"Çernobıl" serialının doğru və yanlışları - FOTO

"Çernobıl" serialının doğru və yanlışları - FOTOÇernobl serialinin qəhrəmanı serialdakı adıçəkilən Aleksey Ananenko danışır:

Ananenko, Bespalov və Baranovun Çernobl AES-in 4-cü reaktorunun altındakı radioaktiv suya girməsi səhnəsi serialın ən parlaq səhnələrindən biridir.

Sonxeber.az APA-ya istinadla xəbər verir ki, filmdəki qədər dramatik olmasa da, 1986-cı ilin mayında həqiqətən belə bir əməliyyat keçirilib.

Həmin əməliyyatın canlı iştirakçısı - reaktor sexinin keçmiş böyük mühəndis-mexaniki Aleksey Ananenko təəssüratlarını bölüşüb.

O, reaktorun altındakı su basmış dəhlizə düşmək üçün necə hazırlaşmaları, qaranlıqda necə hərəkət etmələri və tapşırığı yerinə yetirdikdən sonra alqış sədaları altında araq içib-içməmələri haqqında danışıb.

Serialda Valeri Leqasov vacib missiyanı yerinə yetirəcək "üç nəfəri öldürmək" üçün Qorbaçovdan icazə istəyir.

"Çernobıl" serialının ikinci epizodunda ÇAES-dəki qəzanı ləğv etmək üçün yaradılmış komissiyanın üzvü Valeri Leqasov SSRİ-nin lideri Mixail Qorbaçova stansiyada növbəti partlayış təhlükəsi haqqında xəbər verir.

O deyir ki, partlamış reaktordakı "lava" beton fundamenti dağıdaraq reaktorun altındakı su hovuzuna doğru hərəkət edir, gedib çatsa, bütün stansiyanı dağıdacaq və Avropanın yarısına radioaktiv tullantılar səpələnəcək, Ukrayna və Belorusda isə 100 il yaşayış olmayacaq.

"Obyekti yaxşı tanıyan üç nəfər tapıb onları zirzəmiyə göndərmək lazımdır ki, boru kəmərləri vasitəsilə keçid kilidinə yaxınlaşıb bakların boşalmasını təmin etsinlər" - Leqasov belə deyir.

Amma reaktorun altındakı güclü radiasiyaya görə bu iş faktiki olaraq ölüm riski daşıyırdı.

Biz sizdən üç nəfəri öldürmək üçün icazə istəyirik" - Leqasov belə deyir və Sov.İKP-nin Baş Katibinin razılığını alır.

Bunun ardınca serialda üç könüllünün axtarışı və onların reaktorun altındakı dəhlizə səyahəti başlayır.

59 yaşlı Aleksey Ananenko Leqasov və komissiya sədri Şerbinovun AES-in kollektiviylə görüşüb reaktorun yanına gedəcək adam axtarması epizoduna baxıb deyir ki, o, belə bir görüşdə iştirak etməyib.

Baş verənləri xatırlamaq Aleksey Mixayloviç üçün ağırdır.

2017-ci ildə onu maşın vurub, bir müddət komada olub, bu hadisədən sonra o, nisbətən çətin danışır.

1980-ci illərdə Ananenko belə görünürdü, amma qəza zamanı bığını qırxmışdı - radioaktiv toz yığılmasın və yuyunmaq asan olsun deyə.

Lakin Ananenko ümumi mənzərəni təsvir edə bilir - həmin gün növbədəymiş, zəng vurub ona tapşırıq veriblər.

"Bu bizim işimiziydi" - Ananenko əlavə edir.

"Könüllülər" ideyasını serial müəllifləri, böyük ehtimal, o dövrün "Trud" qəzetindən götürüblər.

16 may 1986-cı ildə həmin qəzetdə "Çernobıl: cəsarətin ünvanı" adlı məqalə dərc olunub, orda əməliyyat hazırlıqları barədə belə yazılıb: "Onlar özləri istədilər: Çernobıl AES-in növbə rəhbəri B. Baranov, turbin sexinin böyük mühəndisi V. Bespalov və reaktor sexinin böyük mühəndis-mexaniki A.Ananenko".

Sonra bu abzas digər sovet qəzetlərinin məqalələrində yer alır.

Sovet qəzetlərinin birindəki bu məqalə "Trud" qəzetindəki məqaləyə əsasən hazırlanıb.

Aleksey Ananenko xatirələrində şikayətlənir ki, jurnalistlər onun danışdıqlarını olduğu kimi qələmə almayıblar. Məsələn, götürüb yazıblar ki, guya respiratorlar "dalğıcların" danışmasına mane olurmuş. Aleksey hətta qəzetə təkzib də yazmaq istəyib, amma sonra fikrindən daşınıb.

Əslində, tapşırığı dövlət komissiyası müəyyənləşdirib - o vaxt reaktordakı "lavanın" suyla təmasının böyük fəlakətə səbəb olacağı deyimişdi (Yeri gəlmişkən, bu hipotezin müəlliflərindən biri belaruslu akademik Vasiliy Nesterenko olub, serialdakı ümumiləşdirici Ulyana Xomyuk obrazının prototipi).

Bunun baş verməməsi üçün reaktorun altındakı rezervuara (su hovuzuna) yığılmış suyu buraxmaq lazımıydı.

Bunun üçünsə stansiyanın altında 3 metr dərinlikdəki tunelin klapanları açılmalıydı.

Tunellər suyla dolmuşdu, yanğınsöndürənlər suyu çəkib çıxarmağa çalışırdılar.

Müəyyən miqdar su boşaldılandan sonra ora enmək qərarı verilir və bu işi həmin gün növbədə olan Ananenko və həmkarları reallaşdırır.

Reaktorun altına məhz Aleksey düşür, çünki o, klapanların harda olduğunu bilirdi - naşı adam qaranlıq dəhlizdəki boru və armaturların arasında onları çətin tapardı.

BEYNƏLXALQ MƏSLƏHƏT QRUPUNUN HESABATI

Su rezervuarları reaktorun tam altında yerləşir (Beynəlxalq Məsləhət Qrupunun hesabatındakı sxemdə onlar "qəzanın lokallaşdırılması sisteminin kondensatorları" kimi qeyd edilib). "Çernobıl dalğıcları" yaxın dəhlizlərin birindəki klapanları açmış və bu, suyun həmin hovuzlardan boşalmasına şərait yaratmışdı.

Aleksey Ananenkoya böyük mühəndis Valeri Bespalov kömək edəcəkdi, əməliyyata isə növbə rəhbəri Boris Baranov nəzarət edirdi.

Ananenko o günkü əməliyyata görə onlara pul mükafatı verildiyini rədd edir (serialda 400 rubl puldan və rütbə artımından söhbət gedir).

Tuneldəki suyun radioaktiv çirklənmə səviyyəsini heç kim bilmirdi.

Bir neçə il bundan əvvəl Aleksey Ananenko reaktorun altına enməsi prosesini ətraflı təsvir etmiş və məqaləni BBC News Ukraynaya da təqdim etmişdi (Həmin mətn "Soyuz Çernobyl Ukrayna" saytında da dərc edilib).

"Əsas problem bundaydı - 4QT-21 və 4QT-22 nömrəli klapanları açmaq üçün 001 nömrəli dəhlizə düşmək lazımıydı, həmin dəhliz isə yuxarıdan axıb gələn radioaktiv suyla dolmuşdu.

Suda şüalanmaq riski vardı, çünki dəhlizin o biri başında şüalanma səviyyəsinin nə qədər olduğunu heç kim bilmirdi və buna görə də onun dozasını proqnozlaşdırmaq mümkün deyildi".

Müsahibəsi zamanı Aleksey Ananenko xatırlayır ki, məhz buna görə onlara hidrokostyum verilməsini istəyib - sudakı radiasiyadan heç olmasa, bu şəkildə müdafiə olunmaq üçün.

Aleksey Ananenkonun xatirələrindən:

Serilada Ananenko, Baranov və Bespalov reaktorun altına akvalanqla enirlər, realda isə onların əynində respirtorlu hidrokostyumlar olub.

Amma filmdəkindən fərqli olaraq üzləri açıq olub - "Çernobıl dalğıcları" sadəcə "Lepestok" respiratorları taxıblar.

Dalğıcların üzünü maska yox, sadəcə, respirator qoruyurdu.

Serialda daha bir doğru olmayan məqam - belə respiratorlar danışmağa əngəl törətmir ("Dalğıclar" arasında kommunikasiya probleminin olduğu "Trud" qəzetinin yaydığı miflərdən biridir).

Bu şəkli çox vaxt "Çernobıl dalğıcları" olaraq təqdim edirlər. Respiratorlar eyni olsa da, şəkildəkilər onlar deyil. Aleksey Ananenko o vaxt onların şəklinin çəkilib-çəkilmədiyini bilmir - bunun hayında deyildilər. Sovet qəzetlərində "dalğıcların" şəklini tapmaq mümkün olmadı.

"Dalğıcların" hər birinə iki ionizasiya dozimetri veriblərmiş - sudakı radiasiyanı ölçmək üçün biri sinələrinə, digəri ayaq biləklərinə taxılıbmış.

Aleksey Ananenkonun xatirələrindən:

"Əməliyyat tez və asan keçdi. 001 dəhlizinə çatdıq, B.A.Baranov girişdə qaldı, mən və V.A.Bespalov suya girdik. Su dizimizdəniydi. Mümkün qədər tez hərəkət etməyə çalışaraq dəhlizin dərinliklərinə doğru irəlilədik. Yerdə kifayət qədər böyük diametrli boru vardı, həmin boruya yaxınlaşan kimi onun böyrüylə getməyə başladıq. Burda suyun səviyyəsi topuqdanıydı. Dəhlizə girən kimi lazım olan armaturu tapmamaq qorxum keçdi. Üstəlik, klapanların üzərində qeydiyyat lövhələri vardı. Operativ göstəriciləri tutuşdurdum, düz gəlirdi, səhv salmayacaqdıq.

Sonuncu qorxumuz - klapanlarda çarxın olmaması və onların bağlı vəziyyətdə ilişib qalmasıydı, amma bu da sovuşdu. Klapanları nisbətən asan aça bildik, qaz açarından istifadə etmək lazım gəlmədi. Su hovuzundan sızan suyun xarakterik səsindən başa düşdük ki, tapşırıq yerinə yetirilib, hovuz boşalır".

"Sadəcə, klapanları açdıq və dərhal səs eşitdik. Başa düşdük ki, su axmağa başladı. Artıq geri dönüb yuxarı qalxa bilərdik", - Aleksey Ananenko bunları BBC News Ukraynaya müsahibəsində deyib.

Hərçənd hər şey bu qədər sadə deyildi.

Aleksey Ananenko fənərin sönməsi epizodunu xatırlamır. Ancaq likvidatorlar deyirlər ki, belə bir şey baş verə bilərdi.Öz xatirələrində o, həmkarı Bespalovun dediklərini də qeyd edib - "dalğıcların" keçdiyi sahələrdə, xüsusilə də dağılmış 4-cü blokun nəqliyyat dəhlizinin girişində güclü "radiasiya təzyiqi" varmış.

"Mən Baranovun çiyninin üstündən cihazın (dozimetr DP-5. Red.) göstəricilərinə baxdım - bütün alt diapazonlarda göstəricilər kəllə-çarxdaydı. Bu vaxt qısa komanda verildi: "Çox tez hərəkət etməli!" Təhlükəli zonadan qaçaraq keçəndə dözməyib geri boylandım və partlamış reaktorun yuxarıdakı texniki keçiddən tökülən betonla qarışmış fraqmentlərinin nəhəng qara konusunu gördüm. Ağzımda maye radiolizin tanış dəmir dadını hiss etdim".

Amma Aleksey Ananenko o vaxt ciddi şüalanmaya məruz qalmadıqlarını deyir: "Bizdə hansı göstəricilərin olduğunu xatırlamıram. Bu o deməkdir ki, lap da dəhşətli göstəricilər olmayıb".

Serialda "dalğıcların" yuxarı qalxanda alqışlarla qarşılanması səhnəsini Aleksey belə şərh edir: "Bizi alqışlayan-filan olmamışdı. Bu, adi bir işiydi, kim əl çalardı?"

Aleksey Ananenko: "Özümüzü qəhrəman hesab etmirdik, hisslərimiz də adi günlərdəkindən fərqlənmirdi".

"Araq içən də yoxuydu, mən, ümumiyyətlə, içmirdim" - serailda onun və yoldaşlarının 33 il əvvəlki halını canlandırmış aktyorların şüşələrdən araq içməsinə baxan Aleksey belə deyir.

"Özümüzü qəhrəman hesab etmirdik, hisslərimiz də adi günlərdəkindən fərqlənmirdi" - o, söhbətini belə yekunlaşdırır.

O gün daha bir partlayış təhlükəsi varıydımı - bu sual hələ də açıqdır.

4-cü enrji blokunun keçmiş operatoru, ÇAES-in likvidatoru Aleksey Berus reaktorun altındakı rezervuarlardan su boşaldılanda "lavanın" artıq orda olduğunu deyir, amma dərhal da qeyd edir: "Bu, Ananenko, Baranov və Bespalovun qəhrəmanlığını qətiyyən kiçiltmir".

"Sağam, bu da kifayətdir"

"Çernobıl dalğıcları" şüa xəstəliyindən ölməyiblər (Bu, serialın sonunda da qeyd edilir) və ÇAES-də işləməyə davam ediblər.

Boris Baranov 2005-ci ildə vəfat edib, Valeri Bespalov və Aleksey Ananenko Kiyevin Troyeşina rayonunda bir-birinə yaxın yaşayırlar.

Aleksey Mixayloviç Çernobıl AES-də 1989-cu ilə qədər işləyib, sonra atom enerjisi və təhlükəsizliklə bağlı digər müəssisələrdə çalışıb.

Sovet vaxtı ona "Şərəf nişanı" verilib, 2018-ci ildə isə prezident Poroşenko onu 3-cü dərəcəli "İgidliyə görə" medalıyla təltif edib.

AES-in 4-cü reaktorunun altından salamat çıxan Aleksey bir neçə il sonra Kiyevdə zədələnib - 2017-ci ildə piyada keçidində onu maşın vurub.

Aleksey 36 gün komada qalıb, beyni və ayağı ciddi zədə alıb. Müalicə xərci o qədər böyük olub ki, ailəsi əlavə vəsait tapmaq məcburiyyətində qalıb.

"Məbləğ 200 min qriveni (hazırkı məzənnə ilə 12,884 AZN) keçəndən sonra xərcləri hesablamadıq" - həyat yoldaşı Valentina Mixaylovna belə deyir.

Aleksey Mixayloviç sağalıb. Sonra işinə qayıtmasa da, hələ də çalışmaq barədə düşünür.

"Nə zəng edən var, nə gələn", - iş axtardığını deyən Aleksey həm də bundan şikayətlənir.

"Amma heç olmasa, yaşadığıma sevinməliyəm. Vaxtından əvvəl ölməmişəmsə, buna yaxşı demək olar. Yaşayıram, bu da bəsimdir", - deyə "Çernobıl dalğıcı" əlavə edir.

Aleksey Ananenko Troyeşinada həyat yoldaşıyla birlikdə adi mənzildə yaşayır.

Həyat yoldaşı deyir ki, serialdan sonra Aleksey Ananenkoya diqqət xeyli artıb, müxtəlif ölkələrdən jurnalistlər zəng edib müsahibə istəyirlər.

İndiyə qədər kiminlə yanaşı yaşadıqlarını heç qonşular da bilmirdilər.

Valentina Mixaylovna bununla bağlı bir hadisə danışır:

"Bir dəfə qonşu uşaq gəlib dedi ki, məktəbdə müəllimə Çernobıl AES-dəki qəzanın ildönümü haqqında danışıb, reaktorun altına düşüb hamını xilas edən, amma özləri həlak olan qəhrəmanları xatırladıb. Mən cavab verdim ki, ölməyiblər. Odur, bax, onlardan biri qonşu otaqdadır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2232   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart