İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTO

İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev deyib:

- Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib:

- Çox sağ olun cənab Prezident. Bütün bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin, Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir. Bütün bunlara görə muxtar respublika sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin qayğınızla yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır.

Prezident İlham Əliyev: O dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?

Vasif Talıbov: Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur.

Prezident İlham Əliyev: Çox yaxşı. Digər vacib sahə energetikadır. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə hansı işlər görülüb və stansiyanın tikintisi ilə bağlı əlavə hansı addımlar atılmalıdır?

Vasif Talıbov: Sizin qayğınız və iştirakınızla 2005-ci il dekabrın 20-də muxtar respublikada İran İslam Respublikasından alınmış qazın açılışı həyata keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin olunubdur. Elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Siz qeyd etdiyiniz kimi, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir. Buna görə bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir, problem yoxdur. Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam etdirilir. İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlanılsın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır.

Bir də ki, yolların tikintisinə də böyük vəsait ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolu da icra edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu istiqamətdə hansı işlər görülüb və bu yolun nə vaxt istifadəyə verilməsi nəzərdə tutulur?

Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsaitlə orada işlər başlanıbdır, yolun uzunluğu 50 kilometrdir. O vaxt layihəni təsdiq edən zaman verdiyiniz tapşırığa əsasən onun 11 kilometri 2 gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə 1 gedişli-1 gəlişlidir. Artıq orada torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıbdır. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması başa çatacaq. İcazənizlə, biz üçüncü qatı qışda deyil, may-iyun aylarında qoyaq.

Prezident İlham Əliyev: Gələn ilə?

Vasif Talıbov: Bəli, yol böyüsün, otursun, may-iyun aylarında tamamilə tamamlanacaqdır.

Prezident İlham Əliyev: Beləliklə, şəhərlərarası bütün yollar artıq ən yüksək standartlara cavab verəcək.

Vasif Talıbov: Bəli, birinci dərəcəli yollar demək olar ki, tam standartlara cavab verən səviyyədə qurulur.

Prezident İlham Əliyev: Kənd yolları da tikilir, bu istiqamətə də vəsait ayrılmışdır və gələn ilin investisiya proqramında bu, nəzərə alınmalıdır.

Vasif Talıbov: Sağ olun. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına qurulmuşdur.

Prezident İlham Əliyev: Çox yaxşı. Şərur Sənaye Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsait ayrılıb və bu sahədə hansı işlər görülür? Eyni zamanda, Naxçıvanda yeni xalça fabrikinin tikintisi də nəzərdə tutulur. Bu sahədə hansı işlər görülüb? Məruzə edin.

Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıbdır, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun. Demək olar ki, bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanılacaqdır. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir.

Xalça fabrikinin qurulması işləri başa çatdırılıbdır. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi və bu sahədə hansı işlər görülüb?

Vasif Talıbov: Muxtar respublikada bu sahəyə də diqqətiniz sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur.

Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.

Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.

Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.

Vasif Talıbov: Gələn ilin büdcəsi ilə əlaqədar deyə bilərik ki, maaş artımı ilə əlaqədar büdcənin həcmi də artmışdır. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılmışdır, yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.

Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaq.
İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4301   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021