Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlərAzərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfatı istehsalçılarına tətbiq edilən vergi güzəştləri xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərdə fermerlərin qanunvericiliyin tələblərini bilməsi maliyyə öhdəliklərini düzgün müəyyənləşdirmələri baxımından vacibdir.

Bəs, aqrar sığorta çərçivəsində fermerlərə ödənilən kompensasiyalar vergiyə cəlb olunurmu və bu vəsaitləri alan şəxslər hansı vergi qaydalarına əməl etməlidirlər? Ümumilikdə, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün hansı vergi güzəştləri mövcuddur və onların əsas vergi öhdəlikləri nələrdir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Vəli Əliyev bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə geniş vergi güzəştləri müəyyən edilmişdir. Həmin güzəştlər kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlərlə yanaşı, müəyyən şərtlərlə istehsal fəaliyyəti ilə əlaqədar satışdankənar gəlirləri də əhatə edir.

"Sığorta kompensasiyası sığorta müqaviləsində nəzərdə tutulan hadisənin baş verməsi nəticəsində sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin tam və ya qismən ödənilməsi məqsədilə verilən vəsaitdir. Kənd təsərrüfatında belə hadisələrə dolu, şaxta, fırtına, sel, yanğın, müəyyən xəstəliklər və digər sığortalanmış risklər nəticəsində məhsulun və ya təsərrüfat aktivlərinin zədələnməsi aid edilə bilər.

Məsələn, fermerin yetişdirdiyi gilas məhsulu dolu nəticəsində məhv olduqda, sığortaçı tərəfindən ödənilən kompensasiya məhsulun satışından əldə edilən gəlir deyil. Bu ödənişin hüquqi və iqtisadi təyinatı fermerin məruz qaldığı zərərin əvəzinin ödənilməsidir.

Sığorta kompensasiyasının məhsul satışından əldə edilən gəlir olmaması onun avtomatik olaraq bütün vergilərdən azad edilməsi demək deyil. Vergi nəticəsi kompensasiyanı alan şəxsin hüquqi statusundan, kompensasiyanın təyinatından və müvafiq azadolma normasından asılıdır.

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsaitin gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Bundan əlavə, Vergi Məcəlləsinin 102.1.10-cu maddəsində dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri üzrə ayrıca azadolma müəyyən edilmişdir.

Beləliklə, fiziki şəxs olan fermerin sığorta hadisəsi nəticəsində təsərrüfatına dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə aldığı vəsaitin gəlir vergisindən azad edilməsi üçün birbaşa qanunvericilik əsasları mövcuddur. Bu nəticə fermerin fərdi sahibkar kimi vergi uçotunda olmasından asılı olmayaraq, ödənişin mahiyyətinin həqiqətən zərərin kompensasiyası olması şərti ilə tətbiq edilə bilər.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər, o cümlədən həmin fəaliyyət üzrə satışdankənar gəlirlər də gəlir vergisindən müddətsiz azaddır.

Hüquqi şəxslərə münasibətdə məsələ fərqli hüquqi əsaslarla tənzimlənir. Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azaddır.

Lakin sığorta kompensasiyalarının vergiyə cəlb edilməsində xüsusi əhəmiyyət daşıyan müddəa Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsidir. Həmin maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə istehsalla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən dörd il müddətinə mənfəət vergisindən azaddır.

Sığorta hadisəsi nəticəsində hüquqi şəxsə ödənilən kompensasiya məhsulun təqdim edilməsinə görə alınan vəsait olmadığı üçün onun satışdankənar gəlir kimi təsnif edildiyi və mənfəət vergisindən azad olduğu bildirilir. Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsində müəyyən edilən dördillik müddət 2026-cı ilin sonunda başa çatır. Bu o deməkdir ki, müvafiq güzəşt uzadılmadığı təqdirdə, 2027-ci il yanvarın 1-dən hüquqi şəxslərin kənd təsərrüfatı fəaliyyəti üzrə satışdankənar gəlirlərinin mənfəət vergisinə cəlb edilməsi məsələsi yaranacaq.

Əlavə dəyər vergisinin tətbiqində əsas məsələ sığorta kompensasiyasının hər hansı malın təqdim edilməsinə, işin görülməsinə və ya xidmətin göstərilməsinə görə ödəniş olub-olmamasıdır. Fermer sığorta hadisəsi nəticəsində zərərə məruz qaldıqda və sığortaçı ona kompensasiya ödədikdə, fermer sığortaçıya mal təqdim etmir və xidmət göstərmir.

Bu səbəbdən zərərin əvəzinin ödənilməsi xarakterli sığorta kompensasiyası, bir qayda olaraq, ƏDV-nin vergitutma obyektini yaratmır. Bu həm fiziki, həm də hüquqi şəxs olan fermerlərə aiddir. Beləliklə, sırf zərərin əvəzinin ödənilməsi məqsədilə verilmiş sığorta kompensasiyasından fermerin ƏDV hesablaması üçün əsas yaranmır.

2026-cı ildə tətbiq edilən əsas güzəştlərə gəldikdə, fiziki şəxs olan fermerlərin öz istehsalı olan kənd təsərrüfatı məhsullarından əldə etdikləri gəlirlər gəlir vergisindən müddətsiz azaddır. Hüquqi şəxs olan fermerlərin həmin məhsullardan əldə etdikləri mənfəət isə 2026-cı ilin sonunadək mənfəət vergisindən azaddır.

Kənd təsərrüfatı üzrə satışdankənar gəlirlər fiziki şəxslər üçün gəlir vergisindən müddətsiz, hüquqi şəxslər üçün isə 2026-cı ilin sonunadək mənfəət vergisindən azaddır. Dövlət büdcəsindən kənd təsərrüfatı subsidiyaları da fiziki şəxslər üçün gəlir vergisindən müddətsiz, hüquqi şəxslər üçün isə 2026-cı ilin sonunadək mənfəət vergisindən azaddır.

Öz istehsalı olan kənd təsərrüfatı məhsullarının satışı fiziki və hüquqi şəxslər üçün 2026-cı ilin sonunadək ƏDV-dən azaddır. Sadələşdirilmiş vergi üzrə də hər iki kateqoriyaya aid fermerlər üçün 2026-cı ilin sonunadək müddətli güzəşt, yəni vergidən azadolma tətbiq edilir. Kənd təsərrüfatında istifadə olunan əmlak üzrə də 2026-cı ilin sonunadək müddətli güzəşt nəzərdə tutulur. Torpaq vergisi isə həm fiziki, həm də hüquqi şəxs olan fermerlər tərəfindən ümumi qaydada ödənilir.

Sığorta kompensasiyasına gəldikdə, fiziki şəxs olan fermerin aldığı zərər kompensasiyası gəlir vergisindən azaddır. Hüquqi şəxs olan fermerin aldığı kompensasiya isə 2026-cı ildə satışdankənar gəlir kimi mənfəət vergisindən azaddır.

Praktiki nümunəyə nəzər salaq. Fərdi sahibkar 10 hektar gilas bağında məhsul yetişdirir. Dolu nəticəsində məhsulun bir hissəsi məhv olur və sığortaçı ona 40 000 manat kompensasiya ödəyir. Bu halda ödəniş zərərin əvəzinin ödənilməsi xarakteri daşıdığı üçün Vergi Məcəlləsinin 102.1.8-ci, 102.1.10-cu və 102.1.11-ci maddələri əsasında gəlir vergisindən azaddır.

Nəticədə fiziki şəxs həmin kompensasiyadan gəlir vergisi ödəmir. Ödəniş mal və ya xidmət təqdim edilməsinin qarşılığı olmadığından ƏDV də hesablanmır.

Digər nümunədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan MMC 2026-cı ildə şaxta nəticəsində məhsul itkisinə görə 100 000 manat sığorta kompensasiyası alır. Kompensasiya kənd təsərrüfatı fəaliyyəti üzrə satışdankənar gəlir kimi təsnif edilərək Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsi əsasında mənfəət vergisindən azaddır.

Nəticədə hüquqi şəxs həmin kompensasiyadan mənfəət vergisi ödəmir. Ödəniş mal və ya xidmət təqdim edilməsinin qarşılığı olmadığından ƏDV də hesablanmır. Eyni hadisənin 2027-ci ildə baş verdiyini fərz etsək, müvafiq güzəşt uzadılmadığı halda, artıq kompensasiyanın mənfəət vergisi bazasına təsiri ayrıca hesablanmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 435   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 870 manat təşkil edib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Xatırladaq ki,

13 oktyabr
.

Bitkoinin qiyməti azaldı

Bitkoinin qiyməti son 24 saatda 1,8% azalaraq 81,8 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 1,9% azalaraq 2 403 dollar təşkil edib

22 oktyabr
.

Naxçıvana dotasiya 6 %-dən çox azaldılır

2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi

23 oktyabr
.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib

Azərbaycanda Niderlandla aqrar sahədə əməkdaşlıq üçün imkanlar və çağırışlar qiymətləndirilib. Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müvafiq araşdırmanı diplomatik missiyanın dəstəyi ilə Azərbaycanın "PFF Agro Consulting" şirkəti aparıb. Araşdırma istixana təsərrüfatları

20 oktyabr
.

Qlobal iqtisadiyyat sabitlik həddinə yaxınlaşır

Qlobal iqtisadiyyat hələ də Yaxın Şərqdəki müharibənin və enerji qiymətlərinin kəskin artmasının təsirlərini yaşayır, lakin yeni şoklara tab gətirmək qabiliyyəti tədricən zəifləyir. xəbər verir ki. Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edir ki, azalan neft ehtiyatları, artan borc yükü və süni intellekti

13 oktyabr
.

Qızılın qiyməti artdı

Azərbaycanda 20 oktyabr 2026-cı il tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın bazar qiymətlərində növbəti göstəricilər müəyyən olunub. Təqdim olunan statistikaya əsasən, qızılın 1 unsiyası 7 11.3550 manat, 1 qramı isə 228.64 manat təşkil edir. Qızılın növün

20 oktyabr
.

Fransa ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Fransa ilə ticarət dövriyyəsinin ümumi həcmi artıb. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətdə 54,5 faiz artaraq 410,2 milyon dolları üstələyib. Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Fransa il

21 oktyabr
.

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri sentyabrda 31 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57,4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. Təkcə sentyabrda isə b

16 oktyabr