Azərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ - RƏSMİ
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.
Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur.
İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir.
Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.
Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.
Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu