Ekspert: Bakıda kirayə evlərin qiyməti qalxıb

Ekspert: Bakıda kirayə evlərin qiyməti qalxıbBakının kirayə mənzil bazarı sentyabr ayının gəlişi ilə canlanıb. Bazarda tələb artıb, bu da qiymətlərə təsir edib. Belə ki, hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350 manatdan başlayaraq, 3000 manata qədər yüksəlir.

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarına təsir edən iki amil var.

Birincisi, mənzillərin keyfiyyəti, ikincisi yerləşdiyi ərazidir:

"Şəhərin mərkəzindəki yüksək keyfiyyətli binalarda kirayə qiymətləri bahadır. Minimal və maksimal kirayə qiymətləri arasındakı fərq fantastikdir. Şəhər kənarında aşağı şəraitə sahib mənzilin kvadratmetrinin kirayə haqqı üç manat təşkil edirsə, şəhərin mərkəzində bir kvadratmetrin dəyəri 20 manatı ötür.

Hazırda ən aktiv seqment kirayə haqlarının ucuz olduğu mənzillərdir. Məsələn, bir-iki otaqlı mənzillərin qiymətləri münasibdir. Bu səbəbdən belə mənzillərə bazarda tələbat çoxdur".

O ki qaldı qiymətlərə, ekspert deyir ki, şəhərin mərkəzinə yaxın ərazilərdə orta qiymət 250 manatdan başlayır. Onun sözlərinə görə, ötən ilə nisbətdə qiymətlərdə artım var:

"Bu da səbəbsiz deyil. Hazırda bazarda tələbin artmasına təkcə tələbələrin şəhərə gəlməsi deyil, söküntü işləri də təsir edib. Belə ki, vətəndaşlar sökülən evlərdən kirayə mənzillərə köçürülür.

Bundan əlavə, sökülən evlərin çoxu elə ucuz mənzil kateqoriyasına aid idi. Bu mənzillər bazardan çıxıb".

R.Əliyev deyir ki, qiymət artımı tələbatın yüksək olduğu 1-2 otaqlı, orta təmirli mənzillərdə baş verib. Lüks mənzillərdə və binalarda kirayə haqları dəyişməz qalıb.

Rieltorlar isə bildirirlər ki, bəzi ərazilərdə söküntü işləri təklif portfelində yeni tikililərin çoxalmasına səbəb olub:

"Yeni tikililərdə mənzillər təmirli olduğundan qiymətləri yüksəkdir. O cümlədən, bu binalarda kvadratmetr də böyükdür".

Öyrəndik ki, yeni tikilidə ikiotaqlı mənzilin aylıq kirayəsi 400 manatdan başlayır.

Sosial   Baxılıb: 610   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR