Ağ Evdə Ərdoğan-Tramp qarşıdurması: Döyüş başladı

Ağ Evdə Ərdoğan-Tramp qarşıdurması: Döyüş başladıƏrdoğanın "nöqtə" qoymaq üçün getdiyi Vaşinqton səfərinin atmosferi geosiyasi mənzərədə daşların yerindən oynadığını göstərdi. Və bu, heç də gözlənilməz deyildi. Çünki prezident postuna əyləşəndən sonra U dönüşü edən Tramp Suriyanı bombalamaq və Şimali Koreyaya "desant" çıxarmaqla yanaşı, YPG-yə (PKK-nın Suriya qanadı olan PYD-nin silahlı qolu) açıq dəstəyi ilə əvvəl dilə gətirdiyi "Türkiyə Yaxın Şərq regionunu daha yaxşı tanıyır, onun strategiyasına uyğun hərəkət etmək lazımdır" sözlərinin də yalnız boş bəyanat olduğunu göstərdi. Trampın gedişləri onun gəlişindən sonra ABŞ-Türkiyə münasibətlərinin müttəfiqlik çərçivəsinə qayıdacağı haqda yaranan ehtimalları da alt-üst etdi. Və aprelin 25-də Türkiyənin Sincarı bombalaması ilə başlanan qarşıdurmanı əslində "Amerika-Türkiyə müharibəsi" adlandırmaq olar.

Amerika-Türkiyə döyüşü:

- Aprelin 25-də Türkiyə təyyarələri İraqın şimalındakı Sincar bölgəsi ilə Suriyanın şimalında Karakoç dağında 30-a qədər PKK-PYD hədəflərini vurdu. Terror təşkilatının ABŞ-la birlikdə bir ildən çoxdur qurduqları qərargahlar, sığınacaqlar bir gecədə məhv edildi. Hansı ki, Sincar PKK üçün "ikinci Qəndil" olduğu qədər Karakoç da PYD üçün eyni əhəmiyyətə malikdir. Ankara terrorçuların bu planına icazə verməyəcəyini əvvəldən bəyan etmişdi. Lakin diqqət çəkən məqam Amerika əsgərlərinin də həmin bölgədə terrorçularla birlikdə olması idi. Hücumdan öncə Türkiyə ABŞ-ı məlumatlandırmış və "əsgərlərinizi bölgədən çəkin" xəbərdarlığı etmişdi. Zərbədən qısa müddət öncə Karakoçda PYD ilə birlikdə olan ABŞ-ın yüksək rütbəli hərbçiləri bölgəni tərk etdilər. Vaşinqton Ankaranın zərbələrinə qarşı sərt reaksiya verdi.

- Aprelin 27-də amerikalı zabitlərdən biri Karakoça gəldi və türk ordusunun məhv etdiyi bazalara baxış keçirtdi. Onunla birlikdə bölgəyə baxış keçirənlər arasında Türkiyədə "qırmızı siyahı" ilə axtarılan PKK liderlərindən Abdi Ferhad Şahin də var idi. Bu, ABŞ-ın terrorçulara açıq dəstəyinin ifadəsi idi və Vaşinqton bunu gizlətmək istəmirdi. Əksinə, bununla Türkiyəyə mesaj verirdi. Bu mesaj həm də cavab hücumunun olacağından xəbər verirdi.

- Aprelin 27-də cavab hücumu baş verdi. YPG Suriya ilə sərhəddəki Türkiyə Silahlı Qüvvələrinin postlarına hücum etdi. 2 gün ərzində 11 posta edilən 13 hücumda türk əsgərləri itki vermədi, əvəzində 18 terrorçu məhv edildi. YPG-nin (həm də Amerikanın) hücumuna sərt reaksiya verən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "bir gecə qəfil gələ bilərik" xəbərdarlığı lokal müharibənin davam edəcəyinə işarə idi. Lakin Ankara hücumu hərbi yox, diplomatik sferada başlatdı.

- Mayın 3-də Ərdoğan Rusiyaya səfər etdi. Putinlə görüşün əsas müzakirə mövzusu Suriya idi və "döyüşlərin olmadığı bölgələr"lə bağlı razılıq əldə olundu. Mayın 4-də keçirilən Astana görüşündə Rusiya, Türkiyə və İran Suriyada "döyüşlərin olmadığı bölgələr"in yaradılması haqda qərar qəbul etdilər. Beləliklə, Suriyada bəzi bölgələr Amerika təyyarələri üçün bağlandı. Bu, Suriyada Ankara-Moskva-Tehran üçbucağının hakim mövqeyi qoruması və Vaşinqtonun sıxışdırılması idi. Gözlənildiyi kimi, ABŞ Astana qərarını qəbul etmədiyini bəyan etdi. Ərdoğan Putinlə görüşərək, Suriya ilə bağlı qərarın tərəfi olmaqla ABŞ səfərinə əli güclü getmək niyyətində idi. Lakin ABŞ-ın PKK-PYD ilə bağlı mövqeyini dəyişdirmək, yaxud ən azından bunu dəqiqləşdirmək gedişini də etdi.

- Mayın 9-da Türkiyə Baş Qərargah rəisi Hulisi Akar, Milli İstihbarat Təşkilatının şefi Hakan Fidan və Ərdoğanın sözçüsü İbrahim Kalın Vaşinqtona gedərək, Ağ Evdə Trampla görüşdü. Qapalı keçirilən bu görüş haqda məlumat açıqlanmasa da, görüşdən dərhal sonra Trampın PYD-yə ağır silahların verilməsi ilə bağlı Pentaqona təlimat verməsi "müharibənin davam etdirildiyini" göstərdi. Ərdoğanın nümayəndələri Trampın mövqeyini dəyişdirə bilməmişdi, lakin nə düşündüyünü öyrənə bilmişdilər. Bu görüşdən sonra Ərdoğanın "Bu vergüldür, mən nöqtəni qoymaq üçün gedirəm" sözləri ABŞ-Türkiyə münasibətlərinin dönüş nöqtəsinə - ya düzəlməsi, ya da tamamilə qırılması - gəldiyi fikrini önə çıxardı.

- Ərdoğan Vaşinqton səfərindən öncə Çinə səfər edərək son həmləsini də etdi: Pekində Türkiyə, Rusiya və Çin liderlərinin bir araya gəlməsi həm də ABŞ-a qarşı böyük cəbhənin formalaşması mesajı idi.

Və Türkiyə prezidenti son həmləsi ilə Vaşinqtona gücünü artıraraq yola düşdü. Hesab etmək olardı ki, ABŞ ona qarşı cəbhədə Türkiyənin yer almaması üçün Ərdoğanla razılaşacaq. Lakin Trampın "PKK və İŞİD-ə qarşı Türkiyə ilə birgə mübarizəyə hazırıq" açıqlaması Ərdoğanın Ağ Evdə istədiyinə nail olmadığını göstərir. Çünki Tramp YPG-nin adını çəkməmiş, yalnız iki terror təşkilatından bəhs etmişdi. ABŞ PKK-ya gizli dəstək versə də, bu təşkilatı terror təşkilatı kimi tanıyır və Trampın bəyanatı sadəcə diplomatik ritorika idi. YPG-yə gəlincə, PKK-nın quyruğu olan bu qruplaşmaya dəstək davam edəcək. Ərdoğan da görüşün nəticələri haqda danışarkən, ABŞ-ın mövqeyində dəyişiklik olmadığını açıqladı.

Görünür, Tramp Obamadan qalan yarımçıq planları davam etdirmək niyyətindədir və YPG-yə dəstəyin arxasında da Suriyada atacağı addımların konturları aydın görünür:

1. YPG Rakka əməliyyatında Pentaqonun "əsas gücü" olaraq istifadə ediləcək. ABŞ Suriya Demokratik Qüvvələri (SDQ) adı altında əsasən YPG-dən ibarət qüvvə yaradıb. Məqsəd Suriyada Əsədə alternativ güclərin ipini öz əlində saxlamaqdır. Çünki Suriya müharibəsi başlayanda Əsədə qarşı çıxan müxaliflər əsasən türk bayrağı altında birləşib. Bu, Ankaranın bölgədə güclü olması deməkdir. Vaşinqton da məhz SDQ üzərindən oynayaraq, PKK terror qruplaşmasının tərəfdaşlarını ön plana çəkir. Rakka əməliyyatında məhz YPG-nin "əsas güc" kimi istifadə edilməsi də təsadüfi deyil: Bununla, YPG dünyanın gözündə İŞİD-ə qarşı döyüşən "qəhrəman" olacaq, hansı ki, indiyə qədər ABŞ dünya ictimaiyyətinə onları məhz belə təqdim edir; ABŞ Rakka əməliyyatında YPG-dən istifadə etməklə başqa güclərin, eləcə də Türkiyənin iştirakının qarşısını alır.

2. YPG-yə dəstək nəinki Suriyada, ümumiyyətlə yaxın Şərqdə ABŞ-ın "vəkalət müharibəsi"ni aparacaq gücün formalaşması deməkdir. Obama dönəmində bu müharibə əsasən İŞİD vasitəsilə aparılırdı. Lakin İŞİD-in "istifadə müddəti" artıq başa çatıb və Tramp özünün "yerli ordusunu" yaradır.

3. YPG-yə dəstək Trampın Obamadan qalma "kürd dəhlizi" planını tamamlamaq niyyətindən də xəbər verir. Hansı ki, bu, Türkiyənin cənub sərhədlərində "kürd dövləti"nin yaradılmasının başlanğıcıdır. Türkiyə "Fərat qalxanı" əməliyyatına başlamaqla bu planın həyata keçməsinin qarşısını aldı. Görünür, seçki dövründə "qınına" çəkilən ABŞ özünə gələrək, bu planları yenidən gündəmə gətirir. Lakin bu plan yaxın perspektivdə "rəfdə saxlanılacaq", ən azından Suriyada "qələbə" qazanana qədər.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması da yaxın perspektivdə Vaşinqton və Ankaranın izləyəcəyi siyasəti proqnozlaşdırmağa imkan verir.

"ABŞ YPG-yə verilən silahların Türkiyəyə qarşı istifadə edilməyəcəyinə dair təminat verib", - Çavuşoğlu bildirir.

Məhz bu təminat Vaşinqton və Ankaranın zaman qazanmaq (hər biri özlüyündə) gedişi etdiyini göstərir.

Ankara: Ərdoğan Vaşinqton səfərində ABŞ-ın YPG-yə dəstəkdən imtina etməyəcəyini anladı. Buna görə də indiki məqamda vaxt qazanmaq üçün YPG-nin Türkiyəyə hücum etməyəcəyinin təminatını alıb. Güman ki, Türkiyə ABŞ-ın Suriyada aktiv müharibəyə qoşulmasını gözləyir və ümid edir ki, Suriya amerikalılar üçün yeni İraq olacaq. Əgər belə olacaqsa, o zaman YPG-yə dəstək və "kürd dəhlizi" planı arxivə göndərilə bilər. Türkiyə prezidentinin açıqlamaları da Ankaranın zamana ehtiyacının olduğunu deməyə əsas verir.

Birincisi, Ərdoğan "kürd dəhlizi"nə icazə verməcəyəklərini və Suriyanın şimalından gələcək istənilən təhlükəyə anında cavab verəcəklərini bəyan etdi.

İkincisi, Ərdoğanın "Mən Suriya mövzusunda da qapımızı döyəcəklərinə inanıram. Hazırda Rakka mühasirədədir. Nələrin baş verəcəyini gözləyəcəyik. Amma Türkiyə mütləq meydanda olacaq. Suriyada da, İraqda da" sözləri də deməyə əsas verir ki, Ankara gözləmə mövqeyinə keçir.

Üçüncüsü, güman ki, Türkiyə ABŞ-ın Suriyada "qələbə çalmaması" üçün Rusiya ilə dolayısı yolla olsa belə əməkdaşlıq edəcək. Çünki amerikalıların qələbəsi avtomatik olaraq Türkiyə əleyhinə planlara yaşıl işıq yandıra bilər.

Vaşinqton: Tramp da öz növbəsində Türkiyəyə YPG təminatı verməklə vaxt qazanmağı düşünür.

a) Bu vaxt Amerikaya indiki məqamda Türkiyənin mövqeyini neytrallaşdırmaq üçün lazımdır. Çünki amerikalıların yaxın perspektiv üçün əsas hədəfi Suriyada Rusiya və İranı sıxışdırmaqdır. Bunun üçün Türkiyəni "ofsayt"da saxlamaq lazımdır.

b) Vaşinqton Türkiyəni neytrallaşırmaqla əslində YPG-ni bölgədə daha da gücləndirmək niyyətindədir. Yəni Ankaraya təminat verir və onun hər hansı hücumunun qarşısını alır. Vaxtdan istifadə edərək, YPG-nin silahlandırılmasını gücləndirir və bu terrorçulardan bölgədə ciddi ordu yaradır.

c) Türkiyəyə təminat həm də ona görə verildi ki, Rakka əməliyyatı uğurla başa çatdırılsın. Əgər Rakka əməliyyatı uğurlu olacaqsa, ABŞ-ın əli Suriyada güclənəcək, Rusiya və İrana daha güclü şəkildə hücum edə biləcək.

d) Ən son hədəf isə vaxtdan istifadə edərək, bölgədə gücləndirdiyi YPG-dən "kürd dəhlizi" planını həyata keçirmək üçün Türkiyəyə qarşı istifadə edəcək.

Görünən odur ki, Yaxın Şərqdə Ankara-Vaşinqton döyüşü davam edəcək.

Mənbə:publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4505   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel