Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edən şagirdlər öyrənmə prosesinin əsas mərhələlərini keçməyə bilərlər.
Nəticədə tapşırıq yerinə yetirilsə də, şagirdin mövzunu nə dərəcədə mənimsədiyi, müstəqil düşünmək və fikrini əsaslandırmaq qabiliyyətinin necə formalaşdığı sual altında qalır. Bu tendensiya süni intellektin təhsil prosesində istifadəsi ilə yanaşı, şagirdlərin məsuliyyəti, müəllimlərin qiymətləndirmə üsulları və ev tapşırıqlarının real təhsil məqsədi barədə də müzakirələri zəruri edir.
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, bu gün şagird və tələbələrin bir çoxu tapşırıqlarını yerinə yetirərkən süni intellektdən istifadə edir. Əslində, burada narahatlıq doğuran süni intellektin özü deyil, ondan necə istifadə olunmasıdır. Əgər şagird hər hansı bir mövzunu öyrənmək, çətinlik çəkdiyi məqamları anlamaq üçün bu texnologiyadan yararlanırsa, bu, faydalı yanaşmadır. Ancaq tapşırığı olduğu kimi süni intellektə yazdırıb heç bir araşdırma aparmadan müəllimə təqdim edirsə, artıq burada öyrənmə prosesi ciddi şəkildə zərər görür. Ən böyük təhlükə şagirdin düşünmək əvəzinə hazır cavaba alışmasıdır.Çünki təhsil yalnız tapşırığın düzgün cavabını tapmaqdan ibarət deyil. Əsas məqsəd uşağın düşünməyi, araşdırma aparmağı, sual verməyi, səhvlərini görməyi və müstəqil qərar verməyi öyrənməsidir. Bütün bunları süni intellektin öhdəsinə buraxdıqda şagird zahirən tapşırığı yerinə yetirmiş olur, amma mövzunu həqiqətən mənimsəmir.
Məsələn, şagird inşa yazısını süni intellektə hazırladıb olduğu kimi köçürə bilər. Müəllim həmin işi yüksək qiymətləndirə də bilər. Lakin şagirddən eyni mövzu haqqında öz fikirlərini şifahi şəkildə izah etməsi istənildikdə çətinlik çəkə bilər. Deməli, ortaya nəticə qoyulub, amma həmin nəticənin arxasında real bilik və bacarıq formalaşmayıb. Bu hal davamlı xarakter aldıqda şagirdin müstəqil yazı yazmaq, fikrini ifadə etmək və problem həll etmək bacarıqları zəifləyə bilər.
Tələbələr üçün də vəziyyət fərqli deyil. Universitetdə əsas məqsəd yalnız diplom almaq deyil, seçilən ixtisas üzrə peşəkar bilik və bacarıqlar qazanmaqdır. Əgər tələbə kurs işlərini, təqdimatlarını, tədqiqatlarını və digər tapşırıqlarını daim süni intellektə həvalə edirsə, gələcəkdə iş həyatında həmin bilikləri tətbiq etməkdə çətinlik çəkə bilər. Çünki əmək bazarında yalnız hazır məlumat təqdim etmək deyil, onu təhlil etmək, düzgün nəticə çıxarmaq və real problemləri həll etmək bacarığı tələb olunur.
Digər mühüm məsələ süni intellektin hər zaman doğru məlumat verməməsidir. Bəzən inandırıcı görünən, lakin yanlış faktlar, mövcud olmayan mənbələr və səhv izahlar təqdim edə bilir. Şagird və tələbə bu məlumatları yoxlamadan qəbul etdikdə yanlış biliklər formalaşır. Buna görə də süni intellektdən istifadə edən hər bir gəncdə məlumatı yoxlamaq və mənbələri müqayisə etmək vərdişi olmalıdır.
Məncə, ən düzgün yanaşma əvvəlcə tapşırığı özünün həll etməyə çalışmaq, çətinlik çəkdiyi hissələrdə isə süni intellektdən kömək almaqdır. Məsələn, hazır inşa yazdırmaq əvəzinə mövzunun izahını istəyə, həllini bilmədiyi məsələnin mərhələlərini öyrənə, yazdığı mətnin səhvlərini müəyyənləşdirə və öz fikirlərini daha aydın ifadə etməyi öyrənə bilər. Bu zaman süni intellekt işi onun əvəzinə görən vasitə deyil, öyrənməsinə dəstək olan köməkçiyə çevrilir.
Eyni zamanda, şagird və tələbələr süni intellektin təqdim etdiyi cavabları təhlil etməli, onları dərsliklər və etibarlı mənbələrlə müqayisə etməli, əldə etdikləri məlumatı öz sözləri ilə izah etməyi bacarmalıdırlar. Əgər bir tələbə süni intellektin köməyi ilə hazırladığı işi öz sözləri ilə izah edə bilmirsə, deməli, həmin mövzunu yenidən öyrənməyə ehtiyacı var.
Burada müəllimlərin və valideynlərin üzərinə də müəyyən məsuliyyət düşür. Şagirdlərə yalnız süni intellektdən istifadə etməməyi demək kifayət deyil. Onlara bu texnologiyadan necə faydalanmağı, məlumatı necə yoxlamağı və öz düşüncələrini necə inkişaf etdirməyi öyrətmək lazımdır. Müəllimlər də qiymətləndirmə zamanı yalnız təqdim olunan hazır işə deyil, şagirdin mövzunu nə dərəcədə anladığına, suallara necə cavab verdiyinə və müstəqil düşünmə bacarığına diqqət yetirməlidirlər.
Süni intellekti təhsildən kənarda saxlamaq artıq real yanaşma deyil. Əsas məsələ gənclərə bu texnologiyadan şüurlu istifadə etməyi öyrətməkdir. Çünki gələcəkdə uğur qazananlar süni intellektdən ən çox istifadə edənlər deyil, onun imkanlarından yararlanaraq öz bilik və bacarıqlarını inkişaf etdirənlər olacaq. Unutmayaq ki, süni intellekt tapşırığı bizim əvəzimizə həll edə bilər, amma həmin tapşırıq vasitəsilə qazanmalı olduğumuz biliyi bizim əvəzimizə mənimsəyə bilməz.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA