"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA
"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər?", "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir. Qadının yaşadığı ağrı, çəkdiyi əzab, məruz qaldığı haqsızlıq bir kənara qoyulur, əsas məsələ isə başqalarının nə düşünəcəyi olur. Sanki qadının öz həyatı üzərində qərar vermək hüququ yoxdur, sanki onun taleyi insanların dili ilə ölçülür. Ən dəhşətlisi isə odur ki, bəzən qadın boşanmaq üçün ərindən yox, öz valideynlərindən icazə almağa məcbur qalır. Ərinin xəyanətini, alçaldılmağı, bəzən də zorakılığı görən qadına "öləsən də, boşanmayacaqsan" düşüncəsi ilə yanaşmaq ailəni qorumaq deyil, insanın həyatını başqalarının hökmünə təslim etməkdir.
Sonra qadın öldürüləndə hamı faciədən danışır, amma ondan əvvəl qadının kömək çağırışlarına niyə məhəl qoyulmadığını, onu çıxış yolu axtarmaqdan kimin çəkindirdiyini soruşan az olur. Bir insanın həyatı camaatın söz-söhbətindən daha dəyərsizdirmi?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətinin problemi odur ki, qanun yalnız hadisə baş verəndən sonra işləyir, halbuki təhlükə yarananda da işləməlidir. Onun sözlərinə görə, hadisənin baş verməsinə zəmin yaradan səbəblərdən biri də, elə sadaladığınız ailə- məişət verilişləri də daxildir: "Belə ki, bu cür verilişlər insanların beynində zorakılığı normallaşdıran psixoloji mexanizmi işə salır. Qadın yalnız döyüldükdən, xəsarət aldıqdan və ya ağır psixoloji travma keçirdikdən sonra müdafiə axtarmağa məcbur qalmamalıdır. Hüquqi müdafiə təhlükə yaranan andan əlçatan olmalıdır. Ailədə baş verən şiddət, zorakılıq, psixoloji basqı çox zaman hüquq tərəfindən " ailənin şəxsi məsələsi" kimi qəbul olunmasıdır. Söhbət insanın fiziki təhlükəsizliyindən, ləyaqətindən və hüquqlarından gedir. Əgər ölkədə bir qadın şikayət etməyə çəkinirsə, yaxud şikayət etdikdən sonra yenidən zorakılığa məruz qalacağından qorxursa, əgər onun gedəcək yeri yoxdursa, əgər ailəsi onu geri qayıtmağa məcbur edirsə, deməli, ölkədə müdafiə sistemi yalnız kağız üzərində mövcuddur. Valideyn qızına "boşanma, el nə deyər?" deyirsə, bu cür ənənə adı altında insanın hüquqları məhdudlaşdırılır. Heç bir ailənin nüfuzu insanın həyatından üstün deyil.
Qadın haqlarının önə çıxarılması və təbliğatı üçün, təhsildə uşaqlara kiçik yaşlarından öyrədilməlidir ki, mübahisə zorakılıq hüququ vermir, kişi olmaq üstünlük hüququ demək deyil və qadının sərhədlərinə hörmət etmək zəiflik deyil. Televiziya və radio verilişlərində sıx-sıx qadın haqlarının üstünlüyünə dair peşəkar standartlar hazırlanmalıdır. Nəhayət, cəmiyyət anlamalıdırlar ki, ailəni qorumaq qadını zorakılığa dözməyə məcbur etmək demək deyil.Televiziya verilişlərində istər qonaq qismində, istər vəkil və hüquqşünas kimi iştirak edən şəxslərin, eləcə də aparıcıların reytinq naminə provokativ mövzulara müraciət edərkən səsləndirdikləri fikirlərə ciddi nəzarət edilməlidir. "Qadın dözməlidir", "qadın dilini şirin etməlidir" kimi ifadələrlə qadını susmağa, haqsızlığa boyun əyməyə təşviq edən, qadına qarşı zorakılığı dolayı yolla normallaşdıran çıxışlara görə yüksək məbləğdə cərimələr nəzərdə tutulmalıdır. İctimai nüfuza malik şəxslər efirdə səsləndirdikləri fikirlərə görə məsuliyyət daşımalı, qadının ləyaqətini alçaldan və zorakılığı əsaslandıran ritorikaya qarşı aydın hüquqi və etik mexanizmlər tətbiq edilməlidir.
Qadına "dilini dinc saxla" deməklə cəmiyyət sakitləşmir. Sadəcə,haqsızlığın səsi kəsilir. Azərbaycan cəmiyyətində ən qəribəsi odur ki, qadın öldürüləndə, qadına qarşı şiddət olanda, niyə qadından səbir, güzəşt və susmaq tələb edilir, amma zorakılıq edən şəxsdən öz davranışına görə məsuliyyət tələb etmək ikinci plana keçir? Bu cür hallar davam etdiyi müddətcə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması çətin olacaq. Çünki cəmiyyət hələ də ötən əsrlərin təfəkküründən və köhnəlmiş qaydalarından tam şəkildə uzaqlaşa bilmir. Qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə yanaşı, qadına qarşı zorakılığı normallaşdıran düşüncə tərzi də dəyişməlidir. Çünki inkişaf yalnız iqtisadi göstəricilərlə deyil, insan hüquqlarına, ləyaqətinə və azadlığına göstərilən münasibətlə ölçülür".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət