Strateji əhəmiyyət kəsb edən əməkdaşlıq

Strateji əhəmiyyət kəsb edən əməkdaşlıqİyul ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlmişdir. Bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal reallıqlar şəraitində Avropanın və xüsusilə onun iqtisadi cəhətdən aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqaza münasibətdə olan diqqətin təzahürüdür. Bu gün Avropada baş verən qlobal böhranlar, logistik problemlər və enerji təhlükəsizliyi ilə bağlı yaşanan çətinliklər fonunda Berlin və Bakı arasında qurulan bu ali səviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə daşıyır.
Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salsaq görərik ki, əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoydu. Həmin səfər çərçivəsində Ulu Öndər Almaniyanın o zamankı siyasi rəhbərləri ilə keçirdiyi görüşlərdə ilk addımlarını atan Azərbaycanın müstəqil xarici siyasət kursunun Avropada qəbul olunmasını təmin etdi, "Deutsche Bank", "Siemens", "Thyssen" və "Mercedes-Benz" kimi sənaye və maliyyə nəhəngləri ilə fundamental razılaşmalar əldə olundu və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının və irimiqyaslı investisiya cəlbinin hüquqi-praktiki təməlini qoydu.
İki dövlət arasında münasibətlər son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və çoxqütblü xarici siyasət kursu son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasətin növbəti mühüm nəticəsi Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Kansleri Fridrix Merts ilə imzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" oldu. Bu sənəd Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir.
Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olan Almaniya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə, Berlinlə strateji gündəliyin formalaşdırılması yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri üçün mühüm siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir. Həmçinin Bəyannamədə yenilənmiş Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə açıq dəstəyin ifadə olunması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə verilən töhfə kimi qiymətləndirilə bilər. Bu yanaşma tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji və rəqəmsal transformasiya kimi istiqamətlərdə əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.
Almaniyanın Azərbaycanın Avropa ilə əməkdaşlığının genişləndirilməsinə verdiyi dəstək, eyni zamanda, ölkəmizin bu region üçün etibarlı tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, həmçinin regional sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.
Birgə Bəyannamənin ən mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsidir. Sənəddə yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, nazirlər arasında məsləhətləşmələrin keçirilməsi və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu mexanizmlər münasibətlərin davamlı və sistemli inkişafını təmin edəcək.
Enerji sahəsi strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Lakin yeni sənəd bu əməkdaşlığı ənənəvi qaz ixracı ilə məhdudlaşdırmır. Yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri və iqlim gündəliyi əməkdaşlığın yeni prioritetləri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Almaniyanın enerji keçidi strategiyasında mühüm tərəfdaş kimi rolunu gücləndirir və ölkəmizin yaşıl iqtisadiyyata keçid istiqamətində reallaşdırdığı siyasətin beynəlxalq dəstək qazandığını nümayiş etdirir.
İqtisadi əməkdaşlıq da yeni məzmun qazanır. Sənəddə ticarət dövriyyəsinin artırılması ilə yanaşı, qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığı, logistika, nəqliyyat bağlantıları və davamlı iqtisadi inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Almaniyanın yüksək texnologiyalar və innovasiya sahəsində təcrübəsi Azərbaycanın iqtisadi modernləşmə siyasəti ilə uzlaşır və yeni imkanlar yaradır.
Birgə Bəyannamədə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ayrıca strateji istiqamət kimi öz əksini tapır. Müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, mina təmizlənməsi, kibertəhlükəsizlik və transmilli təhdidlərə qarşı birgə fəaliyyət münasibətlərin daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Almaniyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə və regionda davamlı sülhün təmin olunmasına dəstəyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Eyni zamanda, bu strateji sənəd Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 407   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Ermənistanın ifşası və tarixi reallıqlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində v

15 sentyabr
.

Prezident İlham Əliyev: "İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"

"Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Müsəlman aləmini gözdə

15 sentyabr
.

Prezident: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

"Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib. "Biz Azərbaycanda hər zaman çalışmışı

15 sentyabr
.

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

"Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları il

15 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr