"Son nəfəsində deyib ki, anamı çağırın gəlsin...." - qardaşı İlham və Fərizədən danışır

"Son nəfəsində deyib ki, anamı çağırın gəlsin...." - qardaşı İlham və Fərizədən danışırElxan Allahverdiyev: "Onda rahat olaram ki, 30 iyun bütövlüyə, milli birliyə xidmət eləsin..."
...Məhəbbətini, ailəsini, ən ülvi arzularını Azadlıq uğrunda qurban verən qəhrəmanlar hər zəmanədə, hər xalqın içərisində yetişmirlər.

Məşhur türk inqilabçılarından Ertah Saruhanın ölümə gedərkən atasına son zəngində "nişanlıma söyləyin, devrimlə nişanlıyam" sözləri bu yerdə yada düşür.

Çünki azadlıq sevgisi bir sevgiliyə olan hisslərdən daha ali, daha yanğılıdır. Bu atəşi içində sönməyə qoymayanlar da seçilmişlərdir, hər ölkədən, hər millətin balasından belələri çıxmır.

Azərbaycanın müstəqilliyə getdiyi yolda millətin içindən belə oğullar çıxdı. Onlardan biri də İlham idi.

Sonra İlham-Fərizə dastanına çevrilən bu mübarizə hekayəsinin qəhrəmanları ölkənin azadlıq uğrunda canından keçən parlaq simvollar oldular.

20 Yanvar gecəsinin fədakarlarından olan şəhid İlham Allahverdiyev və onun ölümünə dözməyərək canına qıyan həyat yoldaşı Fərizəni çətin ki, tanımayanlar olsun.

Biz də bu qanlı tarixin 29-cu ilinə işıq salmaq üçün İlhamın qardaşı evinə getdik. Şəhidin qardaşı Elxan Allahverdiyev o gecənin canlı şahidlərindən biridir.

Hər il evində qardaşına ehsan verən E.Allahverdiyevi ziyarətə gələnlər arasında deputat Aydın Mirzəzadə də var idi.

"İlham butulkaya benzin töküb, fitil bağlayıb, tanka atıb"
Elxan müəllim o günləri yada salaraq deyir ki, o vaxt Azərbaycan Xalq Cəbhəsinin üzvü idi: "Hadisələr 1988-ci ilin fevralında başlamışdı. İlk dəfə Ağdamdan Əskərana yürüş olanda İlham da iştirak eləmişdi.

O yürüşdə Əli və Bəxtiyarın ölümü İlhama çox pis təsir elədi, Bakıya qayıdanda özünə yer tapmırdı. Özü də həmyaşıd idilər. Beləcə hadisələr 1990-cı ilin yanvarına qədər cərəyan edirdi, proses gedirdi.

Yanvarın 13-də Bakıda kiçik iğtişaşlar oldu, ermənilərlə bağlı Azərbaycana qarşı bir təxribat hazırlandı.

Mən bu gün də hesab edirəm ki, biz elə xalq deyilik ki, başqa millətlərə qarşı qəddar olaq, əksinə həmişə qonaqpərvərlik göstərmişik.

İlham da həmin hadisələrin qarşısını alanlardan biriydi. O vaxt zavodda işləyirdi, gecələr də işdə qalırdı. Onun vətənpərvərliyi bir başqaydı, fanat kimiydi.

İlham zavodda böyük hörmətə malik idi. Gördüyü işə görə böyük məbləğdə maaş alırdı. Çünki ondan başqa üç dəzgahı işlədən yoxuydu. Cüssəli, yaraşıqlı oğlan idi.

Belə xəbərlər dolaşırdı ki, yanvarın 15-də sovet ordusunun Bakıya yeridilməsi planı var. Biz də buna etiraz edənlərdən idik, barrikadalar qurmuşuduq. Biləcəridəki "İskra" zavodu tərəfdə barrikadada dayanırdıq.

Və barrikadalarda yanvarın 19-na qədər olmuşduq. Həmin vaxt yanacaq daşıyan çənli maşınlar varıydı. Hamı elə bilirdi ki, içi benzindir, sovet tankları keçəndə alışıb yanacaqlar. Müharibə görməmişdik, təfəkkür beləydi".

Elxan Allahverdiyev danışır ki, ayın 19-da saat 12 radələrində 2 tank gəldi: "20 Yanvar küçəsinə tərəf yaxınlaşdılar, svetofordan dönən kimi göyə fişəng atıldı.

Gördük ki, vurdular, barrikadanı keçdilər. "Salyanski kazarma" tərəfdə göydə uçan güllələr gördük. Yanımızda biri varıydı, xüsusi xidmət orqanı əməkdaşına oxşayırdı, dedi ki, bu, elə-belə güllə deyil, qaçın, camaatı qıracaqlar.

Başqaları dedi ki, rezin güllələrdi, heç nə olan deyil, əl-ələ tutub tankların qabağında oturun. Elə həmin ərəfədə İlham gözümdən oğurlandı. Ondan xəbərim olmadı.

İlham Latviyada xüsusi rejimli hərbi hissədə xidmət keçmişdi, bu işi bilirdi. Sən demə, gedib tankın qabağına, deyib vurmayın. Amma atəş açıblar, bir güllə ciyər nahiyəsinə dəymişdi.

Görüblər qan axır, amma ayaq üstə dayanıb. İlham həmin an yerdəki butulkaya benzin töküb, fitil bağlayıb tanka atıb yandırıb. Sonra 20 Yanvarda metro üstündə "kolodes" varıydı, yıxılıb orda qalıb".

Şəhidin qardaşının sözlərinə görə, onu görən uşaqlar Respublika Xəstəxanasına aparıblar: "Xəstəxanadakı məlumat lövhəsində görmüşdüm ki, saat 00:10-da qəbul olunub. Güllə qarın boşluğunu açıb, içərini dağıdıb. İşıqlar sönüb, kağız yandırıb əməliyyat ediblər.

Qan olmayıb, öz qanını tomponla vurublar. Əməliyyatdan sonra 3 saat yarım yaşayıb. Əslində, bu qədər qan itkisindən sonra 3 saat yarım yaşamaq mümkün deyildi. Sübh 5-in yarısı keçinib".

E.Allahverdiyev həkimdən onun son sözlərini soruşub: "Həkimə əvvəl deyirmiş ki, anama bildirməyin. Son nəfəsində su istəyib, qanaxma çox olub deyə çox maye verə bilməyiblər. Axır nəfəsində deyib ki, anamı çağırın gəlsin...." - (gözləri yaşla dolur - E.S.)

"Anam dedi, kimin balasıdır görən, nə şirin qandır..."
...İlhamı o gecə tapa bilməyiblər, hərə bir tərəfə səpələnib, səhər axtarmağa başlayıblar.

"Anam soruşdu ki, a bala, İlham hardadır? Dedim harda olsa tapılacaq, onu evə - Alatavaya qaytardım.

Sonra gəlib oturduq, qabağıma çay qoydular, bu vaxt məni yuxu tutub. Bir də qulağıma İlhamın səsi gəldi, qəfil ayılıb dedim a, İlham gəldi?

Anam dedi, nə danışırsan? Sübh vaxtıydı, yəqin keçinən saatda mənə agah olub, səsi qulağıma gəlib. Səhər anamla 20 Yanvara getdik.

Dedilər, xəstəxanaya gedin. Eldar doktor varıydı, bilirmiş İlham şəhid olub, anam yanımda olduğuna görə öldüyünü demədi, bizi xəstəxanaya yönəltdi.

O an metronun üstündə, İlhamın yıxılıb qaldığı həmin yerdən keçəndə qan gölməçəsiydi. Anam ayaq saxladı, dedi can-can, anan ölsün bala, görəsən kimin balasıdır, nə şirin qandır...

O vaxt İlhamla iki oxşar şərfimiz vardı, ayrı-ayrı nişan qoymuşduq ki, hansımızın olduğunu bilək. Xəstəxanada şərfi gördüm, dedim, aha İlham burdadır. Orda siyahıya baxırdım, amma adı yox idi.

Bir cüssəli oğlan yaxınlaşdı, əlimdə İlhamın pasportu varıydı. Baxdı, dedi yaxın gəl. Məni anamdan aralıya çəkib qayıtdı ki, onu mən xəstəxanaya aparmışam, əməliyyatdan sağ çıxmadı, sonra oturub ağlamağa başladı.

Mənə hələ söz çatmırdı, donmuşdum. Dedim, sən nə danışırsan, nə ölüb, ağlama dur gedək, burdan. Bayıra çıxdıq, anamı Alatavaya ötürdüm, dedim get, İlham tapılıb gələcək...", - deyə şəhid qardaşı nəql edir.

E.Allahverdiyev anasını evə yola salaraq morqa üz tutub: "İçəri girəndə meyitə baxmağa ürək eləmədim. Qonşumuz Faiq içəri keçdi, gördüm ağlaya-ağlaya qayıdır ki, İlham burdadır.

Atdım özümü içəri, elə bildim İlhamdır, öpüb-qucaqladım. Gördüm bığsızdır, səhv salmışam. Çünki İlhamın bığı varıydı.

Orda cəsədlər çox idi, o biri otağa keçdim, gördüm qardaşım ordadır...(Elxan uzun ara verir - E.S.) Danışa bilmirəm e, elə vəziyyətdəydi..."

"Fəxrlə sıralarında xidmət etdiyimiz ordu bizi..."
Elxan və dostları, yaxınları İlhamı morqdan götürüb qayıdırlar. "Salyan kazarması"na çatanda sovet hərbçiləri onları saxlayıblar.

"Biri saqqallı hərbçi idi, o biri podpolkovnik... Faiq dedi ki, neyləmək istəyirsiz, öldürmüsüz, indi dəfn etməyə aparırıq. Onu maşına söykədilər, ayaqlarını araladılar, yoxlayıb cibindən dırnaqtutan çıxardılar, incitməyə başladılar.

Bu vaxt mən onların var-yoxunu söyməyə başladım. Həmin saqqallı avtomatı şaqqıldatdı, yanındakı podpolkovnik silahı altından vurdu, güllə başımı yalayıb keçdi. Sonra saqqallı əsgər məni söydü.

Podpolkovnik dedi ki, o biri yolla aparın, burdan olmaz. Görünür, bir az insaflı adam imiş, olanları da bilirdi", - Elxan belə danışır.

Onun sözlərinə görə, ilk şəhid - İlham Bakıda "Əjdərbəy" məscidində yuyuldu: "Sonra ikinci vurulan gətirildi, keçmiş "Olimp" mağazası tərəfdə güllə ona dəymişdi. Deyirlər, təsadüfi güllə olub. Mən bu sözü qəbul eləmirəm.

Adama təsadüfi güllə dəymir, atırlar. Deyirlər ki, atışma başladı, atışma iki tərəfdən olur. Biz əliyalın idik. Fəxrlə sıralarında xidmət etdiyimiz ordu bizi gülləbaran elədi.

Şəmistan Əlizamanlı oxuyurdu ki, ölümü öldürən xalqıq. Mən inanıram ki, Qarabağı da azad edəcəyik, biz belə xalqıq. İnanın ki, azad edəcəyik".

"Demişdi ki, 7-nə qədər İlhamın yanındayam"
Qardaşının həyat yoldaşı, cəmi 6 ay xöşbəxt evlilik sürən Fərizənin canına qəsd etməsindən danışan E.Allahverdiyev onun intiharını nəql edir: "İlk dəfə İlhamın dəfn axşamı cəhd etdi. Qışqırıq düşdü, gördük Fərizə özünü yandırmaq istəyib.

Yaxınları onu tutmuşdular. Zakirlə gəldik. Zakir dedi ki, ölənlə ölmək olmur. Fərizə onu itələdi, dedi bilmirdiz, İlham hansı ideyalarla yaşayırdı.

Sonra mən qucaqladım onu, dedim qurban olum, icazə ver, yasını layiqli verim. Axı, İlham elə oğlan deyil. Mənə cavab qaytarmadı, nənəmə qısıldı.

İlham nəslimizin gözəliydi. Bütün Azərbaycan evimizə axışmışdı. Yer üzündə belə gözəl xalq yoxdur e. Bəxtiyar Vahabzadə deyir ki, millət millət olur xeyir-şəri ilə. Vallah, belə gözəl xalq yoxdur.

Sonra bizə dedilər ki, İlham Dağüstü parka gətrilsin. Mənim istəyim atamın yanında - Ağdamda dəfn etmək idi. Molla və nənəmlə məsləhət elədim. Molla dedi ki, olar. Nənəm qayıtdı ki, el uğrunda öləni el harda razılıq verir, orda dəfn edərlər.

Fərizə bunu eşidəndə ki, İlhamı ora aparacaqlar, artıq intihar etməyə hazırlaşıb. Çünki İlham dəfn ediləndə demişdi ki, 7-nə qədər yanındayam.

Sən demə, günorta atasıgildən sirkə götürüb, evə gəlib. Gecə durub, atamın adını qoyduğum 3 yaşlı oğlum Əjdəri öpüb, həyətə çıxıb. İlham da Əjdəri öpüb evdən çıxmışdı. Nənəm Fərizəni görüb, soruşub nə edirsən, elə bilib su başına gedir.

Bir az keçməmiş otağa girib, görüb İlhamın kostyumunu düzüb, qalstukunu qoyub, şəklini qoyub, yerdə çabalayır. Sirkənin hamısını içmişdi. Dediyini elədi də..."

E.Allahverdiyev Fərizənin intihar məktubunda yazdıqlarını xatırladı: " Yazmışdı ki, ana, ağlama, İlhamsız yaşaya bilmərəm...

Bax belə… 29 ildir danışırıq. Mən xalqımıza təşəkkür edirəm, İlham-Fərizə müstəqillik şəhidləridir, simvollarıdır. Onların toy günü - 30 iyun sədaqət, sevgililər günü kimi qeyd edilir. Bəy-gəlinlər Şəhidlər Xiyabanına gedərək şəkil çəkdirir.

Bir ara bu cür hallar azalmışdı, amma yeni gənclikdə yenidən milli ruh oyanır, yenə gedib şəkil çəkdirirlər. Çox istəyərəm ki, 30 iyun rəsmiyyətə keçsin. Onda rahat olaram ki, 30 iyun bütövlüyə, milli birliyə xidmət eləsin..."

Sosial   Baxılıb: 1247   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR