SOSİAL "Oğlun Yalçın ölüb, – dedilər, o vaxtdan bu günə kimi telefon səsindən qorxuram"

SOSİAL "Oğlun Yalçın ölüb, – dedilər, o vaxtdan bu günə kimi telefon səsindən qorxuram"Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocayevin ölüm işində təqsirli bilinən şəxslərə çıxarılmış hökmdən yazıb.

Hökm dekabrın 14-ü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə çıxarılıb. Təqsirləndirilən şəxslərdən Elnur Nəhmədov 5 il, Ruslan Məmmədov 2 il 6 ay, Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan bir ay qabaq, noyabrın 13-ü dövlət ittihamçısı Elnur Nəhmədovun 19 il, Ruslan Məmmədovun 4 il, Pərviz Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi. Yalçın Qocayev 2017-ci il martın 11-i saat 2 radələrində öldürülüb. Daxili İşlər Nazirliyinin martın 14-də yaydığı məlumatda deyilir ki, hadisə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında baş verib. Yalçın Qocayevlə tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovun arasında mübahisə düşüb. Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə zərbə yetirilib və o, hadisə yerində ölüb. İstintaq Yalçın Qocayevi Elnur Nəhmədovun döyüb öldürdüyünü bildirirdi. İstintaq onu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edirdi. Məhkəmə isə Elnur Nəhmədovu da Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Fikrət Qocanın yazısı "Ədəbiyyat qəzeti"nin 16 dekabr 2017-ci il sayında "Orda bəzi hakimlər də məhkum stulunda oturacaq" başlığı ilə dərc olunub.

AZXEBER.COM yazını Novator.az-a istinadən təqdim edir.

Orda bəzi hakimlər də məhkum stulunda oturacaq
Bu ilin mart ayının on birində gecə saat ikidə telefon səsinə oyandım:

– Oğlun Yalçın ölüb, – dedilər.

O vaxtdan bu günə kimi telefon səsindən qorxuram.

Sonra öyrəndim ki, üç cavan oğlan Yalçını döyə-döyə öldürüblər. O vaxtdan bu günə kimi istintaq, məhkəmə işi davam edirdi. Onu da deyim ki, mən məhkəmə işi ilə qətiyyən maraqlanmırdım. Əslində, o zalda durub danışıqları dinləmək, qatillərin üzünü görmək mənim üçün dözülməz əzab olardı. Bir də mənim orada olmağım nəyi dəyişərdi? Oğlum ölmüşdü, qatillər tutulmuşdu. İstintaq aparılmışdı. Prokuror əsas qatilə on doqquz il, o biri iki nəfərdən birinə dörd, birinə üç il iş istəmişdi.

Dostlar-tanışlar da cinayət işinin nəticəsini soruşanda "maraqlanmıram" – deyirdim. Maraqlanmadığıma özümü də inandırmağa çalışırdım.

Dekabrın on dördünə keçən gecə çox narahat oldum. Əslində, səksən üç yaşlı kişinin rahat yatmaq istəyi özü gülüncdü. Amma bu narahatlıq bir az artıq idi. Yoldaşım təzyiqimi ölçdü. Dərman verdi. Ürək ağrısına demək olar ki, son illər vərdiş eləmişəm. Amma bu gün ağrının ətrafında bir havasızlıq, darıxma da vardı. Elə bil içimdə Yalçının səsini eşidirdim. Yadıma düşdü ki, xeyli zamandı məzarını ziyarət etməmişəm. Səhər yoldaşımı inandırdım ki, daha ağrım-acım yoxdu.

– Gedim idarəyə, bəzi təcili işlərim var, onları görüm, tez qayıdacam. Bu gün dördüncü gündü. Qəbiristanlığı ziyarət günüdü. Gedim Yalçını, qardaşımı, anamı, qohumları ziyarət eləyim, çoxdandı getməmişəm.

– Gedim nədi? Gedək! Sənin ürəyinin əsl dərmanı ordadı, gedək.

– Raya, sən getmə, hava soyuqdu.

– Yox, gedəcəm. Tez gəl, isti paltar gey, çörək ye, dərmanlarını iç, gedək!

Böyük rus şairi Sergey Yesenin demiş:

Ölüm yeni deyil qədim dünyada…

Düzdü yaşamaq da təzə iş deyil.

Düzdü, yaşayan hər kəs bilir ki, ömrünün sonunda onu ölüm gözləyir. Ömrün maraqlı cəhəti də ordadır ki, heç kəs bu ölümün harda, nə vaxt gələcəyini bilmir. Ürəyimizin hər döyüntüsü ilə, atdığımız hər addımla biz ona doğru gedirik. Atalar, analar oğul çiynində gedir. Ən ağırı, dözülməzi oğulun atanın çiynində getməsidir. Mən onu heç bir ataya arzu etmirəm. Oğul vətən uğrunda, xalq uğrunda şəhid olanda başqa məsələ. Mən oğulun belə ölümü ilə qürur hissi keçirərdim. Dərdim mənə yaşamaq gücü verərdi.

Oğlumun ölümündə özüm də günahkaram. Üç qızım, bir oğlum vardı. Oğluma lap əvvəldən şərt qoymuşdum. Demişdim sən kişisən. Bacılarına instituta daxil olmaqda çətinlik çəksələr, kömək edərəm. Amma sən özün daxil olmalısan. Bir il onu tikintidə fəhlə işlətdim.

İnşaat Mühəndisləri İnstitutuna daxil oldu, qurtardı. Şeir yazırdı, bacardıqca çapına mane oldum. Şairlik eləməyə qoymadım. 1995-ci ildə mənim 60 illiyim ərəfəsində məndən xəlvət Anar onu Yazıçılar Birliyinə üzv qəbul etdi. Bir müddət baş nazirin müavininin köməkçisi işlədi, daha sonra xarici işlər nazirinin köməkçisi vəzifəsində, sonra Ukraynada Azərbaycan səfirliyində birinci katib, sonra geri çağırıldı, bir neçə il sərəncamda qaldı.

İki qızı, bir oğlu vardı. Bir dəfə nazirlə görüşdüm. Söz verdi, sonra yadından çıxdı, bir neçə tanışımla, dostum bildiyim adamla görüşdüm, hamısı söz verdi, unutdu. Mənim o üzüm yoxdur ki, tez-tez yadlarına salam, qapılarını döyəm. Uzaq başı iki dəfə deyirəm, sonra üzüm gəlmir. Vəzifəli yoldaşlarım bəziləri niyə belə yaddaşdan zəif olur? Verdikləri sözü aylarla unudur. Bilmirəm. Bu yeni xəstəlikdi. Hərdən özüm-özümdən soruşuram oğlum sağ olsaydı, amandı oğluma iş verin deyib insanların qapısını hər gün döyə bilərdimmi? Yox, bacarmazdım. Deməli, mən də onun ölümündə iştirak etmişəm. Balalarının yanına işsizlikdən gəldiyi hər gün onun ölümünü bir az da yaxınlaşdırıb…

Saat dörddə Yalçının məzarı yanında idik. Molla "Quran" oxuyurdu. Telefonum zəng çaldı. Bir xanım səsi idi:

– Alo. Alo… Fikrət müəllim.

– Buyur, qızım.

– Bağışlayın, deyəsən, yas yerindəsiniz.

– Bəli.

– Qısa bir sualım var – saytdanam.

– Qızım, mümkünsə bir azdan zəng edin.

– Baş üstə, bağışlayın.

Telefon susan kimi yenə zəng oldu.

– Eşidirəm, buyurun, – bir az kənara çəkildim.

– Fikrət müəllim, siz hakimin verdiyi qərarla razısınız?

– Hansı hökmlə? Hansı qərarla?

– Siz məhkəmədə yox idiniz.

– Yox, hansı məhkəmədə?

– Yalçınla bağlı, bu gün hakim hökm oxuyub.

– Nə deyib?

– Prokurorun 19 il istədiyi əsas caniyə beş il iş verib. O birilərin birinə 3 il, birinə 2 il. Siz bununla razısınız?

– Qətiyyən yox! – Daha nələrsə dedim. – Mən danışmırdım, hikkəm, dilim danışırdı.

Mən həmişə düşünürdüm, mənə nə fərqi var kimə neçə il iş verəcəklər. Mənim oğlum dirilməyəcək. Sən demə, özü-özünü aldatmaq buna deyirlərmiş.

Raya qolumdan yapışdı:

– Nə oldu yenə? Kim idi zəng edən? Qəbiristanlıqda da səndən əl çəkmirlər.

– Qorxuram jurnalistlər məndən heç qəbirdə də əl çəkməyələr, – dedim.

Telefonu söndürmüşdüm, lakin hələ ürəyimdə müxbirlə danışırdım. Görəsən, o hakimin bir oğlu öldürülsəydi, oğlunun üç balası yetim qalsaydı, yenə qatilə qarşı belə humanist qərar çıxarardı?

Mən hüquqşunas deyiləm. Amma məntiq adlı amansız bir şey var. Prokurorun 19 il istədiyi işə necə olur hakim 5 il iş kəsir. Burda açıq-aydın bu iki nəfərdən biri haqsızdır.

Amma bir təsəllim var, hamı axırda ölür. Deyirlər orda da sorğu-sual olur. Görəsən, ordakı hakimlər də belədir? Burdakı hakimlər də orda məhkum stulunda oturacaq. Haqq incəlir, üzülmür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2543   Tarix: 18 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel