Aqşin Yenisey: "Elə bil sənət adamları başlarına çadra bağlayıblar" – Müsahibə

Aqşin Yenisey: "Elə bil sənət adamları başlarına çadra bağlayıblar" – Müsahibə"Bu gün dünya "vay-fay" tənhaları ilə doludur. Yaxınlarda müasir Amerika fantastik yazıçısı Endi Veyerin "Marslı" romanını vərəqlədim və gəldiyim qənaət bu oldu ki, insan Marsa getsə belə özündən uzaqlaşa bilməyəcək. Gələcəkdə başımız gələnlər keçmişdə unutmaq istədiklərimizdir".

Şair Aqşin Yenisey belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycanda gənclər elmdən çox ədəbiyyat və digər humanitar sahələrə meyil edirlər. Sizcə, elmin gənclər arasında populyar olmaması nədən qaynaqlanır?

- Ümidsizlikdən! 1990-cı ildən üzü bəri cəmiyyətin yaxşı yaşayan təbəqəsi savadsız, ancaq diribaş adamlardır. Bizdə bu ənənənin kökü XX əsrin əvvəllərindəki Bakı milyonçularına dayanır. O dövrdə milyonçu olanların çoxu, sadəcə, həyətində qazdığı quyudan üzünə neft fontan vuran adamlar idilər. Bu nefti Rotşild ailəsinə, yaxud Nobel qardaşlarına satıb qısa müddətdə varlanırdılar.

Bu barədə Manaf Süleymanovun "Oxuduqlarım, eşitdiklərim, gördüklərim" kitabında daha geniş yazılıb. Yəni varlanmaq, milyonçu olmaq üçün xüsusi savada, biliyə ehtiyac yox idi və bu, bir elitar inanca, ənənəyə çevrildi. Daha kəsə yolla varlanmaq şansı varsa, niyə ömrünün 20-25 ilini oxumağa sərf edəsən?

Məsələn, Türkiyədə təbii sərvət yoxdur deyə varlanmağın yolu intellektual əməklə məşğul olmaqdan keçir. Sərvətin əlçatanlığı bizdə elmə ayrılacaq zamanı gözdən saldı. Ancaq son illər mənzərə dəyişib, artıq azərbaycanlı gənclər, sözün əsl mənasında, elm dalınca Çinə belə gedirlər. Bu da onunla əlaqəlidir ki, müasir dünyanın həqiqi milyonçularının çoxu elmi texnoloji sahənin mütəxəssisləridir. Gənclərimizin çoxu bu gün işsizlikdən şikayətlənir. Mən bir müddət vakansiyalarla məşğul olan bir saytla əməkdaşlıq edirdim. Gündə ən azı, 50-60 iş yeri elanı qoyulurdu sayta, ancaq şirkətlərin təqdim etdiyi bu iş yerləri o qədər yeni sahələrdir ki, Azərbaycanda tək-tük işçi tapılır.

Bizim gənclərin o ixtisasların adından xəbərləri belə yoxdur. Elmə az da olsa, marağın yaranması bu cür yüksək maaşlı iş yerlərinin gənclərin ayağına gəlməsidir.

- Bir müddətdir Türkiyədə yaşayırsınız. İndi bizdə Türkiyə insanını özünə örnək götürənlərin sayı da kifayət qədərdir. Bu məsələyə münasibətdə oranın insanları ilə bizim insanlarımız arasında hansı fərqlər var, belə desək, yenilənən dünyaya daha açıq olan kimdir?

- Türkiyə bizə ona görə cəlbedicidir ki, başqa dil bilmirik, digər toplumlara birbaşa çıxışımız yoxdur. Türklər özləri də Qərb insanına bayılırlar. Tutaq ki, Cem Yılmazın filmləri Azərbaycan tamaşaçısı üçün yenidir, halbuki bu filmlərin orijinal variantları Avropada artıq çoxdan dəbdən düşüb. Yəni 30 il əvvəl atalarımız ruslara hansı heyranlıqla tamaşa edirdilərsə, bu gün onların övladları da türklərə həmin heyranlıqla baxır.

Türkiyənin Azərbaycandan ən başlıca üstün cəhəti universitetli cəmiyyət olmasıdır. Bizim universitetlərin elmi-təcrübi əhəmiyyəti olmadığı kimi, ictimai əhəmiyyəti də yoxdur. İnsanlara gəlincə, türklər çox zəhmətkeşdirlər və bu zəhmətin qarşılığında onlar, sadəcə, gündəlik dolanışıqlarını qazanırlar.

Azərbaycanda insanlar oxumaq istəmdəikləri kimi, işləmək də istəmir, ya da az işləmək istəyir. Neft millətin ictimai əxlaqını korlayıb.

- Dinə meyil də var. Bunun bir sıra səbəblərinin olduğu bəllidir. Lakin dinə meyil edənlərdə bir sıra hallarda dünyəvilikdən, yenilikdən, elmdən qopması hallarına rast gəlirik. Bu baxımdan, vaxtilə xristian Qərbində olduğu kimi, burada da islamı yeniləmək mümkündürmü və bu olsa, nə baş verəcək?

- Mümkün deyil. Bu yaxınlarda Türkiyə Prezidenti Ərdoğan da islamda islahatların vacibliyindən danışmışdı və səhəri gün din xadimlərindən elə bir reaksiya gəldi ki, dərhal dediklərinə düzəliş etməli oldu.

Xristianlıq da öz istəyi ilə yenilənməyib, onu buna məcbur ediblər. Əgər Vatikana axan vergilərə görə narahat olan alman hersoqları Martin Lüterin islahatçı ideyalarını dəstəkləməsəydilər, çox güman ki, Avropada da maarifçilik hərəkatı yaranmayacaqdı. Maarifçiliyin nəticəsi olaraq modernizm şüuru da formalaşmayacaqdı.

İkinci ən ciddi səbəb xristianlığın ABŞ variantının yaranmasıdır. Riçard Doukinz "Tanrı illüziyası" kitabında yazır ki, Amerikaya köçən ilk avropalı xristianlar yeni qitəyə inkivizisiyası, "cadugər ovu", "cənnət qəbzləri" olan xristianlığı aparmadılar, sadəcə, tanrını onun içindən sıyırıb özləri ilə götürdülər.

Amerikaya köç ənənəvi xristianlığa müxalif olan fikirlərin meydanını genişləndirdi və nəticədə qurucuları ateist olan ABŞ dövləti yarandı. Bunlar çox ciddi məsələlərdir. Müsəlman dünyasında bu proseslərin heç biri baş verməyib. Məsələn, biz müsəlmanların bu gün dünyanın ən böyük istehlakçı kütləsi olduğunu tənqid edəndə mühafizəkarlar belə bir arqumentə sığınırlar ki, burada pis nə var axı, şirkətlər istehsal edir, hamı alır, biz də alırıq. İstehlakçı cəmiyyətlə istehsalçı cəmiyyətin fərqi bazarda deyil, şüurdadır.

Məsələn, sənaye dövrünün mexaniki dəzgahları bizə gəlib çıxdı, amma sənaye şüuru gəlmədi, yəni biz sənayeləşmuş cəmiyyətə xas olan həmkarlar ittifaqları, işçi haqları kimi sosial təsisatların fəlsəfəsini mənimsəmədik.

Ağamız ağa, nökərimiz nökər olaraq qaldı, ağamızda fabrikant, nökərimizdə fəhlə şüuru formalaşmadı. Şüur formalaşmadığı üçün gələcəkdə bizi nə gözlədiyini izah edə bilmədik, enerjimizi keçmişin populyarlaşmasına xərclədik. Ona görə Sabirin satirası öz aktuallığını qoruya bildi. Yaxud bu gün dünyada insanların çox az pulla milyonlar qazandığı müasir texnologiyalara biz bir ucdan öz cibimizdən pul xərcləyirik. Çünki texnoloji avadanlığa sahibik, amma texnoloji şüurumuz yoxdur. Bu vəziyyətdə nəinki islamı yeniləmək mümkündür, daş dövrünə qayıtmayaq, bəsimizdir.

- Aqşin bəy, inanc və əqidə anlayışı tamamilə əhəmiyyətsizdir?

- Bu gün inkişaf etmiş dünya süni zəka, süni ürək, süni qaraciyər yaratmaq haqqında müzakirələr aparır. Belə bir dünyada inanc, əqidə, namus, qeyrət kimi əkinçilik şüurunun qalığı olan dəyərlərə sarılmaq, əlbəttə, əhəmiyyətsizdir.

Həmnövlərimizin yerdən 74 milyon kilometr uzaqda, Marsda yaşamağa hazırlaşdığı dünyada bizim vicdan anlayışı ilə süpürləşməyimiz, əlbəttə, əhəmiyyətsizdir. Nədir axı vicdan? Hüququn, məhkəmənin, yəni ictimai mühakimənin olmadığı çağlarda onu əvəz edən şəxsi mühakimə...

Hüququn, məhkəmənin işlədiyi cəmiyyətdə kiminsə vicdanına nə gərək var axı? Statistikaya və Rasselə görə, bu gün ən çox əxlaqsızlıq "namus", "qeyrət" kimi arxaik əxlaqa söykənən cəmiyyətlərdə baş verir. Hansı ölkədə ki, vicdan anlayışı qanun anlayışından üstündür, dünyanın ən böyük vicdansızları o ölkələrdə yaşayır. Məncə, biz bu arxaik dəyərlərin dayələyini buraxmalıyıq. Özümüzdən pisinə deyil, yaxşısına baxıb düşünməliyik.

- Bəs, islamda içkinin haram elan edilməsi haqda fikriniz nədir, yəni, məsələnin əsl mahiyyəti nədən ibarətdir?

- Fransız filosofu Mönteskyö inancı coğrafi relyefin və iqlimin övladı hesab edir və tamamilə haqlıdır. Məsələn, islam dini 40 dərəcə isti olan Ərəbistan yarımadasında deyil, 30 dərəcə şaxta olan İslandiya adasında yaransaydı, nə içkini, nə donuz ətini haram edəcəkdi. İkincisi, islam dini təkcə əcdadı iudaizmin təkallahlılıq inancından deyil, tarixindən də faydalanıb. Karen Armstronq "Tanrının tarixi" kitabında yazır ki, yəhudilər vəd edilmiş Fələstin torpaqlarına yerləşəndən sonra baxdılar ki, onları daim müharibəyə səsləyən allahları Yahovadan fərqli olaraq Fələstin qəbilələrinin kef, eyş-işrət allahları var. Yahovanı unudub Fələstinin çal-çağır allahlarına inanmağa başladılar və Armstronq Müqəddəs kitaba istinadən yazır ki, bundan qəzəblənən Yahova öz yəhudi peyğəmbərlərinin birinə şikayətlənərək İsrail xalqını "ərinə xəyanət edən pozğun qadın"la müqayisə edir və onları sürgünlə hədələyir.

Yəni içki, musiqi, əyləncə insanı inancından sapdıran bir pozğunluq kimi islama iudaizmdən ötürülüb. Buna baxmayaraq, islamın ilk qurucuları olan əməvilərin sarayları eyş-işrət mərkəzləri idilər. Saymon Montofiero "Yerusəlim" kitabında yazır ki, bu gün şiələrin düşmən kimi xatırladıqları Yezid sarayda çiynində meymunla gəzirdi. İslamın radikallaşması Abbasilərdən sonra başlayır.

- Yaxınlarda maraqlı bir məsələni də qaldırdınız, yazdınız ki, bir hadisə baş verən kimi yazıçı və şairlərdən ziyalı mövqeyi gözləyirlər, məsələn, bəstəkarlar, balerinalar, rəssamlar kimsənin yadına düşmür. Bu fikrinizi necə izah edərdiniz?

- Bu, bir müşahidədir. Yəqin, siz də müşahidə etmisiniz, bizdə istedadı olan adamlarının ictimai şüur problemi var, ictimai şüuru olanların istedad problemi... İctimai məsələlərdə şair və yazıçılarımız, sanki, daha aktivdirlər. Yaradıcılığın digər növləri ilə məşğul olanlar, sanki, cəmiyyətdən gizlənirlər. Ehtiyat edirlər, toplumla qarşı-qarşıya gəlmək istəmirlər. Ya da elə bil, əksəriyyəti tərkibində narkotik vasitələr olan xoşbəxtlik həblərindən istifadə edirlər.

Ölkədə müzakirə mühiti yaratmaq onların da borcudur. İnsanlarımız fikir qıtlığı içində yaşayırlar. Cəmiyyətdə azad söz, azad fikir olmayanda onun yerini söyüş, laqqırtı tutur.

Yaradıcılığı ilə bütün Avropa əxlaqını silkələyən Floberi Fransa hökuməti pul ayırıb Qüdsə göndərir ki, həm müqəddəs torpaqlardan reportaj hazırlasın, həm də tövbə edib dinə-imana gəlsin. Folber isə dövlətin pulunu Şərqdə ancaq fahişəxanalara xərcləyir və Müqəddəs Qəbir kilsəsinə ziyarətini belə təsvir edir: "Müqəddəs məbədin pilləkənlərini qalxanda birini əldən qoydum, dalım yenə də öz volterliyindən qalmadı".

Bizdə cəmiyyət bir yana, özünə qarşı bu qədər səmimi, azad ola bilən sənət adamları yox səviyyəsindədir. Efirdə muğam oxuyana baxırsan, bilmirsən prokurordur, yoxsa həqiqətən muğam ustasıdır. Elə bil, qadınlarımızın başlarından atdığı çadraları sənət adamları götürüb başlarına bağlayıblar.

- Bəs, niyə bir yazıçının, şairin öldürdüyü obrazı onu yazanın ölümündən daha faciəvi olur?

- Təxəyyülün mif yaratmaq qüdrəti var. Sənətin həyatdan daha ecazkar olma üstünlüyü əlində toxunduğu şeyi mifləşdirə bilən sehrli çubuğun olmasıdır. Bu da,bir növ, mövhumatdır, inandırmaq bacarığıdır. Sənət inandıra bildiyi qədər möhtəşəmdir, din kimi. Ancaq onun dindən fərqli olaraq didaktik məqsədi yoxdur.

Mən sənətdəki ölümün həyatdakı ölümdən daha faciəvi görünməsini təxəyyülün mifyaratma gücünə bağlayıram. Biz gündəlik həyatda, ümumiyyətlə, təxəyyüldən istifadə etmirik. Min illik qaydalar var, hamımız ona tabe olaraq yaşayırıq, başımızın ağrımasından qorxuruq.

Təxəyyülü axşam təkbaşına oxuyacağımız, yaxud yazacağımız kitaba saxlayırıq. Son illər sosial şəbəkələrdəki basabas da bununla bağlıdır. İnsanlar təxəyyüllərini rahat "kullanmaq" üçün real həyatdan qaçıb virtual həyata doluşublar. Çünki real həyat bizim deyil, babalarımızındır.

- Sənət hansı dövrü qabartmalıdır? Bəzən fikir səsləndirirlər ki, keçmişi qabartmaq dardüşüncəlilikdir. Səhv etmirəmsə, bu məsələyə sizin də etirazınız olmuşdu... Məsələni bir qədər aça bilərdinizmi?

- Tolstoyun, Dostoyevskinin populyarlaşdığı XX əsr "kosmos əsri" idi. Deməli, "sənət öz zamanını qabaqlamalıdır" fikri kökündən yanlışdır, o, sadəcə, hər kəsi qayıdıb öz keçmişinə baxmağa məcbur edir. Yaxud bu gün dünyada populyar olan Koelyo, Maalof və s. kimi yazıçılar keçmişi yazırlar. Postmodernizm, ümumiyyətlə, keçmişə qayıdışdır. Bu məsələdə mütləq bir formul yoxdur. İnsan psixoloji olaraq nəyi arzulayırsa, sənət ona can atır.

Texnoloji canfəşanlıq insanlarda ruhani dünya xiffəti yaradıb. Bu gün dünya "vay-fay" tənhaları ilə doludur. Yaxınlarda müasir Amerika fantastik yazıçısı Endi Veyerin "Marslı" romanını vərəqlədim və gəldiyim qənaət bu oldu ki, insan Marsa getsə belə özündən uzaqlaşa bilməyəcək. Gələcəkdə başımız gələnlər keçmişdə unutmaq istədiklərimizdir.

Sosial   Baxılıb: 918   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR