"2 filmə çəkilməklə "Porshce" alan aktrisaya afərin" - Xalq artisti

"2 filmə çəkilməklə "Porshce" alan aktrisaya afərin" - Xalq artistiAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Səidə Quliyevanın "Qafqazinfo"ya müsahibəsi:

- Bakılı ailəsində doğulan bir qız üçün aktrisa olmaq çətin olmadı ki?

Dediyiniz bu tendensiya artıq götürülüb. O, əvvəl idi. Sənətə gəldiyim dövrdə qızlar incəsənətə çox meyilli idilər, böyük təbliğat var idi. O vaxt zövqlər də yaxşı idi: bayağı musiqini sevmirdilər, bayağı tamaşalara baxmırdılar. Tamaşalara getmək üçün xüsusi don tikdirirdilər. Mən o dövrdən çıxmış insanam. Həmişə deyirəm ki, bizim ailə albomumuzun birinci səhifəsində SSRİ Xalq artisti Ələsgər Ələkbərovun şəkli olub. Ümumiyyətlə, bizim ailəmiz, o dövrün insanları teatrı çox sevirdi. Atam çox ağlagəlməz dərəcədə incəsənəti sevirdi, amma heç vaxt razı olmazdı ki, qızı aktrisa olsun. Ancaq anam mənə böyük dayaq oldu.

- Kimə baxıb aktrisa olmaq istədiniz?

Çox sənətkarlara baxırdım. Bir sənətkarı gözümün önünə gətirib deyə bilməzdim ki, bu, mənim kumirimdir. O vaxt baxmayaraq ki, xarici filmlər bizə çox nadir hallarda gəlirdi, valideynlərimiz bizi bacardıqları qədər yaşımıza uyğun filmlərə baxmağa aparırdı. Biz, 3 bacı institutda oxuduğumuz illərdə filmlərə artıq kinoteatrda baxırdıq. Ona görə də kiməsə baxıb sənətə gəlmişəm desəm, yalan olar.

- Bu günə kimi bir çox sənətkarlarla tərəf-müqabil olmusunuz. Bilmək istərdim, kimlərlə tərəf-müqabil olduğunuza görə sevinirsiniz və hansı sənətkarla bir səhnəni bölüşmək sizə qismət olmadı?

Bu sualın cavabını heç vaxt fikirləşməmişəm. İstər teatrda, istərsə də televiziya tamaşalarında öndə olan aktyorların hamısı ilə çəkilmişəm: Rafael Dadaşov, Yaşar Nuri, Əjdər Həmidov, qadınlardan Firəngiz Mütəllimova, Şükufə Yusupova. Mən tərəf müqabilini sevməliyəm, onun sənətinə pərəstiş etməliyəm. Görsəm ki, ondan nəsə ala bilmirəm, oynaya bilməyəcəyəm. Bəxtimdən də tərəf-müqabillərim həmişə yaxşı olub. Fuad Poladovla da tərəf-müqabil olmuşam. Mən sizə deyim ki, onunla tərəf-müqabil olmaq çox böyük məsuliyyət tələb edir. İndi də onun üçün "Allah rəhmət eləsin" deməyə dilim gəlmir. Eləcə də Yaşar Nuri. O qədər koloritli aktyor idi ki... Mənim aləmimdə Yaşar Azərbaycanda yox, dünyanın başqa bir ölkəsində yaşasaydı, o, dünya ulduzu olacaqdı. Çox təəssüflər olsun ki, müsəlman ölkəsi olduğumuza görə biz həmişə sıxışdırılmışıq, filmlərimizi necə istəyiblər, elə də yönəldiblər. Nadir hallarda, barmaqsayı filmlərdə, milliliyimizi qoruyub saxlaya bilmişik.

- Mən sizi ilk dəfə Şərif Qurbanəliyevin "Bala başa bəla" televiziya tamaşasında görmüşəm, İzzət obrazı ilə tanımışam. Filmin kadrarxası məqamlarından nə danışa bilərsiniz?

Şərif o rolu mənə verəndə ssenarini telefonda danışdı, qəbul etmədim. Amma əsəri oxuyandan sonra, inanın, obrazı necə gördüm, elə də oynadım. Tərəf-müqabillərim də çox yaxşı idi. Cahangir Novruzovla dəfələrlə oynayaram. O qədər böyük potensiyala malik aktyordur. Kadrarxası məqamlara gəldikdə isə, bizim çəkildiyimiz yer çox soyuq idi. 1 ay gecə-gündüz orada çəkilişdə olmuşuq. Baş rolda olduğum üçün bütün səhnələrdə var idim. 4 ay da məşq etmişik. Ona görə o cür uğurlu alınıb.

Bu gün çəkilən filmlərdə, seriallarda məşq etmirlər. Mətni verirlər, o dəqiqə də deyirlər ki, oyna. Orada heç vaxt sənət ola bilməz. "Bala başa bəla"nın çəkilişlərindən hər gün evə gələndə deyirdim ki, səhər getməyəcəyəm. Axşamlar ayağımı isti suya qoyurdum və s. Səhər durub görürdüm ki, hər şey normaldır. Sən demə, bu sənətin qüdrəti, sehrləri var. Allah tərəfindən göndərilən ecazkar bir şey var. O, həddindən artıq böyük qüvvədir. Mən onu sözlərlə sizə çatdıra bilmirəm.

Telefonla danışıb qardaş-bacının yanına gəldiyim səhnə var idi. Orada gəlib onların üzünə baxanda məni gülmək tuturdu. Gülməyimə görə neçə dubl saxlayıblar. Ramiz Həsənoğlu isə tamaşanın prodüseri idi. Pultun arxasından qışqırdı ki, Səidə, bəsdir. Utandım, özümü yığışdırdım. İndi mən gülmürəm. Gəlib bunlara deyirəm ki, əcəb üzdüdürlər bu jurnalistlər. Gördüm ki, bunların gülməkdən ürəkləri getdi.

Əgər kollektiv mehribandırsa, o iş uğurlu alınır. Mən əgər sizi bəyənməsəm, müsahibə verə bilmərəm. Bir də savadsız insanları sevmirəm. Günlərin bir günü bir jurnalist zəng etdi. Çox cavan səsi var idi. Heç tanımırdım. Mənə dedi ki, Səidə xanım, sizdən müsahibə almaq istəyirəm. Fikirləşdim ki, cavan qızdır da, hansısa saytda 3-5 manat qazanar. Dedim ki, gəlin teatrda görüşək. Qayıdıb məndən soruşdu ki, Səidə xanım, hansı teatrda işləyirsiniz? Qıza dedim ki, məni bağışla, amma sənə müsahibə verə bilmərəm. Sən hətta bilmirsən ki, mən hansı teatrda işləyirəm.

- Mənə maraqlıdır, özünüzü hansı film və ya tamaşada daha çox sevdiniz?

Özümü heç vaxt sevməmişəm. İnanırsınız, mənə tərif deyəndə utanıram. "Bala başa bəla"da aldığım qonorar qəpik-quruş idi, amma məni bu günədək gündəmdə saxlayır. Bir aktrisa var, deyib ki, mən 2 filmə çəkildim, özümə "Porsche" aldım. Ona sual vermək istəyirəm ki, hansı filmdir ki, sənə o qədər pul veriblər, özünə "Porsche" almısan? Mən - Xalq artisti, Prezident mükafatçısı, Prezident təqaüdçüsü, illərlə işləyən aktrisa – 50 yaşımda özümə maşın aldım. 2 filmə çəkilməklə "Porsche" alan aktrisaya afərin! Özü bilər. Mən heç kimin şəxsi həyatına qarışmıram, amma deməsin ki, mən avtomobili filmdən aldığım qonorarla almışam. O, təsir edir. Səndən soruşan yoxdur ki…

Bu yaxınlarda "Bala başa bəla"nı göstərirdilər. İzlədim və çox həyəcanlandım. Son dövrlər ona baxmırdım. Ələkbər Hüseynov dünyasını dəyişəndən sonra pis olmuşdum. Çox diqqətlə izlədim və heç nəyə gülmədim. Həyat yoldaşım gülürdü. O kadrarxası əziyyətlər, soyuq, gecə 2-də, 3-də evə getməyimiz... Əzab-əziyyətlə ərsəyə gələn iş olsa da, nəticəsi çox gözəldir. Hərdən fəxr edirəm ki, tamaşaçılar məni sevir, ürəklərində mənə istək var, gözəl sözlər deyirlər. Amma bu mənim işimdir, peşəmdir. Sadəcə, bir onu deyə bilərəm ki, əgər sevimliyəmsə, bu, mənim uğurumdur.

- Sizi televiziya verilişlərində, demək olar, görmürük. Bu, nə ilə bağlıdır?

Siz bir televiziyalardakı verilişlərə fikir verin. O verilişlərdə elə insanlar namusdan, qeyrətdən, vicdandan danışırlar ki, özlərində nəyin ki, yoxdur, bəlkə də 10 kilometr uzaqdır. Ayıbdır axı. Axı biz sağıq. Biz bilirik, sən hansı yuvanın quşusan. Sən durub kimə məsləhət verirsən? Ona görə də mən elə verilişlərə getmirəm. Çünki o verilişlərə gedə-gedə, o söhbətlər içində ola-ola özünü ucuzlaşdıra bilərsən. Bu gün mən özümü nə ucuzlaşdırmaq, nə də xırdalamaq istəmirəm.

- 40 illik sənət fəaliyyəti… Geriyə baxanda nə düşünürsünüz?

Artıq geriyə baxmıram. Əvvəllər baxırdım. Sənətimlə də, həyatımla da bağlı geriyə baxanda fikirləşirəm ki, səhvlərim olub. Səhvsiz bir dənə Allahdır. Bəlkə də, kiminsə qəlbinə toxunmuşam, üzr istəmişəm. Üzr istəməyi bacaran insanam. Burada heç bir qəbahət yoxdur. Çalışıram yaponlar kimi bu günlə yaşayım. Bu yaxınlarda bir məqalə oxudum. Yaponların müdrikliklərinə o qədər vuruldum ki. Bu gün oturub Hüseynə müsahibə verirəmsə, mənə yaxşıdırsa, xoşbəxtəm. Sabah axı bu gün olmayacaq, başqa şey olacaq. Dünən də bu olmayıb. Mən bunu çox gec dərk etdim. Oxuculara da deyirəm ki, bu günlə yaşayın.

- Sənətinizlə bağlı ən böyük arzunuz nədir?

Bu sənətin zirvəsi yoxdur. İndi arzum var ki, sağ-salamat evimə gedib çatım. İnsan ümidlə yaşamalıdır. Elə insanlar var ki, intihar edirlər. O insanların ümidi yoxdur. Bir də depressiya. Son dövrlər görürəm ki, cavanlar daha çox depressiyaya düşürlər. O insanlara bütün gözəllikləri göstərmək istərdim. Görün Allah nələr yaradıb. Biz bir çiçək yarada bilərik? Yox. Biz onu məhv edə bilərik, amma yarada bilmərik. Texnika yaratmışıqsa, bunun hardasa insanlara xeyri olsa da, 90 faiz də ziyanı var. Allah-taalanın yaratdığı hər şeydə xeyir var. İnsan, niyə intihar edirsən? Arzularla yaşa, həyatdan, güldən, gözəllikdən zövq al. Çox ölkələr gəzmişəm, səyahəti çox sevirəm. Bir dəfə Pamir şəhərində idik. Elə gözəl şəlalə gördüm ki, qışqırmaq istədim. Ya rəbbim, sən nələr yaratmısan! Bunları görən insan özünə qəsd edə bilər? Bir dəfə qəzetdə oxudum ki, əgər oğurluğa gedən insan Ü.Hacıbəylinin "Koroğlu" uvertürasını eşitsəydi, yolundan dönərdi. Mənim də oynayacağım rollar hələ qabaqdadır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4083   Tarix: 01 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral