"Medianın İnkişafı Agentliyinin jurnalistlərin fərdi inkişafına diqqətini alqışlayıram" - Cəsarət Hüseynzadə

"Medianın İnkişafı Agentliyinin jurnalistlərin fərdi inkişafına diqqətini alqışlayıram" - Cəsarət Hüseynzadə"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə Sonxeber.az-ın suallarını cavablandırıb.

-Cəsarət bəy, milli mətbuatımızın 146 illiyi münasibətilə sizi təbrik edirik. İlk olaraq, 146 illik tarixi olan mətbuatımızla bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.

- Təşəkkür edirəm. Mən də sizi, Sonxeber.az saytının bütün əməkdaşlarını və hazırda media sahəsində çalışan həmkarlarımızı ürəkdən təbrik edirəm.

Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayır. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Mətbuat orqanının təsis olunması ilə bağlı Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında olub.
Azərbaycan milli mətbuatının əsasını təşkil edən nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.

Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. "Əkinçi" qəzeti Həsən bəy Zərdabi və onun həmfikilərinin maarifçilik ideyasının yayılmasında mühüm rol oynadı.

Azərbaycanda milli dövri mətbuatın əsasını qoyduğu bu nəşr cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürmüşdü.

"Əkinçi"dən sonra "Kəşkül", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kaspi", "Şərqi Rus", "Həyat", "Füyuzat", "İrşad", "Tazə həyat", "Təkamül", "Həqiqət", "Açıq söz", "Molla Nəsrəddin" və başqa nəşrlər mətbuat ənənələrinin yaranmasında mühüm rol oynadılar.

Əlbəttə, ötən əsrin əvvəlində mətbuat tariximizin AXC öncəsi və AXC dövrü də kifayət qədər zəngin olub. Sonrakı sovet dönəmində, məlumdur ki, mətbuatımız sovet-kommunist mətbuat nəzəriyyəsi çərçivəsində fəaliyyət göstərib.

Müstəqilliyimizin bərpası nəticəsində mətbuatımız da yeni inkişaf mərhələsinə qədəm qoydu.

1998-ci ilin avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığı üçün yeni imkanlar yarandı.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni media subyektlərinin meydana gəlməsini şərtləndirdi. Azərbaycan da dünyanın bir parçası olaraq, internetin azad olduğu ölkə kimi, yeni media alətlərinin yaranması və sürətlə artmasının müşahidə edildiyi bir dövlətdir. Etiraf edək ki, müəyyən mənada qanunvericilikdə olan boşluqlar və eyni zamanda media siyasətində atılan bəzi yanlış addımlar bu sahədə müəyyən qarışıq durum yaratdı. Qarşıda duran əsas vəzifə məhz bu vəziyyətdən düzgün çıxmaqdır. Bunun üçün də jurnalist azadlığı ilə jurnalist məsuliyyəti arasındakı qırmızı xətti tapmaq vacibdir. Məsuliyyət dedikdə, təkcə hüquqi məsuliyyətdən söhbət getmir, bura həmçinin jurnalistin sosial məsuliyyəti də aiddir.

-Bu gün "Əkinci" qəzetindəki hansı ənənəni bizim qəzetlərimizdə görmək istərdiniz?

- Bildiyimiz kimi, medianın əsas funksiyaları məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdir. Sosial medianın da həyatımıza daxil olduğu bir dövrdə, həmçinin, media məhsullarının yayımında və çatdırılmasında əsas alətlərdən birinin də sosial şəbəkə olduğunu nəzərə alsaq, mənim fikrimcə, məlumatlandırma və əyləndirmə ilə bağlı vəziyyətdən gileylənə bilmərik. Düzdür, bəzi məlumatlarla bağlı açıq mənbələrdə problemlər mövcuddur. Lakin mənə görə, bu gün ən çox ehtiyac duyduğumuz "Əkinci"nin əsas ənənəsi olan maarifləndirmə missiyasının davam etdirilməsidir.

Bəzi ekspertlər hesab edir ki, Azərbaycan mediası maarifləndirmə dövrünü "Əkinçi" ilə tamamlayıb. Amma maarifləndirmə deyəndə təkcə yazmaq-oxumaq başa düşülməməlidir.

Mütəmadi olaraq azyaşlı qızların ərə verilməsi ilə bağlı məlumatlar medianın gündəmini zəbt edir. Deməli, bu sahədə düzgün maarifləndirməni qura bilməmişik. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maarifləndirməni, yaxud vətəndaşların hüquqlarının təbliğini düzgün apara bilirikimi? Hazırda məşğulluq tədbirləri çərçivəsində böyük işlər görülür. Ölkənin ucqar kəndinin sakininin dövlətin bu cür dəstək proqramından xəbəri varmı? Buna bənzər yüzlərlə misal çəkmək olar. Mediamız lazımi sayda uğur hekayələri hazırlaya bilirmi? Bu baxımdan, mənim fikrimcə, "Əkinçi"nin əsas qayəsi olan maarifçilik, həmçinin, medianın əsas funksiyalarından biridir. Bu sahədə davamlı işləmək lazımdır. Bu istiqamətdə uyğun dövlət qurumları ilə birgə, əməkdaşlıq çərçivəsində iş aparılsa, nəticələr uğurlu və ölçülə bilən olacaq.

-Təəssüf ki, son bir neçə ildə onlayn mediaya və sosial şəbəkələrə olan maraq qəzetlərə nisbətən daha çoxdur. İnsanların bir çoxu özlərinə lazım olan məlumatları sosial şəbəkələrdən və saytlardan oxuyur. Qəzetlərə olan marağın yenidən bərpa edilməsi üçün hansı yeniliklərə ehtiyac var?

- Son illərin ən aktual və həlli vacib olan suallarından biridir. Onlayn medianın qəzetləri geridə qoyması dünyada ümumi tendensiyadır. Azərbaycanda isə vəziyyət daha ağırdır. Demək olar ki, qəzetlər tamamilə sıradan çıxıb. Məncə, bu vəziyyətdən yaradıcı şəxslərlə menecerlərin birgə işbirliyi çərçivəsində çıxmaq olar.

Hazırkı şəraitdə isə bu, mümkün görünmür. Müəlliflik hüququnun qorunmadığı bir şəraitdə, qəzetlərə marağı artırmaq çox çətindir.
Biz qəzet deyəndə təkcə kağız məhsulu nəzərdə tutmamalıyıq. Elektron qəzetlər də xarici ölkələrdə geniş yayılıb və bu formatı Azərbaycana da gətirmək lazımdır.

Qəzet ənənələrində olan müsahibə, reportaj, təhlil, oçerk, araşdırma və digər janrların mətbuata qayıtması vacibdir. Qəzet sahibi güclü yazarları işə cəlb etməklə qəzetinin nüfuzunu qaldıra bilər. Bu gün xəbər saytlarında redaktor olan güclü qələm sahibləri və yaxud jurnalistlərə bir ayda qazandıqlarından 2 dəfə çox əmək haqqı və yaxud qonorar təklif olunsa, həmin şəxslər qəzetlərə üz tutacaq. Qəzet çap olunduqdan sonra aylıq operatora 300-400 manat verən sayt bu araşdırmanı öz səhifəsində yayımlayacaqsa, qəzetlərin ayaqda qalmasından söhbət gedə bilməz.

Yeni qanunda müəlliflik hüququnun qorunması təkcə istinadla məhdudlaşmamalıdır. Digər media subyektinin bir yazının 5-10 faizinin istifadəsinə icazə verilə bilər. Qəzetlərin dirçəldilməsi üçün bu, vacib amildir. Mən bir amili qeyd etdim, başqa problemlər də mövcuddur və həmin problemlərin həlli vacibdir. Birdən-birə də qayıdış baş verməyəcək. Dövlətin bu prosesə dəstəyi də vacibdir. Düzdür, uzun müddətdir ki, yazılı mətbuata maliyyə dəstəyi göstərilsə də, vəziyyət ildən-ilə geriləmə ilə müşahidə olunub.

-Bu il ilk dəfə olaraq, qəzetlərlə yanaşı onlayn mediaya da maddi yardım ayrıldı. Yanvarın 12-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. Bu fərmana uyğun olaraq da Medianın İnkişafı Agentliyi yaradıldı. Qısa dövr ərzində Medianın İnkişafı Agentliyinin keçirdiyi seminar və maddi dəstəklə bağlı müsabiqələr bu sahədə olan probleminin tədricən həll ediləcəyi ilə bağlı ümidlər yaradır.

[b]- Medianın İnkişafı Agentliyi, sizcə, KİVDF-dən fərqli olaraq, bu sahədə olan problemlərin həlli ilə bağlı ümidləri doğrultmağı bacaracaqmı?

-KİVDF ilə bağlı danışmaq istəməzdim. Çünki danışılası bir şey yoxdur. Bütün sahələrdə elektron tətbiqlərin olduğu bir şəraitdə, KİVDF Vüqar Səfərlinin dönəmində bütün müsabiqə müraciətlərini kağız formatında qəbul edirdi. Azərbaycan mediası bəzi qurumlarda elektron xidmətlərdə hər hansı çatışmazlıqla bağlı tənqid edərkən, müsabiqələrə kağız formatında sənədləri təqdim edirdi. KİVDF-nin fəaliyyətindən yalnız bəzi şəxslər kifayət qədər qazana bildi.

Əlbəttə, bütün sahələrdə olduğu kimi, media sektorunda da islahatlar ümidvericidir. Mən Medianın İnkişafı Agentliyinin jurnalistlərin fərdi inkişafına diqqətini alqışlayıram. Bu, çox vacibdir. Fərdi inkişafla bağlı əvvəllər xarici donorların dəstəyi ilə layihələr həyata keçirilirdi. Uzun müddət idi, belə bir görüntü yaranmışdı ki, hər kəs hər şeyi bilir, heç kimin öyrənməyə ehtiyacı yoxdur. Təlimlər və seminarlar təkcə öyrənmək üçün deyil, həmçinin, köhnə biliklərin təkrarlanması, fikir mübadiləsi və peşə diskussiyaları baxımından vacibdir. Medianın İnkişafı Agentliyinin onlayn mediaya dəstək proqramı da çoxdan gözlənilən bir dəstək mexanizmidir.

Bilirsiniz, hər qurum qərar qəbul edəndə yanlışlığa yol verə bilər. Əsas məsələ sonradan yanlışlığın aradan qaldırılmasıdır. Agentlik nəzarət mexanizmindən istifadə etməlidir. Gələcəkdə etimadı doğrultmayan saytların yerinə, digər saytlara da yardım ayırmaq olar.

-"Media Haqqında Qanun" layihəsi qəbul edildikdən sonra vahid vəsiqə sisteminə keçiriləcək. Vahid vəsiqə sisteminə keçid reket jurnalistlər və media orqanları ilə mübarizədə effektli olacaqmı?

- "Media Haqqında Qanun" bir çox boşluqları doldurmalı və media sektorunda yeni münasibətlər formalaşdırmalıdır. Qanun mükəmməl olmalı və sui-isitifadələr üçün yer qalmamalıdır. Medianın sərhədləri müəyyən ediləmlidir. Bu gün, bəlkə, media yeganə sahədir ki, orada dolğun məlumat bazası yoxdur. Biz bilmirik ki, ölkədə neçə media subyekti var (Ədliyyə Nazirliyində qeydiyyatdan keçən KİV-lərin sayı bəllidir, amma bura saytlar daxil deyil), neçə jurnalist var. Necə olur ki, uzun müddət dərc olunmayan qəzetin adından vəsiqələr dövriyyədədir? Əgər qəzet çıxmırsa, onun əməkdaşı niyə olmalıdır və yaxud əməkdaşa vəsiqə niyə lazımdır? Əgər saytın əməkdaşı ilə əmək müqaviləsi yoxdursa, saytın gəliri yoxdursa, həmin sayt niyə fəaliyyət göstərir? Razıyam ki, kimsə yaradıcılıq potensialını realizə etmək istəyir və bu normaldır. Həmin şəxslərin yazılarının dərc olunması üçün kifayət qədər resurslar var. Və yaxud özünün rəhbərliyi ilə sayt da ola bilər. Amma həmin şəxs informasiya istehsal edib yaymırsa, həmin şəxsə jurnalist vəsiqəsi niyə lazımdır? Sayt əmək müqaviləsi olmadan niyə onlarla şəxsə jurnalist vəsiqəsi verməlidir?

Göründüyü kimi, suallar çoxdur və bütün sualların cavabı ona gətirir ki, məqsəd jurnalist adı altında, jurnalist vəsiqəsindən istifadə etməklə nələrsə əldə etməkdən ibarətdir. Həm jurnalist adı altında raketçilikdən yaxa qurtarmaq, həm də ümumiyyətlə media sektorunda səliqə-sahman yaratmaq üçün vahid jurnalist vəsiqəsi vacibdir. Düzdür, Agentlik bu vəsiqənin könüllü olması ilə bağlı açıqlama verib. Belə olsa da, redaksiyalar tərəfindən vəsiqələrin qeydiyyatının aparılması, elektron bazasının yaradılması vacibdir. Lazım gələndə, fəaliyyəti olmayan media subyektlərindən bu qədər əməkdaşa nə məqsədlə vəsiqə payladıqları soruşulun.

-Milli Məclisin deputatı Etibar Əliyev dövlət tərəfindən jurnalistlər üçün inşa olunan 3-cü binadakı evləri şəhid ailələrinə verməyi təklif edib. Deputatın bu fikiri ilə razısınızmı?

Mənə elə gəlir ki, hər mövzuya şəhid ailələrini daxil etmək düzgün deyil. Bu, həssas mövzudur, hər kəs həmin təbəqəyə müraciət edəndə diqqətli olmalıdır. O cümlədən millət vəkilləri də bu həssaslığı qorumalıdırlar.

Deputatın fikri ilə o zaman razılaşmaq olardı ki, Azərbaycan dövlətinin 200-250 mənzil tikməyə gücü çatmasın, yaxud problem 200-250 mənzillə həll olsun. Bilirsiniz ki, ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 10 minə yaxın mənzil və fərdi ev verilib.

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Başqa bir məsələ ondan ibarətdir ki, jurnalistlər üçün bina cənab Prezidentin sərəncamı ilə tikilib. Azərbaycanda təcrübə göstərir ki, sosial proqram davamlı olur və jurnalistlərə mənzillərin verilməsi də sosial siyasət sayıldığı üçün bu binanın təyinatının dəyişdirilməsi gözlənilən deyil.

Müşahidələr onu göstərir ki, son dövrlər bəzi millət vəkilləri qulağa xoş gələn təkliflərlə çıxış etməklə bir növ populyarlıq qazanmaq istəyirlər. Hər bir təklif özündə cəmiyyətin sosial sifarişini və reallığını ehtiva etməlidirir. Bu təklifdə isə belə sosial sifariş yox idi. Çünki mənzillə bağlı vacib məqam olduqda, dövlət qurumlarının tərəfdaşları tərəfindən də dəstək göstərilir. Eyni zamanda, ehtiyat fondunda da mənzillər mövcuddur.

22 iyul - Milli Mətbuat Günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AZƏRTAC-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə etdi. Bu, bir nümunədir ki, həssas məsələlər cənab Prezidentin diqqətindədir. Lazımi anda uyğun qərarlar qəbul edilir və bunun üçün dövlətin yetərincə resursları var.

Daha sonra deputatın jurnalistlərin 1-ci və 2-ci binadakı bölgü ilə bağlı mövqeyi oldu. Qaldırılan faktlarla və bölgü ilə bağlı narahatlığı bölüşürəm. Prosesdə kifayət qədər haqsızlıqlar olub, tikintinin keyfiyyəti və yeyinti ilə bağlı faktlar da gündəmdədir. Hazırda bu proses istintaq mərhələsindədir. Hesab edirəm ki, günahkarlar layiqli cəzalarını almalıdırlar. Fikrimcə, millət vəkili bu məqsədlə həmin təklifi irəli sürsəydi, onda həmin müraciətdə də bunu bildirməsi daha yaxşı olardı. Belə olsaydı, söz- söhbətlər də meydana çıxmazdı. Bundan əlavə, medianın idarə olunmasında kadr dəyişikliyi baş verib, kifayət qədər islahatlar aparılıb. Millət vəkilli yenidən vəziyyətin 1-ci və 2-ci binalarda olduğu kimi davam edəcəyini güman edirsə, deməli, həmin deputat islahatları qəbul etmir və yaxud bu islahatları uğursuz hesab edir. Lakin həmin deputatdan bu istiqamətdə mövqe görməmişik. Bütün hallarda hər kəsin fikrini ifadə emtək hüququ var və buna da sayğı ilə yanaşmanın tərəfdarıyam.

-Medianın İnkişafı Agentliyinin mətbuatın hansı problemləri istiqamətində addımlar atmasını istərdiniz?

- Medianın İnkişafı Agentliyindən gözləntilər çox böyükdür. Hazırda elə bir dövrdəyik ki, həm cəmiyyət bu islahatları qəbul etməyə hazırdır, həm də dövlət qurumları bu sahədə addımlar atmaq istəyir. Ona görə islahatlar üçün münbit şərait yetişib. Bu həlledici məqamda səhvə yol versək, medianın inkişafı ilə bağlı yeni mərhələnin yetişməsi üçün 5-10 il gözləməli olacağıq.

Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi medianın hüquqi çərçivələrini müəyyən etməli, medianın inkişafı üçün aydın konsepsiya ilə çıxış etməlidir.

Uzun illər ərzində media siyasətinin yanlış icrası nəticəsində çox kiçik qrup böyük sərvətə sahib olub. Jurnalistlərin vəziyyəti isə yaxşı deyil. Mən anlayıram ki, media orqanının rəhbəri sahibkardır və onun gəlir götürməsi normaldır. Amma dövlət büdcəsi ilə gələn yardımların ədalətli bölüşdürülməsi, həmin vəsaitdən əməkdaşlara layiqli əmək haqqının verilməsinin tənzimləməsini dövlət nəzarətdə saxlaya bilərdi.

Məhz onlayn media üçün elan olunan müsabiqədə redaksiya əməkdaşları üçün minimum əmək haqqı olaraq 600 manat həddinin müəyyən olunmasını alqışlayırıq. Demək, müxtəlif metodlardan istifadə etməklə bu dəstəyin ədalətli bölgüsünü aparmaq olar.

Medianın İnkişafı Agentliyindən eyni zamanda ixtisaslaşmış media qurumlarına dəstəyin göstərilməsini, media startaplarına dəstək verilməsini istərdim. Jurnalistlər üçün təlimlərin keçirilməsi çox vacibdir.

Xüsusən bu təlimlər ixtisaslaşma ilə bağlı olmalıdır. Onlar Medianın İnkişaf Agentliyi tərəfindən və yaxud Agentliyin dəstəyi ilə ixtisaslaşmış QHT-lər tərəfindən həyata keçirilə bilər. Dəfələrlə müşahidə etmişəm ki, əlilliyi olan şəxslər haqqında müxtəlif reportajlar hazırlanıb. Əslində məqsəd həmin şəxslərə dəstək göstərilməsi olub, lakin yazıda və ya reportajnda bəzən onlara elə adla müraciət olunur ki, bu hazırlanan media məhsulu həmin şəxsi nəinki motivasiya etmir, əksinə, onu həyatdan küsdürür. Çünki jurnalistlərin sahəvi bilikləri çox zəifidir.
Ən vacib məsələ isə, heç şübhəsiz, reklam bazarına əlçatanlığın təmin olunmasıdır. Bununla bağlı ayrıca strategiya olmalıdır və xarici təcrübənin öyrənilməsinə ehtiyac var. İlkin mərhələdə dövlət qurumlarının da müəyyən xidmətlərlə bağlı mediaya dəstək vermələri yaxşı olar. Bizdə bəzi dövlət qurumlarının rəhbərləri mediaya dost xidməti kimi baxır.

-44 günlük Vətən müharibəsi zamanı yayılan və rəsmi təsdiqi olmayan informasiyalardan hərbi jurnalistikanın zəif inkişaf etdiyini gördük. Hərbi jurnalistikanın inkişafı üçün hansı addımlar atılmalıdır?

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə zərgər dəqiqliyi ilə aparıldı. Demək olar ki, bir çox sahələrdə olduğu kimi, informasiya siyasətinə də şəxsən Prezident özü rəhbərlik edirdi. Müharibə dövründə xarici jurnalistlərə daha çox imkanın yaradılması ilə bağlı müəyyən fikirlər də səslənirdi. Məncə, bu prosesi bir qədər başqa formada müzakirə etmək lazımdır. Bizim medianın izləyici sayı ilə Türkiyə mediasının auditoriyası eyni deyil. Azərbaycan bir qədər bu məsələdə də uğurlu gediş etdi. Təcrübə baxımından, həmçinin, auditoriya baxımından biz Türkiyə mediasının gücündən istifadə etməyi hədəfləmişdik və buna da nail ola bildik. Həmçinin, Türkiyədə xeyli sayda beynəlxalq təşkilatların və digər təmsilçilərin olması da xaricə auditoriyaya əlavə çıxış imkanı yaradırdı. Bu baxımdan, məncə, qiymətləndirmə aparərkən bu amili nəzərə almaq lazımdır. Amma ümumilikdə hərbi jurnalistikanın inkişafına ehtiyac var. Azərbaycanda jurnalistikada ixtisaslaşma problemi uzun müddətdir ki, qaldırılır və bu problem narahatlıq doğurur. Xüsusən dövlət maraqlarının təmin edilməsi baxımından bəzi sahələr üzrə jurnalistlərin bilik və bacarığının artırılması vacibdir. O cümlədən, hərbi jurnalistikanın inkişafı üçün bu sahədə müəyyən addımlar atmaq lazımdır. Medianın İnkişafı Agentliyi, həmçinin Müdafiə Nazirliyi bu istiqamətdə birgə işləməlidir. Seçilmiş jurnalistlər qardaş Türkiyəyə təcrübəyə göndərilə bilər, ali məktəbdə bir neçə tələbə jurnalistlər təhsilini davam etdirmək üçün müsabiqə ilə xaricə göndərilə bilər. Müxtəlif təkliflərlə çıxış etmək olar. Dövlət tərəfindən isə həmin sahə bir qədər daha çox dəstəklənməlidir ki, bu sahəyə daha çox peşəkarlar da üz tütsün.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 483   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel