Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı

Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatıSonxeber.az Kulis.az-a istinadən Əməkdar artist, uşaqların Ələkbər əmi kimi tanıyıb sevdiyi Ələkbər Hüseynov haqqında maraqlı faktları təqdim edir.

Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda əslən Gəncədən olan, Bakı Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində evin yeganə övladı kimi dünyaya göz açıb.

***

1983-cü ildə Ələkbərin atasını Binəqədi şosesini keçəndə "Volqa" markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir, göz yaşları axıdıb deyir: "Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın".

***

Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndən sonra icazə alıb evə gəlir və sürücünün yalvarışlarına ürəyi dözməyib anasına deyir: "Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil". Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir.

Ata isə yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir.

***

Ələkbər təbiətcə sakit uşaq olub. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nə ilə fərqlənməsə də öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapar, təyyarə, maşın, qatar düzəldərdi. "Texnika-molodyoji" jurnalını alar, ordan maraqlı konstruksiyalar seçib qurar, redaksiya ilə əlaqə saxlayar, gənc texniklər üçün keçirilən tədbirlərdə iştirak edərdi. 13-14 yaşlarından isə texnikadan daha çox musiqiyə, rəqsə meyl göstərməyə başlayır. Valideynlərinin ona verdiyi pulu yığıb günlərin birində özünə nağara, qarmon, mikrofon alır. Dərnəklərə yazılır. Ona baş rollar verirlər. Bir gün isə məni Mark Tvenin əsəri əsasında hazırlanan "Şahzadə və dilənçi" tamaşasında iştirak edir.

***

Onuncu sinfi qurtaran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və daxil olur. O, 1978 ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olunur. İnstitutda ixtisasdan ona Nəsir Sadıqzadə dərs deyirdi.

Anası həmin günləri belə xatırlayır: "İnstituta imtahan verəndə mən də qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə, ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər qəbul olmasın. İstəmirdim aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məşhur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova, Mikayıl Mirzə... Birdən gördüm ki, Ələkbər institutdan çıxıb, sevincdən əllərini havada yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur".

***

Təhsilini başa vurandan sonra Ələkbər Hüseynov təyinatla Şəki Teatrına yollanır. 1982-ci ildə bir il hərbi xidmət keçəndən sonra yenə öz işinə qayıdır. 1987-ci ildə onlar Şəkidən Bakıya dönür. Ələkbər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləməyə başlayır.

***

Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyiblər. Ələkbərin anasının Afaqdan xoşu gəlir, qızın anası ilə qərara alırlar ki, gəncləri bir vasitə ilə görüşdürsünlər. Bir axşam Yaqut xala oğlunu da götürüb gələcək gəlinigilə gedir. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlməsə də, ikinci görüşdə onu byənir.

Afaq xanım müsahibələrinin birində deyir: "Mən konservatoriyada oxuyurdum. Dərsdən çıxanda gördüm o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni gözləyir. Üzündə elə xoş ifadə var ki, sanki biz bir-birimizlə bir dəfə yox, dəfələrlə, ömrü boyu görüşmüşük. Onun bu ovqatı beş dəqiqədən sonra mənə keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz sıxılırmışıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa başladı, özü də nə başladı... Heç özümdən xəbərim olmadan bir də gördüm, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri gəzdik, elə bildik, beş dəqiqə keçib. Xəbərimiz olmadı ki, artıq gün keçib, axşam olub. Mən o görüşü heç vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi bağladı."

***

Uroloji xəstəxanada əməliyyat keçirmişdi. "Qətl günü" tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz etmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədirlər. Ələkbər azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirir. Telestudiyaya təcili həkim çağırırlar.

***

2002-ci ildə Ələkbər Hüseynov Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına yollanır ki, ağrılı dişdən canını qurtarsın. Fransaya gedir, gələndən sonra ailəsini də götürüb Yessentukiyə dincəlməyə gedir. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında səhhəti pisləşdi.

Günü-gündən rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlməyə başladı. Yoldaşı onu məcbur həkimə apardı. Ciddi yoxlamadan sonra məlum olur ki, onda "Hepatit C" virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda bu virusa yoluxub? Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Artıq qara ciyəri şişməyə başlamışdı.

***

Təzə ev alırlar. Ələkbərin əl qabiliyyəti yaxşı olduğundan çardağı qəşəng düzəldib, yerə metlax döşəyib, oranı səliqəli iş otağına çevirmişdi. Evdə olanda internetə girər, maraqlı məlumatlarla tanış olardı. Bir gün yenə internetə girir və anasını yanına çağırıb deyir: "Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir... Ana, mən öləcəm..."

Artıq ömrünün sonuna az qaldığını duyan Ələkbər işinə həmişəkindən daha ciddi yanaşmağa, bir-birinin ardınca yeni layihələrə imza atmağa başladı. Ölümünə bir neçə ay qalmış onu teatrın baş rejissoru təyin etdilər.

***

Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət etdi. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verildi. Onun üçün hesab nömrəsi açıldı. Lakin, bədəni antibiotikləri qəbul etmədi. Bu xəstəliyin tələb etdiyi çoxsaylı və güclü antibiotiklərlə onu müalicə eləmək qeyri-mümkün idi. Xarici xəstəxanalara göndərməyin də xeyri yox idi. Orada da antibiotiklə müalicə edəcəkdilər. Odur ki, bir yol qalırdı: yüngül vasitələrlə onu saxlamaq, xəstəlik hallarının gərginləşməsindən qorumaq.

***

Ölümündən az öncə Polşada ona 1968-ci ildə təsis olunan "Təbəssüm" ordenini aldı. Bu, dünyada yeganə orden-mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar müəyyən edir.

Uşaqlar onu çox sevirlər. Hətta, balaca bir qızcığaz yeməyini yemək istəmirmiş. Anası deyir, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

***

90-cı illərdə aktyor maddi sıxıntılar çəkir, amma deyir, mən öz peşəmə xəyanət edib, başqa yolla pul qazana bilmərəm. Nəhayət qərar verir ki, bağçalara, məktəblərə şaxta baba obrazında getsin. Televiziyada daha geniş kütləyə tanınandan sonra isə şəhərin məşhur klublarında öz komandası ilə birgə çıxış etməyə başlayır. Bəzən gün ərzində 5 seans konsert olur. Onun hamısını yüksək səviyyədə başa vurur, pulunu alın təri ilə qazanır.

***

Oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca deyir ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb "ura" işarəsi göstərir.

***

İyulun 29-dan 30-na keçən gecə komaya düşür. Ayın 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə cəmi 3 gün yaşayır. Avqustun 2-də dünyasını dəyişir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2429   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust