Azərbaycan avropalı deputatlara sanksiya qoyacaq

Azərbaycan avropalı deputatlara sanksiya qoyacaqMilli Məclis Avropa Parlamentinin qətnaməsinə adekvat cavab verdi .

Rəsmi Bakı Avronestdə fəaliyyətini dayandırır və avropalı siyasətçiləri məsuliyyətli davranmağa çağırır.

Oqtay Əsədov: "Bu məsələnin arxasında başqa məqsədlər var"

Dünən Milli Məclisini növbədənkənar iclası keçirilib. İclası spiker Oqtay Əsədov açıq elan edərək bildirib ki, gündəlikdəki məsələ Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə ilə bağlıdır. Toplantıda qətnamə ilə bağlı Milli Məclisin qərarı müzakirəyə çıxarılıb.

İlk çıxış edən Oqtay Əsədov bildirib ki, təkcə son iki ildə Avropa Parlamentində Azərbaycan haqqında bir neçə qətnamə qəbul edilib. Amma bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb. Mən Avropa Parlamentinin həmin iclasını bir neçə həmkarımla canlı müşahidə etdim və müşahidəmiz bir daha göstərdi ki, Avropa Parlamentinin bir çox deputatları Azərbaycana qarşı nə qədər qərəzli mövqe tuturlar".

Milli Məclisin sədri əlavə edib ki, Avropa Parlamentində prosedur qaydaları kobud şəkildə pozulub: "Çox maraqlıdır ki, bu iclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri söz alaraq qətiyyətlə dedi ki, iclasda prosedur qaydaları pozmaq olmaz. İlk növbədə, bu məsələlər komitələrdə müzakirə edilməlidir, ondan sonra iclas keçirilə bilər. Biz bu cür hərəkət etməsək, Azərbaycanı itirə bilərik. Ancaq iki deputat - Corc Sebastyan və Fransua Slifinsi çıxış edərək iclasın gedişinin dəyişməsinə etiraz etdilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır və təsdiq edilməlidir. Biz sonra araşdıraraq gördük ki, bu iki deputat sentyabrın 1-də Dağlıq Qarabağda olub və Bako Saakyanla görüşüblər. Yəqin ondan aldıqları təlimatı yerinə yetirir, eləcə də bəxşişlərin əvəzini vermək üçün belə canfəşanlıq edirlər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentində necə işlədiyinə bir misaldır. Ona görə mən Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya bulaşmış lobbiçi qruplarla işbirliyinə son qoymağa çağırıram".

O.Əsədov bildirib ki, konkret cinayət əməllərinin siyasiləşdirilməsi, jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsinin siyasi qətl kimi qələmə verilməsi və digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir.

O.Əsədov deyib ki, Avropa Parlamentinin iclasında səsvermənin nəticələri maraqlı bir məqamı da üzə çıxarır: "Qətnamənin əleyhinə 202 səs verildi və 72 deputat bitərəf qaldı. Bu onu göstərir ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də var, amma korrupsiyaya bulaşmış lobbiçi qrupların fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşitməzliyə vurur".

"Bu sənəd Avropa Parlamentinin imicinə böyük zərbə oldu"

Milli Məclisin sədri bildirib ki, əslində bu sənəd Avropa Parlamentinin imicinə böyük zərbə oldu: "Biz həmişə görmüşük ki, Azərbaycan ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrlərdə ölkəmizə hücumlar başlayır. "Eurovision" mahnı müsabiqəsi, prezident seçkiləri, Avropa Oyunları vaxtı biz bunların hamısının şahidi olmuşuq. Avropa Parlamentinin budəfəki qətnaməsinin də vaxtı təsadüfən seçilməyib. Qarşıdan parlament seçkiləri gəlir və Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara müşahidəçi göndərmək üçün müraciət edib. Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi barədə müvafiq qurumlara, üzv ölkələrə çağırışlar edirlər. Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir. Seçkilər başlamamış onun legitimliyini şübhə altına alanlar bilməlidirlər ki, seçkilərin legitimliyini yalnız Azərbaycan xalqı özü həll edir".

""Şərq Tərəfdaşlığı" proqramına yenidən nəzər salınmalıdır"

O.Əsədov hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini zəiflətməkdir.

Milli Məclisin spikeri Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yoldan, "Avronest" səviyyəsində əməkdaşlıqdan danışıb: "Biz Avronestdə bir dənə də olsun Dağlıq Qarabağa aid sənədi imzalatdırıb məsələlərin içərisinə sala bilmədik. Bu təşkilatda iştirakımız bizə nə verir? Biz bu təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" proqramına yenidən nəzər salsın".

O.Əsədov əlavə edib ki, Avropa Parlamentinin sədri Martin Şults Avropa Oyunları ərəfəsində deputatlara qeyri-rəsmi qadağa qoymuşdu ki, heç kim nə rəsmi, nə də qeyri-rəsmi Azərbaycana səfər etməsin: "Deputatlar bizə zəng edib deyirdilər ki, bağışlayın, Şults bizi Azərbaycana gəlməyə buraxmır" - deyə spiker qeyd edib.

Daha sonra çıxış üçün söz digər deputatlara verilib.

"Avropa Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyir"

Deputat Sabir Rüstəmxanlı bildirib ki, Avropa Parlamentinin qətnaməsi başdan ayağa Azərbaycan xalqına qarşı təhqirdir. Məsələn orada Rasim Əliyevin ölümünü jurnalistin siyasi qətli kimi qələmə verirlər. Amma bu düzgün deyil. Çünki Rasim Əliyev jurnalist olmayıb, o, operator idi" - deyə deputat bildirib.

"Biz demirik ki, Azərbaycan hakimiyyəti tam idealdır. Bütün hakimiyyətlərdə qüsurlar var, elə Avropa ölkələrinin hakimiyyətlərində də. Amma bizə yanaşmada daha qərəzli münasibət sərgiləyirlər. Onların bu münasibətini gizlətmək mümkün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu, çoxlarına sərf etmir" - deyə S.Rüstəmxanlı bildirdi.

Səməd Seyidov: "Demokratiya deyəndə islamofobiya, qanunun aliliyi deyəndə isə separatçı qüvvələrlə oturub iş görməyi gördük"

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, əslində bu qətnamə ilə Avropa Parlamenti özünə ciddi zərbə vurub: "Bundan sonra onların deyəcəyi sözlərin, verəcəkləri vədlərin heç bir əhəmiyyəti yoxdur. Onlar müstəqil dövlətə qarşı belə bir addım atdılar. Mən bir faktı deyim. Bu sənədin təşəbbüskarlarından biri Azad Avropa Alyansında təmsil olunur. Həmin alyansın deputatları Dağlıq Qarabağda fəaliyyət göstərən "Artsax Demokratik Partiyası"nı öz sıralarına qəbul ediblər. Biz öz sözümüzü deməliyik. Sual olunur, niyə Avropa deputatları manipulyasiya edərək haqq sözə qulaq asmadılar? Bunun yalnız bir səbəbi var: Azərbaycan müstəqil siyasət apararaq, dünyada söz sahibinə çevrilib. Dövlətimiz kiminsə diktəsi ilə deyil, öz xalqının maraqları ilə hərəkət edir. Ən əsası isə bu gün Azərbaycan iqtidarı işğal edilmiş torpaqlarını ATƏT-in Minsk qrupundan, Avropa Parlamentindən kənar azad etmək iqtidarındadır. Budur onları qorxuya salan.

Demokratiya deyəndə islamofobiya, irqçilik, qeyri-tolerantlıq kimi məsələlərin gündəmə gəlməsini gördük. Qanunun aliliyi deyəndə isə separatçı qüvvələrlə, terrorçularla birgə oturub iş görməyi gördük.

Biz dövlətimiz, milli maraqlarımız naminə öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşib orada korrupsiyaya uğramış lobbiçilik qruplarını ifşa etməliyik".

Vahid Əhmədov: "Azərbaycanın əleyhinə olan qüvvələrlə işləmək lazımdır"

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iyul ayında Prezident Avropa Parlamenti ilə əməkdaşlığın yeni konsepsiyasını hazırlamaq barədə tövsiyə verib: "… Azərbaycanı korrupsiyada ittiham edirlər. Bizim hüquq- mühafizə orqanları həbs edilən şəxslərlə beynəlxalq donorlar arasında əlaqələri bir qədər də araşdırsalar, bəlli olar ki, son zamanlar qətnamə qəbul edən, danışan avropalı deputatlar da bu prosesdə var, onlar da ifşa olunur. Bizim üçün Azərbaycan xalqının fikirləri, seçkilərdə mövqeyi vacibdir. Biz Azərbaycanla münasibətləri olan Avropa İttifaqı ölkələrinin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir. Hesab edirəm ki, bundan sonra da Azərbaycanda Heydər Əliyev siyasəti davam edəcək".

Vahid Əhmədov bildirib ki, Avropa Parlamenti bütün Avropa demək deyil və Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var. "Hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. "Avropadakı qurumlardakı deputatlar, diaspor təşkilatları, XİN ölkəmizə qarşı səs verən deputatlarla işləməlidir. Biz qətnaməyə qarşı çıxan 202 deputatın da mövqeyini nəzərə almalıyıq. Mən Avropa Parlamentinin qətnaməsini pisləyirəm. Amma biz Avropadan təcrid olunmamalıyıq. Çünki Azərbaycanın Avropa dövlətləri ilə çox sıx əlaqələri var.

V.Əhmədovun çıxışına sədr Oqtay Əsədov belə reaksiya verib: "Biz demirik ki, Avropa ilə əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində göstəriş vermişdi ki, Azərbaycana rəsmi, ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər".

Oqtay Əsədov Avropada miqrantlara qarşı münasibətin ürəkağrıdıcı olduğunu deyib. "Dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağzına çullu dovşan sığmır" deyən spiker qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: "Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?"

Ziyafət Əsgərov: "Qətnamə əsası olmayan kağız parçasıdır"

Vitse-spiker Ziyafət Əsgərov çıxışında bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır. "Bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir. Bu sənədə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar" - deyən Əsgərov vurğulayıb ki, Avropa Azərbaycana təzyiq etməyə çalışır:

"Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?"

Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələri siz etdiniz"

Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov Avropa Parlamentinin rəhbəri Martin Şultsu korrupsiyada ittiham edərək bildirib ki, onun ədalətdən danışmağa, Azərbaycanda nöqsan axtarmağa haqqı yoxdur. "İndi Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur".

Siyavuş Novruzov: Avropalılar şəffaf seçkinin necə keçirildiyini gəlib Azərbaycandan öyrənsinlər"

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. "Qətnamənin 10-cu maddəsində yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həbs olunublar. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik. İstəyirlər ki, bizim gənclər ermənilərlə dostlaşsınlar? Desinlər ki, yaxşı etmisiniz, davam edin əməllərinizə?" - deyə S.Novruzov bildirib.
"Avropa Parlamentindəki ermənipərəstlərlə bizim Milli Satqınlar Şurası birgə fəaliyyət göstərir. Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir Milli Satqınlar Şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azərbaycandan öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanda iqtidarla xalq birdir".

Qüdrət Həsənquliyev: "Avropa Komissiyası ilə də münasibətlərimizə yenidən baxmalıyıq"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qətnamə əslində Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin zədələnməsinə xidmət edir. "Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkin deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındılar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur. Bir dəfə Avropa Parlamentinin üzvlərinə dedim ki, 5-6 nəfərə görə Azərbaycana qarşı sanksiya tətbiq etməyi gündəmə gətirirsiniz, bəs milyona qədər insanı qaçqın hala salan, on minlərlə insan qətlə yetirən, on minlərlə insanı əlil edən işğalçı Ermənistana qarşı belə sanksiya haqda danışmırsınız, gündəmə gətirmirsiniz?"

