Azərbaycanda hansı sökülən evlərə görə vətəndaşlara kompensasiya verilməyəcək? - AÇIQLAMA
Paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və yararsız halda olan çoxmənzilli yaşayış evləri var. Təbii olaraq istismar müddətini bitirmiş və qəzalı vəzyyətində olan evlər aidiyyəti qurumlar tərəfindən sökülür. Bununla yanaşı, vətəndaşlar çox vaxt öz hesabına tikdikləri evlərə görə problem yaşayır. Belə olan təqdirdə, hansı sökülən tikililərə görə vətəndaşlara kompensasiya ödənilmir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə söküntü daha çox 2 formada aparılır. Söküntülər adətən sökülən ərazidə torpaq sahələri dövlət ehtiyacı üçün alınarkən sökülür:
"Həmin ərazilər sökülərək yolların genişləndirilməsi, parkların salınması yaxud hansısa inzibati binaların tikilməsi üçün istifadə olunur. Həmin zamanda sahiblərin əmlakları bazar qiyməti ilə qiymətləndirilir. Daha sonra 20 faiz əlavə kompensasiya ödənilərək o ərazilər vətəndaşlardan geri alınır. Bundan əlavə uzun illərdir ki, 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və xüsusilə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının söküntülərinə start verilib. Həmin binalar sökülərək yeni tikili binalar ilə əvəzlənir. Həmin çoxmənzilli binalar və həyat evləri sökülərkən vətəndaşlara sökülən mənzillərin yerində tikiləcək yeni tikili binadan mənzil verilir. Mənzil vətəndaşın köhnə mənzilindən 20-30 faiz daha artıq ümumi sahəni təşkil edir. Tam təmirli evlər verilir. Onların evləri sökülüb yenidən tikilib təhvil verilən günə qədər vətəndaşlara köç xərcləri və kirayə qaldıqları müddətdə pulları ödənilir".
Ekspertin sözlərinə görə, bəzi ərazilər var ki, qadağan olunmuş ərazilərdir. Vətəndaşlar hər hansı bir əraziləri zəbt edərək orada tikinti işləri aparmağa çalışırlar. Bu zaman aidiyyəti qurumlar tərəfindən qadağan olunmuş ərazi olduğuna görə onların tikililəri sökülür:
"Yəni rəsmi qurumlardan qadağan olunmuş ərazilərdə, sənədləri qaydasında olmayan əmlaklar tikilərkən qanuni formada onların söküntüsü aparıla bilər. Belə olan halda həmin vətəndaşlara kompensasiya ödənilmir. Ümumiyyətlə kompensasiyanın ödənilməməsi prosesi tikinti gedən zaman baş verir. Əgər hər hansısa bir tikinti yaşayış yaxud qeyri-yaşayış tikilisi tikilibsə və istifadə olunursa, hansısa məqsəd üçün məcburi sökülürsə, mütləq şəkildə istifadə olunan əmlakın sökülməsi üçün məhkəmə qərarını olmalıdır. Məhkəmə qərarı çıxardıqdan sonra, əmlak sökülə bilər. Eyni zamanda vətəndaşa hansı halda kompensasiyanın ödənilməsi yaxud əvəzlənməsi məhkəmənin qərarından asılıdır. Lakin kompensasiya ödənilməyən əmlaklar onlardır ki, konkret olacaq qadağan olunmuş ərazidə tikintisinə başlanılıb. Tikinti bitməmiş həmin halda aidiyyəti qurumlar tərəfindən sökülərkən onlara kompensasiya ödənilmir. Təbii ki, o əmlakların tikintisi zamanı vətəndaşa dəfələrlə xəbərdarlıq olunur. Vətəndaşa xəbərdarlıq edildikdən sonra, vətəndaş məhəl qoymursa və tikinti işi aparırsa, onun sökülməsi qanuna uyğundur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş