Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri

Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri25 oktyabr - Qubadlı şəhəri günü Azərbaycanın müasir tarixində mühüm yer tutan, milli yaddaşımızda qələbə və qayıdış rəmzinə çevrilən əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə başlayan yeni mərhələ bu gün bərpa, quruculuq və gələcək inkişaf prosesləri ilə davam edir. Vaxtilə işğal nəticəsində dağıntılara məruz qalmış, əhalisi doğma yurdlarından ayrılmış rayon indi müasir yaşayış məntəqələrinin salınması, nəqliyyat və enerji infrastrukturunun qurulması, iqtisadi potensialının yenidən reallaşdırılması istiqamətində mühüm dəyişikliklər yaşayır. Prezident İlham Əliyevin Qubadlının azad edilməsinin tarixi əhəmiyyəti haqqında söylədiyi fikirlər bu günün mahiyyətini aydın ifadə edir: "Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı". Bu fikirlərdə həm tarixi ədalətin bərpası, həm doğma torpaqların əsl sahiblərinə qaytarılması, həm də gələcəyə istiqamətlənən dövlət siyasətinin əsas məqsədi əks olunur. Qubadlının azad edilməsi ilə rayonun inkişafı üçün siyasi və hərbi şərait yarandı. Sonrakı mərhələdə əsas vəzifə bu qələbəni real sosial-iqtisadi nəticələrlə möhkəmləndirmək, insanların doğma torpaqlarında təhlükəsiz və firavan həyat qurmasını təmin etmək oldu.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadratkilometr ərazini əhatə edən rayon dağlıq relyefi, çay vadiləri, meşələri və təbii sərvətləri ilə seçilir. Həkəri və Bərgüşad çayları, onların qolları, məhsuldar düzənliklər və dağətəyi sahələr Qubadlının təbii-coğrafi xüsusiyyətlərini müəyyənləşdirir. İşğaldan əvvəl Qubadlıda kənd təsərrüfatı və heyvandarlıq iqtisadiyyatın əsas istiqamətləri idi. Taxılçılıq, tütünçülük, üzümçülük və bostançılıq əhalinin məşğulluğunda mühüm rol oynayırdı. "Yazı düzü", "Gəyən" və "Məzrə" kimi ərazilərin münbit torpaqları kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Rayonun 79 812 hektarlıq torpaq fondu, meşə sahələri və müxtəlif faydalı qazıntı yataqları onun iqtisadi imkanlarının genişliyini göstərir. Lakin 1993-cü ildə baş vermiş işğal rayonun normal inkişafını dayandırdı. Yaşayış evləri, sosial obyektlər, mədəniyyət müəssisələri, kənd təsərrüfatı obyektləri və mühəndis-kommunikasiya infrastrukturu dağıdıldı. Rayonun əhalisi doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Beləliklə, Qubadlı uzun illər ərzində öz təbii və iqtisadi potensialını reallaşdırmaq imkanından məhrum edildi. 2020-ci ildə şəhərin azad olunması bu vəziyyətin dəyişməsi üçün əsas yaratdı.

Azərbaycan dövləti qarşısında indi iki mühüm vəzifə dayanırdı: işğal nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək və rayonun gələcək inkişafını müasir planlaşdırma prinsipləri əsasında təşkil etmək. Bu baxımdan Qubadlının yenidən qurulması sadəcə əvvəlki tikililərin bərpası kimi qiymətləndirilə bilməz. Qarşıya qoyulan məqsəd müasir yaşayış standartlarına uyğun şəhər mühiti yaratmaq, mühəndis-kommunikasiya sistemlərini yeniləmək, nəqliyyat əlaqələrini yaxşılaşdırmaq və insanların iqtisadi fəallığı üçün yeni imkanlar formalaşdırmaqdır.