Q.Həsənquliyev daha sonra Yaxın Şərqdə baş verən duruma diqqət çəkib: "Yaxın Şərqi qana boyadılar. Misiri qana buladılar. Misirdə demokratiya qurdular? Bir generalı digər generalla əvəzlədilər. Suriya rifah dövləti idi, nə günə qoydular? Dövləti dağıtdılar. Liviyanı nə günə qoyduqları bəllidir. Bu qətnamə qərəzlidir. Fikrimcə, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması, dövlətin öz torpaqlarının azad edilməsi məsələsində ciddi addımlar atması ilə bağlıdır. Vurğulayıram ki, təhlil edəndə görünür ki, bu qətnamə ermənilərə xidmət edən, Avropa Parlamentinin marağına xidmət etməyən sənəddir" .

BAXCP sədri daha sonra qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentinin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini zənn etmir: "Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik".

Bahar Muradova: "Qətnamə cinayətkarcasına bütün Avropa xalqlarına yönəlmiş qərardı"

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib ki, bu cür sənədlərin verə biləcəyi nəticələr ilk növbədə Avropa insanlarının taleyinə mənfi təsir göstərəcək: "Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildikləriniz şəxslərlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir".

Bahar Muradova yerli ictimaiyyətə də müraciət edib: "Mən ictimai qurumlara, vətəndaşlara, hər bir azərbaycanlıya səslənirəm. Bu məsələdə Azərbaycanın mövqeyindən çıxış etməyə çalışın. Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyin. Azərbaycan bunda maraqlı deyil".

B.Muradova bu tipli sənədlərin qəbulunda görünən və görünməyən tərəflərə diqqəti yönəldib: "Bu qətnamənin arxasında çox gizli hədəf və məqsədlər gizlənib. Nəyə görə BMT-nin Dağlıq Qarabağla bağlı sənədlərinin icrasına belə qəti çağırış edilmir. Son illərdə baş verən hadisələr göstərir ki, Avropanı heç də dövlətlərin ərazi bütövlüyü narahat etmir. Bu təşkilatlar qarşılarına dövlətlərin müstəqilliyinin sarsılması və ərazi bütövlüyünün pozulması kimi məqsəd qoyublar. Belə hadisələr onların işlərinə yarayır. Əsl mənada fundamental insan haqlarına düzgün yanaşan təşkilatları bu qurumlarla bir sıraya qoymamalıyıq. Bunu təkcə Azərbaycan tipli ölkələrə yönəlmiş qərəz kimi qəbul etmirəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamə cinayətkarcasına bütün Avropa xalqlarına yönəlmiş qərardır. Bu, ilk növbədə avropalıların həyatına təsir edəcək. Avropalılara üzümü tutub deyirəm ki, özünüzü bu məsələlərdən kənarda bilməyin. Bu, dini, irqi və etnik ayrı-seçkiliyə gətirib çıxaran siyasətdir".

Milli Məclis qərar qəbul etdi

İclasın sonunda "Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı" adlı sənəd qəbul olunub. Qərarı MM-in sədr müavini, Avropa İttifaqı Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov elan edib.

Qərarda bildirilir ki, qətnamədə bir sıra şəxslərin azad olunması ilə bağlı tələblər heç bir hüquqi əsas doğurmur və Azərbaycan məhkəmələrinin işinə müdaxilədir.

Sənəddə deyilir ki, AP rəhbəri M.Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur: "İndi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsi bir müddət əvvəl Çıraqovlarla bağlı qərar qəbul etsə də, hələ də bu qərar icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:

- Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".
Daha sonra qərar səsə qoyularaq qəbul olunub.//bizimyol.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 764   Tarix: 15 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021