"Hər an öldürülə bilərdim, Heydər Əliyev məni xilas etdi" – MÜSAHİBƏ

"Hər an öldürülə bilərdim, Heydər Əliyev məni xilas etdi" – MÜSAHİBƏZiyadxan Əliyev: "Çılpaq qadın qarşımızda uzandı, heç birimiz şəklini çəkə bilmədik"

"Məhəmməd peyğəmbərin portretinin çəkilməsinə normal baxıram"

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Ziyadxan müəllim, sənətşünassınız. Müasir zamanda Azərbaycan mənzərəsindəki sənət özünü doğrulda bilibmi?

- Hansı mənada?

- İncəsənət, musiqi, bəstəkarlıq, ədəbiyyat və sair. Sözün hər mənasında özünü doğrulda bilirmi?

- Ümumiyyətlə, sənətə gəlişin bir neçə növü var. Bir var insan öz ruhunda gəzdirdiyi missiyanı hiss edir, peşəni seçir. Eləsi qonşusuna baxır, eləsi valideyn məsləhətinə qulaq asır, sənətə gəlir. Düşünürəm ki, insanın ruhunda Allah tərəfindən verilmiş yaradıcılıq gücü yoxdursa, o, yolun yarısında qalır. Belə hallar kifayət qədərdir. Bu aktyorluqda , rəssamlıqda, musiqidə və digər sənət növlərində mövcuddur. Fikir verirsiniz, bütün yaşda uşaqlar şəkil çəkə bilir. Xüsusilə də 10 yaşına qədər olan uşaqlardan hansının qabağına kağız-qələm qoysanız, şəkil çəkməyə başlayacaq. Hamısında dediyim yaratmaq gücü var. Bu, 10-15 illik ola bilər. Sonradan görürsən ki, birində 20 illikdir. Rəssamlıq Akademiyasında, universitetdə təhsil alır və onda yaradıcılıq gücü bitir. Onun geri qayıtmağa cəsarəti çatmır və özünü həmkarlarının, yaşıdlarının yanında pis etməmək üçün işin içində qalır, axıra qədər də vurnuxur. Rəssamlıq yox, şəkil çəkməklə məşğul olur. Halbuki rəssamlıqla şəkil çəkməyin böyük fərqi var. İnsan aldığı təhsil müqabilində nəyisə çəkməyi bacarmalıdır. Ancaq əsl rəssam başqasının həyatda görə bilmədiyini görür, ifadə edir, tamaşaçısını düşündürür.

Bizdə belə adamlar çox azdır. Əgər belə adamlar varsa, mənə elə gəlir ki, onlar sənətdə yolun yarısında qalmırlar, özlərini doğrulda bilirlər. Lakin istedadlı birinin sahibsiz qaldığı hallar da olub, ona müxtəlif münasibətlər sərgilənib. Sovet dövründə bu, daha çox ideologiyaya bağlılıqla əlaqəli idi. İdeologiyaya bağlı əsər sahibinin işləri yaxşı gedirdi, bütün imtiyazlar onda olurdu. Əsl sənətlə məşğul olanlar isə əziyyət çəkirdi. Ya işini almırlar, ya qonarını kəsirlər və s. Məsələn, Əşrəf Muradoğlu, Mircavad Mircavadov antisovet mövqeyinə görə kənarda qalmışdılar. Sovet dönəmində xeyir görən adamların 91-cı illərdən sonra adları it dəftərində belə olmadı.

- Halbuki Sovet dövründə dəbdəbəli yaşayırdılar, elə deyilmi?

-Çox yaxşı həyatları var idi. Elə adamlar heç xatırlanmırlar. Mən də xatırlamıram, başqası da. Hansılar ki, 91-cı illərə qədər sıxıntı keçirdilər, əziyyət çəkdilər onlar bu gün üzdədirlər. Ona görə sənətdə özünü tapmaq çətindir.

- Sovet dövrü Azərbaycanının sənəti və müstəqillik dövrü Azərbaycanının sənəti. Hansı daha üstündür? Sovet dövründən sonra, biz əvvəlki sənəti yarada bildikmi?

- Mən çox vaxt kiminsə xoşuna gəlmək üçün demirəm. Öz subyektiv fikrimi ifadə edirəm. Çox vaxt bu subyektivlik obyektivlikdən güclü olur. Sovet dönəminin rəssamlığında Azərbaycanın qazandığı uğurlar çox güclü olub. Biz bu gün Azərbaycan rəssamlığının 60-70-ci illərdə qazandığı uğurun kölgəsində yaşayırıq. Biz hələ müstəqillik dövründə Azərbaycan rəssamlığının simasını müəyyənləşdirə bilməmişik. Ona görə də düşünürəm ki, sovet dönəmində rəssamlığın ideologiyaya bağlılığını nəzərə almasaq, orda sənətin inkişafı üçün kifayət qədər münbit şərait var idi. Bu gün dünya şöhrətli rəssamlarımızın əksəriyyəti – Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev – sovet dövrünün yetişdirməlidirlər.

- Ziyadxan müəllim, nədənsə ən çox rəssamlıqdan danışırsınız. Başa düşürük, Rəssamlar İttifaqında çalışırsınız. Amma sənət çox spektrlidir. Sənətin digər sahələrində vəziyyəti necə qiymətləndirirsiniz?

- Məsələn, mən birbaşa, davamlı olaraq ədəbiyyatı izləyirəm deyə bilmərəm. Amma modernist yönümlərin çox dəbdə olduğunu görürəm. Cümləni kiçik hərflə başlamaq, nöqtə-vergül qoymamaq. Bu, ədəbiyyat yaratmaq deyil. Ədəbsiz, ləyaqətsiz sözləri, ifadələri ədəbiyyata gətirmək diqqət cəlb etməkdir. Mən bunları tez-tez görürəm. Bəzən onlar dəstək də alırlar. Bu cür şeyləri qəbul etmirəm. O adamların adları çoxlarına tanışdır. Eyni şeydən musiqidə də çox var. Sənətin birinci düşməni bazara işləməkdir. Filan mahnını toya çağırsınlar deyə oxuyurlar. Bazar məsələsi sənətin bütün sahələrində mövcuddur. Lütfəli Abdullayevin adi bir hərəkətində gülüş var idi. İndi aktyorlar yıxılır, özünü yerə sürtür ki, camaatda bir gülüş yaratsın. Bunlar süni gülüşlərdir. Abırsız sözlər deməklə, küçə ifadələrindən istifadə etməklə aktyorluq yaranmır. Ona görə də hesab edirəm ki, indi səviyyə çox aşağı düşüb. Bu gün şouluq elementi incəsənətin bütün sahələrini əhatə edib, əsarətə alıb. Televiziya verilişlərinə, seriallara baxın, mahnılara qulaq asın. Ailəvi oturub baxılmalı veriliş, qulaq asılmalı mahnı yoxdur.

- Bir çıxışınızda insanda tənqidi dünyagörüşünün olması üçün üç şərt lazım olduğunu demisiniz. Filofosluq, şairlik və cəngavərlik. Filosofluq və şairliyi hamıda tapmaq olar. Bəs bu gün Azərbaycan cameəsində cəngavərlik göstərən sənətkarlar varmı?

- Onu mən tənqidçilərə aid eləmişəm. Yaxşı tənqidçi olmaq üçün bu üç əlaməti birləşdirmək lazımdı. Biz tənqidi sevən xalq deyilik. Sosialist realizmi yarananda sosialist tərifi də yaranır. Baxmayaraq ki , o rəsmi elan olunmamışdı. Ancaq bayaq dediyim kimi sosializmi tərənnüm edən sənətkarları həmişə qabağa çəkiblər. Sovet dövründə doğrudan da tənqidə reaksiya var idi. Məsələn, hansısa idarə rəisinin adı mənfi hadisədə hallanırsa, sabah onu işdən çıxarırdılar. Yaxşı mənada tənqidin nəticəsini görmək olurdu. İndi bir səhifə yazı yazırsan, heç oxuyan da yoxdur. Bu baxımdan sənəti özünə amal seçən adam cəngavərlik edə bilər. Sənət vəzifəyə gəlmək, hansısa mövqe tutmaq üçün vasitə deyil. Sənət adam üçün amal olmalıdır, vasitə yox. Təkəbbür kimi qəbul etməyin, mən çalışıram ki, dediyim üç şərti özümdə birləşdirim.

- Şairlik, filosofluq öz yerində. Bəs Ziyadxan Əliyevdə cəngavərlik varmı?

- Niyə yoxdur? Özü də lap yekəsindən.

- Məsələn.

- 1993-cü ildə vəzifəli adamların Azərbaycan İncəsənət Universitetindən təşkil etdiyi oğurluqları ifşa edən mən olmuşam. O zaman hər an öldürülə bilərdim. Lakin Heydər Əliyevin bu işdən xəbərdar olması və nəzarətdə saxlaması məni ölümdən xilas elədi. O vaxt həmin muzeydən oğurluq əsərlərin orijinal olub milyonlarla dollar dəyəri olduğunu dediyim halda, Azərbaycan sənətşünaslığında çox yüksək mövqe tutan Mürsəl Nəcəfov və Rasim Əfəndiyev həmin əsərlərin muzey əhəmiyyətinin olmadığını rəsmi olaraq təsdiqləmişdilər.

Həmin akademiklərin və mənim mövqeyim... O zaman mənim nə fəxri adım, nə də elmi dərəcəm var idi. Şəxsən həyatda əməllərimlə, arzularımla sənəti özümə amal seçdiyimi təsdiqləmişəm. Bir adam da "Ziyadxan düz deyir" deməmişdi. Bircə Telman İbrahimov "Azadlıq" qəzetində məqalə yazaraq mənim mövqeyimi dəstəkləmişdi. Qalanları bu cür hadisənin olduğunu demirdi.

- Bəs bu günün özündə daha çox nəyi tənqid edirsiniz? Elə bir şey varmı ki, onu tənqid etmək istəyirsiniz, amma cəmiyyətin sərt reaksiya göstərmə riskini nəzərə alaraq geri çəkilirsiniz?

- Məni bir şey narahat edirsə, onu yazmalıyam. Onu yazmasam, şair demişkən "ölləm", yəni rahat ola bilmərəm. İndi yalançı müasirliyi çox tənqid edirəm. Müasirlik əbədilik, bəşərilik deməkdir. Tutaq ki, mənim üçün muğam, xalça, miniatür müasirdir. Bilirəm ki, bu xalçaya 100 ildən sonra da baxılacaq və müasir görünəcək. Muğam yüz illərdir oxunur, yenə də müasir görünür.

- Yalançı müasirlik nəyə deyirsiniz? Bu, geyimləmi bağlıdır? Məsələn, siz özünüz çox mühafizəkarsınızmı?

- Ümumiyyətlə "izmləri" qarşı-qarşıya qoymağın əleyhinəyəm. Hər bir "izmin" yaxşı cəhətləri var. Tutaq ki, indi çox mücərrədliyə maraq var. Ancaq əsrlərin qovşağında, mücərrədlik yarananda onun yaradıcıları dövrünün ən intellektual adamları idilər. İndi savadsızlığı ört-basdır etmək üçün mücərrədliyə meyllilik var. İndiki müasirliyin mahiyyəti bacarıqsızlığı ört-basdır etməkdir.

- Alimsiniz, sənət adamısınız. Gəlin, müasirliyin tərifini verək. Nədir müasirlik? Müasirlik düşüncədə olmalıdır yoxsa geyimdə?

- Müasirlik o deməkdir ki, sənin fikrin bu gündə qalmasın, sabahı da adlaya bilsin – 5, 10, 50 il sonranı... Elə müasirlik düşüncəsi olanlar var ki, 5 il bundan qabaq nə ediblər, yadlarında qalmayıb. Əslində əsər zamansızlığa və məkansızlığa qovuşmalıdır. İnsan baxanda deməsin ki, bu nə vaxt yaranıb. "Mona Liza"ya və ya başqa sənət əsərlərinə baxanda " bu nə vaxt yaranıb" deməzsən. Əsər bu gün də sənə toxunur. Çünki orda elə bəşəri hisslər var ki, bugünkü sənətkarlar da onu ifadə edə bilməz.

- Dediniz tənqidi sevən deyilik. Maraqlıdır, Ziyadxan Əliyev özünə yönələn tənqidi qəbul edirmi? Şüuraltınızda hansı reaksiyanı verirsiniz?

- Mənim nəyimi tənqid edəcəklər? Bir ara Səttar Bəhlulzadədən çox yazırdım deyə tənqid edilirdim. Səttar kimi bir adam dünyaya gəlməyib, gəlməyəcək də. Necə tərifləməyim onu? O mənim mənəvi ulduzumdur. Mənə həyatı, sənəti dərk etməyi öyrədib. Necə tərifləməyim? Bu mənim fərdi hisslərimdir. Ancaq sənəti də böyükdür axı...Bu baxımdan tənqid etsələr də, bir şey demirəm. Baxın, mən cavana da , yaşlıya da istər yazı, redaktə, istər şəkil məsələsində kömək edirəm. Deyirəm ki, məni sevmədiyinizi bilirəm. "Bəs niyə kömək edirsiniz" deyirlər. Sadəcə onları özümə rəqib hesab etmirəm. Bunu təkəbbür kimi qəbul edə bilərsiniz. Ancaq onların da, mənim də yazdıqlarımı görürəm. Mən Rəssamlıq İttifaqında Sənətşünaslıq bölməsinin sədriyəm. Orda 60-a yaxın sənətşünas var, fəlsəfə doktorlarının sayı məlum deyil. Fəlsəfə doktoru adı almaq üçün məcbur 5-6 məqalə yazmalısan. Budur sənətşünaslıq? Mənim yanımda o adam nə danışa bilər? Çünki ayda ən azı 4-5 məqaləm çıxır. Belə olan halda onlar məni xoşlayacaq? Təbii ki, yox.

- Azərbaycanda rüşvət, korrupsiya məsələsinin ancaq siyasi məna kəsb etdiyini düşünürlər. Amma belə fikirlər var ki, bəziləri sənətə kimlərinsə hesabına yaxud maliyyə cəlb edərək gəlir. Bu baxımdan rüşvətin sənətin inkişafında dırnaqarası rolu nə necədir? Rüşvətin sənətə təsiri nə qədərdir?

- Azərbaycanda bu cümləni tez-tez deyirlər: "Ölünün də adamı olmalıdır, dirinin də". Yadınızdadırsa, bir dəfə estrada müğənnilərinə fəxri ad verdilər, lakin cəmiyyətdə hay-küy qalxdı. Niyə əvvəl qalxmırdı? Deməli, bu adamlar həmin adlara layiq deyilmiş. Bəzən layiq olmayan da o siyahıya düşür. Hansısa mərhələlərdən keçirlər. Qurunun oduna yaş da yanır. Bu, həmişə olub. Ancaq istənilən məkanda aktyor da bilir ki, bu aktyordur, rəssam da bilir ki, bu rəssamdır və s Ya da diski qoltuğuna vurub fonoqram oxumaqla müğənni olunmur ki...

- Bu gün çəkilən komediyalara baxırsınızmı?

- Desəm yox, inanmayacaqsınız.

- Düzü, inandırıcı gəlmir. Çünki bu artıq trendə çevrilib.

- Mənim səmimiyyətimə inanın, müsəlman adamam. Bizim evdə baxanlar var. Xoşbəxtliyim ondadır ki, oğlum mənim üçün ayrıca otaq düzəldib, orda hər şeydən tamam təcrid oluram. Heç aşağıda nəyin baş verdiyindən xəbərim olmur. Televiziyaya futbol olandan-olana baxıram. Amma yazıdan ayrılmıram. Hərdən müəyyən filmlər yadıma düşəndə "You Tube"a girib baxa bilirəm.

- Bayaq "Mona Liza" əsərinin adını çəkdiniz. Bilirsiniz, bu əsərlə bağlı fikirlər çoxdur. Bəziləri bu əsəri Leonardo da Vinçinin çəkmədiyini də deyir. "Mona Liza" hansı mesajı verir?

- Bizim hazırda gördüyümüz "Mona Liza" deyil. Bu yüzdə yüz belədir. Sadəcə Leonardo da Vinçi əsl "Mona Liza"nı iki nüsxədə işləyib. Leonardo da Vinçinin işlərinin orijinal olub-olmadığını sübut etmək elə də çətin deyil. Başqa rəssamlardan fərqli olaraq o, solaxay idi. Onun sağ barmaqlarının izi əksər əsərlərində var. "Mona Liza"nın əsl versiyalarından biri Londonda, biri də Amerikadadır. Londondakı əsərin şəklini çəkməyə qoymurlar, canlı baxa bilərsən. Amerikadakı əsərin şəkilləri var. Leonardo da Vinçi ömrünün sonlarında Fransaya getməzdən bir qədər əvvəl məşhur florensiyalı Culiano Mediçinin xahişi ilə onun məşuqəsinin portretini çəkib.

Təsadüf elə gətirib ki, Konstansanın nəinki xarici görünüşü "Mona Liza"ya oxşayıb, o həm də "Lya Cokonda", yəni "təbəssümlü" ləqəbini daşıyıb. Ola bilsin ki, bu oxşarlığı hiss edən rəssam "Mona Liza"nın portretindən nümunə kimi istifadə etməyi qərara alıb və nəticədə demək olar ki, əvvəlki əsəri təkrar edib. O, təkcə Konstansa ilə oxşarlığı əldə etməyə səy göstərib. Rəssam portreti tamamlayarkən məlum olub ki, Mediçi öz istəklisindən ayrılıb və əsəri Leonardodan almır. 1517-ci ildə Leonardo da Vinçi Fransaya köçərkən bütün satılmayan əsərlərini də özü ilə aparır, o cümlədən də "Təbəssümlü qadın" portretini... Sonra isə əsər Fransa kralının ixtiyarına keçir. Bir vaxtlar hətta Napoleonun kolleksiyasında olur, onun yataq otağını bəzəyir. Son nəticədə portret muzeyə düşür və məhz bu əsər uzun illərdir ki, Luvrda "Mona Liza" adı ilə nümayiş olunur. "Mona Liza"nın əsl həqiqəti budur. Qalan şeylər boş söhbətlərdir.

- Elə deyəcəkdik ki, "Mona Liza"nın kişi olduğunu iddia edənlər də var.

- Kişinin üzünü təmizlə olsun qadın, ya da qadına saqqal qoy olsun kişi. Yəni bunlar Qərbin oyunlarıdır. Onlar belə şeyləri xoşlayırlar.

- Bəs Londondakı "Mona Liza"nı niyə göstərmirlər?

- Göstərirlər, sadəcə şəklinin çəkilməsinə icazə yoxdur. Pulunu verirsən, baxırsan. Amerikadakının dediyim kimi internetdə şəkli var. Sadəcə bunu etiraf etməyə qorxurlar. Bunu azad sənətşünaslar bilirlər. Mənə də o vaxt müəllimlərim demişdilər.

- Etiraf etsələr, nə olacaq ki? Güllələyəcəklərmi?

- Yox. Bu, antireklamdır. Parisə gedən adam Eyfeli, bir də "Mona Liza"nı görməyə gedirlər. Turist axını elə-belə şey deyil. Biz getmirik sənət əsərlərinə baxmağa. Amma onlar fərqlidir.

- Yəni iqtisadi maraqlar var.

- Təbii ki. Bizdə hansı incəsənət əsəri təbliğ olunur? Olmur, baxmırlar.

-İncəsənət əsərlərinin təbliğ olunmamasında sənət adamlarının məsuliyyəti yoxdurmu?

- Yox. Sənət adamı nə etsin?

- Sənət adamları bəzən öz aralarında mənasız intriqalarla məşğul olurlar. Bu baxımdan soruşduq.

- Bu da mentalitetimizdə var.

- Mentalitet sənət əsərlərinin nümayişində çox maneə yaradır? Məsələn, Rəssamlıq Akademiyasına getmişdim, orda çılpaq insan şəkilləri çəkmişdilər. Bu, bir az mentalitetimizə yaddır. Mentalitet sənətin inkişafına mane olurmu?

- Oxşar şeylər miniatürlərdə də var. Yadıma gəlir, biz rəssamlıq məktəbində oxuyanda, 3-cü kursda müəllim çılpaq natura qoymuşdu. Qrupun yarısı, mən də daxil olmaqla əsgərlikdən, bəziləri də 9-cu sinfi bitirib gəlmişdi. İndi çılpaq qadın bunların qabaqlarında uzanıb. Heç biri əlinə fırça alıb işləyə bilmir. Cəsarət edə bilmirlər. Hamısının gözü qadında qalıb. 45 dəqiqədən sonra müəllim gəldi və gördü ki, heç kim əlini ağdan qaraya vurmayıb. "Ayə, bu sənətdir. Siz hansı gözlə baxırsınız buna?"- dedi.

- Siz də həyəcanlanmışdınız o zaman?

- Yox, həyəcanlanmamışdım (gülür).

- Maraqlıdır, həmin insanlar – naturalar nə qədər pul alır ? Sizdə məlumat olar.

- Sizə deyim ki, indiki şəraitdə akademiyada naturaçı kişilər, qadınlar müəllimlərdən çox maaş alırlar. Bədənin müəyyən hissələrinə kimi çılpaq qalmaq üçün fərqli qiymətlər təyin olunur. Rusiyada onları seçmək üçün müsabiqələr var. Bizdə bu cür adamlar tapmaq çətindir.

- Niyə Azərbaycan rəssamları sənət yarada bilmir. Bəlkə də kimsə çəkə bilir, sadəcə sərgiyə çıxara bilmir yaxud nümayiş etdirə bilmir. Rəsm əsərinin güclü olması üçün nə lazımdır?

- Hər bir əsərin yaranması üçün yüksək sənətkarlıq, o cümlədən tamaşaçını düşündürə bilmək üçün mövzu dərinliyi lazımdır. İndi adi bir motivlə tamaşaçını cəlb etmək çətindir. Rəssam öz dövrünün aynası olmalıdır. Təəssüf ki, bizim rəssamlarımız öz dövrünə ayna ola bilmirlər.

- Tarixə fikir verən zaman görürük ki, rəssamların çoxu kişi olur. Qadınlar niyə rəssam ola bilmir?

- Sizə sevindirici xəbər vermək istəyirəm. Rəssamlıq Akademiyasında oxuyan tələbələrin 80 faizi qızlardır.

- Amma tanınmış rəssam kimi daha çox kişilər yadda qalır. Bunun səbəblərini araşdırmısınızmı? Qadınlar o dərinliyi duya bilmirlər?

- Qadın hər halda zəif varlıqdır. Zamanında Vəcihə Səmədova olub, yaxşı rəssam idi.

- Müəllimlik də bir sənətdir. Sizcə indi müəllimlik sənətinə lazımi qiymət verilirmi? Müəllimlik hazırda sənətin hansı yerindədir?

- Eşitdiyimə görə, Türkiyədə Atatürkün vaxtında Məclis üzvlərinə məvacib kəsəndə nə qədər olacağını müzakirə ediblər və deyiblər ki, müəllimlərinkindən çox olmasın. Verilən dəyərə bax... Bizdə sovet dönəmində də müəllimlərin həmişə imtiyazları var idi. İmkanı olanlar maşın sürə bilməzdi, ancaq müəllimlərdə var idi. İndi ali universitet müəllimləri müxtəlif maaşlar alırlar. Ən aşağı maaş Rəssamlıq Akademiyasının müəllimlərindədir. Yenə də ən şərəfli peşə olaraq müəllimlik qalır. Bütün adamlara yol göstərən müəllimdirsə, onu dəyərləndirmək lazımdır.

- Sənətşünaslıq və kulturologiya. Bəzən efirlərə kulturoloq adı ilə çıxanlar olur. Bunlar arasında fərq varmı?

- Vallah, onu Aydın xan Əbilovdan soruşmaq lazımdır. O nə olan şeydir bilmirəm. Tərcüməsi mədəniyyətşünasıdır da, biz belə deyək. Mədəniyyətin müxtəlif sahələrini özündə ehtiva edən sahədir. Hər halda incəsənətin bütün sahələrini yaxşı bilməlisən ki, bir söz deyə biləsən. Bunlar Qərbdən gəlmə şeylərdir. Çox vaxt yazılanlara baxıram və əksəriyyətinin rus mətbuatındakı məqaələrin tərcüməsi olduğunu görürəm. Təzə fikirlər yoxdur. Təzə fikirlər olsa, mədəniyyət sahəmiz bir az dərin inkişaf edərdi. Səthi şeylər çoxdur. Mədəniyyəti, incəsənəti inkişaf etdirmək hər halda intellekt, sahəyə bağlılıq, sevgi tələb edir. Bizdə vəzifə tutmaq üçün kulturoloq, sənətşünas yeri də var. Hamı yerini tutur. Amma adamlar yerindədirmi? Bizdə yerləri səhv düşən adamlar həddindən artıq çoxdur. İxtisasdan başı çıxmayan adamlar ixtisası bilən adamları yanında görmək istəmirlər. Bu da bir xəstəlikdir. İnsan öz missiyasını başa düşəndə çox rahat yaşayır. Özünə də, başqalarına da əziyyət vermir. Məsələn, mən səhər saat 5-də durub 8-ə qədər işləyirəm. Ən məhsuldar işlədiyim vaxt səhərlərdir. Ancaq kiməsə bunu deyəndə ona gülməli gələr. Çünki yuxunun ən şirin vaxtıdır.

- Gələk dini təsvirlərə. Siz bilirsiniz, xristian ənənəsində İsa peyğəmbərin, yaxud yəhudi ənənəsində Musa peyğəmbərin portretini yaradıblar. Amma İslam ənənəsində bu qadağandır. Məhəmməd peyğəmbərin portreti əkilsə nə olacaq? Peyğəmbərin portretinin yaradılmasında qeyri-adi nə ola bilər?

- Bizim dinimiz təsviri qadağan etmir. Bir hədisdə var, o da peyğəmbərin dilindən deyilib. Deyir ki, qiyamət günü büt xarakterli heykəl düzəldənlərin imtahanı digərlərindən ağır olacaq, onlardan düzəltdikləri heykəllərə can vermələri tələb ediləcək. Bunu edə bilməyəcəklərsə, cəzaları ağır olacaq. Nə demək istəyir burda? Bu o vaxt səsləndirilib ki, Ərəbistanda 360 dənə qəbilə Allahı var idi. Peyğəmbər onların hamısını bir yerə gətirdiyi üçün qəhrəmandır. Demək istədiyim odur ki, bunun mahiyyəti hamını bir araya gətirmək idi. Bundan ötrü büt xarakterli şeyləri olması istənilmirdi. Yoxsa hansısa İslam ölkəsinə getsən, miniatürlərin necə inkişaf etdiyini görəcəksiniz.

- Miniatür inkişaf edib. Amma söhbət peyğəmbərin öz portretinin çəkilməsindən gedir. Yəni sizə görə , bu normaldır?.

- Çəkilənlər də var. İranda bir az başqa cürdür. Mən Məhəmməd peyğəmbərin portretinin çəkilməsinə normal baxıram. Burda nə günah var ki?

- Siz özünüz çəkmək istəmisinizmi?

- Yox, çəkməmişəm. Həmçinin qeyd edim ki, hacıyam. Lakin mən portretin çəkilməsinə dediyim kimi pis baxmıram. Qadağa yoxdur. Əslində çox vaxt pis müqayisə aparırlar. Deyirlər ki, xristianlıq sənətə xeyir-dua verir, amma İslam qoymur. Bu, düzgün deyil. Düzdür, xristian dini olmasaydı, intibah dövrü olmazdı. Nə Rafael, nə Leonardo, nə də başqası olardı. Onların yaratdıqlarının hamısı dinin, kilsənin sifarişidir. Görürsünüz, nə qədər xeyir veriblər. Ancaq onlarda müəyyən şeylər təqib edilirdi, inkvizisiya var idi.

Dediyimiz hədisdən də çox zaman dırnaqarası dinpərəstlər istifadə edib camaata şəkil çəkməyin qadağan olduğunu deyirlər. İndiyə qədər mətbuatda da dinimizin şəkli qadağan etdiyi yazılır. 2018-ci ildir, ayıbdır vallah.

- İmam Əlinin və ya digər imamların portretlərini görürük. Onların tarixi ilə bağlı bizə məlumat verə bilərsinizmi?

- Mən dindarların portretləri ilə məşğul olmamışam.

- Hər halda düşünmüsünüzmü ki, həmin portretdəki real İmam Əli deyil.

- Real İmam Əlini kim görüb?

- Məsələ odur.

- Ümumiyyətlə, tarixi şəxsiyyətlərin əksəriyyətinin portreti rəssam təxəyyülü ilə yaranan şeylərdir. Nizamisindən tutmuş Babəkinə, Füzulisinə kimi. Bunların hamısı obrazlardır. Müsabiqə elan olunur, belə şeylər edirlər. Obraz elə şeydir ki, gərək onu inandırasan. "Uzaq sahillərdə" filmi göstəriləndə, ilk tamaşasında Mehdi Hüseynzadənin obrazı çıxan kimi onun bacısının ürəyi gedib yıxılmışdı və demişdi ki, bu mənim qardaşıma bənzəmir. Doğrudan da onlar oxşamırlar. Ancaq obraz kimi Nodar Şaşıqoğlu hamının yadında qalıb. Mehdinin öz simasını xatırlayanlar azdı. Aktyor bizə "Mixaylo" obrazını yaşada bildi. Rəhmətlik Ələkbər Muradov İctimai televiziyada Səttar Bəhlulzadə haqqında film çəkmişdi. Gedib kənddən Səttara oxşayan bir adam tapıblar, uzaqdan da çəkiblər ki, üz cizgiləri bilinməsin. Ola bilər, simaları oxşayır. Amma bu lazım idi sənə? Sən Səttarın obrazını yarat, hamı onu elə qəbul edəcək. Film də alınmadı heç. Obraz yaratmaq lazımdır.

- Ziyadxan müəllim, bayaq Heydər Əliyevin adını çəkdiniz. Sizin məşhurlarla görüşünüz çox olub. İstəyərdik ki, o xatirələrdən danışasınız.

- Vallah mən ancaq rəssəmlarla görüşmüşəm.

- Hər halda uzun müddətdir, sənətdəsiniz. Yəqin Heydər Əliyevin də qəbulunda olmusunuz.

- Yox, olmamışam. Həsən Həsənovla görüşmüşəm. Mən muzeydə işləyəndə tez-tez gələrdi, qonaqlarını gətirərdi. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Mircavad Mircavadovla görüşlərimiz, söhbətlərimiz olub. Şairlərdən Baba Pünhanla görüşmüşəm. Məlik Dadaşovla həmçinin. O mənə "kiçik qardaşım" deyirdi.

- İstəyərdik, həmin şəxslərlə olan maraqlı xatirələrinizdən danışasınız. Məlik Dadaşov da məşhurlardandır. Biz məşhur deyən zaman yalnız vəzifəli şəxsləri nəzərdə tutmuruq.

- Mənə həmişə deyirlər ki, iqtidarsan yoxsa müxalifət. (gülür) Mən sənətlə məşğulam. Bunun nə iqtidarı, müxalifəti var? Mənə Əməkdar incəsənət xadimi adını verəndə eşitdiyimə görə deyiblər ki, bu müxalifətdir, məqaləsi "Azadlıq" qəzetində çıxıb. Zəng etmişdilər mənə, dedim ki, " A kişi, bir baxın görün, o məqalədə nə yazılıb? " O vaxt mənim "Azadlıq" qəzetində bir səhifəm var idi: "Azadlığın incəsənət ensiklopediyası". Hər bazar günü rəssamlar, sənət adamları haqqında maarifləndirici yazım dərc olunurdu. Budur, müxalifət olmaq? "Xalq" ya "Azərbaycan" qəzetində məqalə yazmaq mənim üçün vacib deyil. Çünki bilirəm ki, onların oxuyucusu kimlərdir. Ümumiyyətlə Azərbaycan müxalifət yoxdur.

- Niyə yoxdur ?

- Bilmirəm. Onu deyə bilmərəm. Nə müxalifət var, nə də ziyalı.

- Maraqlı məqama toxundunuz. Ziyalı anlayışı..

- Ziyalı öz şəxsi maraqlarını ümumxalq maraqlarına qurban verən adamlara deyirlər. O adamlar da bizdə yoxdur.

- Bizdə efirdə ütülü danışan insanlara ziyalı deyilir?

- Bizdə diplomlu adamlara ziyalı deyilər. 3-4 dənə diplomu varsa, o ziyalıdır. Amma onlar ziyalı yox, ziyanlıdır.

- Ziyanlıların çox olması bizi hara aparır? Çünki qəbul etsək də, etməsək də ictimai rəyi onlar formalaşdırır.

- Filmdə deyilir ki, bütün yollar məbədə aparır.

- Bu məbəd yaxşı deyil yəqin ki.

- Hər halda yaxşı yerə aparmır. Mənə elə gəlir ki, insan yaltaq olmamalıdır. Mən həmişə tələbələrimə dərs deyəndə ilk sözüm o olur ki, peşə namusuna xəyanət etməyin. Hər şey burdan başlayır. Sən ona xəyanət etməsən, yaxşı olacaq. Lakin təəssüf ki, çoxları peşə namusuna xəyanət edir. Onlar elə bilirlər ki, namus ancaq ailədə olur. Namus hər şeydə var, elə birinci peşədə.

- Pis tendensiya yaranıb. Siz dediyiniz kimi yaltaqlıq. Ən çox da efirlərdə sənət adamları bunu edir.

- Hamısı edir. Etməyən var ki?

- Bunun hər halda psixoloji səbəbləri də var.

- Psixoloji də ola bilər, maddi də. Sənin nə yeyib gəldiyini bilmirəm. Həmçinin sən də məni bilmirsən. Düzdür, deyirlər adamı geyimlə qarşılayıb ağılla yola salırsan. Ancaq insan sabah dünyasını dəyişəndə gərək arxanda xatırlanmalı bir şey qoysun. Qalanlarla qalmaq üçün işıqlı əməl etmək lazımdır. Yəni rəhməti qazanmalısan.

- Dediyiniz ziyanlılardan şəxsən tanıdıqlarınız çoxdurmu?

- Ad çəkməyəcəm. Əlbəttə , çoxdur.

- Amma Ziyadxan müəllim, siz məşhurlarla maraqlı xatirələrinizdən danışmadınız.

- Səttar Bəhlulzadə ilə bağlı çoxlu əhvalatlar var. Mənim "Boyalı gülüşlər" adlı kitabım çıxıb. Orda rəssamlar haqqında lətifələr mövcuddur. Bir dəfə diplom işi ərəfəsində diplom işimin eskizini Səttar Bəhlulzadəyə göstərməmişdim. Bundan xəbər tutub şikayətlənmişdi ki, ona niyə göstərməmişəm. Xülasə, "diplom işinin üzərində işlə, müdafiədə mənə göstərərsən" - demişdi. O vaxt məktəbin direktoru Əyyub Məmmədovla Səttarın münasibətləri soyuq idi, içəri girib müəllimləri görməzdi. Səhv etmirəmsə, iyunun 25-i diplom müdafiəsi idi.

Səttar müdafiəyə gələcəyini desə də, müdafiə başladı, amma o yox idi. Əyyuba görə gəlməyəcəyini düşünürdülər. Bir də gördüm qapı açıldı, içəri girdi. Bütün müəllimlər onu koridorda qarşıladılar. Müdafiəmi etdim. Səttar Bəhlulzadə müəllimlərdən qiymətimi soruşdu və "5" aldığımı öyrəndi. Daha sonra Səttar "mən gedirəm, mənim adamım çıxdı" dedi. Hamı kim olduğunu soruşanda mənim adımı çəkdi. Sanki "5"i mən yox, o almışdı. Bayıra çıxanda məni elə qucaqladı ki... "Sən bilirsən məni Əyyubun yanında neylədin? Qaldırdın göyə"- dedi.

- Bəs Məlik Dadaşov sizə niyə "kiçik qardaşım" deyirdi?

- Əl çəkmir e ( gülür). O bir az kriminal məsələdir. Müsahibə çıxandan sonra danışaram.

- Nə olsun kriminal məsələdir?

- Danışmayacağam. O hadisədə olanların bəziləri indi sağdır, ona görə demək istəmirəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4667   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

"20 il qabaq deyirdi ki, tez öləcəyəm"

Tarzən Rövşən Qurbanov mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, bu barədə musiqiçi "Xəzər axşamı" verilişində qonaq olarkən danışıb. İfaçı Aygün Bəylərin 20 il bundan əvvəl onunla söhbəti zamanı tez öləcəyini söylədiyini bildirib:. "O bilird

8 yanvar
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? – Deputatdan AÇIQLAMA

Amerikanın Kino Sənəti Akademiyası Oskar film mükafatlarına namizədlərin qısa siyahısını təqdim edib. "Beynəlxalq bədii film" kateqoriyasında 15 film təqdim olunub, onun içərisində Ermənistanın çəkdiyi "Amerikalı" filmi də yer alıb. Filmin rejissoru Maykl Qurcyandır, film qondarm

13 yanvar