Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmək ciddi vaxt itkisinə səbəb olur və gündəlik gediş-gəlişi çətinləşdirir.
Maraqlıdır ki, 13 nömrəli marşrutda interval problemi ilə bağlı 2026-cı ilin aprelində də sərnişin şikayətləri yayılıb. Həmin vaxt "BakuBus" avtobusların 7-8 dəqiqəlik intervalla hərəkət etdiyini bildirsə də, tıxacların gecikmələrə səbəb ola biləcəyini açıqlamışdı.
Mövzu ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məncə bu vəziyyətə təkcə avtobusların sayına görə qiymət vermək olmaz. Onun sözlərinə görə, sərnişin axınının günün saatlarına görə dəyişməsi, yol sıxlığı və avtobusların faktiki hərəkət intervalı birlikdə nəzərə alınmalıdır: "İctimai nəqliyyatda daha planlı xidmət qurmaq baxımından brutto müqavilə modelini müsbət addım hesab edirəm. Bu modeldə daşıyıcıya ödəniş sərnişin sayından deyil, qət edilən məsafə və xidmətin keyfiyyətindən asılı olur. Marşrut üzrə avtobusların sayı və hərəkət intervalı əvvəlcədən müəyyənləşdirildiyindən daşıyıcı sərnişin sayının azalmasına əsaslanaraq avtobusların sayını müstəqil şəkildə azalda bilməz. Qrafikə və xidmət tələblərinə əməl olunmasına nəzarət edilir, pozuntu olduqda müqavilə üzrə maliyyə tədbirləri tətbiq oluna bilər.
Modelin mühüm üstünlüyü daşıyıcını daha çox sərnişin götürməyə deyil, müqavilədə nəzərdə tutulan xidməti vaxtında və keyfiyyətlə göstərməyə təşviq etməsidir. Bu, xüsusilə sərnişin sayı gün ərzində dəyişən və gəlirliliyi aşağı olan marşrutlarda xidmətin qorunmasına kömək edə bilər. Eyni zamanda daşıyıcı üçün maliyyə planlaşdırmasını asanlaşdırır, avtobus parkının yenilənməsinə və texniki xidmətə investisiya imkanlarını artıra bilər.
Brutto müqavilə sistemi hazırda mərhələli tətbiq olunur. AYNA-nın məlumatına görə ilk olaraq 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar bu sistemə qoşulub. Digər marşrutların da mərhələli şəkildə qoşulacağı açıqlanıb. Bakıda marşrutlara cəlb olunan avtobusların sayının artırılması və avtobus zolaqlarının genişləndirilməsi də müsbət istiqamətdə atılan addımlardır. 2026-cı ilin sentyabrında xəttə çıxan avtobusların sayının 2 530-a çatdığını bildirib. 2025-ci ilin sonuna 40 küçə və prospektdə 114 kilometrdən artıq avtobus zolağı təşkil edilmişdi. Dövlət Proqramında bu şəbəkənin 160 kilometrə çatdırılması nəzərdə tutulur.
Mənim ekspert kimi qənaətim budur ki brutto müqavilə, avtobus parkının yenilənməsi və xüsusi zolaqların genişləndirilməsi birlikdə ictimai nəqliyyatı daha etibarlı etməyə real imkan yaradır" - deyə Nağıyev bildirib.
Məsələ ilə bağlı "BakuBus"a sorğu göndərilsə də, sorğumuza cavab verilməyib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Azərbaycanda yağ kəskin bahalaşdı
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi