Ənənəvi təhsilə yol göründü: Gələn il hamı məktəbə gedəcək
May ayının 10-dan etibarən Azərbaycanda 18 yaşdan yuxarı əhalinin koronavirus əleyhinə vaksinasiyasına start verilib. İndiyədək yaş həddi və sosial statusu vaksin olunmağa imkan verməyənlər artıq peyvənd olunmaq üçün müraciət edə bilərlər.
Sputnik Azərbaycan 18 yaşdan yuxarı əhali arasında daha çox kimlərin risk qrupu sayıldığını araşdırıb.
Deputat Müşviq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə 18 yaşdan yuxarı əhalinin koronavirus əleyhinə vaksin olunması Azərbaycanın növbəti uğurudur. Onun sözlərinə görə, ölkəmizə koronavirus əleyhinə bir neçə növdə və kifayət qədər vaksinin gətirilməsi buna şərait yaradıb:
"Vaksinasiya prosesindəki startegiyanın daha geniş kütləni əhatə etməsi onu göstərir ki, biz daha risk qrupunda olmayan əhalimizi də vaksinə cəlb edirik. Normal həyata qayıtmağımız üçün tək effektiv silah vaksinasiyadır. 18 yaşdan yuxarı əhalini vaksinasiyada daha aktiv iştirak etməyə səsləyirik. Hesab edirəm ki, 18 yaşdan yuxarı sosial statusundan asılı olmayaraq hər kəs vaksin olunmalıdır."
Azərbaycan Həkimləri İctimai Birliyinin idarə heyətinin üzvü Ədalət Rüstəm isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda 18 yaşdan yuxarı əhali arasında əsas risk qrupu tələbələrdir. Onun sözlərinə görə, bu səbəbdən də vaksinasiyada tələbələr daha aktivlik nümayiş etdirməlidirlər. Ə.Rüstəm bunun gələcəkdə ənənəvi təhsilə keçid imkanı yaradacağını da söyləyir.
On səkkiz yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşının vaksinasiyasına start verilir
Bundan əlavə, Ə.Rüstəm deyir ki, vaksinasiyada ərazi prinsipini aradan qaldırmağa ehtiyac var:
"Kim faktiki harada yaşayırsa, orada ona peyvənd vurdurmağa şərait yaradılmalıdır. Məsələn, Şəki sakini Bakıda yaşayırsa, hətta pasport qeydiyyatında Şəkidə olsa belə, Bakıda vaksinasiyasına imkan yaradılmalıdır. Bu sistem mərkəzləşdirilib. Onsuz da vaksinlə bağlı bütün məlumatlar bir sistemə toplanır. Bütün bu məsələlər həll olunarsa, ölkəmizdə vaksinasiya daha sürətlə həyata keçirilər. Bu isə karantin qaydalarının yumşaldılmasına gətirib çıxardacaq".
Ekspertlər onu da qeyd ediblər ki, əgər 18 yaşdan yuxarı əhalinin vaksinasiya prosesi uğurla başa çatsa, sonrakı mərhələdə uşaqların vaksinasiyası başlaya bilər. Lakin uşaqların vaksinasiyası başa çatmadan da orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında ənənəvi təhsilin davamına heç bir əngəl qalmayacaq. Bu isə o deməkdir ki, növbəti - 2021-2022-ci tədris ilində hamı məktəbə gedə biləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş