"Azərbaycan tankları sərhədi keçsə..." - İrəvandan Kremlə ŞANTAJ

"Azərbaycan tankları sərhədi keçsə..." - İrəvandan Kremlə ŞANTAJAzərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Qazaxda təcili yardım maşınının atəşə tutulması silahlı qüvvələrimizin cavab tədbiri görməsinə səbəb olub və nəticədə bir erməni hərbçisi öldürülüb, ikisi yaralanıb. Ümumiyyətlə, son günlərdə düşmən ordusu iki canlı itki verib, bir neçə erməni hərbçisi isə yaralanıb. Diqqətçəkicidir ki, bu itkilər Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində qeydə alınıb.

Erməniləri ən çox hiddətləndirən də budur - erməni əsgərlərin Ermənistanda öldürülməsi. Ancaq İrəvanda anlamaq istəmirlər ki, iki ölkə arasında sərhəd də 30 ildir cəbhə xətti sayılır, ona görə ki, Qarabağ müharibəsi bitməyib, Azərbaycan və Ermənistan bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanımayıb. Başqa sözlə, Azərbaycan ərazisində işğalçı erməni qüvvələri qaldıqca ordumuz Ermənistan ərazisinə də hərbi zərbələr endirməyi özünə haqq edir. Ən azından, Bakının Ermənistanı daim gərginlik altında və blokadada saxlaması tamamilə məntiqli və qanunidir. Dünyanın heç yerində işğalçının başını tumarlamırlar. Odur ki, məlum insidentdən sonra Ermənistan ordusunun baş qərargah rəisinin sərhədin Qazax hissəsinə baş çəkmək məcburiyyətində qalması heç nəyi dəyişmir.

"Ermənistan ordusunun yalnız Qarabağ istiqamətində deyil, bütün təmas xətti boyunca problemlərini artırmaq lazımdır".

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu manevr nəticəsində baş qərargah rəisi Artak Davtyan sərhədin Qazax istiqamətinə baş çəkmək zorunda qalıb:

"İyulun 27 və 28-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində düşmən ordusunun iki əsgəri yaralanıb. Erməni general sərhəddə əməliyyat şəraiti ilə tanış olub, mühəndis işlərinin görülməsi və mövqelərin möhkəmləndirilməsi barədə göstərişlər verib. Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan sərhəddəki gərginliyi belə izah edib ki, hər iki tərəf yay aylarından istifadə edərək təmas xəttinə yaxın ərazilərdə mühəndis qurğularının gücləndirilməsinə çalışır və ona görə də ölümlə və yaralanmalarla nəticələnən toqquşmalar qeydə alınır. Bu yanaşmada həqiqət payı var. Ancaq məsələ yalnız mövqelərin gücləndirilməsi ilə əlaqəli deyil. Ermənistan hakimiyyəti anlamalıdır ki, işğal davam etdikcə onların problemi yalnız Dağlıq Qarabağda olmayacaq, Qazax və Tovuzdan başlayaraq Naxçıvana qədər sərhəddə onlara qarşı təzyiq artacaq. Bu, günün reallığıdır. Əgər Rusiya bizə müharibə yolu ilə torpaqlarımızı azad etməyə imkan vermirsə, başqa yol lokal təzyiq və harada mümkündürsə irəliləmək imkanlarını hərəkətə gətirməkdir".

******

Rusiyadan söz düşmüşkən, İrəvanda işğalçı ölkənin 1 nömrəli müttəfiqini yenə xəyanətdə və öz forpostunu layiqincə müdafiə etməməkdə suçlamağa başlayıblar. Guya nəinki Moskva, hətta "Rus NATO-su" kimi tanınan KTMT də Azərbaycanın sərhəddəki son "təxribatlarına" adekvat reaksiya verməli imiş. Amma Ermənistanın özü on illərdir yad bir ölkənin - Azərbaycanın 20% ərazisini işğal altında saxlayır və bunu normal sayır. Halbuki BMT Nizamnaməsinə görə, hər bir ölkənin öz ərazi bütövlüyünü istənilən yolla bərpa eləmək və işğalçını cəzalandırmaq hüququ var.

Maraqlıdır ki, az öncə Naxçıvan istiqamətində düşmən tərəf Ermənistana təhlükə imitasiyası yaratmaqla Rusiyanı Azərbaycana qarşı qaldırmağa cəhd eləmişdi. Ümumiyyətlə, bu taktika Nikol Paşinyan hakimiyyəti dönəmində də davam edir. İşğalçı Rusiyanın arxasında gizlənib həm işğal siyasətini davam etdirmək, həm də Azərbaycanın hərbi zərbələrindən və əsgər itkilərindən qorunmaq istəyir. Təsadüfi deyil ki, aylar öncə qərbpərəst baş nazir Nikol Paşinyan nə qədər qəribə də olsa, belə bir ifadə işlətmişdi: "Biz inanırıq ki, Rusiya Azərbaycanın müharibəni qızışdırmasına imkan verməz".

Bu təlaş sözsüz ki, işğalçı Ermənistanı Azərbaycanla müharibədə hansı aqibətin gözlədiyinin dərki ilə bağlıdır. İrəvandan olsaydı, Azərbaycanla savaşdan yayınmaq üçün Türkiyə və İranla sərhədlər kimi, Azərbaycanla sərhədi də rus əsgərlərinə həvalə edərdi ki, günün birində rus hərbçisinə qarşı təxribat təşkil edib Moskvanı Bakıya qarşı qəzəbləndirsin.

Hələliksə Azərbaycanın son adekvat cavabı nəticəsində sərhəddə erməni hərbçisinin məhv edilməsi ilə bağlı İrəvanda Kremlə qarşı növbəti isteriya başlayıb. Rusiya Bakıya qarşı "passiv davranış"da suçlanır. O Rusiya ki, silah-sursatdan tutmuş, təbii qaza kimi, hər şeyi Ermənistana daxili bazar qiymətinə verir, Ermənistanı, sadəcə, bəsləyir...

*****

"İstər KTM-nin özü olsun, istərsə də onun ayrı-ayrı üzvləri, sanki ağızlarına su alıblar, Azərbaycanın Ermənistana qarşı silahlı təcavüzünü görmürlər". "Yeni Müsavat" xəbər verir ki, bu barədə Armenianreport.com-da ermənilərin cəbhə xəttindəki son canlı itkilərinə həsr olunmuş redaksiya məqaləsində deyilir.

Azərbaycana qarşı təcavüzü görməzdən gələn erməni müəllif daha sonra yazır: "Atəşkəs rejimi dövründə biz Qarabağda Azərbaycan tərəfinin çoxsaylı "təxribatlarına" (dırnaqlar bizimdir - "YM") artıq öyrəncəli olmuşuq. Ancaq orada hər şey aydındır - bu, təmas xəttidir. Amma Azərbaycanla sərhəddə Ermənistan əsgərinin öldürülməsi bambaşqa situasiyadır. Azərilər Ermənistan ərazisində xidmət keçən hərbçiyə qarşı "təxribat" törədiblər. Məsələ əslində Ermənistandan da çox, onun təmsil olunduğu və Ermənistanı qorumalı olan KTMT-dədir. KTMT-nin bir üzvünə - Ermənistana qarşı bu blokun üzvü olmayan ölkə silahlı "təxribat" törədib. KTMT-nin nizamnaməsinə görə, təşkilat Ermənistana kömək göstərməyə borcludur. Gerçəkdə isə əksini görürük. Azərbaycanı KTMT-də müşahidəçi statusunda görməyi arzulayır, bundan ötrü təşkilatın nizamnaməsini belə dəyişirlər. Əslində Azərbaycanın hətta açıq şəkildə Ermənistana hücum edəcəyi halda KTMT-nin və ya onun hər bir üzvünün Ermənistana kömək edəcəyinə ümid eləmək axmaqlıq olardı. Azərbaycan tankları sərhədi keçsəydi belə, onlar susacaqdılar".

Məqalədə bildirilir ki, daha Ermənistanın bu blokda olmasının heç bir anlamı qalmayıb. "Amorf hərbi-siyasi təşkilat olan KTMT bizə lazım deyil, biz onlara, Putinə lazımıq. Odur ki, bir daha Paşinyan hökumətindən tələb edirik ki, Ermənistanın Putin layihələri olan KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxması yönündə təşəbbüsə başlasın. Ermənistanın özünü həm təmin, həm də müdafiə edə bilməsini Kremlə göstərməyin zamanı çatıb", - deyə müəllif sonda qeyd edib.

*****

Ermənilərin ən böyük problemi də elə budur: işğal faktı, blokada rejimi dura-dura həm ac-yalavac əhalisini saxlamaq, təmin eləmək, həm də Azərbaycandan müdafiə olunmaq. Kiminsə ağuşunda olmadan işğalçı ölkənin buna gücü, qabiliyyəti çatarmı?

Sual ritorikdir...

Siyasət   Baxılıb: 3369   Tarix: 02 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR