"Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır" - DEPUTAT

"Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır" - DEPUTATHər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir.

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda, xatirələrimizdə əbədi yaşayacaqdır.

Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökar hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələli, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.

Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun və intibahının başlanğıcı tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Ulu öndərin rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdur.

Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanmışdır. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

"Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır" - DEPUTATDinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərə çarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.
 
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımla atmağa qadirdilər.
 
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.

Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi.

Ulu öndərimiz Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı. Qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Cəmiyyətimizdə ictimai-siyasi sabitlik yaradıldı. Xarici dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlər qaydaya salındı. Azərbaycan iqtisadiyyatının ən müxtəlif sferalarına xarici sərmayə axını başladı. Ölkəmizdə, ümumən dünyadakı iqtisadi-siyasi proseslərə yeni istiqamət verən yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan mühüm qlobal layihələrin ən fəal iştirakçısına və regionda əsas söz sahibnə çevrildi. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün əlverişli zəmin yaratdı. Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Azərbaycan dövləti Avropa ailəsinin tam hüquqlu bir üzvünə çevrildi.
 Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Müstəqil və bütöv Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

Tamam Cəfərova

Milli Məclisin deputatı
 


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 663   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

14 dekabr
.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14 dekabr
.

Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video

Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonr

13 dekabr
.

Bu gündən hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

13 dekabr
.

Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)

Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Bu barədə -a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçılar

12 dekabr
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14 dekabr
.

Təmir etdiyi maşının altında qalaraq öldü

Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, Həbib Hüseynov təmir işi görərkən qaldırıcı qəfil qırılıb. Maşının altında qalan H.Hüseynov hadisə yerində ölüb

13 dekabr
.

Bakıya gələrkən ayaqqablarından da, telefonundan da qızıl çıxdı - Fotolar

Qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Belə ki, Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan vətəndaşının çantalarına gömrük baxışı həyata keçirili

13 dekabr
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13 dekabr