"Azərişıq" abonenti, abonent də "Azərişığ"ı günahlandırır - Əsl SƏBƏB nədir?
Dünən saytımızda "Azərişıq" ASC-dən toplu şəkildə şikayət gedib. Belə ki, insanlar qeyd edirlər ki, evdə olmadıqları, əvvəlki qaydada elektrik enerjisi istifadə etdikləri halda aylıq işıq pulu keçən aylara nisbətən çox gəlib. Qeyd etmək istəyirəm ki, xəbər saytımızda getdikdən sonra "İnstagram" sosial şəbəkəsində də paylaşıldı. Orada, həmçinin, bununla bağlı çox sayda şikayətlər və narazılıqlar qeyd olunub. Bu narazılıqlarla tanış olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər
Sonxeber.az olaraq, "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu ilə əlaqə saxladıq.
Onun sözlərinə görə, avqust ayında digər aylara nisbətən elektrik enerjisi sərfiyyatı rekord həddə çatıb:
"Ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb. Belə ki, avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq, elektrik enerjisi istehlakının artmasına səbəb olub. Cari ilin avqust ayı ərzində enerji təlabatı göstəricisi 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama 16,1 milyon kVt/s artıb. Avqust ayının 10-da elektrik enerjisinin günlük tələbatı "Azərişıq" ASC üzrə 72,2 milyon kVt/s qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500,0 milyon kVt/s-dır.
"Azərişıq" ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin, hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.
Ayrıca qeyd etmək istəyirəm ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi, eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün "Azərişıq"ASC-də yeni layihələrdən biri olan "sayğacların optik göz vasitəsilə oxunması" işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir. İstehlakçılarımız tərəfindən elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə "Azərişıq"ASC-yə məxsus [email protected] elektron poçt ünvanına və ya 199 "Çağrı Mərkəzi"nə müraciət etmələri tövsiyə olunur".
Çox sayda şikayətçilər var ki, enerji istifadəsini artıracaq əlavə vasitələrdən istifadə etmədiklərini deyirlər. Hətta yuxarıda da qeyd etdiyimiz kimi, evdə olmadıqları halda işıq pulunun çox gəldiyini vurğulayanlar olur. Ümid edirik ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq.
Aytəkin CƏLALİ
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş