"Azərbaycanın Ermənistana etdiyi təklif yaxşıların yaxşısıdır" - Deputatla MÜSAHİBƏ
İstiqamət: İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış"
Sonxeber.az deputat Vüqar İskəndərovla olan müsahibəni təqdim edir:
- Azərbaycan Ermənistan tərəfinə ikitərəfli müzakirələrə başlamağı təklif etdi. Siz nə düşünürsünüz: bundan sonra Azərbaycan və Ermənistan arasında proseslər hansı istiqamətdə irəliləyəcək?
- Cənab Prezident 44 günlük müharibədən sonra həm Ermənistana, həm digər güclərə mesajlar verib. Ən əsas mesaj da odur ki, Ermənistan Qarabağı unutmalı, "Qarabağ münaqişəsi" sözünü leksikonundan çıxarmalıdır, Azərbaycan və Türkiyə ilə birlikdə sülh müqaviləsi imzalamalıdır. Prezidentin yaratdığı yeni siyasi mənzərə Ermənistanı küncə sıxışdırıb. Ermənistan nə qədər mübarizə aparmağa çalışsa da, bölgədə diqtəni Azərbaycan edir. Bizdə yaranan bu siyasi mənzərə tək qonşu dövlətlərin iqtisadi dividentlər qazanması üçün deyil, Ermənistanın özünün də qazancla çıxmasına şərait yaradır. Azərbaycan və Türkiyənin birlikdə imzaladığı Şuşa Bəyannaməsində altı dövlətin birgə fəaliyyətindən danışıldı. Qeyd olundu ki, burada Ermənistanın da payı var. Ermənistan öz revanşist ritorikasından əl çəksə, qazanc əldə edə bilər. Bu o deməkdir ki, iqtisadi cəhətdən Zəngəzur dəhlizinin açılması burada yeni hab yaradır. Azərbaycanın yaratdığı yeni geosiyasiyasi, geoiqtisadi mənzərə uzaq Çindən başlayaraq, Avropa qitəsini də özündə birləşdirir. Burada həm iqtisadi, həm turizm və digər sahələrə baxsaq, hər bir ölkə təkcə bu Zəngəzur dəhlizinin açılması ilə qazanır. Biz bu gün Ermənistana öz təkliflərimizi təqdim edirik. Ermənistan da dövlət olaraq mövcudluğunu saxlamaq, dövlət kimi inkişaf etmək istəyirsə, o zaman Azərbaycanın təkliflərini qəbul etməkdən başqa yolu yoxdur. Ermənistan küncə sıxılmış bir ölkədir. Eyni zamanda, orada bu dəqiqə köklü şəkildə köç var. Bu konfliktlər müddətində 70 min insan Ermənistanı tərk edib, 20 minə yaxın insan isə quru yolların açılmasını gözləyir. Rusiya, Avropa və digər ölkələrə Ermənistandan böyük axın gözlənilir. Ermənistan Azərbaycanın təklifini qəbul etməli, onun ərazi bütövlüyünü tanımalıdır. Ondan sonra biz də Ermənistana öz çıxarları üzərində çalışmağa şərait yaradarıq.
- Nikol Paşinyan artıq Ermənistanda öz hakimiyyətini gücləndirir. Onun yenidən hakimiyyətə gəlməsi Ermənistan-Azərbaycan münasibətləri üçün nələri vəd edir?
- Bizim üçün istər Paşinyan, istər Sarkisyan, istərsə də Köçəryan olsun, fərq etmir. Bunlar hamısı düşmən dövlətin nümayəndələri, keçmiş prezidentləridirlər. Biz görürük ki, Paşinyandan başqa, Ermənistanda indiyə qədər olan hakimiyyət nümayəndələri revanşist, faşist fikirlər səsləndiriblər, onların dövründə müharibə ritorikası var idi. Halbuki biz bu gün bilirik ki, Ermənistanın müdafiə sənayesi çöküb, yerlə birdir, Ermənistanın ordusu yoxdur. Paşinyan ölkədə idarəetmənin içində olduğu üçün anlayır ki, hərbi ritorikaya danışmaq əbəsdir. Bu gün Azərbaycan Ermənistana əl uzadırsa, o əli tutub dirçəlməkdən başqa, çıxış yolu yoxdur.
Paşinyan bu gün, digərləri kimi yalan yox, həqiqətə oxşar fikirlər söyləyirsə, bu, Azərbaycan sevgisindən deyil. Bu, sadəcə Ermənistanın düşdüyü xaosdur, anarxiyadır. Ermənistan iqtisadi, hərbi, siyasi, müdafiə səneyesi, ekoloji cəhətdən çöküb. Bütün bunları bərpa etmək isə Paşinyanın üzərinə düşür. Buna görə belə deyə bilərik ki, Paşinyandan əvvəl hakimiyyətdə olanlar daha pis idisə, Paşinyan sadəcə pisdir. Paşinyanın onlardan fərqi budur ki, onun əli, Xocalı qatilləri kimi, qana bulaşmayıb. Paşinyan avantüristdir, savadlı deyil, amma bu o demək deyil ki, Paşinyan siyasəti bilmir. Onun da siyasi manevrləri var və xalqdan səs ala bildi. Burada Paşinyanın üstünlüyü onda oldu ki, Ermənistan xalqı acdır, onlar müharibə istəmirlər, çünki bilirlər ki, yenidən müharibə olsa, onların döyüşəcək gücləri yoxdur, heç bir dövlət onları dəstəkləmir. Paşinyana verilən səslər imkan verdi ki, o, Nazirlər Kabinetini özü qursun. Digər beynəlxalq güclər də Paşinyanın dəstəklənməsi yolunu tutdular. Bu da, məncə, daha doğru və düzgündür.
- Şuşa Bəyannaməsi imzalandı və Ərdoğan ilk dəfə Şuşaya gəldi. Hazırda Azərbaycan və Türkiyə birlikdə hərbi təlimlər də keçirir. Ermənistan yenə atəşkəsi pozmağa davam edir. Bu təxribatlar davam edərsə, Şuşa Bəyannaməsi icra olunacaqmı?
- Kəskin situasiyaların yaranmasına rəğmən, biz bu məsələdə kəskin mövqe tutmadıq. Buna səbəb odur ki, Ermənistanda seçkiqabağı proseslər gedirdi. Ona görə də biz anlayırdıq ki, bunların hamısı seçkiyə hesablanan hərəkətlər idi. Orada gedən proseslər, siyasi dairələr, təhlükəsizlik - hamısı Azərbaycan tərəfindən izlənilirdi. Bu zaman biz gördük ki, Paşinyan seçkilərdən qabaq ümumiyyətlə Ermənistanı idarə edə bilmirdi. Ölkənin xarici işlər naziri yox idi, orduda hakimiyyətə qarşı itaətsizlik var idi. Ona görə bir tərəfdən də Köçəryan və tərəfdarlarının sərhəddə təxribatları olurdu. Paşinyan seçildikdən sonra görürük ki, əvvəlki kimi təxribatlar törədilmir və Paşinyan yavaş-yavaş hakimiyyəti ələ almağa çalışır. Bu məsələyə bir neçə aspektdən baxmaq olar. Onlar bu təxribatları törətməklə həm Paşinyanı xalq arasında gözdən salmaq istəyirdilər, həm də Azərbaycanı aqressiv hərəkətlərə sövq edirdilər ki, anarxiya yaransın. Azərbaycan buna getmədi və çox praqmatik siyasət yeritdi. Prezident Silahlı Qüvvələr Günü fikirlərini həm Azərbaycan xalqına, həm də bütün dünyaya çatdırdı. Bu mesajlar ondan ibarət idi ki, biz bu gün yenə Ermənistana əl uzadırıq. Bu da o deməkdir ki, Ermənistan yeni yaranan siyasi mənzərədən istifadə edə bilər. O şərtlə ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın, "Qarabağ", "Qarabağ münaqişəsi" sözlərini unutsun, çünki Qarabağ münaqişəsi öz həllini tapıb. Azərbaycan və Ermənistan qonşuluq münasibətində yaşamalıdır. Əgər Ermənistan bunu qəbul edərsə, onlar qazanacaq. Yox, qəbul etməsələr, "dəmir yumruq" hər zaman onların başlarının üzərində olacaq. İndi Ermənistan düşünsün: revanşist insanların yeritdiyi siyasət və təkliflər onlar üçün uğurlu olar, yoxsa Azərbaycanın?! Fikrimcə, Paşinyan bilir ki, onun digər çıxış yolu, dostları yoxdur. Azərbaycan Prezidentinin onlara etdiyi təklif bu gün yaxşıların yaxşısıdır.
- Zəngəzur dəhlizinin ilk dəfə öz adı ilə beynəlxalq sənəddə qeyd olunması hər iki ölkəyə nə qazandıracaq?
- Azərbaycan və Türkiyə prezidentləri dünyada çox ciddi, siyasi, hörmətli fiqur sayılırlar. Türkiyə tək özünün ətraf geosiyasi müstəvisində olan ölkələrlə yox, ümumiyyətlə dünya səviyyəsində böyük rol oynayan dövlətə çevrilməkdədir. Türkiyənin möhkəmlənməsi, güclənməsi Azərbaycanın güclənməsidir. Biz Türkiyə ilə müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzaladıq. Bu bəyannamə indiyə qədər Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətlərinin zirvəsidir. Bundan sonra bir çox məsələlərdə birlikdə hərəkət edəcəyik. Bu məsələlərdən biri də hərbi tərəfdir. Burada iki tərəf var. Biri hərbi sənaye komplekslərinin birgə istehsalı olan məhsullar, birgə məsləhətləşmələr, eyni məhsuldan buraxmaları və Türkiyənin PUA-larının Azərbaycanda istehsalıdır. Azərbaycan artıq onları öz məhsulu kimi sata bilər. İkinci və üçüncü digər dövlət və dövlətlərin Azərbaycana, Türkiyəyə qarşı təxribatı, yaxud hücumu olarsa, Azərbaycan və Türkiyənin birgə hərəkəti BMT çərçivəsində tənzimlənəcək. Bu artıq onu göstərir ki, iki ölkə birlikdə onları təhdid edən dövlətlərə cavab verə bilər. Orada açıq-aşkar qeyd olunur ki, Azərbaycana olunan hansısa təhdid Türkiyəyə, Türkiyəyə olan hər hansı təhdid isə Azərbaycanadır. Azərbaycan Şuşa Bəyannaməsi ilə göstərdi ki, biz artıq bir yerdəyik. Biz bunu heç Ermənistana yönəlik düşünmürük. Çünki Azərbaycan kiçik bir qoşusu olan Ermənistanın öhdəsindən təkbaşına da gələ bilər. Amma burada tək Ermənistan deyil, digər güclər var. Onların da hər biri gözlərini açıb görsünlər, qulaqlarını açıb eşitsinlər ki, artıq bu ölkələr sözün əsl mənasında qardaşdırlar. Azərbaycan Türkiyə birliyi heç bir dövlətə qarşı deyil, əksinə, bu birlik dünyaya sülh, ədalət gətirə bilər. İki ölkə arasında olan münasibətlərdə Beynəlxalq hüquqdan kənarda heçnə ola bilməz.
Zəngəzur dəhlizinin açılması təkcə siyasi tərəfdən yox, həm də geoiqtisadi tərəfdən region dövlətlər üçün önəmli məsələdir. Zəngəzur məsələsinin bəyannamədə xüsusi qeyd olunması bir neçə sublimativ mesaj verir. Heç kim unutmasın ki, bu dəhliz açılacaq. Yəni artıq bu məsələ bitib. Ermənistan hakimiyyəti də anlayıb ki, Zəngəzur dəhlizinin açılması onlar üçün də böyük uğur gətirə bilər. Bu dövlət Ermənistanda az qala bir çox şeylərin sahibi olan Rusiya ilə quru yollarını açır. Bu yollar açılmaqla isə, ora böyük bir hab mərkəzinə çevrilir. Bu yol Şərqlə, Avrasiya ilə Qərbi, Çindən gələn yoları özündə birləşdirir. Bu məsələdə Gürcüstanın bir az kənarda qaldığını deyirdilər. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev öz çıxışlarında söylədilər ki, Gürcüstanla da danışılıb və bu məsələdə "altılıq" dediyimiz heç bir dövlət kənarda qala bilməz. Onların hər biri qazanır və Ermənistan da bu məsələnin içindədir. Zəngəzur dəhlizinin açılması iqtisadi cəhətdən faydalıdır. Zəngəzur dəhlizinin açılmasının siyasi tərəfi isə odur ki, bu dəhlizin açılması türk dilli dövlətlərin birləşməsinə gətirib çıxara bilər. Azərbaycan və türk aydınlarının, insanlarının tarix boyu ən böyük arzusu bu olub. Bu, Ümummilli liderin qoyduğu düzgün bünövrə ilə inkişaf etdirilən Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevin xalq qarşısında ən böyük uğurudur. Bununla da nə qədər Azərbaycan dövləti var olacaqsa, İlham Əliyevin adı da var olacaq. İlham Əliyev uzun illərdə istədiyimiz qələbəyə imza atdı və Türkiyə Azərbaycanın artıq avtomobil və dəmir yolu vasitəsilə də birləşməsini təmin etdi. Bu, bizim ən böyük uğurumuzdur.
- Ərazilərimiz işğaldan azad olunub və artıq orada quruculuq işləri gedir. Əhalinin o ərazilərə köçürülməsi nə qədər müddətə baş tuta bilər?
- İşğaldan azad olan ərazilərimiz böyükdür və erməni faşistləri hər yerə minalar basdırıblar. Ərazilərimiz ilk növbədə təhlükəsizləşdirilməlidir. Bu proses isə uzunmüddətli prosesdir. Azı 10 il lazımdır ki, o ərazilər minalardan tamamilə təmizlənsin. Minaların təmizlənməsi ilə birlikdə quruculuq işləri də gedir, yollar çəkilir. Ağdam, Zəngilan və Füzulinin mina xəritələrinin alınması oradakı işləri sürətləndirir. Bu da cənab Prezident İlham Əliyevin uğurudur. Düşünürəm ki, çox da uzaq olmayan müddətdə əhalimiz doğma yurdlarına hissə-hissə köçürüləcək.
Aytəkin Cəlali
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş