Qadın futbol hakimimiz: Futbolçu qızlardan xoşum gəlmir - MÜSAHİBƏ

Qadın futbol hakimimiz: Futbolçu qızlardan xoşum gəlmir - MÜSAHİBƏSabiq atlet, üzgüçü, tibb sahəsi üzrə məzun, hazırkı futbol hakimi və tələbə... Bütün bu xarakteristika Maya Nəbiyevaya aiddir.

Oxu.Az-ın "Zəriflər" rubrikasının budəfəki qonağı məhz futbol hakimi kimi tanıdığımız Maya Nəbiyevadır.

– Futbol və qadın. Bu ikili bir-biri ilə nə dərəcədə uzlaşır?

– Müasir dövrdə hər bir idman növündə qadın görmək mümkündür. Əgər həmin qadın bunun öhdəsindən gəlirsə, niyə də idmanla məşğul olmasın?!

– Bəs idmana gələrkən, yaxınların sərt reaksiyası ilə üzləşmədiniz?

– Bizdə belə qadağalar heç vaxt olmayıb. Onsuz da uşaqlıqdan oğlan kimi böyümüşəm, idmanla məşğul olmuşam. Evimizdə hamı futbolu xoşlayır. Ona görə də hakimliyə başlayanda bunu normal qəbul etdilər.

Hakimliyə gələndə evli idim, övladımın iki yaşı vardı. Həyat yoldaşım da buna heç bir etiraz etmədi. Qeyd etdiyim kimi, əvvəllər idmanla məşğul olduğumdan, heç kim hakimliyə başlamağıma pis yanaşmadı.

– Hakimlikdən əvvəl yüngül atletika və üzgüçülüklə məşğul olduğunuzu bilirik. Bu idman növləri ilə peşəkar şəkildə məşğul olmusunuz?

– Başqa idman növləri ilə də məşğul olmuşam. Ancaq atletika və üzgüçülüyə peşəkar şəkildə yanaşmışam. Bu, doğulduğum Gürcüstanda yaşadığımız vaxt olub. Buraya qayıdanda müharibə dönəminə düşdük deyə, həmin idman növlərinə ara verməli oldum.

– Atletikada təlimçi kimi fəaliyyətinizi davam etdirdiyinizi gördük. Həm təlimçi, həm hakim, həm də Rostov Cənub Federal Universitetinin İdman fakültəsinin tələbəsisiniz. Bu işləri paralel şəkildə sürdürmək problem yaratmır?

– Çatdırmağa çalışıram (gülür). İnsan öz sənətini sevəndə heç bir çətinlik, qorxu onun gözündə olmur. Artıq bir ay idi ki, siz mənim Rusiyadan gəlməyimi gözləyirdiniz. Çətin olsa da, işlərimin hamısını çatdırmağa çalışıram.

– Siz I divizion və əvəzedici komandaların çempionatında hakimlik edirsiniz...

– Son vaxtlar komandaların sayı azaldığından, artıq burada az oyunlara çıxırıq. Əslində, biz kişilərin yox, qadınların çempionatında hakimlik etməliyik. Lakin qadınların çempionatının səviyyəsi bizdə aşağı olduğundan, xarici turnirlərə gedərkən çətinlik yaşayırıq.

Buna görə rəhbərlik bizə şərait yaradıb ki, qadınların çempionatından daha üstün olan kişilərin I divizionu və əvəzedicilərində hakimlik edərək təcrübəmizi artıraq.

– Ümumiyyətlə, qadınların çempionatını idarə etmək daha asandır, yoxsa kişilərin?

– Mənim üçün kişilərin. Oyunda nə qədər sərtlik, mübarizlik, peşəkarlıq olarsa, mənə o matçı idarə etmək daha asandır. Matçın səviyyəsi aşağı olanda oyuna köklənə bilmirəm.

Qadınların çempionatında hərdən elə epizodlar olur ki, həmin pozuntular qaydalar kitabında yoxdur (gülür). Bizdə futbola aid olmayan epizodlara rast gəlmək olur.

– 28 yaşında hakimliyə başlamısınız. Bunun üçün bir qədər gec deyildi ki?

– Əslində, hakimliyə gələn insanlar həyatda öz yerini tutmuş insanlar olmalıdır. İndi kimin ürəyindən keçirsə, 16, 18, 20 yaşlarında hakimliyə gəlir. Mən bunu düzgün hesab etmirəm. 20 yaşında olan hakim yüksək liqada oynayan "avtoritet" futbolçuya nə deyə və ya onun barəsində hansı sərt qərarı verə bilər?!

Hakim artıq "bişmiş", şəxsiyyət kimi formalaşmış bir insan olmalıdır, onu meydanda futbolçular qəbul etməlidir. Nə qədər yaşın azdırsa, yaşca böyük futbolçular səni ciddiyə almayacaqlar.

– Bu sahəyə gəlişinizi maddiyyatla da bağlamaq olar?

– Yox. Mən evli idim, evim, dolanışığım vardı. Sadəcə, nə iləsə məşğul olmaq lazım idi. Mən də hakimliyi seçdim. O vaxt hakimlikdə indiki kimi qazanc yox idi. İki il hakimliyə pulsuz gəlib-getmişəm.

Uşaq oyunlarında, həvəskarlar liqasında, Bakı birinciliyində hakimlik etmişəm. Bu turnirlərdə də qonorar olmurdu. Hətta yol pulumu belə evdən götürürdüm. Anam deyirdi ki, camaat işə düzəlir, evə pul gətirir, sən işə düzəlmisən, evdən pul götürürsən (gülür).

– Hakimlikdə ilk qonorarınızın həcmini xatırlayırsınız?

– O vaxt uşaqlar üzrə keçirilən "Sabahın ulduzları" turnirində hakimlik edirdim. Səhv etmirəmsə, ilk qonorarım iyirmi "şirvan" olmuşdu. Onda mən laynsman və dördüncü hakim kimi oyunlara təyinat alırdım.

– Məndə olan məlumata görə, sizin tibb üzrə peşə təhsiliniz də var. İstəsəydiniz, bu sahə ilə də məşğul ola bilərdiniz...

– Tibb sahəsinə marağım vardı. Ancaq ora diplomum olsun deyə qəbul olmuşdum. O sahədə işləməmişəm. Amma evdə kiməsə lazım olanda iynə vura bilirəm (gülür).

– Futbolçulardan kimsə xəsarət alsa, tibb personalından əvvəl özünüzün oyunçuya kömək etdiyiniz an olub?

– Bəli. O qədər uşaq olub ki, özünü pis hiss edib, yardım etmişəm. Uşaqlar peşəkar olmadığı üçün tez zədələnirlər...

– Baş hakim, yoxsa yan xətt hakimi? Hansında özünüzü daha rahat hiss edirsiniz?

– Mənim üçün fərqi yoxdur. Ancaq yan xətt hakiminin işi mərkəzi hakimdən daha çox olur. Çünki çoxları elə bilir ki, yan xətt hakiminin işi ancaq bayraq qaldırmaq, künc nöqtəsini, autu göstərməkdir.

Düzdür, onlar baş hakim qədər qaçmırlar. Ancaq laynsmanlar baş hakimin görmədiyi məsələlərdə ona kömək etməlidir. Ən əsas yük laynsmanların üzərinə "ofsayd" məsələsində düşür.

– Bəs nəyə görə baş hakim yan xətt hakimlərindən çox pul alır?

– Yan xətt hakiminin qonorarının baş hakimdən iki dəfə az olmasına dair yanaşmanın nəyə görə olduğunu deyə bilmərəm. Amma xarici turnirlərə gedəndə baş hakimlə laynsmanın qonorarı arasında böyük fərq olmur.

– Vaxtilə FIFA dərəcəli hakim olmusunuz. İndi isə yalnız beynəlxalq dərəcəli hakimsiniz. Adınızın UEFA-ya göndərilməməsi nə ilə bağlıdır?

– Bu suala özüm də, elə rəhbərlik də cavab tapa bilmir (gülür). Mən bu sualla Xaqani Məmmədova (Hakimlər Komitəsinin sədri – S.M.) müraciət etmişəm, cavab verə bilməyib.

– Xaqani Məmmədovun dillər əzbəri olmuş "əl topu tapdı", "top əli tapdı" sözü var. Əslində, bunlardan hansı olmalıdır?

– Əslində, əllə oyun olmalıdır. Futbol ayaqla oynanılır. Top ələ, çiynə, ayağa, başa da dəyə bilər. Ancaq futbol əllə oynanılmadığı üçün bu, cərimə hesab olunur. Bununla belə, hər top ələ dəydikdə qayda pozuntusu sayılmır.

– Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiniz?

– Bu, yenə də vaxt məhdudiyyəti ilə bağlıdır. Vaxtım olanda əvvəllər çox getmişəm. Çox xoşum gəlir ki, futbola televizordan yox, məhz stadiondan baxım.

– Ötən mövsümü götürsək, hakimliyi necə dəyərləndirirsiniz? Xaqani müəllim burada yoxdur, rahat deyə bilərsiniz...

– Mənim heç kimdən qorxum yoxdur. Onun yanında sözümü həmişə demişəm. Hakimlik elə bir sənətdir ki, o, stabil deyil. Ən güclü hakim çıxıb beş oyunda super, bir oyunda isə zəif idarəçilik edə bilər.

Yəni hakim heç vaxt mükəmməl ola bilməz. Çünki o da insandır. Onun evində də problem ola bilər, hansısa çətinliklə üzləşə və nəticədə oyuna köklənə bilməyib səhv qərar verə bilər.

Məncə, ötən mövsüm üçün hakimlik pis olmayıb. Müəyyən səhvlər olub, amma ümumilikdə yaxşı idi.

– FIFA referimiz Əliyar Ağayevi Azərbaycanın Cüneyt Çakırı adlandırmaq olar?

– Mən Cüneyt Çakırı güclü hakim kimi tanımıram. Onun idarə etdiyi beynəlxalq oyunlar barədə fikrimi soruşublar. Həmişə demişəm ki, o, həmin oyunun öhdəsindən gələ bilməyib. Baxdığım matçlardan onun hələ super oyununu görməmişəm. Onun çıxışını kafi dəyərləndirirəm.

– Bu müqayisəni ona görə apardım ki, Əliyar Ağayev də Cüneyt Çakır kimi daxili oyunlarda səhvləri ilə yadda qalır...

– Bizim hakimlərə ölkədaxili oyunları idarə etmək bir az çətindir. Bu da bizim mentalitetimizlə bağlıdır. Biz bir az emosional millətik. Bəlli məsələdir ki, güclü komanda qalib gəlməlidir. Bizdə çox adam məğlubiyyəti qəbul edə bilmir. Belə olanda başlayır günahı başqasında axtarmağa.

Nadir hallarda görmüşəm ki, uduzan komanda öz səhvlərini görüb dilə gətirsin. Xaricdə belə şeylər daha peşəkardır. Komanda oynamırsa, hakim neyləsin?! Onların yerinə gedib qol vurası deyil ki...

– Kişilərin futbolunda azarkeşlərin hakimlərin ünvanına söyüş söyməsi az olmur. Belə olan halda hisslərinizi cilovlaya bilirsiniz?

– Şükür Allaha, hakimlik etdiyim bu 12 ildə hansısa komanda məndən narazı qalmayıb. Təyin olunduğum oyunlarda hələlik aşağı qiymətim olmayıb, hansısa səhvimdən komandalar uduzmayıb, nəticəyə təsir edən səhvə yol verməmişəm.

Bayaq emosional olduğumuzu qeyd etsəm də, mentalitet baxımından bizdə abır-həya da var. Azarkeşlər meydanda qadın görəndə özlərini yığışdırırlar. Başa düşürlər ki, meydanda qadın var. Ona görə də o qədər də söyüşə yol verilmir.

Şəxsən mənim ünvanıma hansısa söyüş işlədilməyib... Ümumiyyətlə, cəmi iki dəfə mənim olduğum oyunda komandalar narazılıq edib. AZAL-ın əvəzedici komandası oyunsonrası protokola qapılarına vurulan qolun oyundankənar vəziyyətdən vurulduğunu qeyd etmişdi. Lakin sonradan videoya baxıldıqdan sonra qolun təmiz olduğu üzə çıxdı.

Bir dəfə isə Qəbələdə AZAL meydan sahiblərinə 4:3 qalib gəlirdi. Sonuncu saniyələrdə cərimə meydançasının xətti üzərində pozuntu oldu. Baş hakim məndən epizodun cərimə meydançasının içərisində və ya çölündə olduğunu soruşdu.

Xəttin üzərində olduğu üçün mən də içəridə olduğunu və penalti verilməli olduğunu bildirdim. Məhz bu penalti ilə "Qəbələ" hesabı bərabərləşdirdi və oyun 4:4 başa çatdı. Onda yenə AZAL narazı qalmışdı, cərimənin olduğunu qəbul etsələr də, penalti ilə razılaşmadıqlarını bildirirdilər. Onda da oyunun videosuna baxıldıqdan sonra qərarın düzgün olduğu məlum oldu.

– Əriniz hansı sahədə işləyir?

– O, idmandan tamamilə uzaq bir sahədə çalışır. Dayım oğludur, bir yerdə böyümüşük, evlənməmişdən əvvəl mənim idmanla məşğul olduğumu bilirdi. Ona görə də heç bir problem olmayıb.

– Bildiyimə görə, futbolçu olmamısınız. Bəs futbol oynamağı bacarırsınız?

– Yox. Qoy məndən heç bir qız futbolçu inciməsin. Mənim futbol oynayan qızlardan xoşum gəlmir.

– Səbəb oğlan kimi olmalarıdır?

– Qadınlıqlarını itirirlər. Hər bir sahə ilə qadın məşğul ola bilər. Lakin qadın öz zərifliyini itirməməlidir. Heç vaxt yaddan çıxarmamalıyıq ki, biz qadınıq. Düzdür, mən də hakimlik edəndə meydana dikdaban geyinib, makiyajla çıxmıram. Amma hər şeyin öz yeri var.

Futbol oynayan qızlar həddi bilmirlər, özlərini çox kişiyə bənzədirlər, həddindən artıq çox kobudlaşırlar. Qadın həmişə gözəl, baxımlı olmalıdır. Onlar gözəlliklərini itirməməlidir. Çox təəssüf ki, futbol oynayan qızlar bunu unudurlar.

– Onda qadınlara məsləhətiniz budur ki, onları zərif saxlayan idman növləri ilə, məsələn, voleybol, karate ilə məşğul olsunlar...

– Xeyr. Onlara məsləhət görürəm ki, ümumiyyətlə, bacardıqları sənətlə məşğul olsunlar və hansı işdə olmalarından asılı olmayaraq, unutmasınlar ki, onlar qadındırlar.

– Amma qızınızı atletikaya qoymusunuz. Bu, sizin atletikada bir idmançı kimi reallaşdıra bilmədiyiniz xəyalların təsirindən irəli gəlir?

– Yox. Bunu onun özündən də soruşa bilərsiniz. Öz istəyi ilə olub. Sadəcə olaraq, mən hara getmişəmsə, özümlə aparmışam. Məşqlərə gedəndə o da maraq göstərib. Lakin hərdən dərslərə görə məşğul ola bilmir. Ona görə peşəkar səviyyədə məşğul olmur.

İstəmərəm, o mənim davamçım olsun. Bu sahədə əziyyəti dəyərləndirməyəndə insan çox pis olur. İstəmərəm ki, övladım bu çətinlikləri görsün.

– Atletikada hansı məsafəyə qaçırdınız?

– Qısa məsafələrə. Uzun məsafələrə qaçanda ürəyim üzülürdü (gülür). Mən 12-13 yaşlarımda bu idmanla məşğul olmuşam. 30-150 metr məsafələrə qaçırdım.

– Bəyəndiyiniz qadın hakim varmı?

– Elə birisi yoxdur. Amma kişilərdə perspektivli hakimlərimiz kimi Əliyar Ağayev, İnqilab Məmmədov, Ömər Paşayevi bəyənirəm...

– Rəhim Həsənov qaldı...

– O, bir az onlardan böyükdür. Rəhim artıq öz yerini tutub... Xaricdən o qədər ürəyim gedən hakim yoxdur. Amma karyerasını bitirən hakimlərdən var. İngilis Hovard Uebi bəyənirdim.

– "İdman Azərbaycan"da "Oyunun hakimi" verilişi olur. Heç o verilişdə ekspert qismində çıxış etmək üçün dəvət almısınız?

– Oradan yox, amma başqa verilişlərdən dəvət almışam. Çalışıram ki, heç kimin dəvətini yerə salmayım. Yaxınlarda AzTV-də kişi peşəsi ilə məşğul olan qadınlara dair maraqlı verilişə dəvət almışdım. Orada digər qonaqlar Sərhəd Qoşunlarının polkovniki, energetik və sürücü xanımlar idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1095   Tarix: 29 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin azarkeşlərdən ikisi həbs edildi

Türkiyədə qalmaqallı "Trabzonspor"- "Fənərbaxça" oyunundan sonra 2 nəfər həbs edilib. "Qafqazinfo" DHA-ya istinadən xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır. Bildirilib ki, hə

20 mart
.

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. "Report" milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndin

23 mart
.

Fransa millisinin futbolçusu komandanı tərk etdi - Maraqlı səbəb

Mamadu Diavara Ramazan ayında oruc tutmaq qadağasına görə Fransanın U-19 futbol yığmasını tərk edib. Qeyd olunur ki, daha əvvəl Fransa Futbol Federasiyasının prezidenti "Le Figaro" nəşrinə müsahibəsində milli komandanın tərkibində Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayı

24 mart
.

Dani Alveş azadlığa buraxıldı

Barselona məhkəməsi keçmiş braziliyalı futbolçu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayət

20 mart
.

Azərbaycanlı kikboksçu "Glory 91" yarışında iştirak edəcək

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə "Glory 91" yarışında iştirak edəcək. xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq. O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. "Glor

24 mart
.

"Qalatasaray"ın oyunu ilə bağlı qalmaqallı görüntülər ortaya çıxdı - Video

Türkiyə Süperliqasının 26-cı turunda keçirilən "Qalatasaray" – "Antalyaspor" (2-1) matçı ilə bağlı baş tutan hakim iclasının görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə adıçəkilən matçın hakimləri Abdulkadir Bitigenle Özgür Yankayanın (VAR hakimi) səh

27 mart
.

Futbolda ofsayd qaydası dəyişdirilə bilər

Futbolda ofsayd qaydası dəyişdirilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Şurası məlumat yayıb. Yeniliyə əsasən, hücum edən komandanın oyunçusu ötürmə anında bütün bədəni ilə rəqib müdafiəçini qabaqladığı təqdirdə oyundankənar vəziyyət hesab olunacaq

20 mart
.

Avropanın ən bahalı oyunçularının simvolik komandası - SİYAHI

Transfermarkt Avropanın ən bahalı oyunçularından ibarət simvolik komandasını hazırlayıb. xarici mediaya istinadla həmin komanda üzvlərini təqdim edir. Qapıçı: Dioqa Koşta 945 milyon avro, Portuqaliya). Müdafiəçilər: Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya), Ruben Diaş (80 milyon avro, Portuqaliya)

25 mart
.

Arda Gülerin yeni transfer qiyməti açıqlandı

Xəbər verdiyimiz kimi "Transfermarkt" İspaniya La Liqasında çıxış edən ən dəyərli futbolçulardan ibarət 11-i açıqlamışdı. Ölkə.az -a istinadən xəbər verir ki, Arda Güler heyətdə yer almasa da, siyahıda yer alıb. "Transfermarkt"in açıqladığı yeni siyahıda ümumilikdə 20 futbolçu ye

26 mart