"DTX-nin sonuncu əməliyyatı ölkədə iğtişaşın qarşısını aldı"
"Oktyabrın 28-də mitinqdə terror aktı törətmək istəyənlərin məqsədinin Azərbaycan hakimiyyətini zərbə altında qoymaq olması mümkündür".
Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatı şərh edərkən deyib.
Onun sözlərinə görə, hansısa qüvvələr Azərbaycanı Avropada təzyiq altında qoymaq istəyir: "Mitinqdə təxribatın törədilməsi məqsədi də məhz ölkədə iğtişaşın yaradılması və Azərbaycanı təzyiq altına salmaqdır. Bu baxımdan, DTX-nın bunun qarşısını vaxtında alması təqdirəlayiqdir".
F.Mustafa əlavə edib ki, DTX-nin dövlət təhlükəsizliyini qorumaq üçün atdığı addımlar yüksək səviyyədədir.
"Sonuncu əməliyyatlar da təhlükəsizlik baxımından olduqca yerində atılmış addımdır", - deyə o bildirib.
Xatırladaq ki, Bakının Qaradağ rayonunda terror aktları planlaşdıran şəxslər zərərsizləşdiriliblər. Qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah" ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir"i seçmişlər. Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlamış, 2017-ci il oktyabr 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçirmişlər. Əməliyyat-texniki yolla ətraflı qeydə alınmış həmin şəxslərin görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlmişlər. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilmişdir. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis" ləqəbli Məsimli Anar Mehman oğlu, "Əbu-Vakkaz" ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilmişlər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş