"Filmdəki Qurd Cəbrayıl çox amansızdır, atam mərd kişi olub, oğurladığını kasıblara paylayıb"

"Filmdəki Qurd Cəbrayıl çox amansızdır, atam mərd kişi olub, oğurladığını kasıblara paylayıb""Arxadan vurulan zərbə" sovet dövründə ən populyar filmlərdən biri olub. Görkəmli yazıçı Elçin Əfəndiyevin "Ox kimi bıçaq" povesti əsasında çəkilmiş bu filmə indi də sevilə-sevilə baxılır.

Sən demə, filmin əsas qəhrəmanlarından biri olan Qurd Cəbrayıl ailəsi ilə birgə 6 il Salyanda yaşayıb, bu müddətdə gözətçi işləyib. Bu illərdə onun Qurd Cəbrayıl olduğunu çoxları, hətta onunla dostluq edənlər də bilməyib. Salyanlılar ona və ailəsinə çox böyük hörmət ediblər.

Maraqlıdır, bəs Qurd Cəbrayıl necə olub ki, Salyana gəlib, harada yaşayıb, harada işləyib? Oxu.Az-ın bölgə müxbiri bununla bağlı araşdırma aparıb.

Uzun axtarışlardan sonra Qurd Cəbrayılın oğlu Xoşqədəm Quliyevlə telefon əlaqəsi saxlamaq mümkün olub. X.Quliyev ilk cümləsində deyib:

- Salyanlılara çox böyük hörmətim var. Salyanlılar qonaqpərvər insanlardır. Onlar bizə çox kömək, hörmət ediblər.

- Deməli, atanız Qurd Cəbrayılın Salyanda yaşaması doğrudur?

- Əlbəttə. Bilirsiniz, atam Cəbrayıl Baxşıyev kriminal aləmdə "Paxan Cəbrayıl", "Çyornı", daha çox tək olmağa üstünlük verdiyi üçün isə Qurd Cəbrayıl kimi tanınıb. Həyatda onun başına çox hadisələr gəlib. Dəfələrlə həbsə düşüb. Atam üst-üstə 70 il həbs cəzası alıb. Bunun 36 ilini həbsdə keçirib, 4 dəfə həbsxanadan, 1 dəfə isə məhkəmə zalından qaçıb. O vaxtın qayda-qanunlarına görə, zindana bir neçə dəfə düşüb azadlığa çıxanlar ictimaiyyət üçün təhlükəli şəxs sayılırdı. Bu səbəbdən onların nə özünə, nə də ailəsinə Bakıda yaşamağa icazə verilirdi. Belə adamlar yalnız Bakı şəhərindən ən azı 130-150 kilometr aralıda yaşaya bilərdi. Atam da belə adamların siyahısında idi.

- Buna görə Salyana köçməyə məcbur oldunuz?

- Bizi Salyana məcburi göndərmədilər. Bu, atamın öz seçimi idi. 1950-ci ildə atam növbəti dəfə həbsxanadan çıxandan sonra bizi Bakıda yaşamağa qoymadılar. Atama dedilər ki, seçimi özün elə. Atam da Salyanı seçdi, çünki orada dostları çox idi. Biz 50-ci ildə Salyana gəldik. Salyanda atamı yaxşı qarşıladılar. O vaxt 4-5 yaşım var idi, ağlım kəsirdi.

- O vaxt harada, kimin evində yaşamısınız?

- Atamın əslən Masallıdan olan Dövlət adlı bir dostu vardı. Qayınanası Salyanda yaşayırdı. Adı Minayə idi, bir gözü görmədiyi üçün ona "kor Minayə" deyirdilər. Üç otaqlı evin bir otağında tək qalırdı. Evin iki otağını bizə verdilər. Böyük həyəti vardı. Yadıma gəlir ki, bizim evin qabağında diş həkimi Əlirzanın evi yerləşirdi. Arxa tərəfdə Kəblə Səttarın qızı Şirinxanımgil yaşayırdı.

Haşiyə: Qurd Cəbrayılın Salyanda yaşadığı evi, daha doğrusu, "kor Minayə"nin ünvanını axtardıq. Məlum oldu ki, Qurd Cəbrayıl indiki Xəlil Rza Ulutürk prospektində yaşayıb. Hazırda həmin ünvanda "kor Minayə"nin oğulluğu Ramiz Bağırov ailəsi ilə birlikdə yaşayır. Görüş zamanı ev sahibi R.Bağırov bildirdi ki, həmin vaxt ünvan Oktyabr küçəsi, 44 adlanırdı. Qurd Cəbrayıl da bu evdə yaşayıb. Onda ev alçaq komadan ibarət olub.

- Bəs necə oldu ki, atanız gözətçi işlədi?

- Atam Salyanda rayonlararası təchizat bazasının direktoru ilə yaxın dost idi. Başqası olsaydı, heç vaxt belə adamı işə götürməzdi. Həmin idarədə atam gözətçi işləməyə başladı.

Kiçik arayış: Bu idarənin harada yerləşməsi ilə də maraqlandıq. Məlum oldu ki, həmin idarə indiki şəhər 7 saylı tam orta məktəb binasının yerləşdiyi ərazidə olub.

- Milis müstəntiqini də atanız həmin idarədə işləyərkən vurub? O müstəntiq kim olub, onu nəyə görə vurub?

- Müstəntiq "Arxadan vurulan zərbə" filminin ilk kadrında Qurd Cəbrayılın öldürdüyü milis rəisinin nəvəsi olur. Günlərin birində həmin idarədə işçilərin kimliyi ilə bağlı yoxlamalar aparılır. Milis müstəntiqi burada işləyənlərin sənədlərini araşdıranda Baxşıyev Cəbrayıl Əlibaxış oğlunun, yəni Qurd Cəbrayılın sənədləri də əlinə keçir. Görür ki, bu işçinin adı, soyadı babası, yəni keçmiş milis rəisini öldürən şəxsin adı və soyadı ilə eynidir. Bu zaman bazanın direktoru atamın yanına gəlir və deyir ki, "Cəbrayıl, sənə görə yox, bizə görə gəliblər, amma sənin sənədlərin bir nəfəri yaman maraqlandırır". Atam da şübhələnir, bilir ki, bu, öldürdüyü köhnə milis rəisinin qohumlarından olacaq. Ona görə də atam direktora məsələni dəqiqləşdirməsini deyir. Direktor öyrəndiklərini danışanda atam şübhələrinin düz çıxdığını görür və düşünür ki, bu, məni ya öldürəcək, ya da tutduracaq, ondansa qoy mən vurum. Belə də olur. Müstəntiq gecə bazanın qarşısından keçəndə gözətçi işləyən atam bıçağı ataraq onu vurur. Amma müstəntiq ölmür, yaralanır. Bundan sonra atamı yenidən həbs eləyirlər, yəni 1956-cı ildə.

- Bəs sonra nə oldu?

- Yadıma gəlir ki, atam həbs olunandan sonra başsız qaldıq. Bizim böyük qapımız vardı, salyanlılar ona "pələd" deyirlər. Qəflətən qapını döyürdülər, açanda isə heç kəsi görmürdük. Amma qapının qabağına bir zənbil (əvvəllər toxunma zənbillər olurdu, Lənkəran zənbili deyərdilər) qoyulurdu. İçərisində ya ilanbalığı, ya ət, ya da nərə balığı olardı. Kimin gətirdiyini bilməzdik. Bildirməzdilər. Qərib olduğumuz üçün salyanlılar bizə çox kömək ediblər, onlardan daim hörmət görmüşük. 1990-cı illərə kimi Salyanla əlaqələrimiz var idi, qonaqlarımız gəlib gedərdi. Mənim də salyanlılara çox böyük hörmətim var. Elə bilirəm ki, ikinci doğma yurdumdur. Ümumiyyətlə, salyanlılar qonaqpərvər, qonağa hörmət edən adamlardır.

- Qurd Cəbrayıl Salyanda kimlərlə dostluq edirdi? Onlar bilirdi ki, Qurd Cəbrayıl kimdir?

- Heç kəs atamın kim olduğunu bilmirdi. Amma yadıma gəlir ki, Aşıq Qurbanxan, balabançı Manaf, Aşıq Pənah atamla dostluq ediblər. Evimizə tez-tez gəlib-gedirdilər. Atama çox böyük hörmət ediblər. 1996-cı ilə kimi heç kəs bilməyib ki, atam kimdir.

Haşiyə: Vaxtilə Qurd Cəbrayılla bir yerdə fəhlə işləmiş Neftçala sakininin oğlu Yasər Səlimov atasının dediklərini belə xatırlayır:

- Uşaq idim. Qurd Cəbrayıl haqqında "Arxadan vurulan zərbə" filmi ekranlaşandan sonra atam dedi ki, mən bu kişini tanıyıram. Vaxtilə rayonlararası təchizat bazasında bir yerdə işləmişik. Dedi ki, bu filmdə o, cani kimi göstərilir, amma Qurd Cəbrayıl sözün əsl mənasında çox cəsur, mərd adam, əsl kişi olub.

- Salyandan nə vaxt köçdünüz?

- 1956-cı ildə. Atam milis müstəntiqini vurandan sonra ona 8 il həbs cəzası verdilər. 1963-cü ildə zindandan çıxdı. O vaxtdan ömrünün sonuna kimi sakit həyat tərzi sürdü.

X.Qulyev sonda onu da bildirib ki, "Arxadan vurulan zərbə" filmindəki hadisələrin əksəriyyəti atası Qurd Cəbrayılın həyatından götürülüb:

"Amma filmdəki Cəbrayıl çox amansızdır. Atam isə ədalətli, mərd kişi olub. Ona görə də həm kriminal aləmdə, həm də camaat arasında hörmət qazanmışdı. Oğurladıqlarını bizə xərcləmirdi, kasıblara paylayırdı. Ona görə də çox vaxt Cəbrayılı ələ vermirdilər".

Qeyd edək ki, 1900-cü ildə Bakının Maştağa qəsəbəsində doğulan Cəbrayıl Əlibaxış oğlu Baxşıyev 1976-cı ildə 76 yaşında dünyasını dəyişib. Ölümündən bir il sonra isə "Arxadan vurulan zərbə" filmi ekranlara çıxıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2259   Tarix: 31 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021