Yorulmuşam, bir-iki həftəyə hər şeydən uzaqlaşacağam - 50 yaşlı Bəhram Bağırzadə
"Heç kim inanmırdı ki, məndən aktyor olar"
Bu gün əfsanəvi "Bakılı oğlanlar" KVN komandasının üzvü, aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadənin doğum günüdür.
Sonxeber.az xəbər verir ki, 50 yaşı tamam olan Bəhram Bağırzadə Bakupost.az -a ekskluziv müsahibə verib.
"Azadlığımı vəzifəyə dəyişmək istəməmişəm"
- Bəhram bəy, əvvəlcə sizi özüm və kollektivimiz adından 50 illik yubiley münasibətilə təbrik edirəm. Əsri yarılamısınız...
- Çox sağ olun, var olun. Bəli, sentyabrın 4-ü, saat 14:30-da 50 yaşım tamam olur. Uşaq vaxtı hər il ad günümdə günorta məktəbdən qayıdanda anam məni qucaqlayıb öpərdi. Mən də hər il ad günümdə anama gül alardım və deyərdim ki, "ana çox sağ ol məni dünyaya gətirmisən". Bu ənənəm heç vaxt dəyişmədi. Hətta anam dünyasını dəyişsə belə... Artıq hər il ad günümdə o gülləri anamın məzarı üstünə aparıram. 50 yaş mənə elə gəlir ki, müdriklik yaşıdır.
- Köhnə müsahibələrinizi gözdən keçirirdim, məni kədərləndirən bir açıqlamanıza rast gəldim. Sənət aləmindən birdəfəlik gedəcəyinizi bildirmisiniz. Hirslə deyilmiş söz idi, yoxsa qəti alınmış qarar?
- Hirsli deyiləm. Dediyim kimi, hər şeydən uzaqlaşıram. Çox az qalıb... Hardasa bir-iki həftə qalıb. Səbəb isə odur ki, artıq yorulmuşam və bu yorğunluq fiziki yorğunluq deyil. Mənəvi yorğunam.
- Nədən yorulmusunuz daha çox?
- İnsanlardan. Savadsız, cahil insanlardan yorulmuşam. Mən KVN-də özümü çox yaxşı hiss edirdim. Səbəb bilirsiniz nədir?
Çünki ətrafımda olan 27-30 nəfərin hər biri savadlı, intellektual insanlar idi. Hamısı Vəzirovu, Cəlil Məmmədquluzadəni, Çexovu oxumuşdu. KVN dağılandan sonra tək mən yox, hər bir üzvümüz əziyyət çəkdi. Çünki bizim ətrafımızda sonralar heç cür o savadlı, intellektual komanda yığılmadı. Ona görə də hər şey yarımçıq oldu.
- "Bakılı oğlanlar"dan söhbət düşmüşkən bu sualı vermədən keçə bilməyəcəyəm. Üzvlərin bir çoxu çox yaxşı mövqelərə gəldi. Bəs siz nə üçün sizə təqdim olunan fürsətləri onlar kimi dəyərləndirmədiniz?
- Mən də azad insan oldum. Mənim seçimim azad insan olmaq oldu. Həmişə deyirəm kim mənə qarğış etmək istəyirsə desin ki, "vəzifən olsun, deputat ol, məmur ol". Mən heç vaxt özümü vəzifədə təsəvvür edə bilməmişəm.
- Rəhbərlik etməyi bacarmırsınız, yoxsa başqa səbəblər var?
- Əksinə, məndə o potensial var. Sədəcə olaraq, azadlığımı vəzifəyə dəyişmək istəməmişəm.
- Vəzifədə ola-ola azad olmaq olmaz?
- Mümkün deyil. Avropada olar, amma burada mümkün deyil. Bəlkə də nə vaxtsa bu baş verə bilər. Ancaq indi fakt odur ki, bizdə vəzifə azadlığı məhdudlaşdır. Köhnə məktəbin adamları gedəndən sonra artıq o dəyişikliyi gözləmək olar.
- Zamanında getməyi bacarmaq da bir hünərdir, əslində. Sizcə, zamanında gedirsiniz sənətdən?
- Onu böyük sənətkarlar deyib. Mən özümü böyük sənətkar saymıram. Mən Müslüm Maqomayev deyiləm axı. M. Maqomayev demişdi ki, "bir il tez getməyim yaxşıdır, nəinki beş dəqiqə gecikməyim".
- Həyatda nəyə gecikmisiniz?
- Heç nəyə. Hər şeyi vaxtında etmişəm. Qız bürcüyəm. Qız bürcü altında doğulan insanlar hər şeyi məntiqlə düzüb-qoşur. Çoxları elə bilir biz nəyəsə gecikirik. Əslində, gecikmirik. Sadəcə hesabımızı yaxşı bilirik. Praqmatik insanam. Həyatımda nə isə alınmayıbsa, deməli, Allah belə məsləhət bilib.
- Sizinlə bağlı fikirlər heç vaxt birmənalı olmur. Xüsusilə də son illərdə atdığınız hər addım kəskin tənqid olunur. Bu vəziyyət sizdə narahatlıq doğururmu?
- Tənqid edən insanlar zəif insanlardır. Onlar həyatlarında heç nə bacarmayıb. Bu, yüz faiz belədir. Sosial şəbəkələrdə dayanmadan hər şeyə mız qoyan, hər şeyi tənqid edən insanlara "divan generelları" deyilir. O adamların mənim haqqımda nə fikirləşdikləri məni qətiyyən maraqlandırmır. Əgər məni Tahir Salahov, Toğrul Nərimanbəyov, Sakit Məmmədov, Azad Mirzəcanızadə və digər böyük sənətkarlar tənqid etsə, o zaman mən narahat olmağa başlayardım.
"Mən özümü məşhur hesab etmirəm"
- Belə çıxır ki, kütlənin, sadə tamaşaçının fikri sizin üçün maraqlı deyil?
- Əlbəttə, deyil. Əgər məni tənqid etmək haqqını özündə görən kütlə özü heç bir iş görməyibsə, o məni necə tənqid edə bilər? İşi bilən adamların tənqidləri maraqlandırır məni. Ümumiyyətlə savadlı, mədəni insan heç vaxt tənqid etmir. Məsləhət verir. Kütlənin tənqidlərinə mən artıq uzun zamandır ki, fikir vermirəm.
- Deyəsən, heç kimin xətrinə dəyməyi də sevmirsiniz. Çünki sizi çox nadir hallarda öz sahənizlə bağlı tənqidi fikirlər səsləndirən görürük.
- Düzdür, heç kimin xətrinə dəyməyi sevmirəm, amma dəyirəm. Mən tənqid etmirəm, iradımı bildirirəm. Mən kiməm ki, kimisə tənqid edim? Məsələn, aktyorlarda nəyisə bəyənməyəndə çəkib bir kənara iradımı bildirirəm və ardınca da məsləhətimi verirəm. Onlar da məni, sağ olsunlar eşidir. Bayaq da dedim, mədəni insanlar bu cür hərəkət edir.
Eyni zamanda, yaxşıya yaxşı deməyi də bacarıram. Bu xüsusiyyət mənə rəhmətlik atamdan keçib. Mən başqa insanların, heç şəxsən tanımadığım insanların belə uğurlarına sevinməyi bacarıram.
- Etiraf edim ki, sizin bu qədər səmimi ola biləcəyinizi təsəvvür etmirdim. Çox az məşhura xas xüsusiyyətdir sadə və səmimi olmaq.
- Mən özümü məşhur hesab etmirəm. Mən sıravi bir vətəndaşam, Allahın bəndəsiyəm, rahat insanam. Rahatlıq nə zaman baş verir bilirsən? Daxilində güclü olanda. Daxilində güclüsənsə, deməli, rahatsan. Mən bu saat savannada oturub ətrafı müşahidə edən şir kimiyəm. Daxilimdə bax o şirdəki rahatlıq var.
- Hər zaman belə olmusunuz, yoxsa iki il əvvəlki sınağınızdan sonra?
- Həmişə belə olmuşam, bu belə də davam edəcək. Sadə, səmimi sizin Bəhram Bağırzadə (gülür).
- Özünüzə hesabat verəndə nələrlə qarşılaşırsınız. Məsələn, Bəhram Bağırzadə 50 ilə nələri sığıdıra bilib?
- Hər şey etmişəm. Nə arzulamışam Allah onu mənə bəxş edib. Çünki mənim ən yaxın dostum Allah-Təaladır. Allah Quranda buyurub ki, istəyəndə məndən istəyin. Çətinliyə düşmüşəm, problemlərim də olub. Ən böyük sınaqlardan keçmişəm. Bu sınaqlardan biri elə iki il əvvəl baş verdi. O ən böyük sınaq idi mənim üçün. Amma Allah-Təala məni bu sınaqlarla tərbiyə edib. Bəziləri bunu cəza adlandırır. Amma mən tərbiyələndimək adlandırıram. Vəziyyətdən çıxmışam və yeni addımlar atmışam.
"O zaman biz Çingiz Abdullayevin kitablarını yandırmalıyıq"
- Bu gün bizim cəmiyyətimizdə ən böyük çatışmazlıq nədir sizcə?
- Empatiya hissi. Bizim cəmiyyətimizdə çox insan bunu bacarmır. Məsələn "Qarabağ"ın qapıçısı Şahruddinə nə qədər tənqidlər yağdırdılar. Adamı linç etdilər. Üç oyunu uda-uda gəlib. Bunu heç etmək olarmı? Mən zəng vurub ona ürək-dirək verdim. Çünki onun yaşadığını hiss etdim. Mən də "idmançı" sayılıram axı. İllərlə səhnədə vuruşmuşam.
- Rus dili ilə bağlı cəmiyyətimizdə xüsusi bir həssaslıq var. İki tərəfə bölünmüşük. Orta məktəblərdə rus bölmələrinin varlığından narahat olanlar və dəstəkləyənlər. Rus dilindən bu qədər narahat olmağa dəyərmi?
- Bu fikri səsləndirən insanlar demokratik düşüncədən uzaq insanlardır. Hələ də anlamaq istəmirlər ki, dilin milli şüura, düşüncəyə heç bir ciddi təsiri yoxdur. Bir adam rus dilində təhsil alırsa, o gedib ruspərəst olmur. Bu prinsipdən çıxış etsək, o zaman biz Nizaminin əsərlərini yandırmalıyıq. Çünki Azərbaycan dilində bircə misra belə yazmayıb. Bütün kitablarını rus dilində yazdığı üçün o zaman Çingiz Abdullayevin kitablarını yandırmalıyıq. Bu düşüncə kökündən yanlışdır.
- Sizə də tez-tez sosial mediada paylaşımlarınızı rus dilində etmənizi irad tuturlar...
- Mən də onlara cavab verirəm, paylaşımları ona görə rus dilində edirəm ki, ingilis dilini bilmirəm. Mən ingilis dilini bilsəydim, bütün paylaşımlarımı ingilis dilində edərdim. Mənim vəzifəm Azərbaycanı dünyaya tanıtmaqdır. Kim bunu başa düşmürsə, bu artıq onun problemidir. Azərbaycan üçün, Azərbaycan dilində yazan, danışan insanların əksəriyyətindən daha çox iş görmüşəm. Onlar isə feysbukdan başqa heç yerdə heç nə yazmayıblar. Azərbaycan dilini təmiz bilmək əlbəttə, vacibdir. Amma bu gün mən xarici seqmentdən ibarət auditoriyaya çıxıramsa, Paşinyanla və yaxud da digər erməni, rus jurnalistlərlə 44 gün ərzində informasiya müharibəsi aparıramsa, mən rus dilini, ingilis dilini bilməyəndən sonra bu nəyə yarayacaq?! Əgər yazdıqlarımı Paşinyan, erməni jurnalistləri oxumayacaqsa, o mənim nəyimə lazımdır?! Elə özümüz yazaq, özümüz oxuyaq?!
90-cı ildə bizim problemimiz o idi ki, ermənilər rusdilli deputatlarını göndərdilər Rusiyaya. Bizimkilər onların qarşısına çıxarmağa deputat tapa bilmədi. Biz tərəfdən gedənlərin hamısı "kolxozniklər" idi, danışa bilmədilər. Əgər o vaxt orada rus dilini mükəmməl bilən, savadlı insanlar iştirak etsəydilər, Qarabağ problemi 30 il uzanmazdı.
Bir şeyi də qeyd edim. 44 günlük müharibə dövründə Prezident 90 faiz problemləri rus dilində həll etdi. Əgər mən nazirə və yaxud da "JEK" müdirinə rus dilində məktub yazmış olsaydım onda məni qınamaq olar ki, dövlət dili Azərbaycan dilidir, sən niyə özgə dildə məktub yazırsan? Hə, bax onda deyərdim, bu haqlı iraddır.
Bir sənət adamı, bir ictimai xadim, siyasətçi öz ölkəsini dünyada dil bilmədən necə təbliğ edə bilər? Mənim bildiyim dil rus dilidir. Bu dildə də öz ölkəmi təbliğ edirəm, millətimi tanıdıram. İngilis dilini bilmədiyim üçün heyifislənmişəm. Ona görə də övladlarımın hər ikisi hazırda ingilis dilində təhsil alır.
"Atam mənə möhkəm bir şillə vurdu"
- Övladlarınız hansı sahələri seçdi?
- Oğlum gələcəyin cərrahıdır, qızım memardır. Seçimlərinə qarışmamışam, müdaxilə etməmişəm.
- Bəhram Bağırzadə necə atadır?
- Yaxşı atadır. Hətta deyərdim, mənim ən birinci peşəm ata olmaqdır. Nə "KVN"çi, nə kinoaktyor, nə karikaturaçı. Ata - vəssalam! Mən övladlarımla dostam.
- Kənardan qəmsiz insan təsiri bağışlayırsınız. Sizi nə kədərləndirir?
- Görün nə qədər güclü insanam ki, daxili hüznümü ustalıqla gizləyə bilirəm. Məni ən çox valideynlərimin itkisi kədərləndirir. Düşünməzdim ki, 48 yaşımda yetim ola bilərəm. Belə bir söz var ki, "adam atadan yox, anadan yetim qalır". Atam dünyasını dəyişəndə bildim ki, arxam, dayağım getdi. Amma yetimliyi anamı itirəndə daha çox hiss etdim. Bu dünyada təkəm. Bir başımın üstündə Allah, bir də ailəm. Başqa heç kimim yoxdur.
- Bəhram bəy, ata şilləsi "dadmısız"mı?
- Hə. Bir dəfə olub. Birinci sinifdə oxuyanda evdən qaçmışam. İtmişdim. Gedib univermaqdan tapmışdılar məni. Onda atam mənə möhkəm bir şillə vurdu.
- İllər sonra necə xatırlanmaq istərdiniz?
- Mən inanıram ki, məni dünyadan köçəndən sonra xatırlayan olmayacaq. Sentyabrın 1-də mənim ən çox sevdiyim aktyor Fazil Salayev, 3-ü Yaşar Nuri, 4-ü mən, 5-i də Səyavuş Aslan anadan olub. Adlarını çəkdiyim hər üç aktyor super aktyordur. Mənim müəllimlərim olub. Düzdür, mənə dərs deməyiblər, amma efirdən baxıb onlardan çox şey götürmüşəm. Neçə illərdir dünyalarını dəyişiblər. Gör, heç onları xatırladan varmı? Nə televiziya, nə radio, nə saytlar, nə qəzetlər, nə teatrlar. Əgər o boyda dahi aktyorları yada salmırlarsa, Bəhram Bağırzadə kimdir ki, yada salsınlar. Hərdən Yutubda qarşılarına çıxanda bəlkə yada düşərəm.
- Bu gün ən çox problem olan sahələrdən biri də kino sahəsidir. Azərbaycan kinosunun qəddini düzəltməyə imkan verməyən nədir sizcə?
- Kinonun dirçəlməsi üçün Adil İskəndərov kimi bir şəxsiyyət gəlməlidir kinostudiyanın başına. Həm rejissorluğu bilməlidir, həm aktyorluğu bilməlidir, həm də bütövlükdə industriyanı. İndustriyanı bilməlidir ki, istehsalatı yarada bilsin.
- Ötən dəfə Mədəniyyət naziri Anar Kərimov jurnalistlərlə görüşdə belə bir fikir səsləndirdi ki, istedadlı adamlar yetişmir. Məsələn, ssenari müsabiqələrinə təqdim olunan ssenarilərin çox zəif olduğunu əsas gətirdi. Siz necə düşünürsünüz bu barədə: istedadlar artıq yetişmir?
- İstedadlar var. Azərbaycan xalqı istedadlı xalqdır. Bizim sadəcə olaraq istedadları öz ətrafında toplaya bilən liderlərimiz yoxdur. Tanınmış sovet rejissoru Rom kinemaoqrafiya insitutuna abuturiyentləri qəbul edəndə altı sual verərdi və altıncı sual həmişə "Anna Karenina"dan olardı. Kim "Anna Karenina"nı təhlil edə bilirdisə, onun adının qarşısında üstəgəl işarəsi qoyurdu ki, bu mənim qrupumda oxuya bilər. Bir gün Sibirdən gələn abituriyent Romun beş sualına əla cavab verib. Rom ənənəvi altıncı sualını verəndə bu "Anna Karenina"dan danışmayıb, başlayıb Tayqa meşələrindən danışmağa. Rom diqqətlə qulaq asır və götürüb adının qarşısına üstəgəl işarəsi qoyur. Yanında oturan digər bir münsif ondan soruşur ki, cənab Rom, nə üçün ona üstəgəl yazdınız, axı o, "Anna Karenina"nı oxumayıb. Rom təsdiqləyir ki, bəli, oxumayıb. Amma siz təsəvvür edirsinizmi, oxusa nələr edər? Yəni demək istəyirəm ki, kimsə zəif ssenari yazırsa, bu o demək deyil ki, o istedadsızdır və ondan heç vaxt ssenarist olmayacaq. Mən də "KVN"ə gələndə heç kim inanmırdı ki, məndən aktyor olar. Amma bir ildə hamıya hər şeyi sübut etdim. Qohumlarıma da, qonşularıma da. Hələ bu günə kimi də müəyyən məsələlərdə inanmırlar mənə. Mən də hər dəfə sübut edirəm. Gənclərə inanmaq lazımdır.
- Bəhram bəy, səmimi söhbət üçün təşəkkür edirəm. 50 yaşınızda özünüzə nə arzu edirsiniz?
- Arzulayıram ki, mənim millətim sağlam, savadlı, qabaqcıl olsun. O vaxt gəlsin ki, bizim xar qonşularımız qapımızı döyüb, bizdən üzr istəyib desinlər ki, biz də sizin tərkibinizdə yaşamaq istəyirik, biz öz dövlətimizi idarə edə bilmirik, amma siz bunu bacardınız. Bax mən özümə o günü görməyi arzu edirəm.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş