"Məmurların 98 faizi vicdanla işləyir, yerdə qalanları isə..."- deputat Rüfət Quliyevlə MÜSAHİBƏ

"Məmurların 98 faizi vicdanla işləyir, yerdə qalanları isə..."- deputat Rüfət Quliyevlə MÜSAHİBƏMilli Məclisin deputatı Rüfət Quliyev Sonxeber.az saytının suallarını cavablandırıb.

- Artıq 2019-cu ilin ilk 10 gününü arxada qoymuşuq. Təəssüf ki, bəzi problemlər var ki, ilbəil davam edir. O, problemlər tixac, məmurların özbaşınalığı və digərləri. Bu barədə nə deyə bilərsiniz?

- Tixacla fəxr etmək lazımdır. Çünki bu o deməkdir ki, Azərbaycan xalqının maşın almağa imkanı var. Elə insanlar var ki, hətta onun 2 maşını var. Mənim 2-3 işim olanda əvvəlcədən planlaşdırıram. Çalışıram ki, mərkəzə yola girməyim. Çünki tıxaca girdimsə 2-3 saata ancaq çıxacam. Azərbaycan sivil Avropa yolu ilə gedir. Avropada olan tıxac, atmosferin çirklənməsi kimi problemlər bizdə təzə aradan qaldırılmağa çalışılır. Yollar tikilir. Amma bu yollardan nə qədər tikilməlidir ki, problem aradan qaldırılsın. Zaman gələcək insanlar mərkəzdə yaşamaq istəməyəcək. Mərkəzdəki evini kirayə verib şəhərdən kənarda yaşayacaqlar. Bu gün Moskvada da belədir. İnsan işə nə qədər saat yarıma gəlib çıxar.
Bundan əlavə biz fəxr etməliyik ki, restoranlarımız çoxdur.

-Amma şəhərdəki restoranların bir çoxunda dil problemi var. Menyular xarici dilində olur.

- Siz çalışın hər şeydə problem tərəfini axtarmayın. Yaxşı tərəfdən baxın. Əgər o restoranlar xaricilər girməsə menyular Azərbaycan dilində yazılar. Bir azdan ərəblərin şəhərdə sayı çoxaldıqca menyular ərəb dilində olacaq. Bəli bizdə restoran işçisi problemi var. Çünki bizim yaxşı restoran işçilərimizin bir çoxu Rusiyaya qaçıblar. Orada onlar rahat pul qazanırlar. Ümumiyyətlə ofisiantlıq və digər buna oxşar işlər insanın həm içindən gəlməli, həm də bacarığı olmalıdır. Fəhləliyin özü bu gün adi iş deyil. Dövran və texnologiya dəyişib. Ofisiantlar və digər ixtisas sahibləri öz işinin peşakarı olmaldır.

- Cənab prezidentimiz hər zaman çıxışlarında məmurlara xəbərdarlıq etsə də onlar yenə də lazımı dərsi götürmürlər. Təəssüf ki, yenə də özbaşınalıqlarından vaz keçmirlər. Adi bir lift idarəsinin rəisi qızına necə 400 minlik toy edə bilir?

- Məmur problemi hər yerdə var. Bugünkü Avropada hər 12-ci insan korrupsiyada iştirak edib, hər 6-cı şəxs bu barədə eşidib. Bu rəsmi rəqəmdir. Bu korrupsiya problemi ABŞ-da və Avropada da var. Bununla mübarizə aparsalar da nəticəsiz olub. Bizdə də korrupsiya ilə bağlı mübarizə aparılır. Son 2 ildə məmur özbaşınalığına qarşı ciddi addımlar atılır. Məmur dövlətə lazım insandır. Onların 98 faizi vicdanla işləyir, yerdə qalanlar isə bəz özbaşınalıqlara yol verirlər.

-Bilirik ki, siz ayda bir dəfə seçicilərinizlə görüşürsünüz. Elə olubmu ki, seçicinizin problemi ilə bağlı hansısa qruma müraciət etmisiniz, ancaq müsbət cavab verilməyib?

- Xırda problem olan kimi dərhal yerində həll edirəm. Mənim yanıma keçən dəfə 2 nəfər gəldi. Kamazın sahibi səhhətindəki problemlə əlaqədər onu sürə bilmir. Qonşusu onu icarəyə götürüb işlətmək istəyir. Bunun üçün də gərək həmin kişini sürücülük vəsiqəsində böyük maşınları idarə etmək üçün xüsusi möhür olmalıdır. Mən adiyyəti quruma müraciət etdim. Dərhal həll edildi. Kişiyə imtahan üçün şərait yaradıldı. O da imtahanı uğurla verib gəlib mənə təşəkkür etdi. Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə sıx işləyirik. Ən böyük problem odur ki, seçici deyəndə ki, filan məmurdan şikayətçiyəm. Mən onun işinə reaksiya verməm üçün vətəndaşın rəsmi ərizəsi olmalıdır. Təəssüf ki, bir çoxları ərizə yazmaqdan çəkinir. Bu Azərbaycançılığın tərkib hissəsidir. Biz istəmirik ki, kimisə sataq. Bu gün cənab prezidentimiz elə şərait yaradıb ki, hansı yüksək rütbəli məmura zəng edirik dərhan cavabsız qoymur. Mənə müraciət edənlərin problemləri 70-80-i yerindəcə həll edilir. Mən neçə illərdir ki, seçicilərimlə ayda bir dəfə görüşümdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də orada olur. Bu gün işləyən, bacarığı olan insanlar qabağa gedə bilir. İnsanlarımız aktiv olmalıdır.

- Milli Məclisdə 2019-cu ilin büdcəsi müzakirə olundu. Bu müzakirələrdə sizdə yaxından iştirak etmisiniz. Vergilər məcəlləsinə edilən dəyişikliklərdən sonra bəzi məhsulların qiymətində bahalaşmalar oldu. Ümumiyyətlə bu dəyişikliyə ehtiyac varıydımı?

- Vergilərdə dəyişiklik deyil məncə inqilab oldu. Büdcə hər birimizindir. Ümumiyyətlə vüdcə dövlətin pasportudur. Büdcəyə yığım olmalıdır. Heç kim fikirləşmədi ki, sahibkarlara bu qədər güzəşt olundu. Sahibkarlar işləyib 3 aydan sonra nəticəsini görəcəklər. Əgər aldatmağa çalışmasalar. Amerikalı iqtisadçısının fikrinə görə nə qədər vergi ödəyiçisi varsa onun yükü də azlır. Bu da iqtisadiyyatın və sahibkarılığın inkişafına təkan verir. Bu zəncirvaridir. Bu normal bir prosesdir.

-Bəs Rüfət bəy bahalaşma davam edəcəkmi?

-Təbiidir ki, siqareti çəkən xoşlamır ki, onun qiyməti qalxsın. Siqareti atmaq lazımdır. Bir çox ölkədə vətəndaşlarına siqareti tərgitmək üçün bir üsuldur. Neft Fondu tarnsver edir. Biz o, transferdən pul götürürük. Bəs bunun yığım hissəsini fikirləşməliyik. Büdcə sosial yönümlüdür. İşləyənlərin maaşları artırılmaldır. Bəzi problemlər həll edilməlidir. Bəs yığım hissəsi necə həll edilməldir?

Siqaret və spirtli içkiləri başa düşdük ki, insanlara zərrərlidir. Bəs qida məhsulları niyə bahalaşır?

- Səfər müəllim gündə 40 dəfə çıxış edib deyir ki, monopoliya yoxdur. Mən inanıram Səfər müəllimə. Kartof, pomidor, soğan sarımsaq bunlar niyə xaricdən gəlməlidir. Niyə bunu özümüz əkmirik. Təlabat artır. Bu gün Azərbaycanda acından ölən yoxdur. Sovet dövründə də deyirdilər. Amma heç kim acından ölmədi. Eləcə də bu gün ölkəmizdə acından heç ölmür. Sadəcə insanlar var ki, işləmək istəmir. Başa düşürəm müəyyən yaşdan sonra insanlar işləmək istəmir. Mənim 55 yaşım var. Mən bu gün 30 il bundan öncəki Rüfət deyiləm. Özümü çox işləməyə zorlamaq istəmirəm. Hər şey insanın özündən asılıdır.

- Bölgələrdən niyə insanlarımız Bakıya axın edir?

- Mənim Mərdəkanda bağım var. Sürücüm elə olur maşını yumağı çatdırmır. Deyirəm ki, vaxtın olmadı yumağa bəs Mərdəkanda 3-4 ədəd avtoyuma məntəqələri var. Sürücüm mənə deyir Rüfət müəllim onlar işə saat 12-də işləməyə başlayır. Çünki Mərdəkanda yaşayan insanlar daha çox imkanlı insanlardır. Onlar maşınını yumağa ikiqat pul verirlər. Sahibkar pul qazanmaq üçün istedadlı olmalıdır.

-Necə vaxtdır ki, dolların məzənnəsi 1.70-dir. Dolların məzənəsinin neçə vaxtdır ki, bu cür stabil saxlanılması bir çoxlarında bahalaşamanın olacağı ehtimalını yaradır. Hətta bununla bağlı bəzi ekspertlər də fikirlər səsləndirib. Dolların yenidən bahalaşması gözlənilirmi?

- Neft 50 dollar olanda başqa bir media orqanından zəng edib hay-küy salırlar. Bizim dövlətimizin özünün mexanizmi var. Biz burda oturub deyək ki, yumurtanın qiyməti bahalaşacaq. Bu fikri səsləndirən zaman onu əsaslandırmalıyıq. Əgər dolların bahalaşacağını deyiriksək səbəbini də göstərməliyik. Xalqımızın bəzi nümayəndələri işləmək istəmir. Amma yaxşı yaşamaq istəyir. Deyirlər ki, Rüfət yaxşı yaşayırsa mən niyə yaşamayım. Düşünmürlər ki, bu mərtəbəyə çatana kimi hamsı əziyyətlərdən keçmişəm.

Bizim valyutamız dəyişməsi üçün səbəblər lazımdır. Bizim üçün neftin 55-60 dollar olması tam normaldır. Biz qaz kəmərlərini işə saldıq. Ordan da müəyyən qazancımız olacaq. Tədiyyə balansı bizdə müsbətdir. Qeyri-neft sektorunu inkişaf etdiririk. Oradan gələn gəlirlər artıq hiss olunur. Hələlik bizim neft və qazdan asılılığımız var. Müəyyən qədər olacaq. Valyuta ehtiyaclarımız var. Yəni dolların bahalaçmasına heç bir əsas yoxdur. Dövləti mövcud vəziyyəti dəyişməyə arqument yoxdur. Niyə də dəyişilməlidir? Bunun axı inflyasiyası da var. Onun da dövlət qarşısını almalıdır. İqtisadiyyatda inflyasiya ilə işsizlik arasında bağlılıq var. Evində 3000 manatı olanlar da gedir onu dollara çevirir. Yalandan insanları niyə qorxudurlar bilmirəm.

-Bizdə niyə bahalaşma gecə elan olunur?

- Bahalaşmanı gündüz elan etsələr insanlar mağazalara axışacaq. Maşınlar bahalaşan zaman görərdiniz insanlar xaricdən necə maşınlar gətirdilər. Bu həyatdır. Bahalaşma da olacaq ucuzlaşma da. Bu bazar iqtisadiyyatdır. Bazar iqtisadiyyatında öz qanunları var. Yaxşı işləyəcəksən çoxlu pul qazanacaqsan.

-Bu gün bizim neft və qazdan müəyyən asılığımız var. Bunu necə aradan qaldırmaq olar?

"Məmurların 98 faizi vicdanla işləyir, yerdə qalanları isə..."- deputat Rüfət Quliyevlə MÜSAHİBƏ- Bu gün cənab prezidentimiz doğru yolu seçib. Biz addım-addım gedirik. Amma bunu inqilabi formada etmək olmaz. Bu iqtisadiyyatı çökdürər.

-Bu gün hər kəs uşaq pulunun yenidən bərpa olunmasını istəyir. Bu hətta Milli Məclisdə də qaldırıldı.

- Biz istəyirik ki, hər şey olsun. Şəxsən mən istəyirəm ki, həkimlərin, müəllimlərin, alimlərin maaşı qaldırılsın. Biz 300-500 manat maaş alan alimdən Nobel mükafatını almasını gözləyirksək onu ağlımızdan çıxaraq. Çünki mümkün deyil. Amma dövləti də başa düşmək lazımdır. Hamısını birdən etmək olmaz. Dövlət bu gün çalışır. İşsizlik problemi həll edilir. Şəhidlərlə bağlı problemlər aradan qaldırılır. Biz müharibə aparan dövlətik. Bu gün müharibə gedir. Biz hərbi istehsalı qaldırırıq. Biz mindən yuxarı hərbi sursatlar istehsal edirik. Hər il milyard dolardan yuxarı Rusiyadan hərbi sursat alırıq. Biz erməni ordusunda 4 dəfə güclüyük. Sabah cənab prezident müharibə elan etsə təbii ki, 4 dəfə güclü olan ordu qalib gələcək.
Məndə istəyərdim ki, uşaq pulu bərpa olunsun. Bizdə demoqrafiya müsbətdir. Lakin digər ölkələrdə mənfidir. Amma bunu hansı mənbən etmək lazımdır onu düşünmək lazımdır. Bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işi deyil. Müharibə olmasaydı Azərbaycan bundan 3 dəfə çox sürətlə inkişaf edərdi. Tək müharibə sərkərdə getmir. Xaricdə erməni lobbisi çox güclüdür.

- Son dövrlər bəzi qüvvələr bloger Mehman Hüseynovun həbsi ilə bağlı şou yaratmağa çalışırlar. Bununla bağlı fikirlərinizi bilmək olarmı?

-Xoşunuza gələrmi evinizin şəkilini çəkib xəbər saytlarında və sosial şəbəkələrdə yaysınlar? Əlbəttə, evini çəkdiyin insanın icazəsini almalısan. Bu barədə hətta qanunda var. Məni çəkmək üçün icazən olmalıdır. Paparazzilik nə deməkdir. Cavan oğlandır. Nəsə bacarır ki, o həddə gətirib çıxartdı. Hər bloger o həddə qalxa bilmir. Mənim şəxsi həyatımdan şəkil çəkib sayta qoyursan ki, flankəsin bu əmlakı var. Tutaq ki, var. Nə olsun. Get, çək, göstər ki, fermer necə gözəl məhsul yetişdirir. Verməzlər axı. Çünki maraqlı deyil. Yazırlar ki, eks nazirin filan villası var. Olacaq da, 20 ildir nazir işləyir. Yəni o, bir-iki villalıq pul qazanmayıb? Böyük məmurların pul qazanması bəyəm yalnız Azərbaycandadır? Bu, dövlətin işinə və siyasətinə qarışmaq deməkdir. Ola bilər ki, mənim fikrim bəzilərinə pis təsir edəcək. Düzdür, bacarıqlıdır. Amma bacarığını yanlış istiqamətə istifadə etdi. Elə blogerlər var ki, bölgələrdən gözəl görüntülər çəkir. Turist cəlb edirlər. Mən hesab edirəm ki, onun hərəkəti qeyri-qanuni idi. Bu paparazzilik bizə Avropadan gəlib. Amma bu gün onlar bundan əziyyət çəkirlər.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə

"Məmurların 98 faizi vicdanla işləyir, yerdə qalanları isə..."- deputat Rüfət Quliyevlə MÜSAHİBƏ

Sosial   Baxılıb: 2976   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR