Allahşükür Paşazadə xalqa müraciət etdi

Allahşükür Paşazadə xalqa müraciət etdiQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib.

Sonxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

"Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.

Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni ekstremistlərinin əzəli torpaqlarımıza qarşı ərazi iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırım, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirmişdir. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır!

Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd edən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlət başçımızın söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?

Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü müdafiə edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərləri, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən, məscid, qəbirstanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizə həqarət edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.

Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurası, Vatikan və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüflər olsun ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışmışdır. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə qayəsi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı qələbələr münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlət başçımızın vurğuladığı kimi, "Biz birlikdə güclüyük".

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi, cəmiyyətin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

Bir daha Azərbaycan xalqına xitab edərək Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad olunması, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah! Amin!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6976   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel