Yazıçı Mirhicab Abdullayevin "Əks qütblərin dostluğu" eyni adlı romanı haqqında risenziya

Yazıçı Mirhicab Abdullayevin "Əks qütblərin dostluğu" eyni adlı romanı haqqında risenziyaİnsan gülüşlə göz yaşları arasında dolaşan bir varlıqdır. Hz. Mövlana yazırdı ki, "Ey insan ən böyük kitab sənsən, sən bütün dünya gözəlliklərinə bir aynasan." Bəli, həyatın gözəllikləri insanın dünyaya baxışlarında, düşüncələrində cəmləşib.

Yazıçı Mirhicab Abdullayevin "Əks Qütblərin Dostluğu" əsəri məni özünə cəlb etdi. İlk baxışdan sadə bir qarşıdurma üzərində qurulmuş kimi görünür: din və ateizm. Lakin əsərin dərinliyinə vardıqca aydın olur ki, müəllif bu ziddiyyəti sadəcə ideoloji mübahisə kimi deyil, insanın daxili aləminin, seçimlərinin və mənəvi axtarışlarının bədii ifadəsi kimi təqdim edir.

Romanın mərkəzində duran iki dost - biri dinə sığınan, digəri isə ateist düşüncəni mənimsəyən obrazlar - əslində iki fərqli dünyagörüşünün simvoludur. Onların uşaqlıqdan başlayan dostluğu zaman keçdikcə düşüncə ayrılığı ilə sınağa çəkilir. Maraqlısı odur ki, müəllif bu ayrılığı düşmənçiliyə çevirmir, əksinə, dialoq və anlaşma zəminində saxlayır. Bu isə əsərin ən güclü tərəflərindən biridir: ziddiyyətin içində belə insanlıq və dostluq qorunur. Əsas qəhrəmanların eyni kənddə böyüyüb nəsil qohumluğu olan iki əks qütblü dostların həyatı mənə qəribə gəldi. Əsər fərqlilik və dostluq mövzusunda yazılmış bir əsərdir. Və ziddiyyətlər fonunda insan münasibətlərinin daha da doğmalaşması, öz yoluna düşməsi qəribə haldır.

Məhz əsərin əsas qayəsi iki gəncin biri ateist, biri din adamı olmaqla onların həyat düşüncələrinin fərqliliyindən ibarətdir. Müəllifin İki əks qütblü dostların qarşılıqlı motivləri əsasında yazmış olduğu əsəri əslində real həyatımızda hər an baş verən hadisələrə söykənib. Uşaqlıqdan fərqli həyat tərzi yaşayan dostlar həyata baxışlarında da fərqli olmaqla bir-birini bəzən anlayır, bəzən isə...

Bəzən isə valideynlərin baxışında, düşüncəsində yalnız özünü düşünmə var. Həyati gerçəklərin dərindən anlamaq, dərk etmək uzaq məsafədən görünən dağa bənzəyir. Bu iki dostun maraqlı düşüncələri, gülməli və ağlamalı həyatları çox maraqlıdır. Əsəri oxuduqca hiss edirsən ki, insan həyatı qəribə təzadlardan ibarətdir. Və bu təzadlar içərisində insan öz düşüncələri, ağıllı siyasəti, bacarığı sayəsində ayaq üstə durmağı və qalib olmağı bacarmalıdır. Məhz müəllif qəhrəmanını belə tərbiyə edir, belə yetişdirir. Lakin bilmək lazımdır ki, insan məğlubiyyətə uğramaq üçün yaradılmayıb. İnsanı məhv etmək olar, ancaq məğlub etmək olmaz.
Əsərin ideya yükü olduqca aktualdır. Müasir cəmiyyətdə tez-tez rast gəlinən ideoloji qütbləşmə fonunda müəllif oxucuya incə bir mesaj verir: fərqli düşünmək ayrı düşmək demək deyil. Əksinə, həqiqi dostluq məhz fərqliliklərin qəbulunda, qarşı tərəfi anlamağa çalışmaqda özünü göstərir. Bu baxımdan roman yalnız iki fərdin hekayəsi deyil, həm də cəmiyyətə ünvanlanan fəlsəfi bir çağırışdır.

Obrazların psixoloji təsviri də diqqətəlayiqdir. Hər iki qəhrəman öz inancında səmimidir və müəllif onların heç birini üstün və ya zəif mövqedə göstərmir. Bu balans əsərin obyektivliyini qoruyur və oxucuya sərbəst düşünmək imkanı verir. Dialoqlar isə canlı və düşündürücüdür; oxucu sanki bu mübahisələrin içində olur və öz mövqeyini müəyyənləşdirməyə sövq edilir.

Əsərdə rast gəldiyim müəyyən epizodların, kiçik qəhrəmanların həyat kredosu; Zəif və cılız olduğu üçün onlara sataşırlar, bəzən başqaları tərəfindən döyülürlər. Bir də övladların valideyin tərəfindən şiddət alması...
Əsərdə Atabərkin atası tərəfindən, Mirayazın isə anası tərəfindən şiddət görməsi ürək ağrıdıcı məqamlardı. Açıq deyim ki, övladın valideyn tərəfindən şiddət görməsi heç bir halda doğru deyil. Valideynin məqsədi tərbiyə verməkdir. Döymək isə tərbiyə deyil. Şiddət, qorxu, travma və uşaqlaşma yaradır. Uşaq fiziki ağrıdan daha çox ruhu yaralanır. Özünü dəyərsiz, qorxmuş və tək hiss edir.

Uşaqların gözlərində gələcəyin işığı, ürəklərində isə gələcəyin ümidləri, arzuları yetişir. Və bu ürəkdə sevgi üçün sonsuz bir yer var. Amma təəsüf ki, uşaqlar bu sevgini eyni dərəcədə hiss etmir. Bəzən qayğı, sevgi və anlayış onların əlindən alınır. Uşaq hüquqları sadəcə qanun maddələri deyil. Bu hüquqlar bir uşağın gülüşündə, qorxmadan danışa bilməsində, səhv edəndə cəzalanmaq yox, başa düşülmək istəyində gizlidir. Hər uşağın yaşamaq, təhsil almaq, qorunmaq və fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqlar heç bir zaman onların əlindən alınmamalıdır. Belə münasibət sevgi bağını zəiflədir, bəzən isə tam qırır. Ata ilə övladın barışması məsələsinə gələndə isə, bu mümkündür, amma asan deyil. Barışma üçün bir neçə şey lazımdır.
Ata öz səhvini dərk etməli və səmimi şəkildə üzr istəməlidir. Davranışını dəyişdiyini əməli ilə göstərməlidir. Ədəbi baxımdan belə epizodlar çox güclü təsir yaradır. Bu cür səhnələr müəllifin vermək istədiyi mesajı açır; Sevgi ilə qorxu eyni evdə yaşaya bilməz. Aristotel yazırdı ki, insan fövqəladə varlıqdır. Əslində qanunsuz və ədalətsiz dünyada yaşayan insan bəzən yırtıcı heyvandan da təhlükəli olur.

Mənə elə gəlir ki, uşaq nə qədər səhv etsə də, döyülmək çıxış yolu deyil. Yəqin ki, bu yanaşmam doğru və vicdanlıdır. Bu hadisədə ən ağrılı məqam odur ki, uşaq evdən qaçanda sanki ədalət axtarır… Amma hara gedirsə, eyni zorakılıq mənzərəsi ilə qarşılaşır. Bu epizod isə psixoloji və ədəbi baxımdan çox dərin bir mənanı açır. Bu, müəllifin çox güclü bir mesajıdır:

- Şiddət tək bir ailənin problemi deyil, cəmiyyətin içində kök salmış bir davranış modelidir.
Əsərdə uşağın geri qayıdıb atasından üzr istəməsi isə əslində onun "haqlı olduğu üçün yox", tək qaldığı üçün barışmasıdır. Bu, məcburi bir barışdır, ürəyin dərinliyində yaranan sağalma deyil. Övlad zamanla öz daxilində bu ağrını emal edib bağışlamağa hazır olmalıdır. Lakin bu da mütləq deyil - hər övlad bağışlamağa borclu deyil. Çünki bəzi yaralar çox dərin olur.
Sonra isə ikinci mərhələ başlayır: Uşaq fiziki cəhətdən zəif olduğu üçün lağ obyektinə çevrilir. Özünü qorumaq üçün yanlış bir yol seçir - dərsdən uzaqlaşıb "küçə mühiti"nə qoşulur. Bu isə onun daha çox sərtləşməsinə və yenidən şiddət görməsinə səbəb olur.

Əsərdə uşaqların təhsili ilə bağlı qəribəliklər baş veir. Əslində təhsil sadəcə bilik vermək deyil. Təhsil - uşağa düşünməyi, seçməyi, sual verməyi öyrətməkdir. Əgər uşaq qorxudan susursa, deməli o, təhsil almır, sadəcə itaət etməyi öyrənir. Halbuki hər uşağın fikrini ifadə etmək, sual vermək və özünü inkişaf etdirmək hüququ var. Tərbiyə isə cəza ilə deyil, nümunə ilə verilməlidir. Valideyinin və müəllimin davranışı uşağın həyat dərsidir. Əgər tərbiyə adı altında təzyiq, alçaltma və ya şiddət tətbiq olunursa, bu artıq tərbiyə yox, hüquq pozuntusudur. Uşaq səhv edə bilər - bu onun inkişafının bir hissəsidir. Burda A.S.Puşkinin bir sözü yadıma düşür : "Hər səhvin arxasında bir insan qüruru dayanır". Amma həmin səhvlərə verilən reaksiya onun gələcək şəxsiyyərni müəyyən edir/
"Əks Qütblərin Dostluğu" iki cildlik roman kimi yalnız iki dostun taleyini deyil, bütöv bir düşüncə sistemini, sosial mühiti və mənəvi irsi əhatə edən genişhəcmli bədii-fəlsəfi əsər təsiri bağışlayır. Müəllif burada hadisələri təkcə fərdi münasibətlər çərçivəsində saxlamır, onları daha geniş - ictimai, dini və ideoloji kontekstdə təqdim edir.
Əsərdə çoxsaylı personajların olması romanın panoramik xarakterini gücləndirir. Hər bir obraz müəyyən bir düşüncə xəttini, həyat tərzini və dünyagörüşünü təmsil edir. Xüsusilə seyid nəslinə mənsub olan qəhrəmanların qarşılıqlı münasibətləri əsərin əsas ideya qatlarından birini təşkil edir. Bu nəsil üzərindən müəllif həm ənənəvi dini dəyərləri, həm də bu dəyərlərin müasir dövrdə necə qəbul olunduğunu və ya sorğulandığını ustalıqla göstərir.
Maraqlı məqamlardan biri də odur ki, eyni kökdən, eyni mənəvi irsdən gələn insanların belə fərqli düşüncələrə sahib olması əsərdə təbii və inandırıcı şəkildə əks olunub. Bu, müəllifin insan psixologiyasına dərindən bələd olduğunu göstərir. Çünki o, oxucuya sübut edir ki, mənsubiyyət və ya soy-kök insanın düşüncəsini tam müəyyən etmir; hər kəs öz daxili dünyası, yaşadıqları və seçimləri ilə formalaşır.

İki əsas dostun - biri dinə bağlı, digəri isə ateist düşüncəli - xətti isə bu geniş obrazlar sisteminin mərkəzi oxunu təşkil edir. Onların münasibəti digər personajların fonunda daha da dərinləşir və kontrast daha aydın görünür. Bu qarşıdurma təkcə fikir ayrılığı deyil, həm də inam, şübhə, axtarış və özünü dərk etmə prosesidir.

Əsərdə təqdim olunan epizodlar sadəcə ailə hadisəsi deyil, bütöv bir cəmiyyətin aynası kimi qarşımızda dayanır. Müəllif burada bir uşağın taleyi üzərindən illərlə formalaşmış yanlış tərbiyə üsullarını, sevgidən uzaq münasibətləri və şiddətin doğurduğu faciəvi nəticələri incəliklə açır. Övladın ilk dəfə şiddətə məruz qaldıqdan sonra evdən uzaqlaşması onun daxilindəki qırılmanın, ədalət axtarışının təzahürüdür. Lakin o, sığınacaq tapdığı hər evdə eyni mənzərə ilə qarşılaşır: ata ilə oğul arasında təkrarlanan zorakılıq səhnələri. Bu isə göstərir ki, problem fərdi yox, ictimai xarakter daşıyır. Şiddət, sanki nəsildən-nəslə ötürülən bir "tərbiyə üsulu" kimi qəbul olunub. Uşağın geri dönüb atasından üzr istəməsi isə zahirən barış kimi görünsə də, əslində onun daxili təslimiyyətidir. Bu, sevgidən doğan bir yaxınlaşma yox, təkliyin və ümidsizliyin məcbur etdiyi bir addımdır.

Daha sonra uşağın cəmiyyət içində alçaldılması, fiziki zəifliyinə görə lağa qoyulması onun psixologiyasında yeni bir dönüş yaradır. O, özünü qorumaq üçün yanlış yola üz tutur, təhsildən uzaqlaşır və küçə mühitinə sürüklənir. Bu seçim onun mahiyyətindən yox, şəraitdən doğur. Çünki o, sevgi ilə deyil, qorxu ilə böyüdülmüş bir ruhdur. Atanın ikinci dəfə daha amansız şəkildə övladını döyməsi isə əsərin ən ağır nöqtələrindən biridir. Bu məqamda artıq aydın olur ki, şiddət tərbiyə vasitəsi deyil, acizliyin və anlaşılmazlığın ifadəsidir. Ata övladını anlamır, sadəcə onu dəyişdirmək istəyir - özü də zorla. Bu epizodun ən böyük fəlsəfi yükü isə budur: - Sevgi olmayan yerdə tərbiyə yoxdur, qorxu olan yerdə isə şəxsiyyət formalaşmır.

Nəticə olaraq, "Əks Qütblərin Dostluğu" təkcə əks düşüncəli iki insanın dostluğu deyil, eyni zamanda bir nəslin, bir cəmiyyətin və fərqli dünyagörüşlərinin kəsişdiyi nöqtədə yaranan dərin fəlsəfi müzakirədir. Bu əsər oxucunu yalnız oxumağa deyil, həm də öz mövqeyini yenidən gözdən keçirməyə vadar edən dəyərli bir ədəbi nümunədir. Obrazların psixoloji təsviri də diqqətəlayiqdir. Hər iki qəhrəman öz inancında səmimidir və müəllif onların heç birini üstün və ya zəif mövqedə göstərmir. Bu balans əsərin obyektivliyini qoruyur və oxucuya sərbəst düşünmək imkanı verir. Dialoqlar isə canlı və düşündürücüdür; oxucu sanki bu mübahisələrin içində olur və öz mövqeyini müəyyənləşdirməyə sövq edilir.
"Əks Qütblərin Dostluğu" iki cildlik roman kimi yalnız iki dostun taleyini deyil, insanlığın ortaq dəyərlərinə işıq tutan, bütöv bir düşüncə sistemini, sosial mühiti və mənəvi irsi əhatə edən, düşüncələr arasında körpü qurmağa çalışan genişhəcmli bədii-fəlsəfi əsər təsiri bağışlayır. Müəllif burada hadisələri təkcə fərdi münasibətlər çərçivəsində saxlamır, onları daha geniş - ictimai, dini və ideoloji kontekstdə təqdim edir. Bu roman oxucunu mühakimə etməyə deyil, anlamağa çağırır və məhz bu xüsusiyyəti ilə yadda qalır.

Əsərin əsas qəhrəmanlarından olan Atabərkin əvvəllər sakit uşaq olması, lakin cılız uşaq olduğu üçün ona qarşı təzyiqlər, böyük savaşlar, mübarizələrdən sonra avara uşaqlara qoşulması və sonda atası tərəfindən vəhşicəsinə döyülməsi və s. onu həyat çətinlikləri ilə üz-üzə qoymuşdur. Lakin hazırlığa getməsi, Ramiz müəllimin, atasının məsləhətləri onu avaraçılıqdan uzaqlaşdırıb təhsil almaq, savadlı olmaq kimi niyyətin arxasınca aparmışdır. O, artıq institutda oxuyur və burda da Xəlil adlı bir tələbə ilə birlikdə qalır. Təsadüfən çayxanada rast gəldiyi şəhər uşaqları ilə savaş onu yenidən qisas almaq kimi fikirlərə sövq etsə də, evində qaldığı Bəsti arvadın və çayxana sahibin məsləhətləri ilə, bir də atasının qorxusundan bu məsələni beynində götür-qoy edən Atabərk səbirli olmaq yolunu seçir. Lakin savaş zamanı dostu Xəlilin ona kömək etməməsi ona qarşı dostluğun, inamın zəifləməsinə gətirib çıxarır. Və Xəlilə olan qardaşlıq sevgisi, dost güvənliyi yox olmağa başlayır. Bu hadisə onun həyatında birinci dəfə olmadığından belə qərara gəlir ki, artıq heç bir dosta inanmaq və güvənmək lazım deyil. Hətta dostların belə güvənsizliyinin kökündə özünün səhvinin olduğunu anlayır. Onların hərəkətini olduğu hal kimi qəbul edərək içindəki incikliyin üstündən xətt çəkir.
Atabərkin təsadüfən rastlaşdığı əslən onların rayonundan olan və çox imkanlı bir oğlan - Turalla görüşməsi və Xəlildən ayrılıb onunla qalması onun həyatında dönüş yaradır. Atabərkin təklifini qəbul edən Tural dostu Eminlə birlikdə kirayədə qaldığı evə Atabərkin də qalmasına imkan yaradır. Kirayə pulunu verən Turalın imkanlı dostları ilə hər gecə qumar oynaması, evə qızlar gətrməsi hallarını Atabərki narahat etmir, əksinə Turalın imkanlı, qorxmaz dostları ilə tanış olur və artıq bu şəhərdə tək olmamasına sevinir. Turalla Emin dərslərə getmir, pul verib qiymət yazdırırsa da, amma çox böyük hörmətə malik idilər. Bütün bunların haradan qaynaqladığını araşdıran və bütün hərəkətləri müşahidə edən Atabərk üçün hər şey çox da qaranlıq qalmır.

Turalgilin artıq 4 cü kursda olması onların şəhərlə vidalaşmasına az bir vaxt qaldığını bilən Atabərk özünə tezliklə kimləsə qalmağı fikrini irəli sürür. Çox keçmir ki, Turalgildə tanış olduğu Bəhruzla söhbət edir və ürəyini ona açır. Bəhruz Atabərkin sakit, artıq söz danışmayan birisi olduğunu bildiyi üçün onu dostları ilə qalmağına imkan yaradır. Beləliklə Turalgilin şəhəri tərk etməsi və Atabərkin başqa adamlarla qalması əsərdə davamlı olaraq onun təhsil aldığı dövründə izlənilir.

Qəribə orasıdır ki, Atabərk kirayə pulu verməmək üçün, hər tərəfli fikirləşir, yaxud dostlarının belə pullu olması onu hər an düşündürür. Onda pula hərislik yaranır. Bunu dostlarına deyir və onların sözlərində tez-tez işlətdiyi "dayı" nın kim olduğu onda maraq yaradır. Otaq yoldaşı Ruslanın ad günündə "Dayı" dedikəri adamla görüşləri zamanı dayının diqqət çəkdiyi Atabək onun çox xoşuna gəlir. Atabərk ona ürəyini açır və kim olduğu barədə fikirlərini açıqlayır. Bir təmiz, sadə tələbənin pula bu qədər hərisliyi "Dayı"nı düşündürür və onunla açıq danışır. Sadəcə orda bir şeyi tam vurğulayır ki, Atabərklə bir otaqda qaldığı üç nəfər oğlan küçə uçşaqları olmaqla brabər həm də narkoman olublar. "Dayı" onları küçədən tapıb gətirib onlara himayədarlıq edib. Beləliklə, onlar haqqında və özü barədə Atabərkə tanışlıq verən "Dayı" həm də ona bu işin nədən ibarət olduğu barədə məlumat verir.

Müəllif ağsaqqal "Dayı"ilə Atabərkin dialoqunu verir. Bu dialoq bizə çox şeyi deyir. Deməli həmin dayı bir tərəfdən küçədə avara gəzən uşaqları gətirir onlara guya "dayaq" durmaq məsədi ilə. Əslində onlardan başqa cür istifadə edir. Yəni bir dəstə başsıçı kimi bu cavanlardan və hətta Atabərkin dost dediyi güləşçi, idmançı Bəhruzdan da bu məqsəd üçün istifadə edir. Nədir ağsaqqalın gəncləri cəlb etdiyi iş, yaxud pul qazanmaq yolu? Söhbətin sonunda "Dayı" nın bir sözü Atabərkə çox tanış gəlir və yadına düşür ki, bu sözü ona Ramiz müəllim demişdi:
Oğlum, istər mənfi işlər olsun, istər müsbət işlər, hamısının ən professionalı təhsili, elmi, savadı olan güclü "moşennik" - savadı, təhsili olan "moşennik"di.

Ramiz müəlimin bu sözləri ilə Valeh dayının sözlərini beyinin süzgəcindən keçirən Atabərk pulsuz kasıb olunca, dələduz ol, pullu ol, fikirlərini dönə- dönə xəyalında yaşatdı. Və bu fikirlərlə Valeh dayıya yenidən müraciət etsə də çox götür qoy etməklə, onun fikirlərini bir daha xatırladı. "Bir şeyi unutma ki, bizim işimiz çox ağır və qorxulu işdi". Müəllif gənclərin həyat yolunda qarşılaşdığı təhlükəli təsirləri ustalıqla açır. Xüsusilə "ağsaqqal" adı altında gizlənən, amma əslində mənəvi aşınmaya səbəb olan "dayı" obrazı cəmiyyətin acı reallığını simvolizə edir. Bu tip insanlar gənclərin təcrübəsizliyindən istifadə edərək onlara asan qazanc vədləri verir, nəticədə isə onları dələduzluq və ya narkomaniya kimi çıxılmaz yollara sürükləyir. Burda "dayı" obrazı sadəcə mənfi tip deyil - o, cəmiyyətin içində kök salmış mənəvi çürümənin açıq simvoludur. Belə adamlar "ağsaqqal" adı altında hörmət qazansa da, əslində gənclərin gələcəyini oğurlayan, onların taleyi ilə oynayan gizli dağıdıcılardır. Onların təklif etdiyi "asan qazanc" əslində bir tələdir. Bu tələyə düşən gənc əvvəlcə kiçik addımlarla başlayır, sonra isə geri dönüşü olmayan bir bataqlığa batır. Dələduzluq və narkomaniya bu yolun sadəcə iki üzüdür - hər ikisinin sonu isə eyni faciədir: məhv olmuş həyat, dağılmış ailə, itirilmiş gələcək. Atabərk kimi gənclərin qarşısında duran seçim isə çox kəskindir: ya öz zəhməti ilə ayaqda durmaq, ya da bu cür "dayı"ların kölgəsində şəxsiyyətini itirmək. Bu məqamda müəllif sanki oxucuya səslənir - əgər gənc bu yolda azacıq tərəddüd etsə, onu gözləyən uçurum qaçılmazdır. Ən təhlükəlisi isə budur ki, bu "dayı"lar cəmiyyətdə hələ də ifşa olunmur, bəzən hətta qəbul edilir. Bu isə artıq təkcə fərdi yox, ictimai faciədir. Gəncləri qorumaq əvəzinə onları bu bataqlığa itələyən belə "böyüklər" əslində gələcəyin düşmənləridir. Bu, bir ittihamdır. Və bu ittihamın hədəfi konkret obrazdan çox, belə hallara göz yuman cəmiyyətin özüdür.

Atabərki möhkəm təlimatlandıran Valeh dayı onun ali savadlı olmasından yaxşı danışığından çox gözəl istifadə edir və "asan qazanc" yoluyla ona pul qazandırır. Otaq dostları bunu belə görüb Atabərkdən ayrılırlar. Dələduzluq yolu ilə əldə etdikləri puldan çox keçmir ki, özünə maşın da ala bilən gənc tələbə işiylə fəxr edir və kənddə atasıgili yaxşı işə girmişəm deməklə onları aldadır və hətta onlara da köməklik göstərir.

Atabərk Valeh dayının ən "sevimli", ən "savadlı" dələduzu olur. Onun tapşırıqlarını istədiyi kimi "savadlı" şəkildə yerinə yetirir. Dostlarına tapşırdığı işləri də ona tapşırır. Onun əlinə çoxlu pul gəldiyi üçün dostları ona paxıllıq etməyə başlayır və ondan ayrılırlar. Özləri Valeh dayının dediyi tapşırıqları təkcə həll etməyə başlayırlar. Beləliklə 3 nəfərlik qrup ağına-bozuna baxmadan kimi gəldi aldatmağa başlayırlar. Qarşılarına çıxan hər kəsi aldadaraq böyük məbləğdə pul əldə edən Saşa, Ruslan, Qabil telefonlarını söndürüb gizlənirlər. Aldanan şəxlər polisə şikayət edirlər. Valeh dayı başda olmaqla dələduz dəstə tutulur. Atabərkin tutulması bütün kəndə yayılır. Atası Cəsarət və o biri uşaqların da valideynləri həbs olunan uşaqların ardınca gəlib məsələnin nə yerdə olduğunu görürülər.

Valideynlər çox çətinliklə pul tapıb onları həbsdən tanışlıq yolu ilə azad edirlər. Beləliklə, Atabərk və onun dələduz dostları bu yoldan müvəqqəti olaraq ayrılırlar. Lakin pula hərislik Atabərki rahat buraxmır. O, yenidən Saşa ilə görüşür və sələmçi qadlnlarla onu tanış etməyini xahiş edir. Atabərk özünü mədəni göstərərək şirin dilini işə salıb həmin qadınlara özünün inandırmaqla çox miqdarda pul mənimsəyib aradan çıxır. Bu söhbət də kənddə yayılır. Atası ikinci dəfə infakt keçirən Atabərkin atası oğlunu çoxlu danlayır. Özünü doğruya çıxarmaq üçün min bir dil tökən Atabərk yalanları ilə özünü müdafiə etməyə çalışır. Lakin həmin qadınların adamları poisə şikayət etməklə onun evinin yerini tapır və Cəsarət kişidən pulun bir hissəsini geri qaytaraılır.

Atabək əsgərlikdən yayınmaq üçün Rusiyaya getməyə qərar verir. O, bu addımını ört-basdır etmək üçün dayısının qızının "ata yurdu üçün darıxıram" bəhanəsini irəli sürür və guya onu ziyarət adı ilə ölkədən uzaqlaşır. Lakin bu xəbər ailəyə ağır zərbə olur. Atası oğlunun bu hərəkətindən dərin sarsıntı keçirir və nəticədə dünyasını dəyişir. Bu hadisə Atabəyin həyatında dönüş nöqtəsinə çevrilir. Atasının yaxın dostu onu başa salaraq, səhvlərinin nəticələrini dərk etməsinə kömək edir və Atabərki kəndə qaytarır. O, əvvəlcə atasının məzarını ziyarət edir. Bu ziyarət onun daxilində böyük peşmanlıq və vicdan əzabı yaradır. Daha sonra Atabək artıq qaçış yolunun olmadığını anlayır və məsuliyyətini qəbul edərək hərbi komissarlığa gedir. Bu addım onun həyatında yeni bir mərhələnin başlanğıcı olur - səhvlərdən dərs alma və dəyişmək istəyi.

Əsərin əsas qəhrəmanlarından biri, Atabərkin uşaqlıq dostu Mirayaz da instituta qəbul olur. O, təhsil üçün şəhərə gəlir və xalası uşaqları Rufət və Ceyhunla birlikdə xalası evində qalmağa başlayır. Şəhər həyatı isə düşündüklərindən daha çətin olur. Onlar tezliklə şəhərin dalaşqan və aqressiv uşaqları ilə qarşılaşırlar. Bir neçə dəfə münaqişəyə düşür, hətta döyülürlər. Bu vəziyyət onların özünə inamını sarsıdır.

Atabərk artıq əsgərlikdən qayıdır. Ancaq dələduzluq və atanşik olduğu üçün heç kəs ona iş vermir. Atası onun əməllərindən infarkt keçirib öldüyünə görə qohumları yiyə durmur. Müəllif Atabərk obrazının faciəsini daha da dərinləşdirə bilər. Maraqlı tərəfi odur ki, Atabərk təkcə cəmiyyət tərəfindən rədd edilən bir insan deyil, həm də keçmiş əməllərinin nəticələri ilə üz-üzə qalan bir obrazdır.

Əsgərlikdən qayıtdıqdan sonra onun iş tapa bilməməsi təsadüfi görünmür. Atasının ölümündə özünü günahkar hiss etməsi də onun daxilində ağır bir mənəvi yük yaradır. Qohumların ondan uzaq durması isə Atabərkin tənhalığını daha da artırır. Belə vəziyyətdə obraz iki yoldan birini seçə bilər; Ya kin və nifrət içində daha da uçuruma yuvarlanar; Ya da səhvlərini anlayaraq dəyişməyə və özünü yenidən qurmağa çalışar.

Nəhayət atasının dostu Yadigar müəllim onu işə götürür. 3 ilə yaxın dövlət işində işləyən Atabərk hamının inamını qazanır. Yadigar müəllimin oğlu Sahillə yaxın dost olur. Onun Sevil adlı bir qızı istəməsi və atasının bu qıza razı olmaması ata oğul arasında narazılıq yaradır. Oğlunu yola gətirmək üçün Atabərki bu işə sövq edən Yadigar müəllim: - "Sənin üçün nə desən edərəm deyir. Atabərkə. Sən çalış Sahili yola gətir. O qızdan uzaq drsun" . Atabərk isə yeni vəzifə arzusunda olduğu üçün oğlu Sahilin bu sevdadan uzaqlaşmasına söz verir. Lakin çox keçmir ki, onun yalanı üzə çıxır. Sahilə bu sevgidən uzaq olma deyən Atabərk onun atasına isə darıxma, arxayın olun deyərək vaxtı uzadır.
Yadigar müəllim onu çağırıb danlayır və işdən uzaqlaşdırır. Bütün nəsil kökü Sahili bu qızdan ayırmaq üçün tədarük görür. Və nəhayət onu Türkiyə gəzməyə aparan atası ona yalvarıb imkanlı, vəzifəli bir kişinin qızını almağı ondan xahiş edir. Sahil razılaşır, lakin bir şərtlə ki, istədiyi maşını alarsan deyə. Belə də olur. Və atası ilə şərt kəsir ki, toya Atabərk də gəlsin. Həhayət, toy olur.

Bu sonuncu variant Atabərkin xarakter inkişafı baxımından daha təsirli görünürdü. Çünki o zaman o, ilk dəfə vəzifəni, mənfəəti deyil, həqiqəti seçmiş olardı. Beləliklə, "Əks qütblərin dostluğu" əsərində keçmiş Atabərkin, indiki Atabərkə çevrilən qəhrəmanın əsl dəyişimi məhz həmin məqamda tamamlanar. Oxucu da onun cəzalanmasından çox, mənəvi dirçəlişinin şahidi olardı.

İnstitutu bitirib hərbi xidmətə yollanan Mirayaz ilk günlərdən çətinliklərlə üzləşir. Hərbi hissədə baş çavuş Elvinin kobud davranışları, əsgərlərə qarşı sərt və bəzən də yersiz münasibəti gənc əsgərin qəlbində dərin narazılıq yaradırdı. Günlərin birində Elvinin növbəti təhqiramiz hərəkəti Mirayazı son həddə çatdırdı. O, qəzəbin əsirinə çevrilərək çox ağır bir addım atmağı düşünür. Elə həmin an anasının illər öncə dediyi sözlər qulağında səsləndi: - Oğlum, insanın ən böyük qələbəsi başqası üzərində deyil, öz qəzəbi üzərində qazandığı qələbədir. Bu sözlər Mirayazı silkələyir. O, bir neçə dəqiqə əvvəl düşündüyü fikirdən utanaraq geri çəkildi. Həmin gündən sonra özünü hərbi xidmətə, nizam-intizama və yoldaşlarına dəstək olmağa həsr edir. Üç ay sonra Elvin tərxis olunur.

Əsərin əsas qəhrəmanı olan Atabərk özünə pul yığıb maşın almaq fikrinə düşür. Və kəndçisi maşın alveri ilə məşğul olan Elvüsala müraciət edir. Onunla sövdələşib Gürcüstana gedirlər. Əslində Atabərk bilir ki Elvüsal dələduzdu. Ona görə onunla ehtiyatla davranır. Lakin Elvüsalın etibarlı adam olmadığını bilsə də, onun qurduğu tələyə düşür. Gürcüstanda Qafur və Elvüsalın əlbir olub Atabərkin pulunu mənimsəməyə çalışması hadisələrə dramatik gərginlik qatır. Lakin Atabərk öz soyuqqanlılığını itirmir, vəziyyəti düzgün təhlil edir və qarşı tərəfin istifadə etdiyi üsulla onları məğlub edir. Bu məqamda qəhrəmanın çevik zəkası, psixoloji üstünlüyü və hadisələri idarə etmək bacarığı üzə çıxır. Və şirin dili ilə onların əliylə maşınla geri dönür.

Atabərk qardaşının toyunu edir. Lakin Elvüsalın girov qalması və sonunun nə gözləyəcəyini bilən Qafur Atabərkin əmisinə şikayət edib yalvarır. Yalnız əmisinin sözüylə Atabərk maşını satıb öz pulunu götürür və qalanını Qafura verir. Beləliklə, Atabərkin maşın oyunu belə bitir.

Bu hadisə xətti Atabərkin xarakterini açan maraqlı epizodlardan biridir. Burada müəllif sadəcə bir maşın alverindən deyil, həm də hiylə, etibar, ədalət və mənəvi seçimlərdən bəhs edir. Qafurun çarəsiz vəziyyətə düşməsi və Atabərkin əmisinin xahişindən sonra onun maşını sataraq öz pulunu götürməsi, qalan məbləği isə Qafura qaytarması qəhrəmanın daxilindəki mərhəmət hissini göstərir. Bu davranış Atabərkin məqsədinin qarşı tərəfi məhv etmək deyil, sadəcə öz haqqını bərpa etmək olduğunu sübut edir. Əsərin bu hissəsində müəllif oxucuya belə bir fikir aşılayır: hiylə ilə qazanılan qazanc uzunömürlü olmur, insan gec-tez öz əməllərinin nəticəsi ilə üzləşir. Eyni zamanda, ədalət qisasdan daha üstün dəyərdir və həqiqi güc mərhəmətlə tamamlananda mənəvi qələbəyə çevrilir. Hiylənin tələsində Atabərkin ədalət oyunu, ağılla qazanılan qələbəsinə yol açır.

Qardaşına toy edən Atabərk toyun pulu ilə özünə maşın alır. Çox keçmir ki, sevdiyi qıza elçi göndərir, "hə" sini alır. Və bir-iki ay keçməmiş özünə toy edir. Bunun üçün Yadigar müəllimə və onun kollektivinə dəvətnamə veir. Toyu idarə etmək üçün isə Yadigar müəllimə həvalə edir. Toyunda Yadigar müəllimi aparıcı qoyması onun nüfuzundan istifadə etmək və özünə hörmət qazandlrmaq məqsədi güdməkdən başqa bir şey deyildi. Onun hesabına toya gələn də, nəmər yazdıran da çox idi. Atabərk bütün bunları Yadigar müəllimdən qisas almaq üçün edir. Vaxtilə onu işdən çıxarmış və ona vəzifə verməmişdir. Beləliklə, Sevilə içki verib onun bakirəliyini pozan Sahil peşimançılıq çəksə də Atabərk onu sakitləşdirir. Sevilə çoxlu pul xərcləyən Sahildən ata anası şübhələnir. Əlinə keçən pulu Sevilə xərcləyən Sahili başqa yola çəkmək fikrinə düşən Atabərk Sahili başqa rayonlarda atasının adından istifadə edib işə düzəltmək adından çox adamlarla tanış olur. Yadigar müəllimi tanıyan kənd adamları ona inanıb işə düzəlmək üçün Sahilə pul verir.
Sahil isə burada zəif iradəli bir obraz kimi görünür. O, əvvəlcə tərəddüt etsə də, Atabərkin təsiri altına düşərək həm şəxsi həyatında, həm də sonradan insanların etibarından sui-istifadə etməklə ciddi səhvlərə yol verir. Kənd adamlarının Yadigar müəllimin adına inanaraq pul vermələri cəmiyyətdə nüfuz və etibar anlayışının nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Lakin həmin etibardan qazanc məqsədilə istifadə edilməsi əsərin ən ağrılı məqamlarından biridir.
Bu hissə oxucuya bir həqiqəti xatırladır: qisas hissi insanın vicdanını üstələyəndə, o artıq başqalarına deyil, ilk növbədə öz mənəviyyatına zərbə vurur. Atabərk qazanc əldə etsə də, əslində mənəvi uçuruma doğru sürüklənir. Bu əsərin əvvəlki hissələrindən görünür ki, burada təkcə hadisələr deyil, həm də insan xarakterlərinin, mənəvi seçimlərin və həyatın ziddiyyətlərinin təsviri əsas yer tutur. Əsərin adı da təsadüfi seçilməyib. "Əks qütblərin dostluğu" anlayışı fərqli dünyagörüşünə, fərqli əxlaqi prinsiplərə və fərqli həyat yollarına malik insanların münasibətlərini ifadə edir.
Əsərin diqqətçəkən cəhətlərindən biri də budur ki, müəllif qəhrəmanları ağ və qara rənglərdə təqdim etmir. Hər bir obrazın daxilində mübarizə gedir. Məsələn, Mirayazın əsgərlikdə yaşadığı mənəvi sarsıntı və qəzəb hissi onun daxilindəki insanlıq duyğuları ilə toqquşur. Anasının səsini xatırlaması və yanlış addımdan geri çəkilməsi göstərir ki, insanın ən böyük qalası onun vicdanıdır. Digər tərəfdən, Atabərkin həyatı da oxucuya mühüm bir həqiqəti çatdırır. İnsanın qazandığı hörmət təkcə vəzifə və ya var-dövlətlə ölçülmür. Dostluq, etibar və düzgün seçimlər insan taleyini müəyyənləşdirən əsas amillərdir.

Mirayaz, dostu Vüqarın atası Nəriman kişini bibisi Yeganənin 50 yaşlı baldızı ilə evləndirmərk istəyir. Bu barədə birisinin qardaşı Fərhad müəllim Nəriman kişini xəbər almaq üçün Murayazın əmisi Mirbağıra xəbər göndərir. Mirbağır bacısı Yeganənin Nəriman kişiylə ailə qurmasına razı olmadığını Mirayaza bildirir. Lakin nə olur olsun Nəriman kişini Fərhad müəllimin tanıması üçün Murbağırla Nəriman kişinin onun yanına getməsindən ötrü əldən ayaqdan gedən Mirayaz öz əhdinə çatır. Nəhayət, Mirayazın neçə müddət üzərində işlədiyi bu planın onun xeyrinə heç nə olmadığını görüb sadəcə susmağa üstünlük verir. Bu epizod Mirayaz obrazının daxili aləmini və onun insanlara münasibətdə yol verdiyi səhvləri göstərən maraqlı bir hadisədir. Lakin həyat çox vaxt insanın hesabladığı kimi olmur. Mirayazın qurduğu plan baş tutur, insanlar öz məqsədlərinə çatırlar, amma həmin uğurdan ona heç bir pay düşmür. Əksinə, bütün zəhməti çəkən adam kənarda qalır. Hətta toy mərasiminə də dəvət olunmaması onun qəlbində dərin inciklik yaradır. Bu vəziyyət Mirayazın insanlardan gözləntilərinin puça çıxmasına səbəb olur.

Mirayaz dostu Vüqarın atasını evləndirib istədiyi nəticəsində edə bilmədiyi üçün qaldığı yerdə həyatını davam etməkdə idi. O, uşaqlıqdan çox sevdiyi ibadətlə məşğul olur. Və dostu Fuadla ibadətə başlayır. Çox keçmir ki, zəvvarlarla məşhəd ziyarətinə gedir. Babası Seyid Cəfər ağa dinə bağlanmasına çox kömək edir. Mirayaz bir gün babasına işi barədə söz açır və dostu Yadigar müəllimə bu barədə deməsini xahiş edir...
Müəllif Mirayazın həyatında yeni mərhələnin başlanğıcını ifadə edir. Əgər əvvəlki hadisələrdə o, insanların naxələfliyi və qədirbilməzliyi ilə üzləşirdisə, burada tale onun qarşısına fərqli qapılar açır. Mirayaz dostu Vüqarın atasının ailə qurması üçün göstərdiyi səylərin bəhrəsini özü görməsə də, həyatın yalnız bir hadisədən ibarət olmadığını anlayır. O, məyusluğa qapılıb dayanmaq əvəzinə, ruhən özünü inkişaf etdirməyə çalışır. Bu yolda Mirayazın ən böyük dayaqlarından biri babası Seyid Cəfər ağa olur. Müəllif burada ağsaqqal obrazının ailədəki rolunu ön plana çıxarır. Seyid Cəfər ağa təkcə nəvəsinə dini biliklər aşılamır, həm də ona həyat yolunda dəstək olur. Mirayazın iş məsələsini özünə dərd etməsi və bunu babası ilə bölüşməsi onların arasındakı etibarın göstəricisidir.
Əsərin əsas qəhrəmanı Atabərk isə dələduzluq əməllərindən uzaq düşür. Sədərək bazarında aya 800 m maaşa işləyir. 2 il heç bir dələduzluq etmir. Lakin Ravil adlı dələduz dostu onu şirəyə çəkib yenidən oyuna salır. Sahil ailəsinə, atasıgilə fikir vermir. Ancaq Sevillə yaşayır. Bunu görən nənəsi Nərgiz xala Atabərki çağırıb oğlu Sahili Sevildən ayrılmasını xahiş edir. Atabərk öz planını işə salır. Nərgiz nənə ona bu işi həll etmk üçün 15 min manat pul verir Atabərk Sevili yoldan çıxarmaq üçün dostu Ravillə onu tanış edir. Ravil Sevilə vurulur. Və Sevil zəng edərək Sahilə ağzına gələni deyib ondan uzaqlaşır. Ravillə eşq yaşayır. Beləcə Sahildən ayrılan Sevil Ravilə qoşulub qaçır. Bu süjet xətti əsərdə ciddi dramatik dönüş yaradır. Burada dostluq, ailə münasibətləri, mənəvi dəyişiklik, xəyanət, manipulyasiya və insan xarakterinin mürəkkəb tərəfləri bir-birinə qarışır.
Əsərin əsas qəhrəmanı Atabərk obrazı xüsusilə maraqlıdır. O, iki ildən artıq müddətdə dələduzluqdan uzaq qalıb halal zəhmətlə dolanmağa çalışır. Bu, onun dəyişmək istəyindən xəbər verir. Lakin Ravilin təsiri ilə yenidən köhnə yola qayıtması göstərir ki, insanın keçmişi bəzən onu buraxmır. Burada müəllifin əsas suallarından biri budur: insan həqiqətən dəyişə bilərmi, yoxsa zəif məqamında yenə əvvəlki səhvlərinə qayıdır?
Əsərin verdiyi mühüm mesajlardan biri budur ki, insanı dəyişdirən təkcə zaman deyil. Dəyişmək üçün güclü iradə, özünə nəzarət və hər gün öz üzərində işləmək lazımdır. Əks halda keçmiş səhvlər fürsət gözləyən kölgə kimi insanı izləyir. Bu baxımdan Atabərkin taleyi oxucuya belə bir sual ünvanlayır: "İnsan keçmişindən qaça bilərmi, yoxsa həqiqi dəyişiklik yalnız insan öz nəfsi üzərində qələbə qazandıqda mümkündür?" Məhz bu sual əsərin psixoloji dərinliyini artırır və Atabərk obrazını sadəcə müsbət və ya mənfi qəhrəman deyil, həyatda olduğu kimi ziddiyyətli və canlı bir insan kimi təqdim edir. Əsərin başqa bir hissəsinə qayıdaq. Müəllif hadisələrin qəribə gedişlərini oxucuya açıqlayır.
Nərgiz xalanın nəvəsi Sahili Sevildən ayırmaq üçün Atabərkdən kömək istəməsi hadisələrə yeni intriqa gətirir. Atabərkin pul qarşılığında Sevilin həyatına müdaxilə etməsi onun mənəvi cəhətdən hələ də tam dəyişmədiyini göstərir. Ravilin Sevilə vurulması və Sevilin Sahildən uzaqlaşması isə hadisələrin kulminasiya nöqtəsini təşkil edir.
Bu hissədə ən böyük faciə yalnız bir ailənin dağılması deyil. Ən böyük faciə insanların bir-birinə olan etimadını itirməsidir. Hər kəs öz ağrısı, öz marağı və öz arzuları ilə hərəkət edir. Burda belə fikir formalaşır: "İnsan bəzən düşməninin deyil, öz keçmişinin məğlubuna çevrilir. Ən çətin savaş isə insanın öz içində apardığı savaşdır."
Atabərkin etdiyi dələduzluğa görə polisə çoxlu şikayətlər olunur. Sahili də bu işə yenidən qoşur. Sahil, Sevilə və Atabərk birlikdə bu dəfə başqalarının adına olan bank kartına əldə etdikləri pulu köçürməklə çoxlu qazanc əldə edirlər. Və gedib rayonda kef edirlər. Şikayətçilərin sayı çoxalır və onlar polisə çağırılırlar. Atabərk hər şeyi Sahilin üstünə atır. Yadigar müəllim oğlundan imtina edir. Onların hər ikisi tutulur. Artıq onların həbsdə olmasından 2 il keçir. Yadigar müəllimin anası yalvarır ki, Sahili çıxarsın. Yadigar müəllim məcbur olub bütün şikayətçilərin pulunu ödəyir və təbii ki, Atabərklə birlikdə azad olunurlar. Nəticədə qazanc və rahat həyat arzusu onları həbsxanaya aparır. Ən ağır zərbəni isə günahın böyük hissəsini başqasının üzərinə atan Atabərk vurur. Müəllif göstərir ki, yalan və dələduzluq üzərində qurulan xoşbəxtlik uzun sürmür, gec-tez hər kəs öz əməlinin qarşılığını alır. Bu hissə oxucunu vicdan, məsuliyyət və düzgün seçimlər barədə düşünməyə vadar edir.

Atabərk məhkəmədən çıxandan bir müddət sonra yenə öz işini davam etdirir. Bu dəfə bank kartlarından bir çox adamları aldatmağa başlayır. Türmədən çıxdıqdan sonra 1 dəfə 2 ay müddətinə inzibati həbsdə olur. Sahilin isə başı Sevilə qarışır. Sahil 2 il türmədə olan vaxtı Sevil onun aldığı evə bir oğlan gətirmiş və onunla yaşamışdır. Sahil evə gələn zaman Sevil həmin oğlana yan çevirir. Dəliyə dönən oğlan onu aldadıb pullarını yeyən Sevilin üstünə atılaraq saçlarını topa topa başından qoparır. Kəllə beyin travması alan Sevil xəstəxanaya yerləşdirilir. Həmin oğlan həbs olunur. Sahil heç yerdə işləmədiyi üçün tək başına başqa cür dələduzluğa başlayır. Bu dəfə bəzi adamları öyrədib atasının üstünə göndərərək, plan qurur. Guya Sahil bizdən bu qədər pul alıb vermir. Əgər verməsəniz oğlunuzu sağ görməyəcəksiniz, - deyirlər. Yazıq Yadigar müəllim yenə də başını tutaraq pulu verib canını qurtarır. Bütün bunların günahı kimdə idi? Sahildə yoxsa atasında?

Atabərklə Yadigar müəllimi barışdırmaq üçün Mirayaz onları görüşdürür. Onlar isə keçmişdən bəri olan sirlərini açır, səhvlərini bir birinin üzünə deyir. Və Atabərk əsəbi halda uzaqlaşır. Atabərk bir müddət yaratdığı komandası ilə birlikdə sənətini davam etdirir. Amma polis əməkdaşları kameralar, telefonun "email " kodu vasitəsilə Atabərk və başçılıq etdiyi qrupu üzə çıxarmaq üçün çalışaraq öz işlərini görürülər. Əməliyyat axtarış nəticəsində Atabərk və dostları dələduzluq fəaliyyətini həyata keçirdikləri zaman tutulublar. Bir sözlə əsərimizin qəhrəmanı Atabərk bu dədə uzun müddətə azadlıqdan məhrum edilir.

Mirayaz isə 2 ildir üzərində işlədiyi əsəri bitirməkdə idi. Bəli, çox təəssüf olsun ki, əsərin qəhrəmanı Atabərk öz həyatından bəhs edən romanı həbsxanada oxuyacaq...
Son olaraq əsər haqqında belə deyə bilərəm ki, "Əks qütblərin dostluğu" romanı insan xarakterinin mürəkkəbliyini, dostluğun sınaqlarını, ailə münasibətlərini və yanlış seçimlərin acı nəticələrini əks etdirən sosial-psixoloji əsər təsiri bağışlayır. Müəllif hadisələri sadəcə nəql etmir, eyni zamanda oxucunu insan taleyi, vicdan, məsuliyyət və həyatın verdiyi dərslər haqqında düşünməyə vadar edir. Əsərin əsas qəhrəmanı Atabərk mürəkkəb və ziddiyyətli xarakterdir. O, bəzən peşmanlıq hissi keçirir, bağışlanmaq istəyir, lakin hər dəfə yenidən yanlış seçimlərin əsirinə çevrilir. Müəllif bu obraz vasitəsilə göstərir ki, insanın həyatını məhv edən təkcə bir səhv deyil, səhvlərdən nəticə çıxarmamaqdır. Atabərkə dəfələrlə şans verilir, dostları və yaxınları ona kömək etməyə çalışırlar, amma o, dəyişmək əvəzinə eyni yola qayıdır və nəhayət, öz əməllərinin qurbanına çevrilir.

Sahil obrazı isə başqa bir faciəni təcəssüm etdirir. O, dostluq, sevgi və ailə arasında qalıb düzgün qərarlar verməkdə çətinlik çəkir. Sevilə olan kor-koranə bağlılığı, atasının mərhəmətindən sui-istifadə etməsi və asan qazanc arxasınca getməsi onun həyatını çıxılmaz vəziyyətə salır. Bu obraz oxucuya göstərir ki, insan bəzən düşmənindən deyil, öz zəifliklərindən məğlub olur. Mirayaz isə əsərdə vicdanın və müşahidəçi mövqeyinin daşıyıcısı kimi görünür. O, hadisələrin içində olsa da, daha çox onları analiz edir, insanları barışdırmağa çalışır və sonda bütün yaşananları əsərə çevirərək həyatın güzgüsünü oxucunun qarşısına qoyur.

Romanın ən güclü tərəfi onun həyatiliyi və real insan xarakterlərinə söykənməsidir. Burada nə tamamilə ideal qəhrəman, nə də yalnız qara rənglə təsvir olunan mənfi obrazlar var. Hər kəs öz səhvləri, zəiflikləri və seçimləri ilə təqdim olunur. Məhz buna görə oxucu hadisələri oxuyarkən onları həyatda gördüyü insanlarla müqayisə edə bilir. Əsərin sonluğu xüsusi diqqətə layiqdir. Atabərkin öz həyatından bəhs edən romanı həbsxanada oxuması güclü bədii simvoldur. Bu, insanın keçmişindən qaça bilmədiyini, hər bir əməlin gec-tez qarşısına çıxdığını göstərir. Sanki müəllif demək istəyir ki, həyatın yazdığı hökm bəzən məhkəmənin hökmündən daha ağır olur.
Ümumilikdə, "Əks qütblərin dostluğu" dostluq, xəyanət, sevgi, valideyn-övlad münasibətləri, vicdan və məsuliyyət mövzularını özündə birləşdirən, oxucunu düşündürən və mənəvi nəticə çıxarmağa sövq edən maraqlı bir romandır. Əsərin əsas mesajı sadə, lakin dəyərlidir: insanın taleyini təsadüflər deyil, etdiyi seçimlər müəyyənləşdirir. Sonda bu dəyərli əsərin müəllifi, yazıçı Mirhicab Abdullayevə təşəkkür etməyi özümə borc bilirəm. Onu deyə bilərəm ki, yazıçı olaraq Mirhicab Abdullayev bu əsərdə insan xarakterinin mürəkkəb qatlarını, dostluq, xəyanət, peşmançılıq və mənəvi dəyişmə kimi mövzuları ustalıqla qələmə almışdır. O, oxucunu hadisələrin içərisinə çəkərək düşündürməyi və həyat həqiqətləri ilə üz-üzə qoymağı bacarmışdır. Müəllif bu əsərlə göstərir ki, insan taleyi yalnız baş verən hadisələrdən deyil, həm də verdiyi qərarlardan formalaşır. Onun yaratdığı obrazlar uzun müddət oxucunun yaddaşında qalır.
Yazıçı sadə həyat hadisələrindən böyük mənəvi məna çıxarmağı bacarmış, insan münasibətlərinin işıqlı və qaranlıq tərəflərini obyektiv şəkildə əks etdirmişdir. Bu xüsusiyyət əsəri daha təsirli və yaddaqalan edir. Bir sözlə, "‘Əks qütblərin dostluğu’ təkcə dostluq haqqında deyil, həm də insanın öz vicdanı ilə mübarizəsi haqqında bir əsərdir. Müəllif bu əsərlə oxucuya xatırladır ki, həyatın ən çətin yollarında belə insanı insan edən onun seçimləri və mənəvi dəyərləridir.
Uğurlar diləyi ilə

Nəcibə İlkin
AYB-nin, AJB-nin, Dünya Türk Yazarlar
Birliyinin üzvü. Prezident mükafatçısı,
"Azad Qələm" qəzetinin və jurnalının baş redaktoru
Şair-publisit, yazıçı. İctimai xadim


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 276   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması onların zərərli informasiyalardan qorumağa kömək edecek" - DEPUTAT

"16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması zamanın da qanunda zamanından edilən dəyişiklikdir". Bunu -a danışan deputat Aydın Mirzəzadə bildirib. Deputat qeyd edib ki, bu dəyişiklik vasitəsilə uşaqları biz zərərli informasiyalardan qoruya bilərik:. "Bi

7 iyul
.

Sabah hava necə olacaq?

Azərbaycanda iyulun 8-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağ

7 iyul
.

Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar

Azərbaycanda son 5 ildə 70 və yuxarı yaşlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ölkə üzrə bu yaş qrupuna daxil olanların sayı 150 mindən çox artsa da, rayon və şəhərlər üzrə statistika fərqli mənzərə ortaya qoyur. Bəzi bölgələr yaşlı əhalinin sayına görə ilk sıralarda yer alır, bəzi rayonlard

6 iyul
.

Teymur Musayevə müavin təyin edildi (SƏRƏNCAM)

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsind

7 iyul
.

"Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb" - DEPUTA

"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçidini ifadə etməklə yanaşı həm də innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regiona

6 iyul
.

"Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq qurur" - DEPUTAT

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. 10 Aİ üzvü olan ölkəyə Azərbayca

7 iyul
.

Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi

Ailə-məişət münaqişəsi zəminində həyat yoldaşına yüngül bədən xəsarəti yetirməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ilin iyun ayında, Qurban bayramı ərəfəsində ailənin yaşadığı evdə baş verib. Bildirilir ki

6 iyul
.

"Bu gün Azərbaycanla ABŞ arasındakı bütün sahələrdəki əməkdaşlıq yüksək səviyyədədir" - DEPUTAT

"Bu gün Azərbaycan-ABŞ dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir". Bunu -a danışan deputat Asim Mollazadə bildirib. Deputat qeyd edib ki, son illərdə Azərbaycanla ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:. "Bütün sahələrdə ölkələr arasında əməkdaşlı

7 iyul
.

"Əhalinin kiberrisklər barədə məlumatlandırılması məqsədilə kibergigiyena üzrə maarifləndirmə tədbirləri həyata keçirilir" - DEPUTAT

"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçidlə yanaşı həm də dövlət xidmətlərinin vətəndaşa daha sürətli və daha əlçatan formada təqdim olunmasıdır". Bunu -a danışan deputat Mahir Süleymanl

6 iyul