"Bu boyda iş qaldı bir qıraqda, verilişə getməyim müzakirə olundu"
Sonxeber.az aktyor Fərda Aminin lent.az-a müsahibəsini təqdim edir.
- Rusiya səfərindən başlayaq. Necə keçdi? Təəssüratlarınız necə oldu?
- Vallah, təəssüratlarım çox yaxşıdır, sadəcə bunun bizim ölkə mediasında işıqlandırılmaması ilə bağlı narazılığım var. Şou və mədəniyyət yazarlarına ərkyana bir qınağım odur ki, mən ora Azərbaycanlı soydaşlarımız üçün getmişdim, ona görə də bu, ən azından, xəbər kimi, hadisə kimi işıqlandırılmalı idi. Amma heç bir saytda, onların sosial şəbəkə üzərindəki səhifələrində heç nə yayımlanmadı. Və bundan sonra da artıq onlardan dəstək gözləməyəcəm, ona görə yox ki, küsmüşəm, yox, sadəcə, görünür, belə lazımdır.
Mənə əsas toxunan odur ki, bu boyda iş qaldı bir qıraqda, amma "Çimnazla yataqda" verilişinə getməyim daha çox paylaşıldı, daha çox müzakirə olundu. Hətta elə jurnalistlər vardı ki, verilişə baxmadan adi adamlar kimi davrandılar. Məsələn, bir xanım jurnalist o ərəfələrdə zəng vurmuşdu, sözügedən mövzunu soruşurdu. Məlum oldu ki, bu adam heç verilişə baxmayıb. Mən ona izah elədim ki, verilişə baxmaq, ona uyğun davranmaq lazımdır. Mən o saytın adını birinci dəfə idi ki eşidirdim, yəni, bir növ, fürsət qovanlardan idi.
- Veriliş haqqında mən də yazmışdım. Və mənə də maraqlı idi ki, o verilişə Fərda Amin niyə getmişdi?
- Siz baxmışdınız verilişə?
- Bəli, baxmışdım. Amma ötürə-ötürə, tam izləməyə səbrim çatmadı.
- O verilişə medianı və sırf o mövzulara köklənən gəncləri protest etmək üçün getmişdim. Bayaq dediyim xanım jurnalistə də bunu irad tutdum. Səhnəyə yataqdan gəlməmişəm, əzizim. 25 ildir ki, səhnədəyəm. O qədər şüurum yoxdur ki, hara getdiyimi bilməyim?
- Bəs protest lazımi effekti verdi?
- Əlbəttə, verdi. Mənim onlara və suallarına verdiyim cavablara heç reaksiya belə verə bilmədilər, susqunluq, durğunluq yarandı. Bu da elə nəticə deməkdir.
- Niyə Fərdanın Rusiya konserti işıqlandırılmadı? Yəni şəxsən sizin fikriniz nədir?
- Vallah, bilmirəm. Son vaxtlar çox bərbad bir istiqamətdə gedirik, hansı ki bunun sonu uçurumdur. Kim nə gəldi, necə gəldi yazır, pozur, gündəmə gəlir, gündəmi idarə edir. Lazımi və işıqlandırılması gərəkən mövzular qalır bir qıraqda. Bunun qarşısını mən təkbaşına ala bilmərəm. İstəyirəm ki, jurnalistlər bu mövzuda nələrsə etsin.
Yəni, bir növ, yığışıb həll yolu tapmaq lazımdır, qardaşım. Qələmlər birləşdirilməlidir, beyinlər birləşdirilməlidir. Biz Rusiyaya, Türkiyəyə baxanda əhali və ərazi baxımından kiçik bir ölkəyik. Bu baxımdan, cəhd eləmək, müdaxilə eləmək və effekti görmək olar.
- Hal-hazırda nə kimi planlar var?
- Planlar çoxdur. Davamlı olaraq öz səhifəmdə paylaşıram, məsələn, 8 iyulda Bakıda möhtəşəm bir konsert verdim. Və təəssüf ki, onun belə işıqlandırılmasını görmədim. Bilirəm ki, jurnalistlər səhifəmi izləyir, amma o haqda yazmağa gəlincə susurlar. Türkiyədən belə məni jurnalistlər izləyir. Bilirsən, əzizim, jurnalistin sənətçini, onun qazancını qısqanması biabırçılıqdır.
- Konsert necə keçdi? Anonslarda tamamilə yeni yumor məsələsi var idi. Reaksiya necə idi?
- Çox möhtəşəm. Azərbaycan "stand up"ını çalışıram ki, 10 il qabağa atım. Düşünürəm ki, bu konsertdə onu hiss elətdirə bilmişəm. 25 ildir, bu işdəyəm, 25 ildir, sırf bir nöqtəyə baxıram, sırf bir iş üçün çalışıram. Bu dəqiqə kirayə qalıram, əzizim. İstəsəm, başqa bizneslə məşğul olardım da. İstəmirəm, bu işi sevirəm. "Stand up"larımda ata-oğul münasibəti, uşağa şəxsiyyət kimi yanaşma mövzuları, ana-oğul bağları, onların fəsadları da var. Amma yazılarda bu mövzular yox, yataq mövzuları daha çox maraqlı olur. Yumorumun alt qatı, alt mənası var. Baxmaq lazımdır, görmək lazımdır. Və vicdanla qənaətə gəlmək lazımdır. Məsələn, gəlib baxır, deyir, Fərda "Selfinaz"da çox açıq danışıb. Amma həmin adam ondan açığına baxmaq üçün Bakı Konqres zalında növbəyə durmuşdu.
Öz sənətçinə qiymət verməlisən, onu qorumalısan. Bir dəfə Cem Yılmazdan alış-veriş mərkəzində nəsə soruşurlar, o da yolüstü nəsə bir cavab verir. Onu mediada bilirsən nə formada verdilər? Başlıq belə idi: Cem Yılmaz bizi yine kahkahalalara boğdu. Amma bizdə? O boyda konsert verirsən, bir nəfər o haqda nəsə yazmır.
Fərda gecə-gündüz yazır-pozur, pulsuz konsertlər verir, bu boyda işlər görür və s. O jurnalistlər bunları görmür? Görməli deyil? Hamımız Azərbaycan üçün çalışırıq. Biz özümüz-özümüzü qorumalıyıq? Biz bir-birimizi küsdürsək, nə olacaq? Mən küsüm, Müşfiq, Elməddin küssün, Tahir, Cabir küssün, Rafael, Coşqun küssün, bəs sonra? Var bu axının davamı? Kimlər gələcək? Kimlər davam etdirəcək?
- Son zamanlar Tiktok üzərindən populyarlaşanlar var.
- Bu da ayrı bir bəladır. Bizim nəsil internetdən, Tiktokdan çıxmayıb, əzizim. Bizi əziyyətlərimiz və zaman yetişdirib. O platforma bir gün bağlansa, vəssalam. Bitdi. Nöqtə. Və onlar xalqa nəsə vermir, verə bilməz. Çünki o təcrübə yoxdur, onlar bizlər kimi yetişməyib və yetişə də bilməz. Ona görə, vallah, adlarını çəkdiyim adamları qorumaq lazımdır, yazmaq, işıqlandırmaq lazımdır.
Bu gün səhnədən çəkilsəm, heç nə itirmirəm. Özümə görə ayrı ixtisasım da var. Amma axı o boyda əziyyətlər çəkmişəm. Bu adı qazanana qədər çox çalışmışam.
Mövzu sənət yox, başqa olanda dərhal coşurlar, yazırlar. Şəxsi həyatımın müzakirəsində belə nə qədər ədalətsiz yazılar gördüm. Bu qədər qələmin içindən 3 dənə 5 dənə qələm çıxmadı ki, haqlı, ədalətli bir fikri qoysun ortaya? Çıxmadı. Buna təəssüf edirəm.
- Azərbaycan "stand up"ında Fərda özünü harada görür?
- Azərbaycan "stand up"ını bircə-bircə hördüyüm üçün mən özümdən o tərəfi görmürəm. Aktyorluq və digərləri bir yana, onlar öz yerində, amma "stand up" Azərbaycana mənimlə gəlib. Kimlərsə bu gün məndən bəhrələnib "stand up" edirsə, nə vaxtsa kimdən bəhrələndiyini dilinə gətirəcək, gətirməlidir. Çünki, ən azından, vicdan məsələsi burada rol oynamalıdır.
- Bəs Telman Adıgözəlov, Qorxmaz Əlili və digər o nəsillərin etdikləri "stand up" deyildi?
- O, monoloq formatıdır, əzizim. Rusiyadan gəlmə başqa şeydir, ABŞ-dan sırf "stand up" formasında gəlmə başqa. Saatlarla hadisələri danışırsansa, bu, artıq "stand up"dur. Monoloq hər hansısa bir mövzuya 10-15 dəqiqəlik münasibətdir.
- "Stand up Baku" və digər bu tipli layihələr var. Fərdanın o layihələrdə gördüyü, bəyəndiyi kimlər var?
- Çatışmayan çox şeyləri var. Deyəcəklər ki, paxıllıq edir, amma, vallah, səmimi deyirəm. Bilirsən, milyonu, milyardı olan biri adi bir şirkət quran adamı qısqana bilməz. "Stand up"da qazandıqlarını nəzərdə tuturam. Düzdü, milyardımız yoxdur, amma, inşallah, bir gün, ən azından, Cem Yılmaz kimi milyonçu olarıq (gülür). O dediyin layihədə və digərlərində elə adamlar var ki, vallah, ümumiyyətlə "stand up"ı araşdırmayıblar. Onun nə olduğunu bilmirlər. Amma səhnəyə çıxırlar. Mən təkcə Cem Yılmazı araşdırmamışam, mən bayaq da dediyim kimi bu səviyyəyə çatana qədər hər bir detalı hörmüşəm. Mənim ömrüm gedib buna.
- Yaxşı, bəs adamlar nəyə gülür? Orada edilən çürük zarafatlar, qız mövzuları və digərləri adamları niyə cəlb edir?
- Bir gün gedin oturun, baxın və nəticə çıxarın.
- Heç istəmirəm.
- Yox, verdiyiniz suala cavab tapmaq üçün gedin. Yəni bu sual elədir ki, cavabı ordadır. Düzdür, arada gülməliləri də olur. Ora çıxan adam da zarafatına güvənib çıxır. Layihə rəhbərləri var, tamaşaçı kimi ona əl çalıb reytinq qazandıran var və s. Bunlar da şərtdir.
Ətraflı
- Fərdanı, Müşfiqi, Elməddini "Tək səbir" layihəsindən tanımışıq. Maraqlıdır, Fərda bu günü üçün "Tək səbir"ə nə dərəcədə özünü borclu sayır?
- Bütünlüklə! Bu birmənalıdır. Mən layihə rəhbəri Həsən Əliyevə buradan bir daha təşəkkür edirəm. Eyni zamanda, sonradan tanıdığım ssenarist Məmmədağa Məmmədov var idi, ona da həmçinin. Bu təşəkkür məsələsini hər zaman, hər yerdə demişəm, bu mənə indi çatmayıb. Mən Fərda olandan bunu dərk edirəm, edə bilirəm. Allah birini ucaltmaq istəyəndə ona başqa birini köməkçi kimi göndərir. Bu adamlar mənim üçün yüksəliş oldular, əlimdən tutdular. 6 il gecə-gündüz ev üçün ayrıca, səhnə üçün ayrıca çalışmışam.
- Yəni bunlar "Tək səbir"ə qədər kimi olanlardır, hə?
- Bəli. Ona kimi komanda olaraq bir neçə çempionluğum var idi və Həsən jüri kimi iştirak etdiyi bir yarışmada məni, Elməddini gördü və götürdü. Ondan sonra kilid monoloqlarım - "Xaric", "Əşyalar" və "Terrorist" monoloqları bir gecədə məni məşhur elədi. Ona görə də bir daha onlara təşəkkür edirəm, hətta o layihədə əməyi olan işıqçıdan tutmuş, operatoruna kimi hər birinə minnətdaram.
- Hazırda onlarla münasibət var?
- Var, Həsənlə əlaqəmiz var, xaricdə yaşayır. Məmmədağa isə ümumiyyətlə bu sektordan uzaqlaşıb. "Təkçənə"dən sonra Həsən xaricdən zəng edib təbrik də elədi, amma bayaq da dediyim kimi, burada hər kəs susdu.
- Türk yumorunun Azərbaycan yumoruna təsiri məsələsindən danışaq. Məsələn, Fərdanın "stand up"ında Cem Yılmazın təsiri və eyni zamanda, Türkiyə komedik düşüncəsinin Azərbaycan komedik düşüncəsinə təsiri var. Bu proses nə vaxta kimi davam edəcək?
- Burada pis nə var ki? Türkiyə yaradıcı sahədə çox inkişaf edib. Onlardan nəyisə götürmək pis şey deyil axı. Türkiyədə çəkilən dram filmləri onlarla ölkəyə satılır, "Netflix"ə serial satırlar. Bizim onlardan bəhrələnməyimizin nəyi pisdir?
- Təsir və bəhrələnmək başqa şeydir, "kopyalamaq" başqa? Məsələn, "Xoxan"ın eynisi türklərdə də var.
- Bəli, "Kutsal damacana". Eynisi Amerikada da var. Türklərə onlardan gəlib, onlardan da bizə. Burada qəribə və pis nəsə yoxdur, əzizim. Əsas odur ki, bunların fonunda həm də inkişaf olsun. O inkişaf da var.
Mən son konsertimdə bir zarafat elədim ki, Maykl Cekson vaxtında 500 min dollara daldala gedəndə, biz Elməddinlə 300 manata Hacıqabula qabaq-qabağa toya gedirdik. Söhbət müqayisədən gedir. Bizim türklərdən, Amerikadan nəyisə götürməyimiz inkişafa doğru getməyimizdir, bu bizi qabağa atır.
Cem Yılmaz o vaxtlar 500-cü konsertini edəndə mən Jazklubda ilk "stand up" riskimi, çıxışımı edirdim. Bu gün mən Cemlə müqayisə olunuramsa, bu məni xoşbəxt edir.
- Cem Yılmaz Fərda üçün kimdir?
- Adam dahidir. Sənətçinin kumiri olmaz, doğrudur. Amma mən ondan bəhrələnirəm, bunu dana bilmərəm, keçidlərinə qədər hər birini dəfələrlə izləmişəm, ondan özüm üçün nələrsə götürmüşəm. Bunu deməkdən də çəkinmirəm. Amma 2003-dən bura mənim monoloqlarımdan, "stand up"larımdan, mimikalarıma qədər məndən götürənlər var, gör heç bir dəfə adımı çəkirlərmi? Yox.
- Bir ara davamlı şəkildə filmlərə çəkildiniz. Bir növ, bir dalğa kimi gəldi. Və narazılıqlar var idi ki, niyə ancaq eyni simaları görürük?
- O arada hamı çəkildi. Çəkilməyən adam qalmadı, vallah. Vayneri, blogeri belə filmlə çəkildi. Amma effekt vermədilər, çəkilənə qədər danışırdılar ki, ancaq eyni simalar və s. Çəkildilər, effekt olmadı, susdular (gülür).
- Hazırda yeni film varmı?
- Planda var, əslində. Ssenari də var artıq. Hekayəsi hazırdır, inşallah, başlananda xəbər tutacaqsınız.
- Yaxşı, bəs Fərdaya görə ən uğurlu filmi hansı olub?
- "İnterpapa", "Ögey ata" və "Toy" mənim ciyərimdir, yəni onlar yoxluğun içində var eləmək cəhdlərimizdir. Ona görə onların yeri tamam başqadır. Kommersiya filmlərində isə "Xoxan", "Oğlan evi", "Təhmin və Zaur", məncə, ən uğurlularıdır.
- Fərda, kitablarla aran necədir? Bir neçə təqdimatda sizi görmüşəm. Maraqlıdır, Fərda kimləri oxuyur?
- Daha çox özünüinkişaf kitabları oxuyuram. Mənim bütün eqolarımı məhz kitablar yendi. Ailə məsələmlə bağlı bütün media üstümə gələndə, az qala, intihar həddinə, çatmışdım, o situasiyalarda da məni məhz oxuduqlarım qurtardı. Mövzunu çox iyrəncləşdirdilər, üzərimə çox gəlindi, yerli-yersiz araşdırmalar və s.
Bir daha əmin oldum ki, insanı böyüdən təklikdir. Və o vaxt tək qaldım, düşündüm ki, bu qədər şey başıma cəza kimi gələ bilməz. Allah bu qədər ədalətsiz deyil. Düşündüm ki, başıma gələnlər sırf mənə nələrisə öyrətmək üçündür. Məhz o zamanda ara vermədən kitab oxudum, o qədər ki, hətta gözlərim belə zəifləmişdi. Motivasiyanın yaranmasından, inkişafına və bu gününə qədər hamısını araşdırdım, kilid nöqtələrini tapdım. Məncə, onlar mənim həyatımda əsaslı rol oynadılar.
- Fərda toylara gedir?
- Hər toya yox. Ev sahibinin sözünün kəsərindən, məclisin ab-havasından, adam sayının çoxluğu və azlığından asılıdır.
- "Komedixana" ilə əməkdaşlığınız bitib. Ümumiyyətlə, ora Fərdaya nə verdi?
- Layihə 3 ildir, davam edir. Bax, məsələn, o vaxt "Tək səbir" layihəsi reytinq qazananda qəzetlər dayanmadan ondan yazırdı, səhifə-səhifə yazılar gedirdi. Gedib Qorxmaz Əlilini belə danışdırmışdılar. Çünki bizi tənqid etmişdi, amma maraqlıdır ki, sonra özü heç nə edə bilmədi.
Amma "Komedixana" böyük bir reaksiya alanda, danışılanda ondan yazan olmadı. Birinci ilində artıq media "Komedixana"dan yazmalı idi. Çünki uğurlu idi, alınmışdı. Amma yazılmadı.
Ora mənə nostalgiya yaşatdı, əvvəlki konsertləri xatırladım, əvvəlki layihələri yadıma saldım. İstənilən halda, mənim üçün çox maraqlı idi.
- Müsahibə boyu bir xeyli gileyli danışdın. Son sualı ona görə də sərbəst formada ixtiyarına verirəm. Buyur.
- Tamaşaçılardan razıyam, hər birinə minnətdaram. Bizi buraya gətirən onlardır, onların sevgisi və alqışıdır. Allah onları var eləsin.
Şou və yaradıcı sahədə olan jurnalistlərə demək istəyirəm ki, izləmədən, baxmadan əzmək olmaz, etməsinlər belə. Və ən əsası, neytral mövqe sərgiləsinlər. Onsuz da qələm adamı belə olmalıdır, hansısa tərəfdən çıxış etməməlidir. Kortəbii formada nəyi necə gəldi şumlamaq, baltalamaq olmaz. Ayıbdır.
Eyni zamanda, sənətçi dostlarımıza səslənirəm ki, fikirlərini açıq-aydın ifadə eləməkdə sərbəst olsunlar, mediada kimlər nə və necə yazacaq deyə qorxmasınlar. Vəssalam!
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş