"Breksitdən sonra Azərbaycan Aİ və İngiltərə ilə ticarət əlaqələrini genişləndirə bilər"-RƏY
Avropa Birliyi və Böyük Britaniya arasında ticarət əməkdaşlığına dair danışıqlara start verilib. Bununla belə istər Brüssel, istərsə də London 2020-ci ilin sonunadək qarşılıqlı faydalı bir müqavilənin bağlanmasına yönəldilmiş bu danışıqların heç də asan keçməyəcəyindən əmindir.
Avropa Birliyi Britaniyanı Avropanın vahid bazarına çıxışı əldə etmək üçün bu məkanda qüvvədə olan standart və qaydalara uyğunlaşmağın zəruri olduğuna inandırmağa çalışır. London isə Avropa Birliyi ilə Avropa – Kanada müqaviləsinə oxşar, bütün mallar üçün tariflər və kvotaları ləğv edən azad ticarət haqqında müqavilənin bağlanmasını istəyir. Üstəlik, Böyük Britaniya Avropa Birliyinin iqtisadi qaydalarından yayınmaq imkanlarının təsbit edilməsini tələb edir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a danışıb. O, bildirib ki, Böyük Britaniya təşəbbüsü ilə Avropa İttifaqından ayrıldı. Breksit deyilən proses biraz ağır keçdi. Dünyanın istənilən ölkəsinin, istənilən regionunun bir-biri ilə əlaqələri, inteqrasiyası vacibdir. Yəni, bu inteqrasiya şəraitində inkişaf etməlidir və iqtisadi uğurlar, irəliləyişlər hər iki tərəfə müəyyən dividentlər gətirir. Ona görə də Böyük Britaniyanın iddiaları daha böyükdür və çoxdur. Onun İttifaqdan ayrılması da həmin o iddialar səbəbindən də olub. Ona görə də bütün mütəxəssislər hesab edirlər ki, bu iki birlik arasında ticarət əlaqəsi ilə bağlı razılaşmalar xeyli problemlərlə doludur. Bu problemlərin həlli bəlkə də heç 2020-ci ilin sonuna kimi tam olaraq bitməyəcək. Amma çox maraqlıdır ki, hər iki ölkənin bir-biri ilə razılaşmadığı dönəm digər region ölkələri, məsələn, Azərbaycan, Gürcüstan, Rusiya kimi və başqa ölkələr üçün bir fürsətdir. Çünki həmin dövrdə tutaq ki, Böyük Britaniya Avropa İttifaqı idxal etməli olduğu məhsulları başqa bir regiondan idxal etməlidir. Sözssüz ki, onlar Avropa İttifaqından alternativ bir region axtaracaq. Ona görə də, digər tərəfdən Avropa İttifaqı yenə həmin qaydada tərəfdaş axtarışında olacaq. Hesab edirəm ki, region ölkələri Asiya, Avropa və Avropa İttifaqına daxil olmayan digər ölkələr bu fürsətlərdən istifadə edə bilər. Məsələn, bu günlərdə Londonda gül mağazalarında ciddi çatışmazlıq yaranıb. Yəni, oraya gül Avropadan, daha çox
Hollandiyadan idxal olunurdu. İndi həmin idxal dayanıb deyə başqa ölkələrdən tələbatı tam ödəmir. Hesab edirəm ki, hər iki regionda həm Avropa İttifaqında, həm də Böyük Britaniyada iqtisadiyyatın müəyyən seqmentləri üzrə tələbat var. Sadəcə olaraq Azərbaycan kimi ölkə bu seqmentləri axtarıb orada bazar əldə edə bilər. Amma çox təəssüf ki, bizim sahibkarlıq beynəlxalq arenaya o derəcədə çıxa bilməyib. Yəni, bizim transmilli korporasiyaların yaranması mərhələsi hələ başlamayıb. Ona görə də hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı bu boşluqlardan ciddi şəkildə gəlir əldə edə bilməyəcək".
Fəridə Ağazadə
Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş