XİN-dən "Euroasianet.org" saytına ETİRAZ

XİN-dən "Euroasianet.org" saytına ETİRAZAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Eurasianet.org" portalında dərc olunan məqaləyə cavab verib.

XİN-dən Sonxeber.az-a verilən məlumata görə, "Eurasianet.org" portalında avqustun 5-də jurnalist Joşua Küçeranın müəllifi olduğu "Ermənilər üçün buralar işğal olunan ərazilər deyil, vətəndir" adlı məqalə dərc edilib. Sözügedən məqalə ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Eurasianet.org" portalının redaktoruna mətbuat azadlığı və qarşı tərəfin də mövqeyinə hörmət prinsiplərini əsas tutaraq, cavab yazısı göndərsə də, redaksiya bunu dərc etməkdən imtina edib.

H.Hacıyevin sözügedən məqalə və Kəlbəcərin işğalı ilə əlaqədar cavab yazısında deyilir:

"Mən sizə 6 avqust tarixində "Eurasianet.org"un jurnalisti Coşua Kuçeranın müəllifi olduğu "Ermənilər üçün o işğal edilmiş deyil, vətəndir" adlı məqaləsi ilə əlaqədar yazıram. Məqalə Azərbaycanın Kəlbəcər rayonunun işğalından bəhs etsə də, orada yalnız bir tərəfin fikirləri əks olunub və Kəlbəcərin işğalının real mənzərini təqdim etmir.

Başqasının əmlakını zor yolu ilə oğurlamaq və sonradan onu özününkü adlandırmaq soyğunçuluqdur. Bunun başqa adı yoxdur. Bu kimi soyğunçuluq əməlinə bəraət qazandırmaq isə utancverici və ifrat qeyri-mənəvi addımdır.

Azərbaycanın Kəlbəcər rayonu Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tərkib hissəsi olaraq 1993-cü ilin aprelində işğal edilib. Bu il Kəlbəcərin faciəvi işğalının 25 illiyidir. Kəlbəcər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşir. Kəlbəcərin işğalı məqsədi ilə hücum əməliyyatı ağır silahlar, Mi-24 helikopterləri və döyüş təyyarələri istifadə edilməklə əsasən Ermənistan ərazisindən həyata keçirilib. İşğal nəticəsində Kəlbəcərin 60.000 nəfərdən çox sakini etnik təmizləməyə məruz qalıb. Kəlbəcərin işğalı nəticə etibarilə Ermənistanın işğalçı tərəf kimi müharibədə öz rolunu inkar etməsinə əsaslı şəkildə son qoydu.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır.

BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edib və ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizulu və Zəngilanı işğal etdi. Bunlar açıq şəkildə göstərir ki, Ermənistanın əsl xisləti güc vasitəsilə ərazilərin işğalı olub və bu şəkildə qalmaqda davam edir.

Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını və Əlavə Protokolları kobud şəkildə pozaraq, işğal edilmiş Kəlbəcər və digər ərazilərin demoqrafik və etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək üçün erməni əsilli şəxsləri bu torpaqlarda yerləşdirməyə çalışır. Ermənistanın həmçinin, şübhəli ofşor şirkətləri cəlb edərək aqressiv formada Kəlbəcərin mineral, o cümlədən qızıl resurslarını talan edir. Bu qəbildən olan qeyri-qanuni əməllər Cenevrə Konvensiyaları və Əlavə Protokollara görə hərbi cinayətlər hesab olunur.

Arxeologiya və etnoqrafiya elminin ən adi qaydalarına zidd olaraq, əldəqayırma erməni tarixçilər tarixi, o cümlədən Kəlbəcərdə yerləşən Qafqaz Albaniyasının xristian irsini saxtalaşdıraraq Kəlbəcəri erməni torpağı kimi təqdim etməyə çalışırlar. İstehza doğuran hal odur ki, bəzi fərdi hallar istisna olmaqla, ermənilər heç vaxt icma kimi Kəlbəcərdə yaşamayıblar. Ermənistan və erməni diaspora dairələrinin bütün ciddi cəhdlərinə baxmayaraq, Kəlbəcər şəhərində yalnız bir neçə yüz adam yaşayır və ya yaşamağa səy göstərir. Səbəb çox sadədir. Çünki Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyildir.

Məqalədə iqtibas olunan və 2000-ci ildə Kəlbəcərə gələn Aleksandr Kananyandan fərqli olaraq soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə anadan olub və 2014-cü ildə ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Hal-hazırda 70.000 nəfərdən artıq saylı olan Kəlbəcər sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayırlar. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş 16 yaşlı Turanə Həsənlinin ailəsi kimi minlərlə kəlbəcərli doğma Kəlbəcərə qayıtmağı və öz əmlaklarına sahib durmaq anını gözləyir.

Məqalədə iqtibas olunan və qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Yelena Mxtaryanın isə bütün müsəlmanları təhqir edən və müsəlman qadınlarını terroçu kimi təqdim edən açıqlaması qəbuledilməzdir və rasist bir yanaşmadır. Ermənistan-Azərbaycan münaqişəsi dini elementlər yoxdur. Azərbaycan zəngin multikulturalizm ənənələrinə malik dünyəvi və inklusiv ölkədir. Bu sırf ərazi münaqişəsidir. Ermənistan güc yolu ilə Azərbaycan ərazilərini işğal edib. Bütün siyasi, hüquqi və mənəvi arqumentlərdən məhrum olan Ermənistan tərəfi indi din amilini ortaya ataraq bu yolla öz işğalçı siyasətinə bəzi qərb dairələrinə bəraət qazandırmaq istəyir. Yelena Mxtaryana xatırlatmaq istərdim ki, Kəlbəcərdə olduğu kimi, başqasının torpağını işğal etmək, mülki insanları etnik təmizləməyə məruz qoymaq və əmlakını talamaq əsl terrordur.

Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan rejimi bu reallığı anlamadı. Ermənistanın yeni hakimiyyəti nəhayət başa düşməlidir ki, münaqişənin davamlı və uzunmüddətli siyasi həllinə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bunu etməklə Ermənistanın yeni hakimiyyəti yalnız sözdə deyil, əməldə sülhə və Ermənistanın beynəlxalq öhdəliklərinə sadiq olduğunu sübut etmək imkanı qazana bilər. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Hər bir dövlət kimi, Azərbaycan Respublikası da beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün BMT nizamnaməsində təsbit olunmuş ayrılmaz özünü müdafiə hüququndan istifadə etmək haqqını özündə saxlayır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1999   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021