"20 Yanvar hadisələri Sovet İmperiyasının çökməsində ciddi rol oynadı"-Fəzail Ağamalı
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
Bu tarixi gün ilə bağlı deputat Fəzail Ağamalı Sonxeber.az-a danışıb. O, bildirib ki, Qanlı Yanvar hadisələrindən 30 il ötür:
"Əlbəttə, Azərbaycan xalqının tarixində bu və buna bənzər hadisələr olub. Amma axıdılan qanlar ayrı-ayrı tarixi dövrlərdə özünün konkret nəticələrini verməyib və buna xalqımızın imkanı çatmayıb. Lakin bu günün mahiyyəti xüsusilə ona görə fərqlənir ki, 1990-cı il 20 yanvarında axıdılan qanlar, göstərilən böyük qəhrəmanlıq və igidlik Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının genişlənməsinə böyük təkan verdi. Bu hadisə Azərbaycanın təkcə milli baxımından deyil, həm də bəşəri baxımından tarixi nailiyyət qazanmasına öz töhfəsini verdi. Başqa sözlə desək 20 yanvarda quduzlaşmış Sovet ordusunun qarşısına əliyalın çıxan mərd, igid insanlarımız dünyaya Azərbaycan xalqının istiqlala nə dərəcədə sadiq olduğunu nümayiş etdirməklə bərabər, həm də Sovet İmperiyasının çökülməsində çox ciddi rol oynadı. Bu bizim şanlı tariximizin ən dəyərli səhifələrindən biridir. Həmçinin 20 yanvar şəhidləri Azərbaycan xalqının istiqlal qazanması yolunda atmış olduğu addımların daha ardıcıl, prinsipal şəkildə həyata keçirməsini stimullaşdırdı, xalqımızın azadlığa çıxmasında və Sovet İmperiyasının çökməsində həlledici rol oynadı. Əlbəttə, 20 yanvarı törətməkdə əsas məqsəd Sovet İmperiyasının dağılmasının qarşısını almaq, Azərbaycan xalqına qarşı qırğın törətməklə digər sovet xalqlarına dərs vermək və bütövlükdə oyanmış olan xalqların milli azadlıq mübarizəsinin qarşısını almaq idi. Hədəf Azərbaycan və Azərbaycan xalqı seçilmişdi. Ancaq onlar belə güman edirdilər ki, Azərbaycan xalqını qırmaqla, onu qan içində boğmaqla Azərbaycan xalqının iradəsini qıracaq, onun milli azadlıq mübarizəsinin qarşısını alacaq və eyni zamanda bütövlükdə Sovet İmperiyasının çökməsinə imkan verilməyəcəkdir. Lakin bu addımı atan Qorbaçov xüsusilə onun hərbi sənaye kompleksi və hərbiçiləri Sovet İmperiyasını qoruyub saxlamağa çalışan Rusiyanın hərbi caniləri öz istədiklərinə nail ola bilmədilər. Əksinə, 20 yanvar qanlı hadisələrindən sonra Sovet İmperiyasının daha sürətlə çökməsi prosesi başlandı və ondan iki il sonra Sovet İmperiyası tamamilə çökdü. Beləliklə həm Azərbaycan, həm də Sovet İmperiyasının tərkibində olan digər müttəfiq respublikalar öz azadlığına qovuşdular, yəni, müstəqilliyini qazandılar. Nəticə etibarı ilə 20 yanvarda tökülən qanlar, verilən şəhidlər əslində şər imperiyasının çökməsinə kömək edən fenomenal bir hadisə idi".
Fəridə Ağazadə
Sonxeber.az
![](/images/telegram_24.png)
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş