Prezident "France 24" telekanalına müsahibə verdi - Fotolar

Prezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibə verib.

"Qafqazinfo" müsahibəni təqdim edir.

Müxbir: Salam, "France 24" kanalının flaqmanı olan "Üzbəüz" verilişinə xoş gəlmisiniz. Bu gün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?

Prezident İlham Əliyev: Bəli, elə düşünürəm. Çünki bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Yeri gəlmişkən, ABŞ Prezidenti Birgə Bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.

Müxbir: Bu, çox yaxşı bir hissdir. Lakin tam normallaşma üçün nə çatışmır? Belə başa düşürəm ki, Azərbaycan üçün məsələ Ermənistanın Konstitusiyası və orada Qarabağa aid ərazi iddiaları ilə bağlı mətnlə əlaqədardır. Bu, Sizin üçün mütləq qırmızı xətt deməkdir? Bu dəyişməsə, normallaşma olmayacaq?

Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bu olmasa, sülh sazişi imzalanmayacaq. Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım, çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da "qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir" məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq.

Müxbir: Bu il?

Prezident İlham Əliyev: Sözsüz ki.

Müxbir: Vitse-prezident Cey. Di. Vens hər iki ölkəyə səfər edib. Strateji tərəfdaşlıq münasibətləri elan edilib və bu tərəfdaşlıq çərçivəsində ABŞ indi Azərbaycana bütün növ silahları satacaq. Həmçinin TRIPP layihəsi, yaxud Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu var. Bu, Ermənistandan keçən və eksklavınız olan Naxçıvana gedən magistral yol və dəmir yoludur. Bu, sadəcə boş ümidlərdir, yoxsa həqiqətən baş verəcək və dinamikanı dəyişəcək?

Prezident İlham Əliyev: Məndə bunun baş verəcəyinə dair heç bir şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. Düşünürəm ki, ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Yeri gəlmişkən, demək istərdim ki, hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək.

Vitse-prezident Vensin səfəri ilə bağlı suala gəldikdə isə bəli, bu, çox mühüm bir səfər idi. Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.

Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, rabitə, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Müxbir: Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi?

Prezident İlham Əliyev: Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.

Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.

Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi?

Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz?

Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir.

Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.

Müxbir: Bu, Sizin üçün eyni şeydir?

Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.

Müxbir: Bəs, yeni səhifə açmaq baxımından, sonuncu müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı bir az mərhəmət hiss edirsinizmi?

Prezident İlham Əliyev: Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular. Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşmalıyıq. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin, eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər.

Müxbir: Mən qısaca olaraq, Fransa ilə münasibətlərə keçmək istəyirəm. Əlaqələr, xüsusən də son müharibə zamanı çox pis olub. Siz Fransanı Yeni Kaledoniyada, Korsikada müstəmləkə ölkəsi olaraq, çox ağır sözlərlə tənqid etdiniz. Bir neçə ay əvvəl, Fransa vətəndaşı Teo Klerk azad edildi. Hazırda digər vətəndaşın məhkəməsi gedir. "Avropa Siyasi Birliyi"nin Zirvə Görüşü çərçivəsində Sizin Fransa Prezidenti ilə qısa görüşünüz oldu. Deyə bilərsinizmi, münasibətlər öz məcrasına qayıdıb və ya Azərbaycan ilə Fransa arasında hələ problemlər qalır?

Prezident İlham Əliyev: Bilirsiniz, Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir. Eyni zamanda, mən Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, - o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, - lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma "Dağlıq Qarabağ"ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik.

Müxbir: Axı, Siz çox ağır sözlərdən istifadə etdiniz…

Prezident İlham Əliyev: Bilirsiniz, ağır sözlərdən istifadəni mən başlamamışam. İstəyirəm tam əmin olasınız, Azərbaycanın atdığı addımlar yalnız cavab idi. Bizdə Fransa Prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən Senatınızın sədrinin, Milli Assambleyanızın sədrinin, tanınan şəxslərin dövlətimizi və şəxsən məni təhqir etmək üçün istifadə etdikləri ağır sözlərdən kataloqumuz var. Bundan əlavə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekres, cənab Barnye, cənab Retayyo kimi çox tanınan şəxslər, - bütün bu adlar auditoriyaya yaxşı məlumdur, - Qarabağa qeyri-qanuni səfərlər etmiş və separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti idi. Bizim tərəfimizdən deyilmiş sözlərin və ya atılmış addımların hamısı cavab olaraq baş vermişdir. Bəlkə də bu, ağır tərzdə olmuşdur. Ölçmək asan deyil. Lakin düşünürəm ki, bizim üçün vacib odur ki, qeyd etdiyiniz kimi, ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil. Bir daha deyirəm, bu, bizim təşəbbüs deyildi, lakin indi düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır.

Müxbir: Beləliklə, nəticə olaraq, biz yaxın gələcəkdə Fransa Prezidenti ilə Sizin görüşünüzü gözləyə bilərikmi?

Prezident İlham Əliyev: Bəli, birmənalı olaraq. Yeri gəlmişkən, Kopenhagendə görüşümüz çox dostcasına keçdi. Əlbəttə ki, görüş baş tutduqdan bir neçə ay sonra heyətlərimiz arasında xeyli təmaslar olub. Onlar müntəzəm olaraq əlaqədədirlər. Bir neçə görüş baş tutub. Bəli, bəzi məsələlər hələ də qalır. Prezident Makron və mən onların hər iki tərəfdən həll olunmasını qeyd etmişik. Lakin bir daha anlamaq vacibdir ki, bu hərəkət qarşılıqlı olmalıdır. İki suveren dövlət kimi biz bir-birimizə hörmət etməliyik, hüquq sistemlərimizə hörmətlə yanaşmalıyıq və bir-birimizin işlərinə qarışmalı deyilik. Əgər sizin sözdən istifadə etsəm, Kaledoniya və sairə məsələləri biz birinci ortaya atmadıq. Məhz Fransa Qarabağ kimi daxili məsələmizə müdaxilə etməyə başladı. Bu, nəinki həmin mövzuya, hətta siyasi gündəliyimizə də şamil edildi. Bir sözlə, buna son qoyulmalıdır. Düşünürəm ki, hər iki tərəf bunu necə etməyi bilir.

Müxbir: Prezident Əliyev, qonağımız olduğunuza görə çox sağ olun. "France-24" kanalında "Üzbəüz" verilişinə baxdığınıza görə hamınıza minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Prezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - FotolarPrezident "France 24" telekanalına müsahibə verdi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 403   Tarix: 14 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021