"Rəsulzadəni ilk dəfə tut yeyərkən görmüşəm" - Manaf Süleymanov

"Rəsulzadəni ilk dəfə tut yeyərkən görmüşəm" - Manaf SüleymanovManaf Süleymanov adı Azərbaycan oxucusuna "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" (Bakı, 1987) adlı kitabı ilə tanışdır. Həmin kitabda yazılan bəzi məlumatları bu gün mübahisələndirmək mümkün olsa da, Azərbaycan Cümhuriyyəti, çar Rusiyası dövrü haqqında bir çox maraqlı bilgilər orijinallığını qorumaqdadır. Bu kitabdan əlavə onun "Müsəlman dünyasında ilk xalq cümhuriyyəti" (Bakı, 1999) adlı kitabı da mövcuddur.

Manaf müəllim lahıclı olduğu üçün işğaldan sonra qısa müddət Lahıc qəsəbəsində gizlənən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında söylədikləri də olduqca maraqlıdır. 1993-cü ildə M. Süleymanov "Azərbaycan" qəzetinə (Əmir Mustafaya) maraqlı müsahibə verib. Həmin müsahibəsində o, Rəsulzadəni görməsi, onun Lahıcdakı həyatı ilə bağlı çox detallı bilgilər deyib.

Qeyd edək ki, Manaf Süleymanov 1912-ci il martın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub. 1930-cu ildə pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib, ardınca 1932-1937-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə tamamlayıb, kəşfiyyatçı-dağ mühəndisi adını alıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub.

1947-ci ildə "Azərbaycan" jurnalında "Yerin sirri" romanı dərc edilib. Ədəbi yaradıcılığını davam etdirərək ingilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələr qələmə alıb. Sovet dövründə "Fırtına" (1960), "Zirvələrdə" (1973), "Dalğalar qoynunda" (1977) kimi kitabları işıq üzü görüb. Müstəqillik illərində yuxarıda qeyd etdiyimiz kitabları ilə yanaşı "Azərbaycan diyarı Lahıc: etnoqrafik-bədii lövhələr" (1994), "Ağamusa Nağıyev" (1994), "Son bahara çatdıq" (1996), "Hacı Zeynəlabidin Tağıyev" (1996), "Şagirdlik illərim" (2001) kimi əsərləri çıxıb.

O, 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

"Kəndimizdə Müsavat Firqəsini o təsis eləmişdi"

Manaf Süleymanov müsahibəsində Lahıcda və Bakıda keçirdiyi uşaqlıq günlərindən, ilk müəllimlərindən bəhs edib:

"Mən qədimdə, elə indinin özündə də məşhur misgərləri ilə şöhrət qazanmış Lahıc qəsəbəsində tacir ailəsində dünyaya göz açmışam. Lahıc əsrin əvvəllərində yeddi para məhəllədən ibarət olub. Hər para məhəllənin öz bulağı, öz məscidi. Təxminən 10 minə yaxın əhalisi olub. Lahıcın mollaxanası, mədrəsəsi və rus dilində ibtidai məktəbi var idi. Burada ən çox xatırladığım adam Məhəmmədrza Məlikovdur. O, müəllim və tanınmış loğman idi. Xorasanda, Ərəbistanda təhsil görmüşdü. Ərəb və fars dillərini mükəmməl bilirdi. Bir gün anam mənə üç manat qızıl pul verib dedi ki, bu pulu apar ver Molla Məhəmmədrzaya, boş vaxtlarında sənə hüsn-xətt öyrətsin. O, "Min bir gecə"dən, Şərq aləmində məşhur ədiblərin əsərlərindən parçalar nəql eləyirdi. İnşa yazdırardı. Ərəb hürufatını, yazıb-oxumağı ondan öyrənmişəm. Məşhur pedaqoq Qafur Rəşad Mirzəzadə də, hansı ki, indi Bakının küçələrinin biri onun adını daşıyır, o da mənim ilk müəllimlərimdən olub. Lahıcda mənə dərs demiş Rəsul Rəhimli Müsavatın üzvü idi və kəndimizdə Müsavat Firqəsini o təsis eləmişdi. O da mənim unudulmaz müəllimlərimdən biri idi. Bakıya gələndə mənim 14-15 yaşım vardı. Şamaxı yolundakı məktəbdə təhsilimi davam etdirmişəm. Xəyalımda tez-tez andığım, anışdırdığım adamlardan biri də Səməd bəy Acalovdur. Məktəb müdirimiz idi. Çox zəhmli bir kişi idi. O, məktəbdə görünəndə uşaqlar dəhliz boyu səf-səf düzülərək divara qısılırdılar. Uşaq döyməzdi. Onun bircə sərt baxışı kifayət idi. Sultanməcid Qənizadənin bir sözü tez-tez yadıma düşür: "Müəllimin evi məktəb, varı-dövləti dərs dediyi şagirdləri, ən yaxşı istirahəti isə təshih etdiyi dəftərlərdir".

"Bu əsər atamı yandırıbdır"

Manaf müəllim məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabını necə ərsəyə gətirməsi haqqında bu bilgiləri verib:

"Roman düz 40 illik axtarışlarımın bəhrəsidir. Onu yazmaq üçün məni yasaq olunmuş dövlət arxivlərinə yaxın qoymurdular. Bu işdə tələbə yoldaşım, köhnə bakılı, o zaman SSRİ neft və qaz sənayesi naziri Baybakova müraciət elədim. O, mənə məktub verdi və onun köməyi ilə arxivlərdə gecəmi-gündüzümə qatdım. Bu əsər atamı yandırıbdır, sağlamlığımı əlimdən alıbdır. Yazıb bitirmişdim, amma mövcud rejimə görə hələlik üzə çıxara bilmirdim. Ancaq fəhmlə hiss eləyirdim ki, zaman belə qalmayacaq. 1984-cü ildə əsər "Azərbaycan" jurnalında üç çap vərəqi yarım həcmində nəşr olundu... Bilirdim ki, DTK-da MK-da millət atası Zeynalabdin Tağıyevin, Məhəmmədəmin Rəsulzadənin adlarını neçə kərə hallandırdığımın hesabını aparacaqlar. Bununla belə, ürəyimin çağırışına sadiq qaldım".

"Lahıcda Məhəmmədəminin gizləndiyi 17 ocaq tanıyıram"

Məhəmmədəmin Rəsulzadənin Lahıcda keçirdiyi günlər haqqında M. Süleymanov çox maraqlı məlumatlar bölüşüb, onu şəxsən gördüyünü ifadə edib:

"Məhəmmədəmin 1920-ci ilin iyul, avqust, sentyabr aylarında Lahıcda olubdur. Onda mən uşaq idim. 13-14 yaşım vardı. İlk dəfə onu Məşədi Ağa Şərifin bağında tut yeyən görmüşəm. Mühafizə edənləri çox idi. Əlabbas bəy Nəsrullabəyov onu evində iyirmi gündən artıq gizlədib. Onun evi bizim Zəvara məhəlləsində idi. Məhəmmədəminin yerini tez-tez dəyişirdilər. Dabbaq Məşədi Səlim onu bir ara Qoydon kəndində qohumlarının evində yerləşdirmişdi. Məhəmmədəmini ən çox Məmməd Sadıq Mirzə oğlunun uşaqları qoruyurdular. Onların əsləhələri vardı. 12 qardaş idilər. Məhəmmmədəmin Muradon məhəlləsində ana babamın evində iki həftə qalıbdır. Onu qoruyan, gizləyənlərdən biri də dəli Mahmudun oğlu Məşədi Əsəd idi. Bir gün Lahıca əlli nəfərdən artıq milis işçisi gəldi. Tökülüşüb başladılar evlərdə Məhəmmədəmini axtarmağa. Sən demə, o zaman Məhəmmədəmini lahıclılar Bədavan məscidinin minarəsində gizləyirlərmiş. Gecələrin birində onu Girdiman çayından keçirib İsmayıllıya tərəf yola saldılar. Onu ələ keçirmək üçün Lahıcdan revkomun adamları da getmişdilər. Məhəmmədəmini tutub Lahıca gətirdilər. Lahıcda Sazonov adlı bir həkim yaşayırdı. Kənddə fotoaparat təkcə onda idi. Hökumət adamları Sazonovu tapıb gətirdilər ki, ona Məhəmmədəminin şəklini çəkdirsinlər. Sazonov fotoaparatı sazlayarkən neqativ sındı. Neqativ o vədə şüşədən idi. Məhəmmədəmin ərəbcə bir ayə söylədi və "Allaha min şükür, amanda olacağıq" – dedi. Həkim fotoaparatını yenidən sazladı və bu dəfə neqativ çilik-çilik oldu. Məhəmmədəmin ərəbcə bir başqa ayə pıçıldadı: "Gedəcəyik, Allah qoysa, salamatçılıq olacaq". Onu ata mindirdilər, Lahıcdan Basqala doğru apardılar, oradan da Bakıya yola saldılar. Stalin tərəfindən xilas edilməsi faktı isə oxuculara kitabdan bəllidir. Lahıcda Məhəmmədəminin gizləndiyi düz 17 ocaq tanıyıram...".

"Sən ağzı süd qoxulu çağasan hələ"

M. Süleymanov Rəsulzadə ilə Əliheydər Qarayev arasında olan qalmaqaldan da bəhs edib:

"1920-ci ilin martın 3-də Müsavat hökuməti bolşevik firqəsinin növbəti qəsdinin üstünü açdı. Azərbaycanda Müsavat hökumətini yıxmaq üçün bolşeviklər müəyyən dəstələr düzəltmişdilər, xüsusi qərargah yaratmışdılar. Respublikada qarmaqarışıqlıq salmaq, anarxiya vəziyyəti yaratmaq məqsədilə Moskvadan Azərbaycana 17 milyon manat Nikolay pulu gətirilmişdi. Bolşeviklərə bu pul terror üçün, bir də rüşvət vermək üçün gərək imiş. Bu işə iblis Mikoyan rəhbərlik edirmiş. Müsavatı yıxmaqdan ötrü hər cür hazırlıq görülmüşdü. Xarici mərkəzlərlə də əlaqələr yaradılmışdı. Cümhuriyyət bolşeviklərin bu tələsinin üstünü açdı və parlamanda qalmaqal qopdu. Bolşevik "Hümmət" təşkilatının lideri Əliheydər Qarayev çıxışında dedi: - "Sərxoş Denikinin adamları Qarabağda erməni ordusuna kömək edir, ona qahmar durur. Müsavat hökuməti onun qarşısını almaq əvəzinə terrorçuluqla məşğuldur. Bolşeviklərə qəsdlər təşkil edir, adam öldürtdürür. Əgər bolşeviklərlə razılığa gəlsəydiniz, şura hökuməti sizi tanıyacaqdı. Gecikmədən Sovet Rusiyası ilə danışıqlar aparmaq lazımdır".

Məhəmmədəmin ayağa qalxdı və Əliheydərə sinirli-sinirli dedi: "Müsavata qarşı üsyan təşkil etmək, istər Qarabağda, istərsə də Bakıda olsun, fərqi yoxdur, mahiyyət eynidir. Üsyan təşkil edənin adı istər Əliheydər olsun, istərsə də Vartazar, ikisi də asidir. Bununla siz bolşeviklər millətin haqqını tapdalamaq istəyirsiniz. Rusiya ilə danışığa gəldikdə isə Əliheydərlə hesablaşmaq başqa şeydir, Rusiya ilə hesablaşmaq bambaşqadır". Əliheydər Qarayev dedi: "Rusiya Azərbaycan füqərayi-kasibəsinin qolundan yapışmaq istəyir. Bizim bayrağımıza qiymət vermək niyyətindədir". Məhəmmədəmin cavab verdi: "Əliheydər, bunu biz səndən yox, Çiçerinin dilindən eşitmək istərdik. Sən ağzı süd qoxulu çağasan hələ. Sənə çox şeylər qaranlıqdır"".

Qeyd edək ki, M. Süleymanov "Azərbaycan diyarı Lahıc: etnoqrafik-bədii lövhələr" kitabında da M. Rəsulzadənin Lahıcda qaldığı evlər haqqında maraqlı bilgilər verib. O qeyd edib ki, Lahıcda, demək olar ki, M. Rəsulzadəyə bütün xalq ehtiram göstərmişdi: "Elələri də vardı ki, göz görə-görə özünün, ailəsinin və böyük nəslinin məhv olmasından qorxmamışdı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1026   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Partlayış səsləri eşidiləcək - MN

31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda

31 mart
.

Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi

"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili

31 mart
.

Gənc oğlanın meyiti yaşadığı evdən tapıldı

Şəmkirdə 18 yaşlı gəncin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub

30 mart
.

Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək

Xalq artisti Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır. Axşam.az xəbər verir ki, bununla bağlı APA-ya Baş Konsulluqdan məlumat verilib. Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək. Aktyorla vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməs

29 mart
.

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat

30 mart
.

Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə

31 mart
.

Ağcabədidə qanunazid toy: Komitə məsələni NƏZARƏTƏ GÖTÜRDÜ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə -a komitədən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyət

31 mart
.

Rasim Balayevin cənazəsi gecə təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək - VİDEO+YENİLƏNİB

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi axşam, yerli vaxtla saat 22:25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq. xəbər verir ki, cənazəni gətirən təyyarənin 30 mart, saat 02:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir

29 mart
.

Şirvanda evdə partlayış - Ağır yaralı var+Video

Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanı

30 mart