Qubadlının gələcək inkişafında mühüm mərhələlərdən biri şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il sentyabrın 9-da "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiqləyib. Baş plan şəhərin uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm sənəddir. Belə planlaşdırma yaşayış məntəqələrinin genişlənməsinin, mühəndis-kommunikasiya şəbəkələrinin qurulmasının, nəqliyyat əlaqələrinin və sosial infrastrukturun əlaqələndirilmiş şəkildə təşkilinə imkan verir. Qubadlı kimi işğaldan azad edilmiş ərazilərdə şəhərsalma məsələləri xüsusi məsuliyyət tələb edir. Çünki burada yalnız mövcud ehtiyaclar deyil, gələcək əhali artımı, iqtisadi fəaliyyətin genişlənməsi və ərazinin uzunmüddətli inkişaf perspektivləri də nəzərə alınmalıdır. Şəhərin inkişafına dair qərarlar onun coğrafi mövqeyi, relyefi, təbii sərvətləri və ətraf yaşayış məntəqələri ilə əlaqələri ilə uzlaşdırılmalıdır. Baş planın əhəmiyyəti ondan ibarətdir ki, şəhərin yenidən qurulması ayrı-ayrı layihələrin məcmusu kimi deyil, vahid inkişaf yanaşması əsasında həyata keçirilə bilər. Yaşayış binaları, təhsil və səhiyyə müəssisələri, inzibati obyektlər, yollar və enerji sistemləri bir-birini tamamlayan infrastruktur elementləridir. Müasir şəhər mühitinin yaradılması həm də sakinlərin gündəlik ehtiyaclarının nəzərə alınmasını tələb edir. İnsanların yaşayış yerindən məktəbə, səhiyyə müəssisəsinə, iş yerinə və digər xidmətlərə rahat çıxış imkanları şəhərin həyat keyfiyyətinə birbaşa təsir göstərir. Bu baxımdan Qubadlının gələcək inkişafı yalnız tikinti göstəriciləri ilə deyil, yaradılan yaşayış mühitinin funksionallığı ilə də qiymətləndirilməlidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsində enerji infrastrukturu əsas prioritetlərdən biridir.

Elektrik enerjisinin etibarlı təchizatı yaşayış məntəqələrinin fəaliyyətini, sənaye və kənd təsərrüfatının inkişafını, sosial xidmətlərin göstərilməsini təmin edən mühüm amildir. Qubadlıda bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biri 2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq "Qubadlı" yarımstansiyasının istifadəyə verilməsi olub. Yarımstansiyanın yaradılması rayonun elektrik təchizatının yenidən qurulması və Azərbaycan enerji sisteminə qoşulması baxımından mühüm əhəmiyyət daşıyır. Layihə çərçivəsində Füzuli rayonundakı "Şükürbəyli" yarımstansiyasından Cəbrayıl yarımstansiyasına giriş-çıxış bağlantıları ilə 76 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq "Qubadlı-1" və "Qubadlı-2" elektrik verilişi xətləri çəkilib. Bununla rayonun dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün mühüm texniki baza yaradılıb. Yeni xətlər boyunca ildırımdan mühafizə sistemləri və yarımstansiyalar arasında informasiya mübadiləsini təmin edən fiberoptik kabel də quraşdırılıb. Bu, layihənin əhəmiyyətini daha da artırır. Beləliklə, enerji infrastrukturunun qurulması ilə yanaşı, sürətli internet bağlantısı üçün də texniki imkanlar yaradılıb. Müasir dövrdə rəqəmsal bağlantı yaşayış məntəqələrinin inkişafının ayrılmaz hissəsidir. İnternetə çıxış təhsil, informasiya əldə etmək, sahibkarlıq, elektron xidmətlər və idarəetmə prosesləri üçün geniş imkanlar yaradır. Buna görə də enerji və rabitə infrastrukturunun paralel şəkildə qurulması Qubadlının gələcək inkişafına uzunmüddətli töhfə verə bilər.

Rayonun gələcək elektrik enerjisi tələbatına dair proqnozlar da inkişaf perspektivlərinin genişliyini göstərir. İşğaldan əvvəl əhalisi 38 mindən çox olan Qubadlıda ümumi tələbat 12 meqavat təşkil edirdi. Gələcəkdə 47 mindən çox insanın məskunlaşması proqnozlaşdırıldığından 2040-cı ildə elektrik enerjisinə tələbatın 38 meqavatı ötəcəyi gözlənilir. Bu göstəricilər enerji infrastrukturunun gələcək inkişaf ehtiyaclarına uyğun qurulmasının vacibliyini göstərir. Əhalinin artması, yeni yaşayış binalarının istifadəyə verilməsi və iqtisadi fəaliyyətin genişlənməsi enerji sisteminə olan tələbatı artıracaq. Buna görə də enerji təchizatının etibarlılığı Qubadlının uzunmüddətli inkişafının əsas şərtlərindən biri olacaq.
Qubadlı şəhərinin dirçəldilməsi prosesində yaşayış infrastrukturunun yaradılması xüsusi yer tutur. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə cari ilin iyunun 16-da başlanılıb. Layihə doğma torpaqlara qayıdışın təşkil edilməsi və şəhər həyatının yenidən formalaşdırılması baxımından mühüm mərhələdir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda ümumilikdə 176 mənzil yerləşəcək. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlı layihələndirilib. Təqdim olunan məlumata görə, kompleksin 21 binası və 176 mənzili üzrə bünövrə işləri tamamlanıb. İlk yaşayış məhəlləsinin inşası Qubadlıda yeni şəhər mühitinin formalaşdırılmasının başlanğıcıdır.

Bu layihənin əhəmiyyəti yalnız mənzil fondunun yaradılması ilə məhdudlaşmır. Yaşayış kompleksinin ətrafında zəruri xidmətlərin və ictimai həyatın inkişafı üçün də imkanlar yaranacaq. İnsanların öz doğma yurdlarına qayıtması üçün yaşayış evlərinin tikilməsi vacib olsa da, bu prosesin uğuru daha geniş amillərdən asılıdır. Ailələrin gündəlik həyatını təmin edən xidmətlərin, sosial infrastrukturun, nəqliyyat əlaqələrinin və iqtisadi imkanların yaradılması da eyni dərəcədə əhəmiyyətlidir. Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin qurulması gələcəkdə digər infrastruktur layihələri ilə əlaqəli şəkildə davam etdirilməlidir. Şəhərin dayanıqlı inkişafı üçün yaşayış sahələrinin inzibati obyektlər, təhsil və səhiyyə müəssisələri, yollar və mühəndis-kommunikasiya şəbəkələri ilə uzlaşdırılması vacibdir. Beləliklə, ilk yaşayış məhəlləsi Qubadlının yenidən məskunlaşması üçün konkret zəmin yaradır. Bu, işğal dövründə dağıdılmış həyatın bərpası və şəhərin yeni inkişaf mərhələsinə qədəm qoymasının mühüm göstəricisidir.

Qubadlı rayonunun gələcək inkişafı yalnız şəhərin bərpası ilə məhdudlaşmır. Kənd yaşayış məntəqələrinin yenidən qurulması və kənd təsərrüfatı potensialının reallaşdırılması da Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. Bu baxımdan Mahruzlu və Zilanlı kəndlərində aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Hər iki kənd üzrə yaşayış məntəqələrinin yenidən qurulması, evlərin inşası və gələcək məskunlaşmanın təşkili planlaşdırılıb. Qubadlı şəhərindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar sahədə 190 evin tikintisi nəzərdə tutulub. İlkin mərhələdə burada 836 sakinin məskunlaşması planlaşdırılır. Mahruzlu kəndinin yenidən qurulması kənd həyatının bərpası üçün mühüm addımdır. Kəndlərdə məskunlaşmanın təşkili insanların doğma ərazilərinə qayıtmasına, yerli təsərrüfat ənənələrinin bərpasına və kənd təsərrüfatının inkişafına şərait yarada bilər. Bunun üçün yaşayış evləri ilə yanaşı, gündəlik xidmətlərin əlçatanlığı və təsərrüfat fəaliyyəti üçün imkanların yaradılması da vacibdir. Qubadlı şəhərindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən sahəsi isə 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Gələcəkdə kənddə 630 ailənin, ümumilikdə 2 520 nəfərin yaşaması planlaşdırılıb. Zilanlı və Mahruzlu layihələri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşmanın mərhələli şəkildə həyata keçirilməsinin əhəmiyyətini göstərir.

Bu yanaşma kəndlərin ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsinə, infrastrukturun planlı şəkildə qurulmasına və yaşayış məntəqələrinin gələcək inkişafının əlaqələndirilməsinə imkan verir. Kəndlərin yenidən qurulması həm də Qubadlının iqtisadi potensialının dirçəldilməsi baxımından vacibdir. Ərazinin münbit torpaqları, otlaq sahələri və kənd təsərrüfatı ənənələri gələcəkdə əkinçilik və heyvandarlığın inkişafına şərait yarada bilər. Bu sahələrdə təsərrüfat fəaliyyətinin genişlənməsi yerli məşğulluğun artmasına və ailələrin gəlir imkanlarının yaxşılaşmasına töhfə verə bilər. Qubadlının inkişafı üçün yol infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Müasir yollar yaşayış məntəqələri arasında əlaqəni yaxşılaşdırmaqla yanaşı, insanların sosial xidmətlərə çıxışını, kənd təsərrüfatı məhsullarının daşınmasını və iqtisadi fəaliyyətin genişlənməsini təmin edir. Prezident İlham Əliyevin tapşırığı ilə Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Bu layihə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynamaq potensialına malikdir. Uzunluğu 28,5 kilometr olan Qubadlı-Eyvazlı avtomobil yolu iki zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir. Yol Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazilərindən keçir. Bu yaşayış məntəqələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması rayonun ümumi inkişafına müsbət təsir göstərə bilər. Yol infrastrukturu xüsusilə kənd təsərrüfatının inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Məhsulun bazarlara vaxtında çatdırılması, təsərrüfatların təchizatı və kənd sakinlərinin müxtəlif xidmətlərdən istifadə etməsi rahat nəqliyyat əlaqələrindən asılıdır. Bu baxımdan yeni yol layihələri gələcəkdə Qubadlının kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətinin genişlənməsinə dəstək verə bilər. Digər mühüm layihə yeni Qubadlı-Laçın avtomobil yoludur. Prezident İlham Əliyev 2023-cü il sentyabrın 5-də bu yolun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın yolunun layihələndirilməsi və tikintisi məqsədilə 2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb. Bu layihələr Qubadlının nəqliyyat əlaqələrinin inkişafı və rayonun ətraf ərazilərlə bağlantılarının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Nəqliyyat şəbəkəsinin genişlənməsi ərazidə iqtisadi fəaliyyət üçün daha əlverişli şərait yarada, yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsini möhkəmləndirə bilər.
Qubadlının uzunmüddətli iqtisadi inkişafı üçün mövcud təbii sərvətlərin və torpaq ehtiyatlarının səmərəli istifadəsi vacibdir. Rayonun kənd təsərrüfatı ənənələri, məhsuldar düzləri, otlaq sahələri və meşələri iqtisadi fəaliyyətin müxtəlif istiqamətlərini inkişaf etdirmək üçün imkanlar yaradır. İşğaldan əvvəl rayonun torpaq fondunun mühüm hissəsi əkin, örüş-otlaq və meşə sahələrindən ibarət idi. Taxılçılıq, tütünçülük, üzümçülük, bostançılıq və heyvandarlıq Qubadlı təsərrüfatının əsas istiqamətləri sırasında yer alırdı. Bu ənənələrin müasir texnologiyalar və səmərəli təsərrüfat üsulları əsasında bərpası gələcək iqtisadi inkişafın istiqamətlərindən biri ola bilər. Rayonun təbii sərvətləri arasında müxtəlif tikinti materiallarının yataqları da mövcuddur. Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf, Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində isə əqiq yataqları qeyd olunur. Bu sərvətlərin iqtisadi əhəmiyyəti onların səmərəli, qanunvericiliyin tələblərinə uyğun və ekoloji məsuliyyət prinsipləri əsasında istifadəsindən asılıdır.

Təbii ehtiyatların mövcudluğu özlüyündə iqtisadi inkişafı təmin etmir. Bunun üçün infrastruktur, investisiya, texnologiya, ixtisaslı kadrlar və bazarlara çıxış imkanları da nəzərə alınmalıdır. Kənd təsərrüfatının inkişafı da eyni yanaşma tələb edir. Əkinçilik və heyvandarlıqla yanaşı, məhsulların emalı, saxlanması və daşınması üçün imkanların yaradılması yerli iqtisadiyyatın daha dayanıqlı olmasına kömək edə bilər. Bu istiqamətdə gələcək təşəbbüslər Qubadlının ənənəvi təsərrüfat potensialının müasir iqtisadi tələblərlə uzlaşdırılmasına şərait yaradar. İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi təhlükəsizlik və dövlət nəzarəti məsələləri ilə sıx bağlıdır. Qubadlı rayonunun coğrafi mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2021-ci il oktyabrın 27-də rayon ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradılıb. Postun yaradılmasında gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, eləcə də gömrük nəzarətinin həyata keçirilməsi məqsədləri əsas götürülüb. Bu cür institusional mexanizmlər işğaldan azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin və qanunun aliliyinin təmin olunmasının vacib elementləridir. Ərazidə təhlükəsizlik mühitinin möhkəmləndirilməsi, sərhəd nəzarətinin təşkili və dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi bərpa-quruculuq prosesinin davamlılığı üçün əhəmiyyətlidir.

Qubadlının gələcək inkişafı yalnız tikinti və iqtisadi layihələrdən deyil, eyni zamanda, sabit və təhlükəsiz mühitin qorunmasından asılıdır. Bu baxımdan dövlət nəzarətinin gücləndirilməsi, infrastrukturun qurulması və sosial-iqtisadi həyatın bərpası bir-birini tamamlayan istiqamətlərdir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qubadlıya səfərləri rayonun bərpası və inkişafı ilə bağlı görülən işlərin ardıcıllığını nümayiş etdirir. 2020-ci il dekabrın 23-də şəhərdə Azərbaycan bayrağının ucaldılması dövlət suverenliyinin bərpasını ifadə edən mühüm hadisə oldu. 2021-ci il oktyabrın 25-də Prezident Qubadlıda Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak edib, "Qubadlı" yarımstansiyasının açılışına qatılıb və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Bu tədbirlər yol infrastrukturu, enerji təchizatı və təhlükəsizlik məsələlərinin rayonun inkişafında mühüm yer tutduğunu göstərirdi. 2022-ci il oktyabrın 19-da "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanışlıq keçirilib, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi baş tutub. Bu layihələr enerji və su təsərrüfatının gələcək inkişafı baxımından əhəmiyyət daşıyır. 2023-cü il mayın 4-də isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdin təhsil alacağı tam orta məktəb binasının və 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimləri keçirilib. Həmin səfər çərçivəsində Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməli qoyulub. Bu layihələr Qubadlının gələcək inkişafında yaşayış, təhsil, səhiyyə, idarəetmə və kəndlərin yenidən qurulmasının birlikdə nəzərdə tutulduğunu göstərir.

İnsanların doğma yurdlarına qayıtması üçün məhz bu sahələrin paralel inkişafı vacibdir. Qubadlının yenidən qurulması dövlətin uzunmüddətli inkişaf siyasətinin tərkib hissəsidir. Burada həyata keçirilən layihələr ərazinin gələcək məskunlaşmasına, sosial-iqtisadi potensialının bərpasına və insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
25 oktyabr - Qubadlı şəhəri günü tarixi qələbənin xatırlanması ilə yanaşı, rayonun gələcək inkişafına nəzər salmaq üçün də mühüm fürsətdir. 2020-ci ildə şəhərin işğaldan azad edilməsi Qubadlının həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu gün həmin mərhələ konkret bərpa-quruculuq layihələri, infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin yenidən qurulması ilə davam edir. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqi, ilk yaşayış məhəlləsinin inşası, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, elektrik enerjisi təchizatının gücləndirilməsi və avtomobil yollarının tikintisi rayonun gələcəyinin planlı şəkildə formalaşdırılmasına xidmət edir. Bununla yanaşı, Qubadlının davamlı inkişafı üçün iqtisadi fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı potensialının reallaşdırılması, sahibkarlıq imkanlarının yaradılması, sosial xidmətlərin təşkili və rəqəmsal bağlantıların inkişafı da mühüm əhəmiyyət daşıyacaq. Bütün bu istiqamətlərin uzlaşdırılması rayonun yalnız yenidən qurulmasına deyil, burada uzunmüddətli və dayanıqlı həyatın formalaşmasına imkan verəcək.

Qubadlıda aparılan işlərin ən mühüm nəticəsi doğma torpaqlarda həyatın yenidən canlandırılmasıdır. Yaşayış evlərinin tikilməsi, yolların çəkilməsi, enerji və rabitə infrastrukturunun qurulması insanların qayıdışı üçün zəruri şərait yaradır. Qarşıdakı mərhələdə bu imkanların real sosial-iqtisadi nəticələrə çevrilməsi əsas məqsədlərdən biri olaraq qalacaq. Qubadlı Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixində şərəfli səhifədir. Yeni Qubadlının qurulması isə həmin qələbənin gələcəyə yönəlmiş davamıdır. 25 oktyabr bu baxımdan həm keçmişə ehtiram, həm bu gün görülən işlərin qiymətləndirilməsi, həm də gələcəyə inam günüdür. Qubadlının dirçəlişi Azərbaycan dövlətinin quruculuq iradəsinin, xalqımızın doğma torpaqlara bağlılığının və Böyük Qayıdış məqsədinin mühüm ifadəsidir.

Milli Məclisin deputatı
Şahin Seyidzadə


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 425   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Hindistan münasibətlərində yeni mərhələ başlaya bilər

Hindistanın Azərbaycanla daha geniş əməkdaşlıq imkanları axtarması müsbət addımdır. Azərbaycan regionun aparıcı ölkələrindən biri kimi geniş iqtisadi, nəqliyyat və enerji imkanlarına malikdir. Bu baxımdan, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı maraqlara xidmət edə bilər. Bu fikirlər

23 oktyabr
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

22 oktyabr
.

Netanyahu İran xalqına müraciət edərək onların hüquqlarını dəstəkləyəcəyinə söz verib

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək ölkə vətəndaşlarının əsas hüquqlarını və təhlükəsizliyini müdafiə etmək niyyətində olduğunu bəyan edib. xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsində fars dilində paylaşdığı müraciətdə iranlıların ona göndərdikləri məktublar

23 oktyabr
.

Türkiyədə hakim partiya təmsilçilərinin açıqlamaları Azərbaycanla münasibətlərə təsir edir

"Türkiyədən sosial media platformalarında Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan çıxışlar səsləndirildi. Əvvəlcə Türkiyə sosial mediasında başlayan bu proses bəzi insanlar tərəfindən ayrı-ayrı şəxslərin həvəskar və ya özbaşına addımları kimi qiymətləndirilə, müvəqqəti xarakter daşıdığ

19 oktyabr
.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

21 oktyabr
.

Ərdoğanın zəngindən sonra nələr dəyişəcək? - Ekspertdən AÇIQLAMA

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasında yaranmış narazılıqların aradan qaldırılması baxımından əhəmiyyətli ola bilər. Əslində, belə bir zəngin və ya görüşün baş tutması gözlənilən idi. Təmasın Türk Dövlətləri Təşkilatının oktyabrı

22 oktyabr
.

Bəhruz Quliyev: "Azərbaycan-Hindistan münasibətlərində yeni əməkdaşlıq imkanları yaranır"

"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir. Bu görüşü qarşılıqlı dialoqun genişləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməs

23 oktyabr
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21 oktyabr
.

"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov

"Türkiyədə bəzi dairələrin Azərbaycana qarşı həftələrdir davam etdirdiyi qarayaxma kampaniyası səngimək yerinə daha kəskin xarakter alır. AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar. Üstəlik, AKP Azərbaycana qarşı radikal çıxışlar edənlərə də səsini çıxarmır. Amma, Türkiyənin çəti

20 oktyabr