Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri nəzərdə tutulur

Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri nəzərdə tutulurPrezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" qarşıdakı illər üçün ölkənin rəqəmsal inkişaf strategiyasının əsas proqram sənədidir. Fəaliyyət Planında dövlət idarəçiliyinin müasirləşdirilməsi, iqtisadiyyatın rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi kompleks şəkildə əks olunmuşdur".

Bunu Sonxeber.az-a danışan deputat Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, bu gün vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün mobil telefonunda bir neçə mobil tətbiqdən istifadə edir:

"Bəzən xidmətləri hansı tətbiqdən alacağını müəyyən etməkdə çətinlik çəkir. Dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə "mygov" və "mygov biznes" platformaları üzərində işlər davam etdirilir. Belə ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək.

Vətəndaşlara münasibətdə dövlət xidmətlərinin təqdim edilməsində əsas hədəf pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş ekosistemə keçiddir. Bu məqsədlə bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformaları vasitəsilə təqdim olunacaq.
Artıq bu prosesə başlanılmışdır. Qısa müddət ərzində "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır.

Rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. Planın uğurlu icrası nəticəsində proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəflənir. Bu yanaşma çərçivəsində bəzi xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. Eyni zamanda, "Yalnız bir dəfə" prinsipinin tətbiqi ilə təkrar sənəd tələbi minimuma endirilərək bürokratik maneələr aradan qaldırılacaq.

Artıq yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmır. Müvafiq şərtlər ödənildikdə dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada təyin olunur.
Eyni yanaşma uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsində də tətbiq olunacaq. Doğum faktı dövlət sistemlərində qeydə alındıqdan sonra valideynin əlavə sənəd təqdim etməsinə və ya müraciət etməsinə ehtiyac olmadan müvafiq ödəniş proaktiv şəkildə həyata keçiriləcək.

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl avtomatik şəkildə məlumatlandırılacaqlar. Bu, sənədlərin vaxtında yenilənməsini asanlaşdıracaq və əlavə inzibati çətinliklərin qarşısını alacaq.Səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək. Müvafiq şəxslər dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaq və çağırış prosesi daha operativ və şəffaf şəkildə təşkil olunacaq.

Əsas məqsəd vətəndaşın dövlət xidmətlərinə məsafədən çıxışını təmin etmək, bu xidmətlərin vətəndaş müraciəti olmadan, proaktiv təqdim edilməsinə nail olmaqdır.

Son üç ayda bu istiqamətdə əldə edilmiş bəzi nəticələr:

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət tam şəkildə "mygov" üzərindən həyata keçirilə bilir. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi, passport kimi sənədlərin əldə edilməsi və dəyişdirilməsini də tam şəkildə mygov üzərindən etmək mümkün olacaq.

Artıq ali təhsil müəssisələrinə qəbul olan şəxslər qeydiyyatı onlayn tamamlaya bilər (cəmi ~75 min nəfər). Həmçinin, övladlarını məktəbəqədər təhsil müəssisələrinə qəbul etdirmək istəyən 225 min validyen də bunu "mygov" veb üzərindən edə biləcək.

Ədliyyə Nazirliyi üzrə notariat xidmətləri olan azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi, eləcə də tərcümə sənədlərinin təsdiqi mygov üzərindən aparılması mümkün olan yeni xidmətlərdir.

Bütün bunların nəticəsində "mygov" platformasından istifadənin sürətlə artdığını müşahidə edirik: son 3 ay ərzində istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksələrək 30 faiz artıb".

Rəqəmsallaşma istiqamətində digər mühüm hədəf vətəndaşa onun məlumatları əsasında fərdiləşmiş xidmətlərin göstərilməsi ilə bağlıdır. Bugün ayrı-ayrı dövlət qurumlarında vətəndaş haqda fərqli formatlarda toplanılan məlumatlar vətəndaşa fərdiləşmiş xidmətlərin göstərilməsini əngəlləyir.

Bu məqsədlə, dövlətə məxsus datanın dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edən mərkəzləşdirilmiş dövlət məlumat hövzəsinin (data lake) yaradılması istiqamətində işlərə başlanılmışdır. Bu platforma dövlət qurumlarında toplanan məlumatlara analitika və süni intellekt texnologiyalarının tətbiqi ilə vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyən etməyə, ona fərdiləşdirilmiş və proaktiv xidmətlərin göstərilməsinə imkan verəcək.
Dövlətlə biznes arasında vahid pəncərə rolunu oynayacaq "mygov Biznes" platforması isə artıq test mühitində uğurla yoxlanılıb və bir sıra dövlət qurumlarının xidmətlərinin platformaya inteqrasiyasına başlanılıb. Bu platforma sahibkarlar üçün bütün dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsini təmin edəcək".

Deputat vurğulayıb ki, digər strateji istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir:

"Bu məqsədlə vençur maliyyələşdirilməsi, kraudfandinq və "mələk investorlar" institutunun hüquqi bazasının yaradılması, yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə "Fondlar Fondu"nun formalaşdırılması, yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, açıq məlumatların API-lər vasitəsilə biznes və startaplar üçün əlçatan edilməsi, eləcə də "Rəqəmsal Səyyah" və "Rəqəmsal İstedad" vizalarının tətbiqi və frilanserlər üçün vergi güzəştlərinin təmin olunması nəzərdə tutulur.

Bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir.

İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.

Paket beş əsas istiqaməti əhatə edir:

Hüquqi aydınlığın təmin edilməsi

İlk dəfə olaraq qanunvericilikdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti anlayışları hüquqi baxımdan dəqiq müəyyən edilir.
Vençur kapitalı fondlarının hüquqi statusu müəyyən edilir və kiçik və orta həcmli fondlar üçün sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılır ki, bu da innovasiya layihələrinin maliyyələşdirilməsini asanlaşdıracaq.

Rəqabətqabiliyyətli fiskal mühitin yaradılması

Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri nəzərdə tutulur.

Yüksəkixtisaslı texnologiya mütəxəssisləri üçün 0 faiz gəlir vergisi tətbiq edilir.
Sosial sığorta yükünün azaldılması, SaaS və bulud xidmətləri üzrə vergi maneələrinin aradan qaldırılması, texnoloji avadanlıqların idxalının gömrük rüsumu və ƏDV-dən azad edilməsi təklif olunur.

Müasir vençur kapitalı ekosisteminin qurulması

İlk dəfə olaraq beynəlxalq praktikada geniş istifadə olunan SAFE və Convertible Note investisiya alətləri qanuniləşdirilir.
ESOP (Employee Stock Ownership Plan) mexanizmi hüquqi status qazanır və startapların yüksək ixtisaslı kadrları şirkət payı əsasında cəlb etməsinə imkan yaradır.
Vençur investisiyaları üçün vergi stimulları tətbiq edilir, vençur fondlarının investisiya gəlirləri vergidən azad olunur və ayrıca kraudfandinq üzrə hüquqi mexanizm yaradılır.

Tədqiqat və innovasiyanın təşviqi

R&D (Tədqiqat və İnkişaf) xərclərinə 2,5 əmsalı tətbiq edilməklə onların vergitutulan mənfəətdən çıxılması nəzərdə tutulur. Patentlərin, proqram təminatlarının və digər intellektual mülkiyyət obyektlərinin kommersiyalaşdırılması üçün vergi təşviqləri müəyyən edilir. İnnovasiya fəaliyyətində uğursuz eksperimentlərin vergi baxımından əlavə risk yaratmaması üçün hüquqi mexanizmlər formalaşdırılır.

İstedadların cəlbi və bazara çıxış

İlk dəfə olaraq "Rəqəmsal səyyah" (Digital Nomad) Visa tətbiq edilir.
Texnologiya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması və beynəlxalq ödənişlərin sadələşdirilməsi nəzərdə tutulur.

Dövlət satınalmalarında startaplar və innovativ məhsullar üçün xüsusi imkanlar yaradılır, pilot layihələrin həyata keçirilməsi və innovativ həllərin dövlət tərəfindən əldə olunması təşviq edilir".

Deputat söyləyib ki, müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası Fəaliyyət Planının əsas strateji prioritetlərindən biridir:

"Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə həm "mygov" platforması, həm də digər dövlət qurumları üzrə tətbiq ediləcək süni intellekt həlləri müəyyənləşdirilmiş və onların mərhələli icrasına başlanılır. Belə ki, 2026-cı il ərzində "mygov" platformasında 4, digər dövlət qurumlarında isə 9 süni intellekt həllinin həyata keçirilməsi planlaşdırılır".

Artıq "mygov" platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilib. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri də müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həllərinin digər dövlət qurumlarında da təkrar istifadəsini təşviq etməkdir.

Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Milli hesablama gücünün yaradılması məqsədilə 64 qrafik prosessorun (GPU) təchizatçısının seçimi yekunlaşdırılıb və avadanlıqların ilin sonunadək quraşdırılması nəzərdə tutulur.
Eyni zamanda, innovativ həllərin təhlükəsiz və çevik şəkildə tətbiqini təmin etmək məqsədilə süni intellekt üzrə "Tənzimləyici test mühiti" (Regulatory Sandbox) yaradılır. Müvafiq hüquqi akt layihəsi və əməliyyat modeli üzrə işlər artıq yekun mərhələdədir.

Bu çərçivədə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi baza formalaşdırılacaq və onların dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcək. Qanunvericilik işləri ilə paralel olaraq, avtonom nəqliyyat həllərinin tətbiqi istiqamətində də araşdırmalara başlanılıb.

Rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi Fəaliyyət Planının əsas prioritetlərindən biridir. Artan rəqəmsallaşma və qlobal kiberhücumlar fonunda məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən müasir və dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır.
Azərbaycanın rəqəmsal transformasiya siyasəti çərçivəsində kibertəhlükəsizlik sahəsində hüquqi və institusional islahatlar həyata keçirilir. Bu dəyişikliklər dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə, kritik informasiya infrastrukturunun qorunmasına və müasir kibertəhdidlərə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasına xidmət edir.

Paket əsasən beş istiqaməti əhatə edir.

1.Hüquqi bazanın təkmilləşdirilməsi
İlk dəfə olaraq qanunvericilikdə kiberdayanıqlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik kimi müasir anlayışların hüquqi əsasları müəyyən edilir.
Bu yanaşma rəqəmsal mühitdə təhlükəsizlik standartlarının formalaşdırılmasına və kiberrisklərin daha effektiv idarə olunmasına imkan yaradacaq.

2.Kibertəhlükəsizlik üzrə vahid idarəetmə modelinin yaradılması
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.
Agentliyin fəaliyyəti çərçivəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi (CERT) və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək.
Yeni idarəetmə modeli kibertəhdidlərin monitorinqi, insidentlərə operativ reaksiya və rəqəmsal sübutların araşdırılması proseslərini vahid koordinasiya altında həyata keçirməyə imkan verəcək.

3.Kritik informasiya infrastrukturunun qorunması

Bank, sığorta, energetika, nəqliyyat və digər ictimai əhəmiyyətli informasiya infrastrukturu subyektləri üçün yeni kibertəhlükəsizlik tələbləri müəyyən edilir.
Kritik qurumlarda CERT və SOC funksiyalarının yaradılması və ya müvafiq xidmətlərin cəlb olunması nəzərdə tutulur.
Kibertəhlükəsizlik insidentləri barədə məlumatların Milli CERT-ə operativ təqdim edilməsi hüquqi öhdəlik kimi müəyyən edilir.

4.Süni intellekt və qabaqlayıcı kibermüdafiə mexanizmlərinin tətbiqi

Kibertəhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir və potensial təhdidlərin qabaqcadan aşkarlanması imkanları artırılır.
Dövlət qurumları, özəl sektor və digər tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən vahid milli kibertəhlükəsizlik platformasının yaradılması nəzərdə tutulur.
Dövlət informasiya sistemlərinin Hökumət Buludu (G-Cloud) platformasına mərhələli miqrasiyası davam etdirilir ki, bu da məlumatların təhlükəsizliyinin və idarəetmə səmərəliliyinin artırılmasına xidmət edir.

5.Kiberdayanıqlı cəmiyyət və insan kapitalının inkişafı

Ali və peşə təhsili müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramlarının tətbiqi genişləndirilir.
Əhalinin rəqəmsal savadlılığının artırılması və kiberrisklər barədə məlumatlandırılması məqsədilə kibergigiyena üzrə maarifləndirmə tədbirləri həyata keçirilir.İslahatların əsas hədəflərindən biri dövlət informasiya sistemlərinin dayanıqlığının artırılması, kritik infrastrukturun mühafizəsinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik göstəricilərinin yaxşılaşdırılmasıdır".

"Ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Son beş il ərzində məktəblərə 235 mindən çox kompüter paylanılıbş. Bir kompüterə düşən şagird sayı 32:1-dən 6:1-ə endirilib. Təhsil müəssisələrində internet trafiki 4,7 dəfə artaraq saniyədə 47 Gbit-ə çatdırılıb. 900 mindən çox istifadəçini əhatə edən platforma şagirdləri, müəllimləri, məktəb rəhbərliyini və valideynləri vahid mühitdə birləşdirir. Hazırda Bakıda 354 məktəbi əhatə edir; 2026-2027-ci tədris ilindən 400-dən çox region məktəbinə genişləndiriləcək.

Bütün təhsil pillələri üzrə məlumatlar tam rəqəmsallaşdırılıb. Vətəndaşlara 62 elektron xidmət onlayn təqdim olunur; bunların 8-i "mygov" platformasına inteqrasiya edilib və hər il 320 mindən çox vətəndaş tərəfindən istifadə olunur. Attestat, diplom və sertifikatların elektron formatda verilməsinə başlanılıb. Bu addım sənəd əldəetməni sürətləndirir, kağız dövriyyəsini azaldır, saxtalaşdırma risklərini minimuma endirir və beynəlxalq yoxlamanı asanlaşdırır.

Məktəblərdə "Rəqəmsal bacarıqlar" (500 min+ şagird) və "STEAM Azərbaycan" (300 min+ şagird) layihələri həyata keçirilir. 2015-2025-ci illər ərzində ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul 5 dəfə artıb.Növbəti mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulur. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdir", - deyə deputat qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 274   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu günə olan Bakı-Naxçıvan reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının 6 iyul tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərl

6 iyul
.

AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki

5 iyul
.

Səhər saatlarında Hövsanda QƏZA: Xəsarət alan var - FOTO - VİDEO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 07:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri

6 iyul
.

"Arzum" yenidən hakim qarşısına çıxarılacaq

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Bu barədə -a təqsirləndirilən bloqerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin bildirdiyinə görə, İlduz

6 iyul
.

Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi

Ailə-məişət münaqişəsi zəminində həyat yoldaşına yüngül bədən xəsarəti yetirməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ilin iyun ayında, Qurban bayramı ərəfəsində ailənin yaşadığı evdə baş verib. Bildirilir ki

6 iyul
.

VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA

Məlum olduğu kimi, Azərbaycanda 1 iyul 2026-cı il tarixindən etibarən qadınların pensiya yaşı da 65 yaşa çatdırılıb. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyasına çıxmaq hüququ 65 yaşda yaranır. Məlumat üçün bildirək ki, qadınların pensiya yaşı son 12 ildə mərhələli şəkild

5 iyul
.

"Uşaqlarda erkən yaşlardan sosial şəbəkələrdən asılılığın formalaşması diqqət və ünsiyyət problemlərinin yaranmasına səbəb olur" - Deputat

"16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasına dair qaydaların tətbiqi hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş addım olmaqla yanaşı həm də təhlükəsiz rəqəmsal mühitdə inkişafının təmin edilməsi kimi də qiymətləndirmək olar". Bunu -a danışan Milli Məclisin deputatı

6 iyul
.

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda sabah 37 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

6 iyul
.

Texnoloji inkişaf, innovasiya və süni intellekt əsasında qurulan yeni dövlət modeli

XXI əsr dövlətlərin inkişaf fəlsəfəsini kökündən dəyişdirən yeni çağırışlar dövrüdür. Əgər ötən əsrdə ölkələrin gücü əsasən təbii sərvətlər, sənaye potensialı və hərbi imkanlarla ölçülürdüsə, bu gün həmin göstəricilər sırasında rəqəmsal texnologiyalar, innovasiya potensialı, süni intellekt imkanları

6 iyul