"Paşinyanın reytinqinin zəiflədiyini görən rəqibləri bu fürsətdən istifadə etməyə çalışacaqlar"-RƏY
Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan və "Mənim addımım" hakim fraksiyasının üzvü Tiqran Karapetyan "Daşnaktsütun"u Ermənistana qarşı partizan döyüşləri aparmaq cəhdində ittiham ediblər.
KİV-in Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi barədə sənəd yayıldıqdan sonra Ermənistanda yaranmış daxili siyasi vəziyyət necədir?
Məsələ ilə əlaqədar politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, yəqin ki, Paşinyanın reytinqinin zəiflədiyini görən rəqib partiyalar bu fürsətdən istifadə etməyə çalışacaqlar:
"Ermənistan mətbuatında bir neçə gündür ki, Daşnaksütyunun ali orqalarının komitəsində indiki hakimiyyətə qarşı partizan müharibəsinin aparılması barədə müzakirələrdən bəhs edən məlumatlar yayılır. Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Tiqran Karapetyan buna cəhd edə bilən qüvvələri cəzalandıracaqlarını barədə xəbərdarlıq edib. Görünən odur ki, Ermənistanda vəziyyət yenidən gərginləşəcək. Bu dəfə Paşinyan iqtidarı birbaşa Qarabağ klanı ilə olmasa da, onun iqtidarda müttəfiqi olmuş Daşnaksütyunla qarşılaşa bilər. Düz bir il əvvəl, 2018-ci ilin dekabrında Ermənistanda seçki şousu təşkil olunanda, Paşinyan iqtidarı Respublika partiyası ilə yanaşı onun koalisiya ortağı olmuş Daşnaksütyunu da 5 faiz baryerdən kənarda qoyaraq, parlamentə buraxmamışdı. Paşinyanın reytinqinin zəiflədiyini görən rəqib partiyalar bu fürsətdən istifadə etməyə çalışacaqlar. Xüsusən də, sərt iqlimi olan və təbii resurslardan yoxsul Ermənistanda qış fəslində sosial vəziyyət daha da pisləşir, əhalinin narazılığı artır. Qarabağ klanı və onun daxildəki və xaricdəki müttəfiqləri Daşnaksütyunun Paşinyana qarşı bu fürsətdən istifadə etməsinə çalışacaqlar. Paşinyanın düşmənləri revanş almaq üçün fürsət yetişdiyini düşünərək belə bir addım atıblar. Lakin onların istənilən radikal addımları hər bir halda dövlət çevrilişi cəhdi kimi qiymətləndiriləcək. "Mənim addımım" blokunun nümayəndəsi, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Karapetyanın sərt xəbərdarlığı da bunu deməyə əsas verir ki, belə bir hal olarsa, Paşinyan hakimiyyəti asanlıqla təhvil verməyəcək və böyük bir qarşıdurma baş verəcək".
Lamiyə Məmmədova
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş