə üçün gəlmişəm. Hüsniyyə xanım heyrətlənir ki, mənim qızım 9 yaşındadır, sənin oğlunun neçə yaşı var? Cavab verir ki, uşaqdır, cəmi 40 yaşı var. Elə qarının üstünə hücum çəkib, qovmaq istəyəndə kəlağayı başından düşür. Görürlər ki, 9 yaşlı Nəsibə özü-özünə elçi gəlib. Yəni deməyim odur ki, uşaqlıqdan teatra, aktyorluğa meyl edib.

- Nəsibə xanım, Hüsniyyə xanım haqda ümumiyyətlə, mənbələrdə məlumat yoxdur.

- Hüsniyyə xanımın gözəl dəf, qarmon ifa etmək qabiliyyəti varmış. Bir də gözəl səsi olub. Bəzən oturub, qara bəxtinə şikəstə oxuyarmış. Hətta Nəsibə xanımın "Qayınana" filmində oxuduğu yanıqlı bayatı anasına məxsusdur. Bu hüzünlü bayatını həmişə anasının dilindən eşidərmiş.

- Çox maraqlı faktdır. Filmin bu hissəsində həmişə kövrəlirdim. Bundan sonra kədərim 5 qat artacaq. Bəs Hüsniyyə xanım ikinci dəfə ailə qurmur?

- Qurur. Bilirsiniz də, o vaxtlar qadın başsız, sahibsiz qalmamalı idi. Ancaq Hüsniyyə xanımın ikinci həyat yoldaşı fərsiz insan olur. Onun Cahangir bəylə bağlı bır sıra sənədləri yandırmağı da ehtimal olunur. Çünki Cahangir bəy teatr fəaliyyətindən əlavə cümhuriyyətin qurucuları ilə də sıx münasibətdə idi. Sənədlərin məhv olunmasında bu faktın da rolu ola bilər. Amma dəqiq mənbə qalmadığına görə fikrimi tam təsdiqləyə bilmərəm.

- Hüsniyyə xanımın ikinci nikahdan övladları doğulur?

- Bu nikahdan Nəsibə xanımın bir bacısı və bir qardaşı doğulur. Hər ikisinə Hüsniyyə xanımın valideynlərinin adı qoyulur - Əbdüldayan və Nurcahan. Amma nökərlər birini Böyükağa, digərini Böyükxanım çağırdığı üçün adları da belə qalır.

- Əlaqəniz varmı onlarla?

- Nənəmin bacısını yox, qardaşını görmüşdüm. Onların övladları ilə sıx əlaqəmiz var. Amma hərəmiz dünyanın bir yerinə səpələnmişik. Tale elə gətirib ki, hərəmiz bir ölkədə yaşayırıq. Zəmanə belədir, kim səadətini, çörəyini harada tapırsa, orada da məskən salır.

- Nəsibə xanımın ömür-gün yoldaşı haqda da danışmağınızı istəyirəm. Bildiyimə görə, babanız onu hər addımında dəstəkləyib.

- Nəsibə xanımın Nəsibə xanım olmağında öncə öz əzmini, güclü xarakterini, sonra isə Mütəllib babamın əməyini danmaq olmaz. Bizim mentalitetimizi nəzərə alsaq, Mütəllib müəllimin yerində başqa adam olsaydı, bəlkə də Nəsibə xanım sənətindəki o uca zirvəyə qalxmazdı. Babam da kamança ustası idi, incəsənətlə nəfəs alırdı. Onların arasında 11 yaş fərq vardı, amma Mütəllib bəy Nəsibə xanımdan kiçik idi. Ümumiyyətlə, insan öz canparəsini, yarını tapandan sonra yaş fərqinin əhəmiyyəti qalmır. Onlar 40 il bir yastığa baş qoydular. Bir-birini ani göz qırpımından, tək him-cimdən anlayırdılar.

- Nəsibə xanım, siz də həmişə nənənizin yanında olmusunuz.

- Buna görə mən öz həyat yoldaşıma da sonsuz minnətdaram. Biz nənəmin son illərində də ona birgə baxmışıq, nazı ilə oynamışıq. Başqa adam olsaydı, bəlkə də Nəsibə xanıma olan bağlılığımı bu qədər dəstəkləməzdi, amma həyat yoldaşım Camal onun son nəfəsinədək yanımızda oldu. Hər evə gələndə əlində gül alıb, gətirərdi. Nənəmin üzünü güldürərdi. Son illərində də çalışardıq, onu hər gün evdən çıxardaq, gəzdirək. Dünyasını dəyişənədək saçı da, dırnağı da, libası da gözəl və səliqəli idi. Çünki insanı yaşadan stimuldur.

- Nəsibə xanım ömrünün son aylarınadək filmlərdə yaddaqalan obrazlar yaratdı. Hətta "Məhəllə" filmində çəkildiyi çox kiçik epizod belə filmə böyük sənət eşqi qatdı.

- "Məhəllə" filmindən 6 ay sonra nənəm rəhmətə getdi. Cabir və Tahir İmanovlar da şahid oldular ki, Nəsibə xanım çox ağır xəstə idi. Amma içində o qədər böyük sənət sevgisi vardı ki, kameranın önünə keçən kimi ona sonsuz enerji gəlirdi. Ümumiyyətlə, çox güclü insan idi. Buna görə də Nəsibə xanımı həmişə çox seviblər. Çünki heç kimə boyun əyməyib. Elə adi "Qayınana" tamaşası 3000 dəfə rəsmi qeydiyyatdan keçib. Hələ mən sizə rəsmi rəqəmi söyləyirəm. Yəqin ki, tamaşa bu rəqəmdən qat-qat çox oynanılmışdır. O, çox güclü aktrisa idi. Hər dəfə tamaşaçısına böyük enerji ötürərdi. Bax elə bu enerji də özünə qayıdardı ki, növbəti çıxışına gücü, qüvvəti qalsın.

- Ölməz sənətkarımız Lütfəli Abdullayevin qızı Xurşid xanımla müsahibədə ona bir sual verdim ki, ananız atanızı Nəsibə xanıma qısqanırdımı. Cavab verdi ki, əsla yox. Bəs Mütəllib bəy necə, Nəsibə xanımı duet ortağına qısqanırdı?

- Qətiyyən. Çünki Nəsibə xanımla Lütfəli Abdullayevin tanışlığı Mütəllib müəllimlə ailə qurmazdan illər öncə başlamışdı. Onlar bacı-qardaş idilər. Jmıx yeyə-yeyə, soyuqdan bir-birinə sığına-sığına, qatar gözləyər, hərbi hissələrə, əsgərlər qarşısında çıxış etməyə gedərdilər. Lütfəli əmi nənəmə həmişə "Züleyxa qardaş" deyərdi. Onların arasında çox saf sevgi, doğmalıq vardı. İndinin özünədək Lütfəli bəyin qızları ilə çox gözəl münasibətimiz var.

- Maraqlıdır, Nəsibə xanımın evdarlığı da sənəti kimi zirvədə idi?

- Nənəm çox gözəl xörəklər hazırlayardı, süfrələr açardı. Mənə toxumağı da o öyrədib. Özü də dəfələrlə sökdürüb, yenidən toxutdurardı ki, sən bunu bitirib, qoyacaqsan bir kənara. Bir müddət sonra yenidən baxacaqsan, qüsurlarını görüb, bəyənməyəcəksən. Ona görə də indidən işini gözəl görməyi öyrənməlisən.

- Nəsibə xanım, nənənizin ömür yolundan bəhs edən film çəkilsə, onun obrazını canlandırmağa razılaşardınız?

- Belə bir layihə hazırlansa, məmnuniyyətlə razılaşardım. Bir ara fikir vardı, amma gerçəkləşmədi. Özü də hiss edirəm ki, yaşımın üstünə yaş gəldikcə ona daha çox bənzəməyə başlamışam. Sözsüz ki, belə təklif alsam, çox sevinərəm.

- Çox maraqlı məqamlara toxundunuz, Nəsibə Zeynalovanın həyatından bilmədiyimiz faktları açıqladınız. Buna görə sizə minnətdaram.

- Mən sizə təşəkkür edirəm./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2296   Tarix: 29 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb

Azərbaycanın Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümbətovanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Bu barədə nazirlikdən bildirilib. "Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfa

7 yanvar
.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

Xalq artistinə Rusiyadan film təklifi - Baş rolda oynayacaq

Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb. -a istinadən xəbər verir ki, aktrisa bu filmdə baş rollardan birində, mistik gücləri olan qaraçı qadın rolunu oynayacaq. Rusiyalı rejissorlar Naibə Allahverdiyevanı aktyor agentliyinin vasitəsilə taparaq, dəvət ediblər

10 yanvar
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral